BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

7 Aralık 2014 Pazar

«DAŞ VAR DANIŞIR, DİL VAR SUSUR»

Posted at  12/07/2014  |  in  Dağlıq Qarabağ münaqişəsi


Erməni daşnaklarının əsas dayaq nöqtələrindən biri də Çaykənddə yerləşirdi. Azərbaycanın əleyhinə aparılan ədalətsiz müharibənin bir çox planları burada cızılır, erməni təxribat qrupları bəd əməllərini ardıcıl, planlı şəkildə həyata keçirirdilər.
Çaykəndin erməni separatçılarından təmizlənməsini Gəncədə yerləşən Rusiya qoşunlarının komandanı Şerbakın adına yazanlar vardır. Lakin bu belə olmamışdır. Çaykənddə aparılan məşhur əməliyyata o zaman DİN vəzifəsini daşıyan, qeyrətli, vətənpərvər Azərbaycan övladı olan general Məhəmməd Əsədov rəhbərlik etmişdir.
Oxucuların marağını, xalqımızın döyüşkən əhval-ruhiyyəsini əks etdirən «Daş var danışır, dil var susur» yazısında («Azərbaycan müəllimi» qəzeti 25 noyabr 1995-ci il) respublikanın sabiq baş prokuroru Eldar Həsənovun müsahibəsindən bir hissəni qəzetimizdə verməyi məsləhət bildik.
Azərbaycan xalqı və ordusu yenilməzdir.

20 noyabr 1991-ci il - Azərbaycanın görkəmli dövlət xadimlərindən, mərd oğullarından bir neçəsi Qarabağ səmasında vertolyotda, partladılaraq sinəmizə dağ çəkildiyi faciəli gün! O günün qurbanlarından biri də general Məhəmməd Nəbi oğlu Əsədovdur. Curnalist Telman Mehdixanlı general haqqında xatirələrdən ibarət kitab hazırlayıb. «Sönən çırağın şöləsi» adlanan həmin kitabdan respublikanın baş prokuroru Eldar Həsənovla söhbəti kiçik ixtisarla oxuculara təqdim edirəm.

