Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

2016-cı ilin II rübü ərzində Xocalı rayonunun sosial – iqtisadi vəziyyətinə dair iqtisadi icmal

 Rayonun yaranma tarixi - 26.XI.1991
 Ərazisi - 0,94 min. kv. km.
 Əhalisi - 28583
 O, cüm azərbaycanlılar -   15654
 Digər əhali – 12929
 İşğal  günü -  26.02.1992
        2016-cı ilin II rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 3 təhlili məruzə və 2 bülleten hazırlanmışdır.

Kənd təsərrüfatı

        2016-cı ilin məhsulu üçün  2015-ci ilin payızında 2258 hektar taxıl səpilmişdir və 2258 hektar sahədən 51445 sentner məhsul götürülmüşdür. Rayonda yazlıq olaraq 149 hektarda kartof əkini, 52 hektarda yazlıq müxtəlif növ  tərəvəz bitkiləri əkilmişdir.
        Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı  rübün sonuna 3443 baş, qoyun-keçinin baş sayı isə 18928 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı  1300 sen, süd  istehsalı 21000 sen,  yumurta istehsalı isə 36 min ədəd, yun istehsalı isə 200 sent olmuşdur.
        Rayonda rüb ərzində 459,2 min manatlıq təmir-tikinti işləri aparılmişdır.

Demoqrafiq  vəziyyət

        2016-cı ilin II rübü ərzində rayonumuzun əhalisi 28583 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15654 nəfəri isə azərbaycanlılar  təşkil edir. Rüb ərzində 38 uşaq doğulmuş, 15 ölüm halı qeydə alınmış. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
Rüb ərzində rayona  gələnlərin sayı 100 nəfər, gedənlərin  sayı 73  nəfər olmuşdur. Rayonda başqa sa-hələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.                                                                

Dünyamin ƏSƏDOV,  
  Xocalı RSİ-nin rəisi
Paylaşın:

UNUDULMAQDA OLAN QƏDİM EL SƏNƏTİNİ YAŞADAN SƏRRAC

        El arasında deyildiyi kimi,at muraddır,at insanların sədaqətli dostudur. Atı minmək üçün ilk növbədə, yəhər, yüyən tələb olunur. Sərrac dəridən müxtəlif məmulat hazırlayan ustaya deyilir. Əvvəllər hər rayonda sərraclara rast gəlmək mümkün idi. Zaman keçdikcə bu sənət unudulmağa, yaddan çıxmağa başladı.
        Ağayev Vahid Cəlil oğlu 1963-cü il iyul ayının 20-də Xocalı rayon Kosalar kəndində anadan olub. Kosalar kəndi qədim xalq sənətinin yaşadıldığı kəndlərdən biridir. Vahid kişi 37 ildir sərracdır. O uşaq yaşlarında kənddə toy olarkən toya atla gələn qonaqların atlarının yəhər və yüyəninə xüsusi maraqla baxar, onları özü necə düzəldəcəyini düşünərmiş. 16 yaşından sərrraclıq edən Vahid kişi bu sənəti dolanışıq yolu kimi davam etdirir. Onun hazırladığı yəhərlərin keyfiyyətinə və gözəlliyinə bir çox rayonlardan alıcılar gəlir. O eyni zamanda 20 il nalbəndliklə məşğul olub. Muğam dinləməyi xoşlayan yəhər ustası kiçik oğlunun saz sənətinin sirrini öyrənməsi üçün ona bütün köməkliyi göstərir. Vahid kişinin sənətini iki oğul övladı davam etdirir. Nəvələrinə də bu qədim dədə-baba sənətini davam etdirməsini məsləhət görür.
        Ürəyi elinə, obasına böyük sevgi ilə bağlı olan Ağayev Vahidin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın yağı tapdağından azad olunması və sənətini doğma Kosalar kəndində davam etdirməkdir. Biz də onun bu gözəl arzularına qoşulur və işlərində uğurlar arzu edirik.

















Paylaşın:

BİR ƏSGƏRİN HƏYAT HEKAYƏSİ (Aprel döyüşlərinin şəhidi Sarvan Mehrəliyevə həsr edilmişdir.)

