Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Etdiyimiz hər yaxşı əməl vətəndaşlıq borcumuzdur

   

       28.01.2016-cı il tarixdə  "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gəncə regional bölməsinin və  "Şans" tibb mərkəzinin təşəbbüsü ilə Gəncə şəhər Yeni qəsəbə-2-də əhaliyə tibbi müayinə xidməti, imkansız və valideyn himayəsindən azad olunmuş uşaqların sünnəti keçirildi. Xocalı rayon Kosalar kənd Həkim ambulatoriyasının və "Şans" tib  mərkəzinin terapevt, kordialoq, revmatoloq, pediatr, uşaq cərrahı ixtisaslı həkim əməkdaşları xeyriyyəçilik üçün səfərbər oldular. Müayinə olunmaq üçün gün ərzində 60-dan çox insan müraciət etmişdir. 6 nəfər uşaq sünnət olmuşdur. Sünnət olunan uşaqların valideynləri və yaxınları həkimlərə öz minnətdarlıqlarını bildirdilər. Müsəlman dünyasına qədəm qoyan uşaqların gələcəkdə Azərbaycanımız üçün layiqli vətəndaş olmaqlarını arzu edirik. Bildirildi ki, əhali arasında pulsuz müayinələr bundan sonra da təşkil olunacaq.
      Şərəfli, millətimizi, Vətənimizi dərin məhəbbətlə sevən həkimlərimizdən Allah razı olsun!
                                                                                                                  "XOCALININ SƏSİ"





Paylaşın:

QƏSƏBƏMİZ GÖZƏLLƏŞİR

         Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə şəhər üzrə Mənzil Kommunal İstismar sahəsinin Yeni qəsəbə-600 üzrə nümayəndəsi Muradov Cavid Rafael oğlu ilə müsahibəmizi oxucuların nəzərinə çatdırırıq.
- Cavid müəllim, məcburi köçkünlərin qəsəbədə məskunlaşdığı bir il ərzində idarənizin fəaliyyəti haqqında hansı məlumatları verə bilərsiniz?
- Kəpəz rayon Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşan Xocalı rayon Kosalar kəndindən, Kələbəcər və digər işğala məruz qalmış rayonlarımızdan olan soydaşlarımız şəraitsiz evlərdə yaşayırdılar. Cənab prezidentimiz İlham Əliyevin məcburi köçkünlərə olan diqqət və qayğısı nəticəsində Gəncə şəhər ərazisində məcburi köçkünlər üçün 600 ailəlik qəsəbə salınmışdır. Bizə yaradılan belə gözəl şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə qəsəbə sakinləri və öz adımdan dərin minnətdarlığımı bildirirəm. 
  2015-ci il yanvar ayından Yeni qəsəbə-600 üzrə MİKS fəaliyyətə başlamışdır. Biz qəsəbənin təmizliyini daim nəzarətdə saxlayırıq. Eyni zamanda qəsəbə ətrafı təmizliyə də diqqət yetiririk. Küçələrin tinində qoyulmuş zibil qablarının məişət tullantıları vaxtında aparılır. Qəsəbə sakinlərinin şikayət və müraciətlərinə baxır və öz səlahiyyətlərimiz çərçivəsində məsələləri həll etməyə çalışırıq. Evlərdə və kommunal xidmətlərdə yaranan hər hansı problemi aradan qaldırmaq üçün işçilərimiz qəsəbə sakinlərinin köməyinə çatır. 
- Bu il qəsəbənin abadlaşdırılması məqsədilə hansı iş planları nəzərdə tutmusunuz?
- Birinci ildə müəyyən səbəblərdən yolkənarı ağacların inkişaf etməsini təmin edə bilmədik. Bizim əsas istəklərimizdən biri qəsəbəmizi yaşıllığa bürüməkdir. Yol kənarlarında bitməyən ağacların yerinə yeni ağaclar əkib, inkişafını təmin etməyi düşünürük. 
Belə gözəl qəsəbənin abadlaşdırılmasında iştirak etmək üçün bütün qəsəbə sakinləri köməklik göstərməlidir. Qəsəbəmizdə daimi işıq, qaz, su təchizatı vardır. Lakin kanalizasiya sisteminin qurulmasına çox böyük ehtiyac vardır. Əhali həyat şəraitini yaxşılaşdırmağa çalşır. Əlavə və yardımçı obyektlər tikilir.
- Cavid müəllim sizə və kollektivinizə işlərinizdə uğurlar arzu edirik.
                                                                           "Qalib Bəyməmmədoğlu"




Paylaşın:

Əvəzedilməz insanlar hər zaman hörmətlə xatırlanır !..

        Kosalar kəndində böyüyüb boya-başa çatan və müxtəlif vəzifələrdə çalışan adamlar çoxdur.
Onlardan biri də Vaqif Ağayevdir.
        Ağayev Vaqif  İsa oğlu 1951-ci il fevralın 5-də Xocalı rayonunun Kosalar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə APİ-nin Stepanakert filialının Riyaziyyat fakultəsinə daxil olmuş, 1973- cü ildə həmin fakultəni bitirmişdir. Əmək fəaliyyətinə Kosalar kənd orta məktəbində riyaziyyat müəllimi kimi işə başlamışdır. 1990-1993-cü illər ərzində isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Politoloq” ixtisası üzrə ikinci ali təhsil almışdır. Xankəndində xüsusi idarəetmə mərkəzində işləyərkən ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalmış, ölümlə üzləşmişdir. Lakin qorxmadan o çətin şəraitdə işini davam etdirmişdir.
        1995-ci ildən 2015-ci ilin dekabrına kimi Xocalı rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu vəzifədə özünü bacarıqlı partiya işçisi kimi göstərmiş, böyük hörmət qazanmışdır. 2015-ci il dekabrın 1-də Vaqif müəllim səhhətində yaranmış problemlərlə  bağlı öz ərizəsinə əsasən təqaüdə çıxmışdır.
İşlədiyi müddət ərzində öz xarakterinə və mehriban, səmimi davranışına görə hər zaman kollektiv tərəfindən sevilən və olduqca yüksək rəğbət bəslənilən  bir şəxs olmuşdur. Vaqif müəllimin xarakterindəki özünəməxsusluq, cəmiyyət içərisində hər zaman barışdırıcı  və hər hansı bir konfliktdən uzaq olmaq mövqeyini seçməsindən  ibarətdir.
        Vaqif Ağayev uzun müddət dövlət qulluğunda çalışmış nümunəvi insanlardandır. Onun əməyinə hər zaman yüksək qiymət verilmişdir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Qarabağ müharibəsində yaxından iştirak etmiş, kənd camaatına daim dəstək olmuşdur. Vətənimizi ən ülvi hislərlə sevən Vaqif müəllimin də taleyinə didərginlik həyatı yazılıb. Qarabağ mövzusu olan bütün söhbətlərdə, tədbirlərdə doğma el-oba həsrətini ürək ağrısı ilə vurğulayır. Ancaq heç bir zaman ümidsiz danışmaz, doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayır. Mənə elə gəlir ki, biz gənclər məhz bu xarakterlərinə görə  Vaqif Ağayevin müsbət keyfiyyətlərindən bir nümunə götürməliyik .
       Biz Xocalı rayon İcra Hakimiyyətinin kollektivi Ağayev  Vaqif  İsa oğluna bu alicənablığını və səmimiliyini hər zaman qoruyub saxlamağı və bundan sonrakı həyat yolunda can sağlığı, firəvan həyat, xoşbəxtlik, daha böyük uğur və müvəffəqiyyət  qazanmağı arzu edirik !...
Lamiə Qarayeva 
Başçının müavini, 
İctimai-siyasi və humanitar məsələlər 
şöbəsinin müdiri

Paylaşın:

19.01.2016-cı il tarixdə YAP Xocalı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə "Her kəsə bir şam"adlı tədbir keçirilmişdir.

     

            Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı Gənclər Birliyi ələmətdar hadisələri keçirdiyi tədbirlərlə ictimaiyyətə çatdırmaqda davam edir. 20 yanvar faciəsi ilə bağlı Goranboyda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə "Her kəsə bir şam" adlı tədbir baş tutdu.
            Tədbirdə YAP Xocalı rayon təşkilatının sədr müavinləri Ramiz Qəhrəmanov və Ceyhun İbişov, YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynurə Abışova, birliyin idarə heyətinin üzvü Rüstəm Hümbətov iştirak etdilər.
            Əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan soydaşlarımız bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Aynurə Abışova 20 yanvar faciəsi ilə bağlı tədbir iştiakçılarını məlumatlandırıb. Tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin tarixin Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanlara ümumxalq səviyyəsində böyük ehtiram günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi, siyasi və mənəvi təcavüz törədilib.
            Sonda gənclər 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirib, şəhidlərimizin xatirəsinə şamlar yandırılmışdır.
Aynurə Abışova,
YAP Xocalı rayon Gənclər Birliyinin sədri




Paylaşın:

İcra Nümayəndəliklərinin 2015-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələr haqqında illik hesabat iclasları keçirilmişdir.

     
        2016-ci ilin yanvar ayında Xocalı şəhər, Meşəli, Cəmilli,  Kosalar kənd, Kərkicahan qəsəbə
İnzibati Ərazi İcra Nümayəndəliklərinin illik hesabat iclasları keçirilmişdir. Hesabatlarda Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov və rayonun məsul şəxsləri iştirak etdilər. Ərazi İcra Namayəndələrinin 2015-ci il ərzində görülən işlər haqqında geniş və əhatəli məruzələrlə çıxışları oldu.
Hesabat məruzəsi haqqında çıxış edənlər nümayəndəliklərin gördüyü işlər haqqında təklif  və iradlarını bildirdilər. Hesabatlar ümumilikdə qənaətbəxş hesab edildi.
        Hesabatların sonunda Xocalı İH-nin Başçısı Şahmar Usubov vətəndaşları fərdi şəkildə qəbul etdi. Problemləri olan sakinləri dinlədi və məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verdi.

***

19.01.2016-cı il tarixində Gəncə şəhər Yeni qəsəbə-2-də Kosalar kənd İƏDÜ Nümayəndəliyinin illik hesabat iclası keçirildi. Hesabatı giriş sözü ilə açan Cənab Başçı Şahmar Usubov hesabat iştirakçılarını salamladı, ona göstərilən etimada görə Kosalar kənd sakinlərinə minnətdarlığını bildirdi və hesabat məruzəsini oxumaq üçün sözü Kosalar kənd İƏDÜ Nümayəndəsi Şahid Rzayevə verdi. İcra Nümayəndəsi Şahid Rzayev geniş və əhatəli məruzə ilə hesabat məruzəsini oxudu.
Xocalı  rayon Kosalar kənd  nümayəndəliyinin 105 nəfər Yeni Azərbaycan Partiyasının üzvü olması ümumilli liderimizin memarı olduğu Müstəqil Dövlətimizin və Dövlətçiliyimizə sədaqətin bariz nümunəsidir.
Xocalı rayon  İ H B – nın  Kosalar kənd İnzibati Ərazi Dairəsi  üzrə nümayəndəliyi əhali arasında daimi cinayətkarlığa qarşı, narkomaniyaya qarşı mübarizə aparır, gənclərin vətənpərvərlik ruhunda  tərbiyə olunmağında, dövlətçiliyə sadiq olmaqda təbliğat işləri görür.
        Gəncə şəhər  Kəpəz  rayon ərazisində yeni salınmış qəsəbədə xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağarın təşkili, qəsəbəyə  rabitə  və  internet  xəttinin  çəkilməsi, qəsəbə   ərazisində Şəhidlər xatirəsinə  abidə  kompleksinin  ucaldılması, qəsəbəyə giriş-çıxış yolunun açılması, qəbristanlığın salınması üçün torpaq sahəsinin ayrılması Xocalı  rayon İ H B – nın  Kosalar kənd İnzibati  Ərazi Dairəsi   üzrə nümayəndəliyinin  2016-cı   ildə  qarşısında  duran  vəzifələrdir.
Hesabat məruzəsinə irad və təkliflər bildirmək üçün çıxışlar oldu. Şahid Rzayevin rəhbərliyi ilə nümayəndəliyin 2015-ci ildə gördüyü işlər qənaətbəxş hesab edildi.
Tədbir xoş əhval-ruhiyyə ilə başa çatdı.