- Görənlər məşhur «Çaykənd əməliyyatı»nı ikinci dünya savaşında Kursk  uğrunda döyüşlərə bənzədirlər.
- Bəlkə də belədir… Azərbaycanda ordu quruculuğu məsələsini gələcəkdə, sözsüz ki, tarixçilər araşdıracaqlar. Bu gün isə mən bunu deməyi özümə borc bilirəm ki, Məhəmməd Əsədov Azərbaycanda ordu quruculuğunun ilk çağırışçısı və təşkilatçılarından biri olub. Təsəvvür edin ki, döyüş bölgələrində qrupların, dəstələrin komandirləri məhz onların doğulduğu torpaqdan - düşmən hücumuna məruz qalan kəndlərdən, rayonlardan seçilirdi. Nazir həmin komandirlərə deyirdi: «Sənin ata yurdun hər an işğal oluna bilər, babanın qəbrini ya qorumalısan, ya da ar-namusu unudub isti, rahat ünvan həvəsiylə ön cəbhədən çəkilməlisən». Bir insan, bir nazir kimi ona böyük inam vardı. O, sadəcə göstəriş verən deyil, daim səngərdə olan əsgər, zabit idi. Əsədov əsas güc naziriydi. Bununla belə, rahatlıq, dinclik nədir, -yadından çıxarmışdı. Həftələrlə ön cəbhədə olardı. Komandanı şəxsən özü verirdi. O, əynindən döyüş paltarını çıxartmırdı. Kəndlərdə sakinlər yalnız Məhəmməd Əsədovu təkidlə görüşə çağırırdılar. Niyə? Ona görə ki, camaatın ona böyük inamı vardı. Əgər Əsədov döyüş bölgəsində idisə, rahat nəfəs almaq olardı!
Bir də general Əsədov yerlərə, ayrı-ayrı kəndlərə gedəndə vəziyyətlə kompleks şəkildə tanış olur, bütün çatışmazlıqları da bu qaydada, çevik şəkildə aradan qaldırırdı. Təsərrüfat rəhbərləri, iş adamları daim onun ətrafındaydılar.
Məhəmməd müəllim təbiətən çox narahat adam idi. Bizlərə inanırdı, bununla belə, tapşırıqlarını şəxsən özü yoxlayırdı. Gəncə milis idarəsinin rəisi işlədiyim müddətdə hər on günün azı səkkizini cəbhə bölgələrində olmuşam. Özü də bunu özümə təkcə vəzifə, xidməti borc deyil, həm də başucalığı hesab edirdim. Çünki, mənə komanda verən həddən artıq diqqətli, şərəfli adam idi. O, tapşırığını, göstərişini elə aydın izah edər, elə icra etdirərdi ki, adamın ruhu da inciməzdi.
1991-ci il aprel ayının 30-u istiqlal tariximizə qızıl hərflərlə yazılıb. Bəli, məşhur Çaykənd əməliyyatı o gün həyata keçirilməyə başlandı. Çaykənd ermənilərin quldur yuvasıydı. Bütün «boyeviklər» buradan Gülüstana, Ağdərəyə, ümumiyyətlə, Qarabağa taun kimi yayılırdı. Nazirimizin bu yaşayış sahəsi barədə qəti planı vardı: bölgə təcili olaraq quldurlardan təmizlənməlidir! Əməliyyata rəhbərliyi Müdafiə Komitəsi Əsədova tapşırmışdı. Rəhmətlik Gəncədəydi. Xeyli müzakirələr, araşdırmalar apardıq. Qan tökmədən, itki vermədən Çaykəndi yaraqlılardan təmizləmək, onları tərksilah etmək, dinc sakinləri köçürmək! Əmr beləydi. O vaxtlar Azərbaycanın əslində ordusu yox idi. Yalnız nazirin təşəbbüsü ilə yaranan xüsusi təyinatlı milis dəstəsi vardı. Burasını da qeyd edim ki, Məhəmməd Əsədov bu dəstəni xalqımızın, torpağımızın müdafiəsi, qatı cinayətkarlara qarşı mübarizə aparmaq üçün yaratmışdı. İlk XTMD-çilər qanlı-qeyrətli oğullar idilər. Heyf ki, sonradan həmin dəstəyə yaramaz, çirkin niyyətli adamlar daxil oldular.
General Azərbaycanın ən layiqli, ən hünərvər oğullarını bu dəstəyə cəlb etmişdi. Xocalı aeroportunun qorunması, Xankəndinə nəzarət, azərbaycanlılar yaşayan kəndlərdə sakinlərin mühafizəsi, bütövlükdə   torpaqlarımızın müdafiəsi məhz bu dəstənin   adıyla bağlıydı. «OMON» adı gələndə elə bil, ermənilərin canına od düşürdü.
Əməliyyatın başlanmasına az qalırdı. İndiki kimi yadımdadır, ona komandirlik etməyə on iki namizəd vardı. Ümumi rəhbərliyn isə nazirin özu edəcəkdi. Heç gözləmədiyim halda nazir; «Eldar Həsənovu komandir təyin edirəm» - dedi. Mən; «Yest, tovariş general» - dedim. O: «Yest yox, baş üstə, cənab general!» - dedi.
Çaykənd əməliyyatı çox böyük əhəmiyyətli olan hadisəydi. Xüsusən, nazirimizin bizimlə yanaşı, çiyin-çiyinə, olması döyüş ovqatımızı qat-qat artırırdı. Yeri gəlmişkən, əgər ordu, dəstə məğlub olursa, onun kökünü başqa yerdə yox, rəhmətlik general demiş, özümüzdə axtarmalıyıq, komandanı yanında görən döyüşçü ürəklənər, ya yox? General Əsədovun komandanlığı altında hazırladığımız hücum taktikası böyük uğurla nəticələndi. Ətrafdakı Qarabulaq, Buzluq, Manaşet kəndləri də erməni yaraqlılarından təmizləndi. Bu əməliyyat erməni-Azərbaycan münaqişələri tarixində haqlı olaraq Məhəmməd Əsədovun adıyla yaşayacaq.
Nazirimiz çox diqqətli, həssas adam idi. Döyüş bölgəsində fərqlənən əsgər və zabitlər onun tərəfindən sevilir, seçilirdi. O deyərdi: «Döyüşçü evindən arxayın olsa, daha əzmlə vuruşar».
Döyüşdə fərqlənən neçə-neçə gənclərin toyunu elətdirdi! Şəhid olan sıravi əsgərin də, zabitin də yas məclisinə gedib nazirlik və şəxsən öz adından başsağlığı, verərdi. Bunlara görəydi ki, döyüşçülər onu olduqca çox istəyir, yolunu gözləyirdilər. Nə qədər ki, Əsədov Daxili İşlər naziri idi, torpaqlarımız ləyaqətlə qorunurdu. Neçə-neçə erməni yaşayan kənd azad edilmişdi.      

Dövr dəyişir, vaxtilə hakimiyyətdə olanlar zamanın, tarixin süzgəcindən keçməli olurlar. Onlardan bir çoxu sonralar cani-cinayətkar kimi tanınır, haqqında qəti imkan tədbirləri həyata keçirilir. Amma deyin, Məhəmməd Əsədovun qanunsuz, ədalətsiz, haqsız, qərəzli, qeyri-obyektiv bircə hərəkəti, əməli ilə bağlı bir söz eşitmisinizmi? Yox! Ona görə ki, o, əsl xalq adamıydı, millətinin qənimət oğluydu!

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top