Xocalı elində bir igid vardı,            
Pəhləvan görkəmli, boyu çinardı.
Tanrımız vermişdi ona yaraşıq,
Neçə qız olmuşdu hüsnünə aşiq.
Adı Sarvandı o bəxtsiz cavanın,
Şəhidlik artırdı şöhrətin-şanın.
Qəlbində xal idi Qarabağ dərdi,
Fələyin qəsdindən o bixəbərdi.
Çoxdan əsgər olmaq arzusundaydı,
Şəhidlik alnının yazısındaydı.
Verib qardaşıyla çiyin-çiyinə,
Yollandı həvəslə əsgərliyinə.
Yetirdi hər əmri o tez yerinə,
Özünü sevdirdi komandirinə.
Təşəkkürnamələr verdilər ona,
Baxıb fəxr edirdi bəxtəvər ana.
Sarvan gözləyirdi bir döyüş olsun,
Şəhid əmisinin qisasın alsın.
Aprelin ikisi gəldi o məqam,
Ordumuz düşməndən aldı intiqam.
Sarvan qardaşına tutub üzünü,
Dedi bir dost kimi ürək sözünü.
“Namiq, bu döyüş ağır döyüşdü, 
Bəlkə də qardaşın bir şəhid düşdü.
Anama yaxşı bax, mən şəhid olsam,
Ağlamasın yarım, gül kimi solsam.”
Yazıb sevdiyinə son məktubunu,
Dedi sahibinə verərsən bunu.
Öpüb qucaqladı qardaş-qardaşı,
Başladı ordunun zəfər savaşı.
Baxmırdı igidlər yağan qəlpəyə,
Əsgərlər qalxırdı “Lələ təpəyə.”
Məhv edildi çoxlu şərəfsiz düşmən,
Al qana boyandı laləli çəmən.
Güllə göydən yağış kimi yağırdı,
Komandir: - irəli! - deyə bağırdı.
Görüb ehtiyatın azaldığını,
Söylədi sursatın az olduğunu.
Mərmi yeşiyini gətirən zaman,
Düşmən gülləsinə tuş gəldi Sarvan.
Komandir bir anlıq geriyə çöndü,
Baxıb o Sarvana dəliyə döndü.
Sarvan bir qədər aralı idi,
Sevimli əsgəri yaralı idi.
Qardaşı tez qaçdı onun yanına,
Ürəyi dağlandı axan qanına.
Dedi: “Bu dünyada arxam, dayağım,
Sənsən güvəndiyim ən böyük dağım.
Sənə dəyən güllə ay igid qardaş,
Razı idim mənə tuş gələydi kaş.
Ölmə qardaş, sənsiz neyləyərəm mən?
Bəs anamıza nə söyləyərəm mən?”
Onun yarasını bintlə bağladı,
Yaralı başını bərk qucaqladı.
Düşmən dayanmadan atəş edirdi,
Sarvanın durmadan qanı gedirdi.
Yaralandı onu aparan gizir,
Tanrının işinə olmadı tədbir.
Yumdu gözlərini Sarvan həyata,
Qovuşdu bir şəhid əbədiyyətə.
İki igid qardaş birgə döyüşdü,
Biri yaralandı, o biri şəhid düşdü.
Sarvanın qisası alındı on qat,
Düşmənə atıldı verdiyi sursat.
Qüsursuz yetirdi hərbi xidmətin,
Qazandı əbədi el məhəbbətin.
Xocalı elinin şəhid əsgəri,
Gətirdi ordudan zəfər xəbəri.
Aprel döyüşləri uğurlu oldu.
Xocalı Sarvanla qürurlu oldu.
Şeirlər yazıldı onun adına,
Salacaq Sarvanı xalqım yadına.

               
       Qalib BƏYMƏMMƏDOĞLU

















Paylaşın:

XOCALI ŞƏHƏR 5 SAYLI TAM ORTA MƏKTƏBİN İGİD MƏZUNU

        Qəribov Mənsur Asif oğlu Xocalı şəhər 5 saylı tam orta məktəbin 2015-ci il məzunudur.
Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Öz istəyi ilə peka silahı ilə təhkim olunmuşdur.
        Ali məktəbə qəbul imtahanlarından uğur qazana bilməsə də, hərbi xidmətdə bir sıra uğurlar əldə edib. Bu da onun hərbiyə həddindən artıq marağından və sevgisindən irəli gəlir. O, həmişə babası Qərib kişini fikirli görəndə deyirdi: -“Baba narahat olma, böyüyəndə torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm və Qarabağ döyüşlərində itkin düşən Vüqar əmimin qisasını alacağam.”
        Həqiqətən, elə Mənsurun dediyi kimi oldu. Aprel döyüşlərindən əvvəl erməni təxribatının qarşısını alarkən səngərdə digər altı əsgər yoldaşı ilə birgə düşmən tərəfin postunu darmadağın edərək, düşmənin 9 canlı qüvvəsini məhv ediblər. Bu qəhrəmanlığına görə Qəribov Mənsur III dərəcəli orden və medalla təltif edilmişdir.
        Qısa müddətdən sonra Aprel döyüşləri zamanı “Lələ təpə” yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Döyüşlər zamanı valideynləri ilə telefon əlaqəsi saxlayarkən Mənsurun həddindən artıq əhval-ruhiyyəli olduğu hiss olunurdu. O, valideynlərinə çoxdan arzuladığı günün çatdığını söyləyir. “Xocalını, Laçını ...özüm azad edəcəyəm deyirdi.”
        Qəribov Mənsur hal-hazırda hərbi xidmətini ön cəbhədə davam etdirir. O, hər bir Azərbaycan gəncinə örnək ola biləcək vətənpərvər Azərbaycan əsgəridir. Mənsurun təhsil aldığı Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllim kollektivi, valideynləri, dostları bir sözlə onu tanıyan hər kəs onunla fəxr edir.
           
            Cahid ƏLƏKBƏROV,
Xocalı şəhər 5 saylı tam orta
                   məktəbində U.B.R







Paylaşın:

1 AVQUST MİLLİ QƏHRƏMAN NOVRUZOV ƏLƏSGƏR XANLAR OĞLUNUN DOĞUM GÜNÜDÜR

        Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini (hal-hazırda Kürdhacı kənd Ə.Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı, kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir.
        Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır.
        Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.
        1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ələsgər Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.
        Həmin günlərdə Xankəndində azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ələsgər Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndinə girib qızları, qadınları xilas etmişdir.
        Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ələs-gər Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.
        Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.
        Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.
        1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücum edərkən Ələsgər Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücum etmiş, atəşi öz üzərlərinə götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ələsgər Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.
        1990-cı ildə Yerevandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ələsgər Novruzov döyüş yoldaşla-rından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.
        1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ələsgər Novru-zov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında, Xankəndi-Noracuğ yolunda 2 maşın, 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.
25 fevral 1992-cı il tarixində Ələsgər Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qal-mış başlanan döyüşdə Ələsgər Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ələsgər Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ələsgər Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).
        Ailəli idi, üç övladı yadigar qalıb.
        Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azər-baycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
        Ölümündən sonra "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.
        Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.

Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi