BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Aralık 2014 Salı

«SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA»

Posted at  12/30/2014  |  in  Ümumi hadisələr


     Bu günlərdə şair dostum Qasım Qırxqızlının 69 yaşı tamam olacaq. Bu yazını 5 gün qabaq yazmaqda məqsədim bu məsələni dostlarımızın yadına salmaqdır.
     Həm də istəyirəm ki, yeni nəsillərimizin nümayəndələrindən də kimsə Qasım müəllimi tanısın. İki on il bundan əvvəl baş verən hadisələrdə ölkəmiz yolunda fədakarlıq etmiş adamlardan daha biri haqqında az da olsa məlumatları olsun.
     Qasımov Qasım İslam oğlu 1945-ci il dekabrın 15-də Laçın rayonunun Arduşlu kəndində anadan olub. 1964-cü ildə orta məktəbin XI sinfini bitirdikdən sonra o vaxt “APİ Lenin” kimi məşhur olan V.İ.Lenin adına Azərbaycan Pedaqoci İnstitutuna daxil olub. Həmin ilin noyabrında hərbi xidmətə çağırılaraq, Sovet Ordusu sıralaraında 3 il qulluq edib, 1967-ci ildə Vətənə qayıdıb.
     1971-ci ildə institutu bitirərək, təyinatla dogma rayonu Laçına göndərilib. 1971-1972-ci tədris ilində Laçın rayonunda müəllim işlədikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə köçüb, Stepanakert rayonunun Cəmilli kəndində müəllim işləməyə başlayıb.
     Haşiyə: Hazırda İşğal altında olan Cəmilli sakinlərindən birinin Qasım müəllim haqqında dediklərindən bir parçanı oxucularımın diqqətinə çatdırmaq istəyirəm:
     - Qasım müəllim bizim kəndimizə gələndə kənddə heç bir sosial obyekt yox idi. Cəmilli azərbaycanlıların yaşadığı kənd olduğuna görə tabe olduğu rayonun və vilayətin rəhbərliyi tərəfindən unudulmuş yaşayış məntəqələri sırasında idi. Bir az da dəqiqləşdirsək, ermənilər bizim kəndi əslində unutmamışdı. Bu cür münasibətlə camaatı bezdirərək öz doğma yurd-yuvasından didərgin salmağa cəhd edirdi. 1972-ci ildə Qasım müəllimin ciddi cəhdləri sayəsində kəndimizin tarixində ilk dəfə 8-illik məktəbin açılması mümkün oldu. Qasım müəllimi də yeni məktəbə direktor təyin etdilər. Bundan sonra Qasım müəllim öz əzmkarlığı, inadkarlığı və yorulmazlığı sayəsində yavaş-yavaş Cəmilliyə telefon və yol çəkilməsinə nail oldu, 14 otaqlı yeni məktəb binası tikdirdi. O vaxt Cəmillinin ayrıca qəbristanlığı yox idi. Qasım müəllim çox böyük çətinlikləri, müqaviməti dəf edərək kənd əhli üçün qəbristanlıq yeri aldı. Bunun ardınca Qasım müəllim 8-illik məktəbin orta məktəbə çevrilməsinə nail oldu. Qasım müəllimin fəaliyyətinin, xeyirxahlığının miqyasını bir cümlə ilə qeyd etsəm, deyərdim ki, o, Cəmiliyə gələnə qədər heç kəsin orta və 8-illik təhsili olmayıb!
     1990-cı ildə Qasım Qırxqızlı Cəmilli məktəbinin direktoru vəzifəsindən azad edilir. Yaşadığı Kərkicahan kəndində məktəb direktorunun müavini təyin edilən Qasım müəllim burada da “dinc dayanmır”. O, kəndin illərlə yığılıb qalmış sosial problemlərinin həllinə nail olmağa çalışır. Eyni zamanda Kərkicahanın yerləşdiyı ərazinin əhəmiyyətini, artıq işə düşmüş münaqişənin gedişində oynaya biləcəyi rolu, əhalisinin sayını və başqa amilləri nəzərə alaraq Kərkicahan kəndinə qəsəbə statusu verilməsinə nail olur. Bundan sonra XX əsrin sonlarını yaşayan Azərbaycanda ilk dəfə Kərkicahanda Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə demokratik seçki yolu ilə sədr seçilir və bu şərəfə Qasım müəllim layiq bilinir.
     Bu vəzifədə də o, bir çox yeniliklərə imza atıb. Əsasən kənd camaatının təhlükəsizliyinin təmin olunması, yerli problemlərin həlli, yeni iş yerlərinin yaradılması, Şuşadan qəsəbəyə avtomobil yolunun çəkilişini və bir çox məsələləri həll edir. Bu siyahını xeyli uzatmaq olar. Ancaq gördüyü əzəmətli işlərdən biri də 20 Yanvar şəhidlərinin xatirəsinə qısa müddətdə ucaldılan abidə kompleksi idi.
     Lakin, həmişə olduğu kimi bu dəfə də ermənipərəst və ruspərəst qüvvələr birləşərək Polyaniçkonun birbaşa rəhbərliyi ilə Qasım müəllimin həmin vəzifədən azad olunmasına nail oldular...
     Buna baxmayaraq, o geri çəkilmədi...
     Qasım müəllimin həyatı gərgin mübarizələr içində keçib. Qarabağda erməni ixtişaşları, münaqişə başlayan gündən o, ikiüzlü, riyakar rus generallarına, DQMV üzrə Xüsusi İdarəetmə Komitəsinə və A.İ.Volskiyə, DQMV üzrə Respublika Təşkilat Komitəsinə və V.P Polyaniçkoya, erməni-daşnak işğalçı-separatçı liderlərinə qarşı dönməz və əzmli bir çarpışma yaşayıb. Təəssüf ki, o da bizim bir çoxumuz kimi əsasən məğlub olaraq, ağır təzyiqlərə məruz qalıb. Bu məğlubiyyətin isə özəl və çox ciddi səbəbləri var idi...
     Qasım Qırxqızlı “Xocalının səsi” qəzetini yaradan şəxslərdən biridir. 2000-ci ildən isə həmin qəzetin redaktorudur. O, bu qəzetin yaşaması uğrunda, ağır günlərdə dözüb, tarixin arxivlərinə gömülməmək üçün apardığı mübarizənin başında dayanıb.
     İstedadlı qələm sahibi, zəhmətkeş və cəfakeş ziyalı, ilhamlı şair olan Qasım müəllim indiyədək Qarabağ mövzusunda işıq üzü görmüş 14 kitaba müəllif imzası qoyub.
     Onun Vətən və millət qarşısında göstərdiyi təmənnasız və fədakar xidmət, təəssüf ki, o qədər də yüksək qiymətləndirilməyib. O, indiyədək yalnız General Məhəmməd Əsədov adına (Qarabağ müharibəsində göstərdiyi cəsarətə və igidliyə görə) və “Qızıl qələm” mükafatına (yaradıcılıq uğurlarına görə) layiq görülüb. Cabir Novuz demişkən:  – Sağlığında qiymət verək insanlara.
Azərbaycan Curnalistlər Birliyinin, Mətbuat Şurasının üzvü olan Qasım müəllim II qrup Qarabağ müharibəsinin əlilidir.
     O həmişəki enerci və ilhamla bu gün də yazıb-yaradır, tarixi, publisistik yazıları, yeni kitabları ilə mübarizə aparır. Xalqımızın, Dövlətimizin haqq işinin qələbə çalması üçün əlindən gələni edir.
Bir neçə gündən sonra – yəni dekabrın 15-də hazırda məcburi köçkün kimi Gəncədə yataqxanada yaşayan ağsaqqal dostumun 69 yaşı tamam olacaq. Onun yaşı barədə düşünəndə Nəsiminin Hələb qapısında dediyi sözlər yadıma düşür. Qasım müəllimin də 69 “həqqənnəs yaşıdı”. Bu yaşın üstünə hər biri ən azı bir 10 ilə bərabər Kərkicahan zillətini, Cəmilli zülmünü, Meşəli sitəmini, Laçın faciəsini, Şuşa dərdini... də gəlsən... gör hara vurur!!.
     Bu kiçik yazıda onun bədii yaradıcılığından, hər biri bir Vətən marşına bərabər şeirlərindən danışmadım. Onun 1988-dən başlayaraq xalqımızın milli azadlıq mübarizəsində iştirakından söhbət açmadım. Vətənimizin bir qarış torpağı uğrunda canından keçməyə hazır olaraq yaşadığı sarsıntılardan bir şey demədim.
     Əslində səmimi etiraf edirəm ki, Qasım müəllimin bir neçə günə ad günü olacağını xatırlatmaqdır bu yazının əsil və əsas məqsədi. Həm dostlara, həm də sovet dövrünün ən tipik ifadəsi ilə desəm “əlaqədar təşkilatlara” və şəxslərə…
     Qasım Qırxqızlı çox təvazökar adamdır. Mən onu tanıdığım 26 il ərzində hələ bir dəfə də olsun ondan “bu mənim” tipli bir istək eşitmədim. “Bəs camaatın filan dərdi necə olsun?” tipli suallarını eşitdim. Özünü xalqına, camaatına elinə, obasına, millətinə, əqidəsinə, nəhayət, rəhbərlik etdiyi qəzetin səsinin - “Xocalının səsi”nin həmişə eşidilməsinə fəda edib. İndi onun, həmişə hamıya qayğı göstərməyə çalışan bir adamın özünün diqqətə, qayğıya, müalicəyə ehtiyacı var. 69 az yaş deyil, hətta onun “Nəsimi əlavələri”ni nəzərə almasaq belə...
Kərim KƏRİMLİ,


Yazıçı, şair, publisist.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top