Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

«SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA»


     Bu günlərdə şair dostum Qasım Qırxqızlının 69 yaşı tamam olacaq. Bu yazını 5 gün qabaq yazmaqda məqsədim bu məsələni dostlarımızın yadına salmaqdır.
     Həm də istəyirəm ki, yeni nəsillərimizin nümayəndələrindən də kimsə Qasım müəllimi tanısın. İki on il bundan əvvəl baş verən hadisələrdə ölkəmiz yolunda fədakarlıq etmiş adamlardan daha biri haqqında az da olsa məlumatları olsun.
     Qasımov Qasım İslam oğlu 1945-ci il dekabrın 15-də Laçın rayonunun Arduşlu kəndində anadan olub. 1964-cü ildə orta məktəbin XI sinfini bitirdikdən sonra o vaxt “APİ Lenin” kimi məşhur olan V.İ.Lenin adına Azərbaycan Pedaqoci İnstitutuna daxil olub. Həmin ilin noyabrında hərbi xidmətə çağırılaraq, Sovet Ordusu sıralaraında 3 il qulluq edib, 1967-ci ildə Vətənə qayıdıb.
     1971-ci ildə institutu bitirərək, təyinatla dogma rayonu Laçına göndərilib. 1971-1972-ci tədris ilində Laçın rayonunda müəllim işlədikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə köçüb, Stepanakert rayonunun Cəmilli kəndində müəllim işləməyə başlayıb.
     Haşiyə: Hazırda İşğal altında olan Cəmilli sakinlərindən birinin Qasım müəllim haqqında dediklərindən bir parçanı oxucularımın diqqətinə çatdırmaq istəyirəm:
     - Qasım müəllim bizim kəndimizə gələndə kənddə heç bir sosial obyekt yox idi. Cəmilli azərbaycanlıların yaşadığı kənd olduğuna görə tabe olduğu rayonun və vilayətin rəhbərliyi tərəfindən unudulmuş yaşayış məntəqələri sırasında idi. Bir az da dəqiqləşdirsək, ermənilər bizim kəndi əslində unutmamışdı. Bu cür münasibətlə camaatı bezdirərək öz doğma yurd-yuvasından didərgin salmağa cəhd edirdi. 1972-ci ildə Qasım müəllimin ciddi cəhdləri sayəsində kəndimizin tarixində ilk dəfə 8-illik məktəbin açılması mümkün oldu. Qasım müəllimi də yeni məktəbə direktor təyin etdilər. Bundan sonra Qasım müəllim öz əzmkarlığı, inadkarlığı və yorulmazlığı sayəsində yavaş-yavaş Cəmilliyə telefon və yol çəkilməsinə nail oldu, 14 otaqlı yeni məktəb binası tikdirdi. O vaxt Cəmillinin ayrıca qəbristanlığı yox idi. Qasım müəllim çox böyük çətinlikləri, müqaviməti dəf edərək kənd əhli üçün qəbristanlıq yeri aldı. Bunun ardınca Qasım müəllim 8-illik məktəbin orta məktəbə çevrilməsinə nail oldu. Qasım müəllimin fəaliyyətinin, xeyirxahlığının miqyasını bir cümlə ilə qeyd etsəm, deyərdim ki, o, Cəmiliyə gələnə qədər heç kəsin orta və 8-illik təhsili olmayıb!
     1990-cı ildə Qasım Qırxqızlı Cəmilli məktəbinin direktoru vəzifəsindən azad edilir. Yaşadığı Kərkicahan kəndində məktəb direktorunun müavini təyin edilən Qasım müəllim burada da “dinc dayanmır”. O, kəndin illərlə yığılıb qalmış sosial problemlərinin həllinə nail olmağa çalışır. Eyni zamanda Kərkicahanın yerləşdiyı ərazinin əhəmiyyətini, artıq işə düşmüş münaqişənin gedişində oynaya biləcəyi rolu, əhalisinin sayını və başqa amilləri nəzərə alaraq Kərkicahan kəndinə qəsəbə statusu verilməsinə nail olur. Bundan sonra XX əsrin sonlarını yaşayan Azərbaycanda ilk dəfə Kərkicahanda Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə demokratik seçki yolu ilə sədr seçilir və bu şərəfə Qasım müəllim layiq bilinir.
     Bu vəzifədə də o, bir çox yeniliklərə imza atıb. Əsasən kənd camaatının təhlükəsizliyinin təmin olunması, yerli problemlərin həlli, yeni iş yerlərinin yaradılması, Şuşadan qəsəbəyə avtomobil yolunun çəkilişini və bir çox məsələləri həll edir. Bu siyahını xeyli uzatmaq olar. Ancaq gördüyü əzəmətli işlərdən biri də 20 Yanvar şəhidlərinin xatirəsinə qısa müddətdə ucaldılan abidə kompleksi idi.
     Lakin, həmişə olduğu kimi bu dəfə də ermənipərəst və ruspərəst qüvvələr birləşərək Polyaniçkonun birbaşa rəhbərliyi ilə Qasım müəllimin həmin vəzifədən azad olunmasına nail oldular...
     Buna baxmayaraq, o geri çəkilmədi...
     Qasım müəllimin həyatı gərgin mübarizələr içində keçib. Qarabağda erməni ixtişaşları, münaqişə başlayan gündən o, ikiüzlü, riyakar rus generallarına, DQMV üzrə Xüsusi İdarəetmə Komitəsinə və A.İ.Volskiyə, DQMV üzrə Respublika Təşkilat Komitəsinə və V.P Polyaniçkoya, erməni-daşnak işğalçı-separatçı liderlərinə qarşı dönməz və əzmli bir çarpışma yaşayıb. Təəssüf ki, o da bizim bir çoxumuz kimi əsasən məğlub olaraq, ağır təzyiqlərə məruz qalıb. Bu məğlubiyyətin isə özəl və çox ciddi səbəbləri var idi...
     Qasım Qırxqızlı “Xocalının səsi” qəzetini yaradan şəxslərdən biridir. 2000-ci ildən isə həmin qəzetin redaktorudur. O, bu qəzetin yaşaması uğrunda, ağır günlərdə dözüb, tarixin arxivlərinə gömülməmək üçün apardığı mübarizənin başında dayanıb.
     İstedadlı qələm sahibi, zəhmətkeş və cəfakeş ziyalı, ilhamlı şair olan Qasım müəllim indiyədək Qarabağ mövzusunda işıq üzü görmüş 14 kitaba müəllif imzası qoyub.
     Onun Vətən və millət qarşısında göstərdiyi təmənnasız və fədakar xidmət, təəssüf ki, o qədər də yüksək qiymətləndirilməyib. O, indiyədək yalnız General Məhəmməd Əsədov adına (Qarabağ müharibəsində göstərdiyi cəsarətə və igidliyə görə) və “Qızıl qələm” mükafatına (yaradıcılıq uğurlarına görə) layiq görülüb. Cabir Novuz demişkən:  – Sağlığında qiymət verək insanlara.
Azərbaycan Curnalistlər Birliyinin, Mətbuat Şurasının üzvü olan Qasım müəllim II qrup Qarabağ müharibəsinin əlilidir.
     O həmişəki enerci və ilhamla bu gün də yazıb-yaradır, tarixi, publisistik yazıları, yeni kitabları ilə mübarizə aparır. Xalqımızın, Dövlətimizin haqq işinin qələbə çalması üçün əlindən gələni edir.
Bir neçə gündən sonra – yəni dekabrın 15-də hazırda məcburi köçkün kimi Gəncədə yataqxanada yaşayan ağsaqqal dostumun 69 yaşı tamam olacaq. Onun yaşı barədə düşünəndə Nəsiminin Hələb qapısında dediyi sözlər yadıma düşür. Qasım müəllimin də 69 “həqqənnəs yaşıdı”. Bu yaşın üstünə hər biri ən azı bir 10 ilə bərabər Kərkicahan zillətini, Cəmilli zülmünü, Meşəli sitəmini, Laçın faciəsini, Şuşa dərdini... də gəlsən... gör hara vurur!!.
     Bu kiçik yazıda onun bədii yaradıcılığından, hər biri bir Vətən marşına bərabər şeirlərindən danışmadım. Onun 1988-dən başlayaraq xalqımızın milli azadlıq mübarizəsində iştirakından söhbət açmadım. Vətənimizin bir qarış torpağı uğrunda canından keçməyə hazır olaraq yaşadığı sarsıntılardan bir şey demədim.
     Əslində səmimi etiraf edirəm ki, Qasım müəllimin bir neçə günə ad günü olacağını xatırlatmaqdır bu yazının əsil və əsas məqsədi. Həm dostlara, həm də sovet dövrünün ən tipik ifadəsi ilə desəm “əlaqədar təşkilatlara” və şəxslərə…
     Qasım Qırxqızlı çox təvazökar adamdır. Mən onu tanıdığım 26 il ərzində hələ bir dəfə də olsun ondan “bu mənim” tipli bir istək eşitmədim. “Bəs camaatın filan dərdi necə olsun?” tipli suallarını eşitdim. Özünü xalqına, camaatına elinə, obasına, millətinə, əqidəsinə, nəhayət, rəhbərlik etdiyi qəzetin səsinin - “Xocalının səsi”nin həmişə eşidilməsinə fəda edib. İndi onun, həmişə hamıya qayğı göstərməyə çalışan bir adamın özünün diqqətə, qayğıya, müalicəyə ehtiyacı var. 69 az yaş deyil, hətta onun “Nəsimi əlavələri”ni nəzərə almasaq belə...
Kərim KƏRİMLİ,


Yazıçı, şair, publisist.
Paylaşın:

KÖÇÜRÜLMƏ PLANLI, ARDICIL VƏ MÜTƏŞƏKKİL ŞƏKİLDƏ DAVAM EDİR


Hacıkənd qəsəbəsində məskunlaşan məcburi köçkünlər planlı, ardıcıl mütəşəkkil şəkildə Gəncə şəhərinin ətrafında, 60 hektar sahəni əhatə edən 600 evə planlı, ardıcıl mütəşəkkil şəkildə köçürülürlər. Köçürülmə işində Xocalı rayon İH-nin başçısı Şahmar Usubov əməkdaşları yaxından iştirak edirlər.
Yeni salınan qəsəbədə inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Eyni zamanda 50 yerlik uşaq bağçası da balaca sakinlərinin yolunu gözləyir.

Məcburi köçkünlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə,  Qaçqın Məcburi Köçkünlərlə üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyevə Xocalı rayon İH-nin başçısı Şahmar Usubova minnətdar olduqlarını bildirirlər.
Paylaşın:

70 YAŞINA QƏDƏM QOYDU VƏTƏNİNDƏ VƏTƏNSİZ


          Qasım Qırxqızlının 69 yaşı tamam olur, 70 yaşına qədəm qoyur, Vətənində vətənsiz…
Vətən həsrətiylə alışıb-yanan Qıxqızlının könlünü almaq, onun qəlbini sevindirmək üçün 1992-ci ildən ta 2014-cü ilə qədər hər il doğum gününün boş keçməməsi üçün bir övladı kimi övladlıq borcumdan çıxmağa çalışmışam. Gözü, könlü tox olan, dədəm, 70 yaşın mübarək olsun! Sənin kimi insanlar tək-tək gəlir bu dünyaya. Azərbaycanımın dilbər guşəsi Qarabağımın mərd, vəfalı, yenilməz oğlu dünyanı xəlq edən uca yaradan səni qoruya-qoruya bu yaşa çatdırıb. O, uca yaradandan arzu edirəm ki, doğma yurd-yuvalarımızı azad etsin, azğın kökü-soyu bilinməyən erməni faşistlərindən... 70 yaşını Laçında, Xocalıda – o doğma yurd-yuvalarımızda qeyd edək, elinə həsrət Qırxqızımın könlünü alaq, boynubükük Qarqarıma qarışaq. Küskün bulaqlarımızın suyundan doyunca içək, şehli çəmənlərin könlünü alaq. Üzümüzü sürtək o qanlı-qadalı daşa-torpağa, müqəddəs şəhidlərimizi anaq-axtaraq, səslərinə səs verək. Ətirlərini çəkək sinəmizə, tapdaqda inləyən meşələrimizin, uçan qəbirlərimizin önündə diz çökək bağışlanmağımızı istəyək.

BİLMƏZ

Gözünün önündən var, dövlət keçdi,
Heç biri zəkana tay ola bilməz.
Səmada sayrışan min ulduz yanar,
Üzündə parlayan ay ola bilməz.

Namusuna, qeyrətinə min əhsən
El içində hörmətinə min əhsən,
Sən mənim qəlbimdə bir gül əkmisən,
Ona bundan böyük pay ola bilməz.

Xəyalımda hey gəzərəm, araram
Səndən ötrü ürəyimi yararam,
Əllərinlə tellərimi dararam,
Sənsiz dünya mənə hay ola bilməz.

El atan daş gedib düşər uzağa,
Yıxılsan da el qaldırar ayağa,
İgidsən hər zaman düşdün qabağa,
Sən tək əsilzadə soy ola bilməz.

Yaxşı tanı bu torpağı, bu daşı
Qarabağdır bu dünyanın yaddaşı,
Vətən sevə bilməz hər nadan, naşı
Damlayla yığılan çay ola bilməz.

Ay Qırxqızlı, 70 yaşın mübarək,
Mahirəyəm, xoş arzumdur bu dilək
Vəfasız dünyadır gələn gedəcək,
Qamışdan, qarğıdan yay ola bilməz.
Mahirə İSPİQIZI,
Azərbaycan Mətbuat, Curnalistlər Birliyinin üzvü,
«Qızıl qələm» mükafatı laureatı.

Paylaşın:

QLOBALLAŞAN DÜNYADA MİLLİ RUHDA TƏRBİYƏ XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR

        

 Biz qloballaşan dünyada yaşayırıq. Lakin bünövrəsini XX əsrin qoyduğu qloballaşmanı birmənalı qiymətləndirmək mümkün deyil. Məhz belədir ki, dünyada qloballaşmanın tərəfdarlarının əleyhdarlarının sayı minlərlə, milyonlarla ölçülür. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan bir sıra nəhəng problemləri bir ya bir neçə dövlətin gücüylə həll etmək mümkün deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir (həll etmək mümkün olarsa). Bu cür problemlər sırasına ekoloci problemlər, fəlakətlər (antropogen, texnogen təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr s.b.k. daxildir.
        Beynəlxalq (transmilli) təşkilatların (BMT...), beynəlxalq birliklərin (Avropa Birliyi...), şirkətlərin, firmaların yaranması məhz qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni "güc (həm xilas) birlikdədir" mövqeyindən qloballaşma proqressiv bir fenomendir bəşəriyyətə firavan gələcək vəd edir. bu cür alqışlanmağa layiq olaraq milyonlarla tərəfdaş təəssübkeş qazanıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü vardır. Bəlkə onların arqumentləri əsassızdır, yaxud qeyri-obyektivdir.
        - Əlbəttə yox. Hər kəsin öz samballı arqumentləri vardır.
        Bizcə, qloballaşma başlıca olaraq iqtisadi, elmi-texniki, informasiya kommunikasiya texnologiyaları sahələrində getməli, mənəviyyat sahələrinə nüfuz etməməlidir. Yəni hər bir xalq, millət öz milli mentalitetini, milli mədəniyyətini, özəl milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamılıdır. Əks-təqdirdə nəsibimiz kosmopolitizm, manqurtlaşma olardı.
Bəli, antiqlobalistlər əbəs yerə narahat olmurlar. Dünyamız onu al-əlvan bir xalıya bənzətmiş milli palitrasını itirərsə, onda vətən, vətənpərvərlik, yurdsevərlik, milli qürur kimi çox yüksək dəyərləri itirmiş olardıq. Bu baxımdan qloballaşan dünyada milli ruhda tərbiyə müstəsna əhəmiyyət kəsb edir. Bu məqamda da ifrata varmaq, yəni milliyətçiliyə, şovinizmə yuvarlanmaq olmaz. Başqa sözlə desək millətçilik yox, millətsevərlik. Qoy bütün toplumlar öz millətini, öz vətənini, öz tarixini, öz adət-ənənələrini sevsinlər, onlarla fəxr etsinlər, milli mədəniyyətlərini inkişaf etdirib çiçəkləndirsinlər, digər milli mədəniyyətlərlə sıx əlaqələr qursunlar dünya mədəniyyətinə öz layiqli töhfələrini bəxş etsinlər. Belə olsa bəşəriyyət uduzmaz.
         Tərbiyə, onun tərkib hissəsi olaraq milli ruhda tərbiyə çox mürəkkəb, çox həssas çox vaxt tutumlu bir prosesdir. Valideyn tərəfindən genlərlə övlada ötürülmüş bu kod ana südüylə ana laylasıyla intişar tapır; ailənin, ictimai mühitin, təbii mühitin təsiri altında formalaşır.
Vətən anlayışında bir "kiçik vətən" (hər kəsin doğulduğu, dünyaya göz açdığı məkan) məhfumu var. Kiçik vətənini (ailəsini kəndini) sevməyən kəs böyük vətənini (xalqını ölkəsini), daha böyük vətənini (bəşəriyyəti Yer planetini) sevə bilməz. Öz xalqının övladı olmayan bəşəriyyətin övladı ola bilməz. əkş təqdirdə o, manqurtdur, ən azı kosmopolitdir.
İnsanın ətraf mühitə münasibətlərinin məcmusu ilkin olaraq ailədə formalaşır şaxələnir. Ailədən sonra fərdin tərbiyəsinə ən güclü təsiri onun yaşadığı ictimai mühit göstərir. Hər iki halda, yəni istər ailədə, istər cəmiyyətdə nümunənin rolu çox güclüdür. Əgər tərbiyə məqsədi daşıyan öyüd-nəsihət sözlə çatdırılırsa yaddaşa hesablanırsa (belə desək nəzəri, qiyabi xarakter daşıyırsa), fərdin özünün gördüyü duyduğu nümunələr (belə desək əyanidir, təmənnalı xarakter daşımır) birbaşa onun yaddaşına həkk olunur.
         Məsələyə bu müstəvidən yanaşsaq, xalq adət-ənənələrinin fərdin milli ruhda tərbiyə olunmasında əvəzsiz rolu vardır. Bu baxımdan doğma kəndim Umudlunun gözəl adət-ənənələri misilsiz idi. Kənddə körpədən tutumuş ixtiyar qocayadək hər kəsin öz yeri vardı. bu ierarxiyanı heç kəs poza bilməzdi. Ağsaqqalın, ağbirçəyin dediyi qanun idi. Qarşılıqlı münasibətlərdə hörmət, ehtiram hökm sürərdi. Kimsə ayağını əyri qoysaydı, camaat tərəfindən qınaq görərdi bir daha belə hərəkətə yol verməzdi. Yaxın qonşu (buna od qonşusu deyərdilər) yaxın qohumdan irəli idi.
          Kəndin məclisləri adla deyilirdi (Tərtərdən bunun çox şahidləri var). Toylarımız özgə bir aləm idi. Toy sahibləri ilə bahəm bütün kənd toya hazırlaşardı. Bu əsl el şənlikləri idi. Qadın, kişi eyni çadırda müxtəlif tərəflərdə əyləşərdilər. Musiqiçilər mərkəzdə əyləşər, ortada oyun (rəqs) meydançası olardı. Aşıqlar da iki dəst olardı: qara zurna saz aşıqlan. Aşıqların yanında toyun padşahı əyləşər, vəziri vasitəsilə toyu idarə edərdi. Növbə ilə hamı rəgs edər, gah da saz aşıqları dinlənilərdi. Bəy, gəlin məclisdə əyləşdirilməzdi. Yalnız ağsaqqalların təklifi ilə onlan məclisə gətirib oynadardılar. Gəlin əlləri xınalı rəfiqələriylə yengəsi ilə gəlin otağında, bəy öz yoldaşlarıyla qonşuda (od qonşusu gildə) oturardı. Yekunda bəy tərifi olardı. Onda bəy öz sağdış soldışıyla mağara gətirilərdi. Sağdış, soldış bağ bəzəyərdilər (ağac şəklində, üstündə şirniyyat meyvə, başmda soyutma çolpa). Bəzədilmiş bağlara qiymət qoyulardı. Ağsaqqallardan, qohumlardan, hörmətli adamlardan kimsə bağları (bəzən hərə birini) satın alardı (bir at verdim, bir inək verdim, bir camış verdim, min tümən verdim). Bundan sonra bəy tərifi başlanardı. Adı çəkilən gətirib xonçaya nəmər atar, bağdan pay alardı. Qız yengəsi bəyə sağdış, soldışa xonça bağışlayardı, onlar isə xonça qabına nəmər atardılar. Aşıq arada şuxluq edər, məzəli sözlər oxuyardı. Bəy yoldaşları tərəfindən "dodaqqaçdı" olardısa, cərimələnərdilər.
         Qız qapısına ağsaqqallar, hörmətli adamlar elçi gedərdilər. "" veriləndə şirinçay içilərdi. Nadir hallarda qızqaçırma olardı. Onu da ağsaqqallar yoluna qoyardı.
Yaşlılardan kimsə yatağa düşəndə camaat vida görüşünə gedərdi. Ev yiyəsini təklik hiss etməyə qoymazdılar. El tökülüb hər şeyi özü həll edirdi. Yas məclisi əsl yas məclisi idi. Bütün sifətlərdə işıqlı bir kədər olardı.
Birisi ev tikəndə hamı tökülüb kömək edərdi. Heç kim fəhlə tutmazdı (kənddə bu anlayış yox idi). Həmkəndlilər növbə ilə gəlib ustanı işlədərdilər.
Cavanlar əsgərə gedəndə, əsgərdən gələndə bütün kənd toplaşardı. Böyük şənlik məclisi düzənlənərdi.
        Ali məktəbə qəbul olanda, camaat hamılıqla təbrikə gələr, yenə böyük bir məclis qurulardı. Tələbələr tətilə gələndə qonşular, qohumlar qonaq çağırardılar.
Hər kəs arxasında el gücü hiss edər, özünü qüdrət sahibi sayardı (haqlı olaraq).
Davar, mal-qara növbə ilə otarılardı, çoban yox idi.
Payızda subay mal-qara aylarla (qar yağanadək) meşədə qalardı. Oğurluq yox idi.
"Dağlar arxasında üç dosf'dan (Tərtər, Umudlu, Murov) biri olan Umudlu gözəl saf təbiətin cənnət qoynunda qərar tumuş gözəl saf bir kənd, nadir bir camaat idi. (Ali məktəbdə oxuyarkən fransız maarifçisi Russonun təbiətə qayıdış ideyalarına vuruldum. Sonradan başa düşdüm ki, mən elə həmin ideyaların qoynunda yaşamışam).
         Bax belə tipik şəraitdə tipik xarakterlər yetişir.
Biz məktəbimizi qoruyub saxlamışıq, onu öz adıyla (nömrəyə çevrilməyə qoymadıq) yaşadırıq. Bir məcburi köçkün məktəbi olaraq kökümüzdən ayrılmamağa, milli adət-ənənələrimizi yetişməkdə olan nəslə ötürməyə, onları milli vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışırıq. Yaxşı müəllimlərimiz çoxdur. Lakin bu dediklərim ən gözəl şəkildə Elxan müəllimin dərslərində alınır. Onun Azərbaycan tarixindən hər bir dərsi, mübağiləsiz, milli vətənpərvərlik dərsidir.
Lakin gənclərimizin milli ruhda tərbiyə olunmasına əngəl törədən bir çox amillər var. Bunlardan biri (bəlkə birincisi) bədii ədəbiyyatdan (bu tərəfsiz təmənnasız tərbiyəçidən) üz çevrilməsidir. İndi gənclər demək olar ki, bədii ədəbiyyat oxumurlar. Dərsliklərin tərtibatı da elə kamil deyil (kamil olsa belə bu dəryadan bir zərrədir). Bəzən zəif mətnlər salınır dərsliklərə. Yaxşı olardı ki, ayrıca bədii qiraət dərsləri keçilərdi ora Azərbaycan dünya ədəbiyyatından dəyərli nümunələr salınaydı. K.Paustovskinin "Nimdaş şinelli qoca" hekayəsi kimi. Bu hekayədə kəndə yaşamağa gəlmiş bir pensiyaçıdan söhbət gedir. Hamı onu çətin maddi durumda olan nimdaş şinelli bir qoca kimi tanıyır. Lakin ölümündən sonra məlum olur ki, o, yüksək pensiya alan bir hərbçiymiş. Pensiyasından kasıb tələbələrə təqaüd yollayırmış, ehtiyacı olanlara pul ayırırmış. Amalı da bu imiş ki, xalq simasını itirməsin.
         Nə qədər gözəl bir hekayə, qədər yüksək bir qayə. Bax budur bədii ədəbiyyatın qüdrəti: səssiz-səmirsiz ürəklərə daxil olmaq onu fəth etmək!
         Digər bir tərəfdən orta məktəblərdə şagirdlərə əxlaqdan qiymət verilmir (vaxtilə verilirdi bunun çöx böyük təsir qüvvəsi vardı). De-yure deyirik ki, təlimlə tərbiyə ayrılmazdır, de-fakto şagirdləri əxlaqdan attestasiya etməməklə bunu inkar edirik. Digər dağıdıcı bir amil gənclərin müasirləşmə, avropalılaşma adıyla milli mentalitet adət-ənənələrimizdən uzaqlaşmasıdır. Televiziya, internet bu prosesə çox münbit bir mühit formalaşdırır. Obyektiv (tərəfsiz) bir hakim qismində televiziyalarımıza diqqət yetirsək onda özümüzə hansı qiyməti verərik?!
        Unutmaq lazım deyil ki, qloballaşan dünyada təkcə iqtisadi müstəvidə əmtəə bazarları uğrunda deyil, həm ideologiyalar uğrunda mübarizə gedir. İqtisadi qüdrətimiz, müstəqilliyimiz var. Milli mentalitetimizi, özəl adət-ənənələrimizi, milli ideologiyamızı qoruyub saxlamaq üçün mübarizəyə qalxmağın vaxtıdır. Sonra gec olar. Dialoqdakı kimi.
Bəşəriyyət:
- Hara gedirsən ulu Dünya?
Dünya:
- Sabaha.
Bəşəriyyət:
- O, necə sabahdır?
Dünya:
- O, səndən asılıdır.
Zabil SÜLEYMANOĞLU,

Ağdərə rayonu, Umudlu kəndi
Paylaşın:

Ən çox oxunan

Blog Arşivi