BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Nisan 2017 Cumartesi

80 ilə bərabər 8 günlük əsirlik

Posted at  4/15/2017  |  in  Ümumi hadisələr

            Xocalı faciəsinin canlı şahidi, ailə üzvləri ilə birgə 8 gün erməni quldurlarınının əsiri olan, ağır işgəncələr görmüş Yaşar Əliməmmədov Şahmalı oğlundan aldığım müsahibəni oxucuların diqqətinə çatdırıram.
            -Yaşar müəllim, erməni vəhşiliklərini, başımıza gətirilən dəhşətləri gözlərinizlə görmüş Xocalı sakini kimi sizdən Xocalı facəisinin təəssüratlarını eşitmək, "Xocalının səsi" qəzetində oxucuların diqqətinə çatdırmaq və mümkün qədər yaymaq fikrindəyik. Xahiş edirəm, sizin üçün çox çətin olsa da həmin günləri bir daha yad edək.
            - Xocalıda əminamanlıq içərisində yaşayardıq. Heç birimizin ağlına gəlməzdi ki, bu gün bu acı müsubətlər başımıza gələr, nankor ermənilər azərbaycanlılara qarşı yer üzərində görünməmiş faciələr törədərlər.
            1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə postda idim. Aeroport tərəfdə atışma başladı. Erməni quldurları hər tərəfdən şəhəri mühasirəyə aldılar. Bütün evləri yandıra-yandıra gəlirdilər. Kömək gəlməmişdi. Təşviş içində qalan əhali gizli yollarla şəhərdən çıxmaq məcburiyyətində qaldı. Yoldaşım, atam, 6 yaşlı oğlumla birgə Qarqar çayına tərəf endik. Camaat Kətik və Gen dərə deyilən istiqamətində qaçırdılar. Biz Gen dərənin şiş təpəsinə çatanda erməni postuna rast gəldik. Ermənilər atəş açdılar. Ölən öldü, sağ və yaralı qalanlar hərə bir tərəfə qaçdı. Qarın içində uzanıb gizləndik ki, güllələr bizə dəyməsin. Aradan 10 dəqiqə keçəndən sonra başımızı qaldırdıq ki, nə yoldaşım, nə oğlum, nə də ki, qardaşım var, heç kim yoxdur. Rəhmətlik Faiq qardaşımı çağırdım, səs vermədi. Mənim səsimə bir də atəş açdılar. Atəş açılanda qaynanam, Həsənova Xuraman və 2 uşağı ilə Həsənabad istiqamətində təzədən qaçdıq. Xocalı camaatından 200-250 nəfər Dəhraz tərəfdən keçib Abdalgülablıya-Ağdama getmək istəyən qaçqınlarla rastlaşdıq. Mənim yanımdakılar da onlara qoşuldular. Mən qayıtdım qardaşımı itirdiyim yerə ki, görüm qardaşımı, oğlumu, yoldaşımı tapa bilərəmmi. Mən də Şelli istiqəmətində getdim. Orada Zahid adında polislə, Nadirlə, nağaraçı Vəliyəddinlə, Nadir və qucağında 2 yaşlı uşaqla rastlaşdım. Yeriyə bilmirdilər. Zahidi sürüyə-sürüyə irəlilədik. Bunlardan ailə üzvlərimi soruşdum görmədiklərini dedilər. Biz yığışdıq meşə ilə getdik; meşədən çıxanda gördük ki, Dəhraz adında ermənilərin kompakt yaşadığı kənddəyik. Bir erməni qadını bizi gördü torkerin, torkerin deyə qışqırdı. Geri istiqamətdə qayıtdıq. Zahidi apara bilmədik, hamımız ac, susuz, yorğun idik. İtburnu meyvəsi, qar yeyirdik. Orada Məmmədov Kamil Əmr oğlunu gördük. O qarın içində taqətsiz qalmışdı. Uşaqlar birdən qışqırdı ki, erməni gəlir. Baxdıq ki, gələn ayağıyalın, başıaçıq həyat yoldaşımdır. O mənim hərəkət istiqamətimi öyrənib, izimizlə gəlib. Belimdəki şalı açıb ayağına bağladım. Səhərə kimi bir qayanın dibində gizləndik. Səhər açıldı. Durduq ki, ətrafımızda ayaq izləri var. Hərəkət edəndə qayanın başından bizi 2 nəfər çağırdı. İrəliləyəndə atəş açıldı. Qaçıb girdik meşəyə. Azərbaycanca dedilər ki, sizə dəyməyəcəyik, aparıb Ağdamda ermənilərlə dəyişəcəyik. Qorxduq çıxmadıq, erməni quldurları bizi özləri ağ paltarlarda gəlib tutdular. Bizi aparıb mal tövləsinə yığdılar. Üzərimizdə olan pul, zinət əşyalarını çıxartdılar. Sonra bizi Pircamal kəndinə apardılar. 400-500 Xocalı sakinini mal tövləsinə yığmışdılar. Onların içərisində qardaşım Faiq, oğlum Sirac, qaynatam Cəmil kişi, qohum-qonşular da var idi. Erməni qaniçənləri günahsız, çarəsiz insanlara amansız işgəncələr verirdilər. Kimin adamı ölmüşdü kəlpətin, bel, lom, mismar, mantirovka ilə vurur, təpikləyir, yerlərdə sürüyürdülər. İstədiklərini döyə-döyə öldürür,  güllələyirdilər. Qızıl dişləri olanların dişlərini kəlpətinlə çıxardırdılar. Sonra Namiq qardaşımı da gətirdilər. Bir müddətdən sonra Namiqi, Kamil Məmmədovu, bir neçə Mehseti türkünü götürüb apardılar. Onlardan indi də xəbər yoxdur.
            - Siz özünüz hansı işgəncələrə məruz qalmısınız?
            Burnumu avtomatın qundağı ilə dağıtdılar. Qoluma dəmir parçası ilə damğa çəkdilər. Qabırğalarımı, çiyinlərimi, barmaqlarımı qırıq-qırıq etdilər. Hər gün hamımıza 3-4 dəfə ağır və cürbəcür işgəncə verirdilər. Cəmi 8 gün əsir qaldım. Ancaq 8 günlük əsirliyim mənə 8 ilə bərabərdir. İki qardaşım şəhid oldu. Qardaşım Faiqin meyidini atam alıb Ağdamda dəfn edib. Qardaşım Namiqdən indiyədək bir xəbər yoxdur. Axşam başımı oğlumun dizinə qoydum. Səhərə kimi ağrıdan qışqırmışam. Sanki həmin gecə qardaşım Vəliyəddini öldürməkləri mənə əyan olmuşdu.  
Balasanyan Vitali məni öldürməyə qoymadı. Dedi ki, bunu aparıb əsir ermənilərlə dəyişəcəyəm. Orta məktəbdə Əsgəranda futbol, voleybol oynayanda onu görmüşdüm. O, Əsgəran zonasının komandiri imiş. İçəri girib mənim yeriyə biləcəyimi soruşdu. 20 nəfər əsiri maşına yığıb Ağdam zonasına gətirdilər. Bizi siqaretlə, benzinlə dəyişdilər.
            - Yaşar müəllim, erməni vəhşiliklərini, erməni xislətini öz gözünüzlə görmüş Xocalı sakini kimi indiki nəsilə düşmənizi tanıtmaq, tədbirli olmaq üçün hansı nəsihətləri verərdiniz?
            Mənim 60 yaşım var. Əlim silah tutur. Həyatda ən böyük arzum düşməndən qisas almaqdır. İstəyirəm doğulub, boya-başa çatdığım, bulaqlarından içdiyim, meşələrində gəzdiyim Xocalıya-Qarabağa qayıdaq. Tez-tez o yerlər xəyalımdan keçir.
            Bizi Xankəndinə aparanda oğlum soruşdu ki, ata, evə gedirik? Çox kövrəldim, məni ağlamaq tutdu. Samuel adında erməni mənə dedi ki, Yaşar pis olma evə gedəcəksən ancaq, turist kimi. Həmin zaman Şuşa, Laçın, Kəlbəcər hələ işğal olunmamışdı. Demək ki, bu ssenari idi. Ermənilər ruslardan aldığı köməyə görə arxayın idilər. Bizi buraxanda həmin Samuel yenə orada idi. O mənə erməni dilində dedi ki, Yaşar ev tikəndə Kürdən o tərəfdə tik. Onların xülyası var, Kürədək, Arzaboyu "Böyük Ermənistan" torpaqları olduğunu iddia edirlər. Ermənilərin riyakarlığı, xainliyi, bizim xalqa qarşı düşmənçiliyi heç bir zaman bitməyəcəkdir. Onların boş xülyası gerçəkləşməyəcəkdir. Düşmənimizn riyakarlığı, hiyləgərliyi, həyasızlığı məlumdur. Ancaq düşməni zəif bilmək yaxşı əlamət deyil. Odur ki, biz daim mübariz olmalı və hər cür təxtirabata gözü açıq olmalıyıq. Ermənilərin törətdiyi vəhşilikləri, Azərbaycan torpaqlarına sonradan gəlib göz dikmələrini dünyanın diqqətinə çatdırmalıyıq.
            - Müsahibə üçün təşəkkür edirəm. Vətən torpaqları uğrunda şəhid düşmüş bütün soydaşlarımıza Allah rəhmət eləsin!
            Amin!
                                                                                                           Qalib Bəyməmmədoğlu

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top