Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qasım Qırxqızlı "Tərəqqi" medalı ilə təltif edildi.

         Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azırbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Xocalının Səsi" qəzetinin redaktoru Qasımov Qasım İslam oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
         Qasım Qırxqızlı "Xocalının Səsi" qəzetinin yaradıcılarından biri və 2000-ci ildən qəzetin baş redaktorudur. O. indiyədək "General Məhəmməd Əsədov" və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür.
         Qasım müəllimin bu uğuruna redaksiyamızın kollektivi və onu tanıyan hər kəs çox sevinir. Səmimi, işgüzar insan olan Qasım müəllimə Allahdan uzun ömür, can sağlığı və işlərində daha da müvəffəqiyyətlər arzu edirik.
                                            Qalib Bəymməmədoğlu
                                            AJB-nin üzvü
Paylaşın:

Milli ruhumuzun inkişafı

       Vətənimizi sevmək hər birimizin mənəvi borcudur. Biz bu mənəvi borcu yaşadığımız müddətdə Vətənə olan məhəbbətimiz, hörmətimiz və sədaqətimizlə qaytarmalıyıq. Vətənə olan gerçək sevginin mənası çox dərindir.
       Milli ruh ilk növbədə ailədə formalaşmalıdır. Çünki ailə kiçik dövlətdir. Əfsuslar olsun ki, bəzi insanlar hətta kiçik yaşlı övladlarının yanında da lazımsız sözlər danışır, onların baxış tərzini dəyişirlər. Belə hallar onların fərdi şəxsiyyətlərində mənfi qüsurlar yaradacaq və könülsüzlük, laqeydlik hissləri artacaqdır. Halbuki hər bir valideyn ölkəsini, millətini övladına sevdirməyə borcludur.
       Tarix boyu çaldığımız zəfərlərin ruhu indi bu günümüz və sabahımız üçün ilham olmalıdır. Əgər biz keçmişimizi yaxşı bilməsək, sərkərdələrimizlə, dahilərimizlə fəxr etməyi bacarmasaq uğurlu gələcəyə addım ata bilmərik. Sabahımıza doğacaq olan günəş keçməkeşli, şərəfli, keçmişimizin bizlərə verdiyi ümiddən doğur. Analarımız beşik başında körpələrinə milli ruhumuzu tərənnüm edən laylalar oxumalıdır. Babalarımız nəvələrə qəhrəmanlıq dastanlarımızı öyrətməlidir. Zabitlərimiz əsgərlərimizə Milli qəhrəmanlarımızın şərəfli döyüş yolunu keçməsi üçün döyüş ruhunu aşılamalıdır. Müəllimlərimiz şagirdlərin gələcəkdə Vətənimiz üçün layiqli vətəndaş olmaları üçün milli dəyərlərimizi, dilimizi, tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi öyrətməli və sevdirməlidir. Ölkəmizin bütün müəssisə və idarələrində millətçilik təbliğatı yüksək formada olmalıdır. Tədbirlərdə bayrağımız düzgün tutulmalı, Himnimiz səslənərkən dərhal ayağa qalxmalı və hamılıqla birgə sağ əlimizi ürəyimizin üstündə saxlayaraq Himnimizin sözlərini oxumalıyıq. Bütün müəssisə və idarələrdə bayrağımız düzgün asılmalı və təmiz saxlanmalıdır.
        Ölkəmizin hər bir uğuruna sevinməli, böyük coşğu ilə qeyd etməliyik. İdman yarışlarında idmançılarımıza ekran arxasında olsaq da belə dualarımızı əsirgəməməli və dəstəyimizi həmişə göstərməliyik. Nə olursa-olsun Vətənimizin övladlarına təhqirdən çəkinməliyik. Dərsinə yaxşı hazırlaşmayan şagirdin ruhunda düşmənə silah tutmaq hisslərinin olduğunu da unutmamalıyıq. Gənclər arasında vətənpərvərlik xüsusiyyətinin yüksək dərəcədə formalaşması üçün həmişə təbliğat aparmalıyıq. Müharibə şəraitində yaşadığımız bu zamanda bizə təhsilimizin inkişafı ilə yanaşı milli ideologiyamızın da həmişə yüksək səviyyədə olması vacibdir...
Qalib Bəyməmmədoğlu,
AJB-nin üzvü

Paylaşın:

Xocalı rayon səhiyyəsi bu gün

       Azərbaycan Resbublikası Səhiyyə Nazirliyinin 15.12.2003-cü il tarixli 163 saylı əmrinə əsasən Naflalan şəhərində fəaliyyət göstərən Xocalı RMP-sı Aşağı Ağcakənd qəsəbəsində 2003-cü ildən istifadəyə verilmiş xəstəxananın binasına köçürülmüş və həmin xəstəxananın bazasında 25 çarpayılıq Xocalı rayon Mərkəzi Xəstəxanası təşkil edilmişdir.
       Hal-hazırda Kosalar kənd Həkim Ambulatoriyası, Cəmilli və Meşəli kənd Həkim ambulatoriyaları yeni istifadəyə verilmiş Ambulatoriyalarda fəaliyyət göstərir. Kərkicahan qəsəbə həkim ambulatoriyası və 9 feldşer mama məntəqələri uyğunlaşdırılmış otaqlarda fəaliyyət göstərir.
Rayon Səhiyyə şöbəsinə Azrbaycan Bayrağı ordenli, Resbublikanın Əməkdar Həkimi Nağıyev Məmməd Ağalar oğlu rəhbərlik edir.
       Rayon Səhiyyə işçilərinin 25 nəfərə yaxını Rayon İcra Hakimiyyəti, Rayon Səhiyyə Şöbəsi və Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərmanlarla və hədiyyələrlə təltif olunmuşlar. 2011-ci il 17 iyun Səhiyyə işçiləri günündə Kosalar kənd Həkim Aınbulatoriyasının Baş Həkimi Məmmədov Aqil Kamran oğlıı Azərbaycan Resbublikasının Prezidenti Cənab İlham Əliyevin fərmanına əsasən "Tərəqqi " medalı ilə təltif olunmuşdur.
       Həkimlər və orta tibb heyətindəki vakant yerlərin əmələ gəlmə səbəbi Səhiyyə Nazirliyi tərəfindən RMX-nın ştat cədvəli təsdiq olunarkən əsas ixtisas həkimlərinin 0.5 ə.v.h təsdiq olunması və kadr çatışmazlığından xəstəxananın stasionar şöbəsinin işləməməsidir. Bu barədə dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etməyimizə baxmayaraq məsələ öz müsbət həllini tapmamışdır.
Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2015-ci ilin birinci 4 ayı ərzində "Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə"yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasmda sanitariya maarifi işinin təşkili, sanitar epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.
       Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barəsində Nazirlər kabinetində keçirilən regionların sosial-iqtisadi inkişafi barəsində yekun çıxışında səhiyyə sahəsindən danışarkən, hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalaraq Səhiyyə Nazirliyi qarşısında mütəmadi olaraq əhalinin kütləvi tibbi müayinədən keçirilməsini bir daha prioritet məsələ kimi vurğulanmış və buna xüsusi diqqət yetirilməsini tövsiyə etmişdi.
       07.02.2014-cü il tarixdə Səhiyyə Nazirliyində Səhiyyə Naziri cənab O.Şirəliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bir daha bu məsələ barəsində danışıldı və bütün Rayaon Mərkəzi Xəstəxanalarının baş həkimlərinə hər il əhalinin kütləvi tibbi müayinədən keçirilməsi tapşırıldı.
       Xocalı RMX da Səhiyyə Nazirliyinin bir struktur bölməsi olaraq fevral ayının 2-dən aprel ayının 30-dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsini təşkil etmişdir. Bu işlərin təşkili və həyata keçirilməsində RİH-nin Başçısı cənab Ş.Usubov və başçının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva yaxından köməklik etmiş, mütəmadi olaraq KİV-də tibbi müayinələrin gedişatı işıqlandırılmışdır.
       Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir.
       İmtiyazlı xəstələrə, o cümlədən şəkərli diabet xəstələrinə (84 nəfər), vərəmli xəstələrə (13 nəfər), onkoloji xəstəiərə (5 nəfər), nevroloji xəstələrə (37 nəfər), ürək-qan dövranı sistemi xəstələrinə (93 nəfər), tənəffüs sistemi xəstələrinə (103 nəfər) və s. imkanımız daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.
       Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.
       Ağır xəstələrə və evə çağırışlara vaxtlı-vaxtında əməl olunmuş, onlara lazım olan tibbi yardım göstərilmişdir. 2015-ci ilin 4 ayı ərzində tibb müəssisəblərinə gəlişlərin sayı 16691, o cümlədən ilkin tibbi yardım 428 nəfərə göstərilmiş, evə çağırışların sayı 1115 olmuşdur.
      Bununla yanaşı aşağıdakı bəzi problemlərimizi nəzərinizə çatdırmaq istəyirəm:
      1  Kadr çatışmazlığı
      2.Təcili yardım xidmətinin təşkili
      3. İstifadəmizdə olan təcili yardım maşınlarının yararsız vəziyyətdə olmasını nəzərə alaraq yeni təcili yardım maşınlarının alınması
      4. Fövqəladə hallar zamanı baş verə biləcək halları aradan qaldırmaq üçün lazım olan avadanlıqların olmaması
      5. Əhalimizə daha yüksək səviyyədə tibbi xidmət göstərə bilməyimiz üçün müasir tipli xəstəxana korpusunun tikilməsi və tibbi avadanlıqlarla təchiz olunması.
      Yerli İcra Hakimiyyətləri haqqında əsasnaməyə görə rayonun bütün səhiyyə obyektləri əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini bir daha təhlil edərək göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin sanitar-gigiyenik tələblərə cavab verməsi, əhalinin sanitar epidemioloji sağlamlığının təmin olunması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin tədbirlər planına uyğun olaraq səhiyyə şöbəsi də öz iş planını qurmuş, işlərimizi bundan sonra da günün tələbləri səviyyəsində həyata keçirməyə çalışacağıq.
                                                                                                                         M.A.NAĞIYEV,
Xocalı RMX-nın baş həkimi ,
"Azərbaycan bayrağı" ordenli, 
  Respublikanın Əməkdar Həkimi     

Paylaşın:

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  2015-ci ildə Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur.
     XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır.
     Ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki  bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratmışdır. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
     Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
     Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycan Respublikası regionun siyasi, iqtisadi və humanitar mərkəzi statusunu qazanaraq beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur. Mövcud inkişaf dinamikası Azərbaycanın milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir. Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq  təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi  dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
     Azərbaycan milli mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı yerini, vətəndaş cəmiyyətinin inkişafı, milli mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsindəki rolunu nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının   109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
     1. Azərbaycan milli mətbuatının 140 illik yubileyi Azərbaycan Respublikasında geniş qeyd olunsun.
     2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki:
     2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin;
     2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  2 iyun 2015-ci il
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi