BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

24 Şubat 2015 Salı

TARİXİMİZİN DAŞ SALNAMƏLƏRİ - XOCALI: DAŞ YADDAŞIMIZ

Posted at  2/24/2015  |  in  Ümumi hadisələr

Fürsət düşən kimi Qarabağda hakimiyyəti
ermənilərə verəcək və bunlar vasitəsilə Asiyada
xristian dövləti yaradacağımız barədə
erməni məliklərinə göstəriş vermişəm.

19 may, 1783-cü ildə knyaz Q.A.Potyomkinin
II Yekaterinaya məktubundan.


Xocalı şəhəri Xankəndi şəhərindən 10 km şimal şərqdə, Qarabağ (Qırxqız – 2827 m) dağ silsiləsindədir. Əhalisi üzümçülük, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olurdu. 2 orta məktəb, 2 natamam orta məktəb, mədəniyyət evi, kitabxana, klub, tibb məntəqəsi var idi.
Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid Nekropol, Kurqan çölü və s. var. Miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy ilk mədəniyyət abidələri Xocalı kəndinin yaxınlığındadır.
Xocalı qəbiristanlıqları Xocalı kəndi ərazisində son tunc və ilk dəmir dövrünə aid (miladdan əvvəl XIII-VII əsrlər) arxeoloci abidə XIX əsrin sonunda aşkar edilmişdir: daş qutu və Kurqanlardan ibarətdir. Tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, Xocalı qəbiristanlığındakı beş növ Kurqanlar (qəbirlər) azərbaycanlılara məxsusdur.
Müxtəlif tipli saxsı qablar, silahlarqılınc, xəncər, nizə, ox ucluğu, balta, təbərzin, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhləri aşkar edilmişdir.
Qədim Qarabağın sakinlərinin qəbirüstü daşları bütün   Azərbaycan   üçün mühüm olan tipləri özündə saxlamışdır. Xocalıda səkkizguşəli kümbəzin yanında yonulmuş, böyük, sal daşlar var idi. Bu daşlar bayquş, yəhər və nəhrə formalıdırlar. Ancaq onların üzərində heç bir yazı yox idi. Bu da onu göstərir ki, hələ o zamanlar yazı meydana çıxmamışdı. Nehrə şəkilli daşlar qadının, yəhər şəkilli daşlar kişinin, bayquş şəkilli daşlar isə şər qüvvələrin nümunəsi kimi verilmişdir. Bəzi daşların üzərində  isə ərəb qrafikası ilə yazılara təsadüf olunurdu.
Xocalıda basdırılmış, sonradan üzə çıxmış tarixi əşyaların tayı-bərabəri yoxdur. Əqiq, qiymətli daş-qaş, muncuq, mixi xətt, mixi yazılar çar Adadnirarinin (Adadnirari Assur hökmdarı olub, miladdan əvvəl 807-788) adı ilə sıx bağlıdır. Bu daş yaddaşlar göstərir ki, Xocalı qədim şəhər olmaqla cənub,o cümlədən Asiya ölkələri ilə sıx əlaqədə olmuşdur. Qədim Xocalı qəbiristanlığının 11№-li Kurqanından tapılmış əqiq muncuğun üstündə Assuriya çarı Adadnirariyə aid mixi yazı, o cümlədən emal olunmuş saxsı qablar, pasta və şüşədən muncuqlar, qızıldan bəzək əşyaları, silindrik möhür və s. yerli əhalinin Yaxın Şərq ölkələri ilə  də sıx iqtisadi-mədəni əlaqələrini göstərir. Avropa, Asiya və Amerikada da Xocalı abidələrinin əks təsiri özünü göstərmişdir. Şərq və Qərb ölkələrinin tarixi bu mədəniyyətin dəst-xəttini özündə yaşatmışdır.
Əqiqdən hazırlanmış muncuğun üzərində Assur çarı Adadnirarinin adı yazılmışdır. Daş qutularda dəfnetmə adəti Azərbaycanda uzun müddət davam etmişdir. Buna görə də tədqiqatçılar həmin abidələri ilk dəmir dövrünə aid edirlər”. (Rəşid Göyüşov: “Azərbaycan arxeologiyasıBakı, 1986).
Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycan respublikasında Kiçik Qafqazın dağətəyi rayonlarında, Kür-Araz çayları arasında, Şərqi Gürcüstan və Ermənistanda son tunc və ilk dəmir dövrlərinə (m.ə. VIII-VII əsrlər) aid arxeoloci mədəniyyət, Xocalı-Gədəbəy rayonunda ilk dəfə tədqiq olunmuş abidələrin adı ilə adlandırılmışdır. Xocalı-Gədəbəy mədəniyyət abidələri, yaşayış yerləri, emalatxanalar, qəbirlərdən və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazilərdə misəritmə kürələri (Mingəçevir), mis-tunc məmulatları hazırlayan emalatxana (Topal Həsənli) qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir.
