Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

GƏNCLİK ÖMRÜNÜ YAŞAYA BİLMƏDİ ZAHİD

Xocalı faciəsi dünyanın ən dəhşətli faciələrindən biri idi. Xocalı faciəsi bizi tamamilə məhv etmək, dəhşətli qorxu hissini yaratmaq məqsədini güdürdü.
Nələr gəldi, nələr getdi bu dünyadan, İlahi?!
Xocalı qırğını, dəhşətləri az imiş kimi son 22 ildə bir çox dəyərli gənclərimizi itirdik. Bu itkilərin ağrı-acısı ilə Xocalı faciəsini eyniləşdirmək olar. Görəsən nədir xocalıların günahı? Dərdinin çəkilməsi mümkün olmayan bəlalara tez-tez düçar olurlar.
Sübhi Ziyadxanın ölümündən sonra Zahid Muradovun faciəli ölümü hamımızı yanım-yanım yandırdı. Zahid gənc olmaqla parlaq gələcəyi var idi. Əfsuslar olsun ki, onun gənclik ömrünü dəhşətli avtomobil qəzası aldı. Deyilənə görə Zahid ölümə qovuşmağa yamanca tələsirmiş. Tələsdi , öz ölməzliyi ilə ölümə qovuşdu.
Zahid Zahid oğlu Muradov 02.04.1992-ci ildə anadan olub. Atası Zahid Lətif oğu 10.09.1991-ci ildə Xocalı şəhərində şəhid olub. Atası şəhid olanda Zahid ana bətnində dünyaya göz açmaq yolunu gözləmişdir. Atasının adını ona vermişdilər ki, qoy atasının adı yaşasın. Ancaq bu adı yaşatmaq da gənc Zahidə qismət olmadı.
Zahidin anası Afərim Xocalı faciəsi zamanı 3 gün meşə yolu ilə gələrək Zahidi öz bətnində sağ-salamat Ağdam şəhərinə gətirə bilmişdi. Faciədən 1 ay sonra dünyaya göz açmışdır.
Afərim ananın ah-naləsi yeri-göyü yandırır
Zahid nişanlı idi. Toy gününü gözləyirdi, qara torpağa qismət oldu. Bu qismətlə barışmaq isə çox çətindir. Ən dəhşətlisi odur ki, Zahid doğulduğu gündə həyatla vidalaşdı.
Belə bir el bayatısı yadıma düşdü:

Aşıq ellilər haray,
Şana tellilər haray!
Dəhnəmi sel apardı,
Əli bellilər haray!

Xocalıların dəyirmanının dəhnəsini sel 26 fevral 1992-ci ildə yuyub apardı. Əli bellilər dəyirmanın dəhnəsini düzəltmək əvəzinə belləri ilə dünyadan vaxtsız köçən gənclərimizə məzar qazırlar.
Başın sağ olsun Vətən! Başın sağ olsun, Xocalı!
Yəqin ki, bu qəzanın qüdrətindən qurtarmaq üçün bizim günəşimiz bir gün doğacaqdır. Qəbrin nurla dolsun, Zahid qardaşımız! Bu gənclik ömrünü niyə yaşaya bilmədin?

Qasım QIRXQIZLI
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi