Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qırxqızım şeiri (Qasım Qırxqızlı)

Qırxqızın bulaqları,
   Göy çalır qıraqları.
   Çağırıram hay vermir,
   Kar olub qulaqları. (Bayatı)
Dağlarım dayanıb kədərli- qəmli
Bir gözü ağlardır, bir gözü nəmli,
Dünyamız yaranıb qanlı-sitəmli,
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Duman olub sinən üstə yataydım,
Günəş kimi şah zirvəndən bataydım,
Dərə olub ətəyindən tutaydım.
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Yelligədik yaxasını açaydı,
Qartalların qıyya çəkib uçaydı,
Buludların tutub bizi qucaydı.
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Qoxuyaydım, çiçəyini- gülünü,
Sığal çəkçib oxşayaydım telini.
Bəndə dönüb saxlayaydım selini
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Qırxqızlı vətəndə vətənsiz qalıb,
Bahar  buludutək boşalıb-dolub,
Ağarmış saçını dərdi-qəm yolub
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.


Qasım Qırxqızlı
Paylaşın:

Gəncə şəhərində "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılğı ilə"Hər şey Vətən naminə, hər şey qələbə üçün" devizi altında tədbir keçirildi.

            24.11.2015-ci il tarixində Gəncə şəhərində "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılğı ilə"Hər şey Vətən naminə, hər şey qələbə üçün" devizi altında tədbir keçirildi. Tədbirdə ictimai fəallar, idarə və müəssisə rəhbərləri, birliyə yeni üzv olan insanlar və məktəb şagirdləri iştirak etdilər.
            
            Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra Vətən torpaqları uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
            Tədbirdə  Xocalı sakini kimi iştirak edən TQDK-nin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov tədbir iştirakçılarını salamladı və sözü "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin " sədri Şamil Sabiroğluna verdi.
            Şamil Sabiroğlu çıxış edərək Azərbaycan xalqının başına erməni quldurları tərəfindən gətirilən müsubətlərdən danışdı. Xocalı faciəsi haqqında geniş məlumat verdi. O, çıxışında qeyd etdi ki, erməni vəhşiliklərini ifşa etmək, Xocalı faciəsini dünyanın diqqətinə çatdırmaq üçün hər birimizin üzərinə düşən müəyyən vəzifələr var. Sosial şəbəkələrdə aktiv olmaq, informasiya resurslarımızı Xocalı faciəsi haqqında olan məlumatlarla zənginləşdirmək lazımdır.

            Sonra söz "Yeni Yurd"  Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya verildi. O, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin " və Şamil Sabiroğlunun ictimai birliyin sədri kimi  fəaliyyətindən söhbət açdı. İctimai birliyin Gəncə regional bölməsinə sədr təyin edilmiş Aqil Məmmədova uğurlar arzuladı.
            Nəsimi Məmmədov Gəncə şəhər İH-nin başçısı cənab Elmar Vəliyevə xüsusi təşəkkürünü bildirdi. Gəncə şəhərinin sosial-iqtisadi inkişafında müsbət dəyişiklər olduğunu və Gəncə şəhərinin daha da gözəlləşdiyini söylədi.  Elmar Vəliyevin şəhid ailələrinə göstərdiyi  qayğıdan danışdı.
            “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai birliyinin sədri Almaz Aşurov Xocalı faciəsinin dəhşətli hadisələrindən danışdı. Onun müharibəyə qatılmağının əsl səbəbinin Xocalı faciəsi olduğunu qeyd etdi. Bu dərd tək xocalıların dərdi deyil. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına  yazılması  və gələcək nəsillərə çatdırılması lazımdır.  O, hər kəsi informasiya müharibəsində fəal olmağa çağırdı.
            Nəsimi Məmmədov Xocalı övladlarının hər zaman Azərbaycanın ictimai həyatında fəal olduqlarını və bir sıra yüksək vəzifələrdə çalışdıqlarını tədbir iştiakçılarının diqqətinə çatdırdı. Sözü "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin yeni açılmış Gəncə regional bölməsinin sədri "Tərəqqi" medalı mükafatçısı, II qrup Qarabağ  əlili, həkim Aqil Məmmədova verdi.
            Aqil Məmmədov tədbirə gələn qonaqları  salamladı. Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər bir Azərbaycan gənci bizə edilən bəd əməlların qarşısını vaxtında almaqda həmrəy olmalıdır. İstər ictimai həyatda, istərsə də sosial şəbəkələrdə Xocalı faciəsini yüksək səviyyədə təbliğ etməlidir. O, tədbirin keçirilməsinə şərait yaratdığı üçün Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev cənablarına öz minnətdarlğını  bildirdi.  "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəaliyyətindən söhbət açdı. Gəncə şəbəsinin sədri seçilməsinə onu layiq bildiyinə görə Şamil Sabiroğluna təşəkkürünü bildirdi və bu şöbənin sədri kimi öz vəzifəsinin öhdəsindən layiqincə gələciyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
            Nəsimi Məmmmədov Xocalı gənclərinin fəallığından, intellekt səviyyəsindən danışdı. O, bildirdi ki, Xocalı rayon gəncləri bütünlüklə Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Söz YAP  Xocalı rayon Gənclər birliyinin sədri Aynurə Abışovaya verildi.
            Aynurə Abışova Yeni Azərbaycan Partiyasının gənclərə olan qayğısından söz açdı. Gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsini və təbliğat işlərində düzgün mövqe tutmalarını xahiş etdi. Aqil Məmmədova uğurlar arzuladı.
            Ayna Allahyarqızı 12 yaşından erməni vəhşiliklərini öz gözləri ilə gördüyünü və erməni quldurlarının cəzasının tezliklə verilməsini istədi. Noyabr ayı onun üçün ən ağır aylardan biri olduğunu vurğuladı.  Xocalıda dərs zamanı erməni quldurları tərəfindən məktəbə atılan alazan ilə doğma məktəbinin dağıldığını, həmin gün Xocalıda son dərs günü olduğunu söylədi. Heç zaman dağılan məktəbimizin ağrısını, müəllimimi unudan deyiləm. İnşallah doğma torpaqlarımızı düşmən tapdağı altından azad edəcəyik. Şanlı bayrağımızı Qarabağ torpaqlarında dalğalandıracağıq sözləri ilə çıxışını başa vurdu.
            Daha sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə tədbir iştiakçılarını salamladı. Bu gün burada çıxış etməyin çox həyəcanlı olduğunu söylədi. Aygün Həsənzadə Xocalı faciəsindən geniş söhbət açdı.
            QHT-nin nümayəndəsi Teymur müəllim bəzi gənclərdən vətənpərvərlik hisslərini süni olaraq biruzə verməməklərini xahiş etdi. Vətən sevgisi sosial şəbəkələrdə reklam xarakterli olmamalıdır. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyininə və Gəncə regional bölməsinin sədri  Aqil Məmmədova fəaliyyətində uğurlar arzuladı və birliyin tədbirlərində daim iştirak etmək istədiyini, tədbirlərin keçirilməsi üçün əlindən gələn yardımı edəcəyini bildirdi.
            Nəsimi Məmmədov çıxışının sonunda Xocalı faciəsi haqqında şeirlər söyləmək üçün sözü şagirdlərə verdi.
            Tədbirin sonunda "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gənə regional bölməsinin sədri Aqil Məmmədova və digər fəal şəxslərə üzvlülük vəsiqəsi təqdim olundu.

                                                                                                             Qalib Bəyməmmədoğlu


                                                                                                          





Paylaşın:

YAP Xocalı rayon Gənclər Birliyi və YAP Goraboy rayon Gənclər Birliyi arasında qarşlıqlı əməkdaşlıq mövzusunda görüş keçirildi.


            21.11.2015  -  ci il tarixində Xocalı şəhər 1 saylı Uşaq Musiqi Məktəbində YAP Xocalı rayon Gənclər Birliyi və YAP Goraboy rayon Gənclər Birliyi arasında görüş keçirildi. YAP Xocalı Gənclər Birliyinin sədri Aynurə Abışova görüşün məqsədini açdı. Qarşıda keçiriləcək bəzi tədbirlərdə YAP Goranboy rayon Gənclər Birliyi ilə əməkdaşlıq etməyin faydalı olacağını qeyd etdi. Fransada baş vermiş terror hadislərini qınamaq və bu ölkənin  acısına şərik çıxmaq məqsədi ilə öz profil şəkillərini Fransa bayrağı ilə bəzəyən sosial şəbəkə istifadəçilərinin  vətənpərvərlik hisslərindən uzaqlaşdığını söylədi. Bizim xalqın başına gətirilən terrorlar, faciələr heç  zaman unudulan deyil. Sosial şəbəkə istifadəçilərinin öz milli atributlarımızdan, milli qəhramanlarımızın şəkillərindən, Xocalı faciəsini əks etdirən, işğal altında olan rayonlarımız haqqında məlumatlar olan şəkillərdən istifadə etməklərinin daha məqsədə uyğun olduğunu vurğuladı və belə hallarda təbliğat işinin vacibliyini bildirdi.  
   
            Sonra YAP Xocalı Gənclər Birliyinin idarə heyətinin üzvü Hümbətov Rüstəm çıxışında qeyd etdi ki,  Fransada baş vermiş belə terror hadisələrini  erməni  terrorçuları hələ 1918-ci ildən Azərbaycan xalqına törədib. Terrordan əziyyət çəkmiş bir ölkənin vətəndaşları kimi biz də terroru lənətləyirik. Ancaq dünyanın gözü qarşısında baş vermiş Xocalı faciəsinə, Qarakənd faciəsinə və erməni terrorçularının əli olduğu digər terror hadisələrinə xristian ölkələri göz yumur, diqqət yetirmir. Erməni terrorçuları hələ də cəzasız qalıbdır.
            YAP Goranboy Rayon Təşkilatının  təlimatçısı Cavid Müslüm Hüseynli  geniş  çıxışında dünyada baş verən siyası hadisələrə öz münasibətini bildirdi. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. O, bildirdi ki, qarşılıqlı əməkdaşlıq etmək üçün mütamadi əlaqə saxlamaq lazımdır. Tədbirlərdə həmrəylik göstərmək üçün lazım olan köməkliyi göstərəcəklərini  və bu əməkdaşlığın hər iki  rayon gənclərinə faydalı olacağını bildirdi.
            YAP Goranboy rayon Gənclər Birliyinin sədri Həsən Şirinov da fikirlərini söylədi. 
            YAP Xocalı rayon Gənclər Birliyinin şura üzvləri  Ələkbərov Cahid və Həsənli  Pərviz  erməni terrorçularının törətdiyi facilərə uşaq vaxtlarından şahidlik etdiklərini, erməni  terrorçularını insanlıqdan uzaq bir varlıq kimi düşündüklərini qeyd etdilər.
            Görüş qarşılıqlı müzakirə əsasında davam etdi.
            Görüşün sonunda xatirə şəkilləri çəkdirildi.
                                                                                                              Qalib Bəyməmmədoğlu



Paylaşın:

Xocalı rayon məktəblərinin şagirdləri üçün fənn müsabiqəsi keçirildi.

                                                                                     Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub. 

    05.11.2015-ci il tarixində Xocalı rayon 1 saylı tam orta məktəbində Xocalı rayon məktəblərinin VIII sinif şagirdləri arasında fizika, kimya, biologiya fənlərindən, VII sinif şagirdləri arasında isə riyaziyyat fənnindən fənn müsabiqəsinin I mərhələsi keçirildi. Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
     Fənn müsabiqəsinin I mərhələsində birinci yeri tutan şagirdlər məktəblərini II mərhələdə də təmsil edəcəklər.

                                                                                          Qalib Bəyməmmədoğlu
                                                                                                         Bölgə muxbiri


Paylaşın:

Qasım Qırxqızlı

Həyatı
1945-ci ildə Laçın rayonunun Ardıclı kəndində anadan olmuşdur.

20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir.
Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən isə bu qəzetin baş redaktorudur.

Kitabları
Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 kitabın müəllifidir.

Filmoqrafiya
"Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır.

Mükafatları
O. indiyədək "General Məhəmməd Əsədov",  "Qızıl qələm" və  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür.

Paylaşın:

Qasım Qırxqızlı dünyasını dəyişdi.

     31 oktyabr 2015-ci il tarixində "Xocalının Səsi" qəzetinin redaktoru Qasım Qırxqızlı haqq
dünyasına qovuşdu. Düşünürüəm ki, onun çapa vermədiyi çoxlu sayda şeirləri, məqalələri qaldı. Mən Qasım müəllimi həmişə yaradıcı, yorulmaz iş fəaliyyətinə malik bir insan kimi xatırlayacağam. O, son zamanlar səhhətində baş verən ağrılardan şikayət edirdi. Lakin ömrünün son gününə qədər "Xocalının Səsi" üçün çalışdı. Ömrünün son günlərində "Tərəqqi" medalı ona verilən ən böyük dəyərlərdən biri idi.
    Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azırbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Xocalının Səsi" qəzetinin redaktoru Qasımov Qasım İslam oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
   Qasım Qırxqızlı "Xocalının Səsi" qəzetinin yaradıcılarından biri və 2000-ci ildən qəzetin baş redaktorudur. O. indiyədək "General Məhəmməd Əsədov" və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür.
   Qasım müəllim bizim qəlbimizdə əbədi mehriban, səmimi insan kimi yaşayacaqdır. Onun "Xocalının Səsi" qəzeti üçün etdikləri heç bir zaman unudulan deyil.
   Ruhu Qırxqızda qanad çalan, qəbri qürbət eldə qazılan dostum, məkanın cənnət olsun. Amin!

Qalib Bəyməmmədoğlu,
Bölgə muxbiri
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi