07.09.2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət
evində təhsil işçilərinin ənənəvi sentyabr
konfransı keçirildi. Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi cənab İlham Cavadov, rayon müəssisə, idarə rəhbərləri
və təhsil işçiləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları ümumilli
liderimiz Heydər Əliyevin əziz xatirəsini yad etdilər, ulu öndərimizin büstü
önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər.
Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin sədası altında başlandı. Konfransı aparmaq üçün sədr və katiblər seçildi.
Konfaransı aparmaq üçün söz sədr seçilən rayonumuzun başçısı cənab Şahmar Usubova
verildi. Şahmar Usubov gündəlikdə duran məsələ ilə bağlı sözü məruzəçi Xocalı
rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyevə verdi. Şakir Əliyev "2015-2016-cı
dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə
ilə çıxış etdi.
Sonra məruzə ətrafında çıxış etmək üçün
söz ardıcıl olaraq Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq
Quliyevə, Xocalı şəhər 4 saylı tam orta məktəbin direktoru Hökümə Quliyevaya,
Xocalı şəhər 1 saylı tam orta məktəbin dərs hissə müdiri Aydın Həsənova
verildi. Çıxış edən natiqlər çalışdıqları təhsil ocaqlarının fəaliyyəti və
qazandıqları uğurlar haqqında məlumatlar verdilər. Qeyd etdilər ki, baş vermiş
çatışmazlıq hallarını aradan qaldıracağıq və fəaliyyətimizi günün tələblərinə
uyğun aparacağıq.
Daha sonra söz yüksək balla ali məktəbə
qəbul olan Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunu Bəhramlı İradə Fəxri
qızına, Kosalar kənd tam orta məktəbin məzunu
Məhərrəmov Sadiq Yaşar oğluna verildi. Tələbə adını qazanan məzunlar onlara
daim kömək olan müəllimlərinə, valideynlərinə, rayonumuzun təhsili ilə hər
zaman yaxından maraqlanan Cənab Şahmar Usubova minnətdarlıqlarını bildirdilər. Onlar
söz verdilər ki, ali məktəb həyatında da yaxşı təhsil alacaq və rayonumuzun
adını uca tutacaqlar.
Rayonumuzun təhsili haqqında Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndəsi cənab İlham Cavadov çıxış edərək təkliflərini
və iradlarını bildirdi. O qeyd etdi ki, məktəblərdə tibbi və psixoloji xidmətə
üstünlük verilməlidir. Müəllimlər dərslərini təhsil strategiyası əsasında
qurmalıdırlar. İlham Cavadov yeni tədris ili münasibətilə rayonumuzun bütün təhsil
işçilərini təbrik etdi və uğurlar arzuladı.
Xocalı rayon İcra Hakimiyyətinin
başçısı cənab Şahmar Usubov çıxışında bildirdi ki, məktəblərimiz bütün
imkanlarla təmin edilir. Hər təhsil ocağı yaradılan şərait qarşısında yaxşı nəticələr
verməlidir. Müəllimlər öz fəaliyyətinə daim diqqət yetirməli, məsuliyyətli və
vicdanlı olmalıdırlar. Bununla yanaşı, direktor müavinləri və digər təhsil
işçiləri də öz vəzifələrini layiqli yerinə yetirməlidirlər. Taleyüklü rayonumuzun
təhsili ürəkaçan səviyyədə olmalıdr. Rayonumuzun savadlı və məsuliyyətli müəllimləri
çoxdur. Təhsil işçiləri say etibarı ilə ən böyük kollektivdir. Onlar hər zaman
dövlətə və dövlətçilik prinsiplərinə sadiq olublar. Qarşıda keçiriləcək referendum
seçkilərində də rayonumuzun ziyalı təbəqəsi fəal iştirak edəcəklər. Bütün təhsil
işçilərini təbrik edirəm. Onlara möhkəm cansağlığı, ailə səadəti və müvəffəqiyyətlər
arzu edirəm.
Rayonumuzun qabaqcıl təhsil işçiləri və
yüksək balla ali məktəbə qəbul olan məzunlar mükafatlandırıldı.
Sonra konfransın qərar layihəsi oxumaq
üçün söz Xocalı RTŞ-nin metodisti Aliyə Abışovaya verildi. Qərar layihəsi
oxunduqdan sonra səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Xocalı RTŞ-nin məsləhətçisi Nəcəf Həsənov
Azərbaycan Respublikasının Prezidenti möhtərəm Cənab İlham Əliyevə ünvanlanmış
müraciəti konfrans iştirakçıları qarşısında məruzə etdi.
Ənənəvi sentyabr konfransı xoş ovqatla
başa çatdı.