BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

27 Mayıs 2015 Çarşamba

ŞUŞA ŞƏHƏRİ

Posted at  5/27/2015  |  in  Dağlıq Qarabağ münaqişəsi


          Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab olunur. Qarabağ tarixçilərinin verdiyi məlumata görə 1750-ci ildən Şuşakənddən bir qədər aralı, hündür sıldırım dağ üstündə qalanın inşasına başlanıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Pənahəli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qalanı şəhərə çevirmişdir. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə «Pənahabad», sonradan isə «Şuşa» adlandırılmışdır.
         Şuşa Azərbaycanın qədim şəhərlərindən biridir. Ermənilər tarixən Şuşaya qənim kəsilmiş, onu bir neçə dəfə talan-qarət edərək viran qoymuşdular. Lakin buna baxmayaraq Şuşa yenidən bərpa edilmiş, özünün tarixi görkəmini qaytarmağa müvəffəq olmuşdur.
         Birinci Qarabağ müharibəsində Şuşa Yuxarı Qarabağda azərbaycanlıların dayaq mərkəzinə çevrilmiş, qorunmuş, igid övladları ilə ad-san qazanmış, nəticədə Yuxarı dairələrin, başsız başçıların ucbatından 8 may 1992-ci ildə işğala məruz qalmışdır.
         İşğal zamanı Aşağı və Yuxarı Gövhər Ağa, Köçərli, Cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Vokal sənətinin banisi Bülbülün ev muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Firidun bəy Köçərlinin malikanəsi, şair, rəssam, alim Mir Möhsün Nəvvabın evi, ümumiyyətlə bu şəhərin şərq memarlığının xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş, əksər yaşayış evləri, iri qəbristanlıq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin türbəsi, tarixi abidə olan yaşayış binaları dağıdılıb, vacib mədəniyyət abidələri Ermənistan tərəfindən məhv edilib.
         Erməni tarixçiləri Şuşanın tarixi erməni abidəsi olmasını yalandan sübut etməyə çalışırlar və burada dırnaqarası təmir-konstruktiv işlərinə başlayıblar. Ermənilər tərəfindən Şuşada aparılan arxeoloji qazıntılar Azərbaycan mədəniyyətinin kökündən dağıdılmasına xidmət edir. Əsas məqsəd isə Azərbaycanın milli mədəni irsini Azərbaycan şəhərlərindən tamamilə yox etmək, onların yerində erməni üslubuna xas olan memarlıq üslubu yaratmaqdır.
        Şərqin konservatoriysı adlandırılan, görkəmli xadimlərin vətəni, Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
        Ermənistan tərəfi danışıqlar zamanı qeyri-konstruktiv çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışsa da, gözəl anlayır ki, nə Azərbaycanın dövlət başçısı, nə də Azərbaycan xalqı bu işğalla barışmayacaq.
        Azərbaycan Prezidenti İlham Əliyev:
– Azərbaycanın artıq güclü ordusu var. Bütün Silahlı Qüvvələr bu gün istənilən vəzifəni, ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağ və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdılar, sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən sülh yolu ilə, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz qələbə gününü yaxınlaşdırırıq və o gün gələcək Azərbaycan bayrağı Xankəndi və Şuşada dalğalanacaqdır.
        Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin söylədiyi kimi qələbə gününü səbirsizliklə gözləyir. Biz o günün gələcəyinə inanır, baş verən proseslərə nikbin əhval-ruhiyyə ilə baxırıq.
                                                                                                        Qasım QIRXQIZLI

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top