
Amma xainlik, satqınlıq baş alıb gedirdi. Vahidi hədələyir, Şuşadan getməyini tələb edirdilər. Odur ki, Vahid döyüş dostu Ziyəddin Quliyevlə öz kəndimizə gəlir. O,səriştəli tank idarəçisi kimi, döyüşlərdə ad-san qazanmışdı. İnsafən demək lazımdır ki, o vaxt Sürət Hüseynov bütün qüvvəsini, vəsaitini müdafiə yoluna qoymuşdur. O, Gəncədən general Şerbakla əlaqəyə girib, 1 ədəd “T 55” tank alır. Vahid Almaniyada tank qoşunları ordusunda xidmət etdiyi üçün, tankın dilini əla bilirdi. Buna görə də tankı Vahidə verirlər. Bir neçə gün Şuşada vuruşur, sonra doğma kəndin müdafiəsi üçün Kosalara gəlir. Elçin Həsənovla birlikdə tankı idarə edir. Xankəndinə və ətraf kəndlərə mərmi yağdırır. Mübağiləsiz demək olar ki, onun atdığı mərmilər yüzlərlə erməni öldürmüşdür.
1992-ci il, may ayının 9-u idi. Artıq Şuşa şəhəri düşmən əlinə keçmişdir. Kosalar kəndinə hər tərəfdən erməni-rus hərbi birləşmələri yeridildi. Qarabağda düşmən əlinə keçməmiş yeganə yaşayış məntəqəsi olan Kosalar kəndi köməksiz qalmışdı. Vahid və onun silahdaşlarının səyi ilə əhali çıxmağa müvəffəq oldu. Son anda Vahid düşmən əlinə keçməsin deyə “Qara pələng” adlandırdığı sevimli tankını yandırdı. Bu onun üçün çox ağır idi. Çünki, bu Kosalara olan ümidin sonu demək idi.
Vahid Bakıya gedərək, Müdafiə Nazirliyində, Etibar Məmmədovun yanında olmuş, ancaq qrad qurğusu üçün lazım olan hissələri ala bilməmişdi.
Vahid: “May ayının 9-da tamam taqətdən düşmüşdüm. Kənddə qalan maşınları məhv etmək üçün, tankı yol aşırımına gətirdim. Uşaqlardan bir kibrit aldım, yanacağı açıb tankı yandırdım. Biz Şırlana çatana qədər, iki maşın və tank yandı. O tankı yandıranda zülüm-zülüm ağladım. Tank bizim xilaskarımız və yaxın dostumuz idi. Çəkdiyimiz ağır məşəqqətlərin belə faciəli sonluqla bitməsi ürəyimə xal salmışdır”.
Döyüşlərdə aldığı sarsıntı və iztirablar nəticəsində ağır xəstəlik keçirmişdir.
Hiç yorum yok:
Yorum Gönder