Xocalı mədəniyyətinin son dövründə dəmir alət və silahlar, nizə, bıçaq, xəncər və s. meydana gəlmişdir. Əhali əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, sənətkarlıq və dulusçuluqla məşgul olub, oturaq həyat keçirmişlər. Qazıntılar zamanı tapılmış bəzi əşyalar bu ərazidə zərgərliyin də geniş inkişafına dəlalət edir. Xocalı-Gədəbəy mədəniyyəti onun əhalisinin Zaqafqaziyanın müasir xalqlarının uzaq əcdadları olmasını güman etməyə əsas verir.
Xocalı-Kurqan qəbirlərində daş qutu qəbirlərdə ölülər bükülü halda uzadılmış, bəzən oturdulmuş və ya yandırılmış vəziyyətdə dəfn edildiyi aşkar olunmuşdur.
Xocalıda daş qutu və küp qəbirlər də aşkara çıxarılmışdır. Bu qəbirlər antik və ilk orta əsr katakombaları dövrünü əhatə edir. Bu katakombalar quruluşca eynidir. Bunlar bir, bəzən isə iki kameralardan ibarət olub, əksəriyyətində cüt skeletlər aşkar olunmuşdur. Ölü qəbirə qoyulduqdan sonra (bu qəbirlərin hündürlüyü 0,9-1,7 m, eni 1,5-3 m, dərinliyi yer səthindən 3,5-3,6 m olublar) qəbirin ağzı daşla və ya kərpiclə hörülmüşdür. Belə küp qəbirlərə ən çox Azərbaycanda təsadüf olunur.
Xocalı abidələrinin bir qismini siklop (siklop yunancadan KUK-LORStəpəgöz deməkdir.) tikililər  təşkil edir. Həmin siklop tikililərin qalıqları əsasən Xocalı şəhərinin çayqırağı və yüksək sahələrində qazıntılar zamanı üzə çıxmışdır. Bəzən arakəsmələrdən ibarət, uzunluğu 17-18 metr, eni 8-10 metr olan bu cür tikililər bir neçə hissəyə bölünmüşdür. Bu tikililərin içərisində ərzaq saxlamaq üçün quyu qazılır, yaxud da təsərrüfat küpləri basdırılırdı. Divarları yonulmuş sal daşlardan olan belə tikililərin hündürlüyü 3-3,5 metrə çatırdı.
Siklop tikililərini tədqiq etmiş alimlərə məlum olmuşdur ki, bu abidələr əsasən m.ə. II minillikdə və I minilliyin əvvəllərində olmuşdur.
Xocalıda 5 №-li Kurqandan aşkar edilmiş gil qabın qulpu üzərində buğda dənələri təsvir edilmişdir. Tədqiqatlardan məlum olur ki, 3-4 min il bundan əvvəl qədim Qarabağın sakinləri əkinçiliklə məşğul olmuşlar.
Qədim Xocalı abidələrinin tədqiqi zamanı məlum olur ki, ağırlığı 10 tona qədər olan uzun daşlar (meqrellər) daha çox üstünlük təşkil edir. Xocalıda torpaqdan tökülmüş oval şəkilli, hündürlüyü 2 metrə qədər, diametri 12 metrdən çox olan Kurqanlar diqqəti daha çox cəlb edirdi. Bu Kurqanların bir neçəsi qum və daş qarışığından ibarət idi.
Xocalıdan tapılan qırxım qayçıları, ucu şiş itilənmiş bıçaqlar və s. metaldan hazırlanmış əşyalar onu göstərir ki, Xocalı Qafqaz Albaniyasında ən qədim yaşayış məskəni və hələ qədimdən dünyanın mədəniyyət mərkəzlərindən biri olmuşdur. Xocalıdan adi qazıntılar zamanı tapılan saxsı qabların sayı-hesabı yox idi.
Tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinin üç inkişaf mərhələsini keçdiyini müəyyən etmişlər. İlk mərhələ m.ə. XIII-XI, ikinci mərhələ XI-IX, son mərhələ IX-VII əsrlərə aid edilir.
Xocalı abidələri Azərbaycan alimləri tərəfindən 1920-ci ildən tədqiq edilməyə başlanmışdır. Ə.Ələkbərov bu abidələr kompleksini Azərbaycan abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmışdır. Eyni zamanda bu abidələr alman arxeoloqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingilis F.Beyer, fransız A.Berce və başqaları tərəfindən tədqiq edilmiş, Xocalıdan əldə etdikləri tarixi əşyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeylərin eksponatlarını zənginləşdirmişdilər.

Əfsuslar olsun ki, Xocalının mədəni, tarixi tapıntıları dünya muzeylərini - Paris, Almaniya, London, Sankt-Peterburq bəzədiyi halda, bizim muzeylərdə bu əqiq tapıntılara az rast gəlinir. Sovet dövründə isə bu tapıntılar əsasən Ermənistana daşınıb aparılmışdır.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top