***

12.01.2016-cı il tarixdə Meşəli kənd İnzibati Ərazi İcra Nümayəndəliyində illik hesabat iclası keçirilmişdir. Hesabatı Xocalı rayon İHB-nın Meşəli kənd İƏDÜ nümayəndəsi İlqar Kazımov iştirakçılar qarşısında məruzə etdi.
Meşəli  kənd  nümayəndəliyi  7  ildir  Goranboy  rayon  Meşəli  qəsəbəsində  fəaliyyət göstərir. 2016-cı il 01 yanvar tarixə kimi Meşəli  kənd  nümayəndəliyində 156  ailə  601  nəfər   sakin  var. Bunlardan  kişilər  305 nəfər,  qadınlar  isə  296  nəfərdir. Meşəli  kəndində  12  şəhid  ailəsi və  bir valideyinini  itirən  10  ailə  var. Pensiya  və  müavinət  alanlar 130   nəfər, bundan  kişilər  50  nəfər, qadınlar 80 nəfərdir.
  Əhalinin  sahibkarlıqla  məşğul  olan  hissəsi 25  ailədə 133  nəfərdir.
         Əhalinin  istifadəsində  olan  iri buynuzlu  mal-qara  370  baş, xırda  buynuzlu  davarlar 1760   baş, quşlar 1440  baş, arı  ailəsi  413 ailə qeydiyyata alınmışdır. 14  hektarda buğda əkilmiş, 265 sentner  məhsul  olmuşdur, 12  hektar  arpa  əkilmiş  və  216  sentner  məhsul  biçilmişdir.  Kartof 12 hektar  əkilmiş, 960  sentner məhsul  olmuşdur. Tərəvəz 8 hektar  əkilmiş, 520  sentner məhsul götürülmüşdür. Nümayəndəlikdə  il  ərzində  doğulan  uşaq  9  nəfər,  kənardan  gələn 7  nəfər, ölüm 1  nəfər, hərbi  xidmətdə olan 11  nəfər, həbsdə olan 1  nəfərdir.  6 nəfər  ailə  həyatı  qurub, boşanan olmamışdır. 2  ailə  ayrı  təsərrüfat  kimi  qeydiyyata  alınmışdır. Hesabat məruzəsi ətrafında çıxışlar oldu. Meşəli kənd İnzibati Ərazi İcra Nümayəndəliyin 2015-ci ildə gördüyü işlər qənaətbəxş hesab edildi.
                                                                                                            "XOCALININ SƏSİ"
Paylaşın:

MÜSTƏQİLLİYƏ APARAN YOL



18 Yanvar  2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində  “20 Yanvar Faciəsi”nin 26-cı il dönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbir ilk olaraq Ulu Öndərin abidəsinin ziyarəti  ilə başlanılmışdır. Abidənin önünə ehtiram əlaməti olaraq tər gül dəstələri düzülmüşdür.  İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, daha sonra tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva xalqımızın başına  gətirilən müsibətlər barədə tədbir iştirakçılarına geniş məlumat veridi. Çıxışında vurğuladı ki, bugünkü tədbirimizin əsas məqsədi insanlığa qarşı törədilmiş bu ağır cinayəti bir daha xatırlamaq  və yaddaşlara daha dərin həkk etməkdir. Heç bir xalq, heç bir millət, heç bir dövlət belə sabahı üçün yaşayacağı hansısa bir bədbəxt hadisədən və ya tarixi məğlubiyyətdən sığortalanmır. Azərbaycan xalqı belə. Ancaq xalqımızın ən əvəzedilməz xarakteri, xüsusiyyəti ondan ibarətdir ki, bütün bu tarixi çətinliklərə baxmayaraq heç bir zaman öz mübarizə əzmini itirməmiş və düşmənlərinə qarşı hər zaman qətiyyətlə mübarizə aparmışdır.  
      Daha sonra söz Xocalı rayon İcra  hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Cənab Başçı çıxışında bildirdi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar  üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu  ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... 
    Qanlı Yanvar hadisələrinə yalnız 1994-cü ildə  tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam  siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cu ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və höküməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdurrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.
            Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı.           Həm də əbədi olaraq!
Paylaşın:

2015-ci il Xocalı rayonu üçün uğurlu il olmuşdur.


Rayonun yaranma tarixi-26.11.1991

Ərazisi-0,94 min.kv.km.
Əhalisi-28447
O cümlədən azərbaycanlılar-15518
Digər əhali-12929
İşğal günü-26.02.1992

2015-ci il ərzində Xocalı rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində  göndərilməsi üçün fəaliyyətdə olan 29 uçot vahidi ilə müqavilə bağlanmışdır. İl ərzində uçot vahidləri ilə təlimat xarakterli 4 müşavirə keçirilmiş və bu müşavirələrdə hesabatların vaxtında və düzgün çatdırlılması ilə əlaqədar lazımi tövsiyyələr vermişdir. 2015-ci ildə tərəfimizdən 8 təhlili məruzə, 1 bülleten, "Xocalı rayonu inkişaf yolunda " adlı 1 məcmuə çap etdirərək aiddiyyəti üzrə istifadəçilərə çatdırılmışdır. Hesabat il ərzində rayonda 74 ailədə iqtisadi fəallıqla bağlı müayinə vaxtında keçirilərək uğurla başa çatdırılmışdır.

Kənd təsərrüfatı

2015-ci ilin məhsulu üçün Xocalı rayonunda başqa rayonun ərazilərində olan dövlət fondundan icarəyə götürülmüş torpaq sahələrində yazlıq və payızlıqlarda daxil olmaqla 2444 ha sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Məhsul götürülən sahədən 2444 hektarını dənli bitkilər təşkil edir. Bu sahələrdən 1897 hektarı özəl, qalan 547 hektarı isə nümayəndəliklərində aparılmışdır. Cəmi biçin aparılmış  2444 ha taxıl sahəsindən 59470 sentner buğda, 1920 sentneri isə arpa olmuşdur. 2015-ci ildə rayonda 232 ha sahədə isə yazlıq bitkilər əkilmişdir. Bundan 167 hektarda kartof, 65 hektarda tərəvəz bitkisi əkilmişdir.
Əkilmiş 167 ha kartof sahəsindən 14829 sentner kartof məhsulu, 65 ha sahədən isə 4203 sentner tərəvəz məhsulları götürülmüşdür.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 2015-ci ilin sonuna 3467 baş, qoyun-keçinin baş sayı isə 19153 baş, arı ailəsinin 2908 baş, quşların baş sayı isə 9648 baş olmuşdur. Hesabat ilin sonuna rayonda ət istehsalı 4650 sen, süd istehsalı 55600 sen, yun istehsalı 218 sen, yumurta istehsalı isə 70 min ədəd olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı sahəsində bəzi müvəqqəti məskunlaşdıqları yerlərdən məcburi köçkünlərin yaşayışı üçün inşa olunmuş müasir tipli yeni salınmış qəsəbələrə köçürülməsi ilə əlaqədar olmuşdur. Əhali yeni qəsəbələrə  köçürülmə ilə ələqədar özlərinə məxsus şəxsi mal qaranın bir qismini müxtəlif vaxtlarda ehtiyacları olduğuna görə  satmışlar. Bu da iri buynuzlu mal-qaranın və xırda buynuzlu davarların sayının azalmasına səbəb olmuşdur.

Demoqrafiq vəziyyət

2015-cı il ərzində Xocalı  rayonunun  əhalisi 28447 nəfər olmuşdur ki, bundan da  12929 nəfərini erməni və digər millətlər, 15518 nəfəri isə azərbaycanlılar təşkil edir. İl ərzində 189 uşaq doğulmuş, 65 ölüm halı qeydə alınmışdır. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
2015-ci ildə rayona gələnlərin sayı 407 nəfər, gedənlərin sayı 227 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
Xocalı RSİ-nin rəisi:  D.Ə. Əsədov 

Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi