BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

7 Mart 2017 Salı

MƏCBURİ KÖÇKÜNLƏR ARASINDA ZORAKILIĞIN ƏN AĞIR NÖVÜ ERMƏNİSTANIN İŞĞAL SİYASƏTİNİ DAVAM ETDİRMƏSİDİR

Posted at  3/07/2017  |  in  Ümumi hadisələr

         Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi “Məcburi köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı layihə çərçivəsində Gəncə şəhər ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə yerləşən Kosalar kənd Mədəniyyət evində məcburi köçkünün iştirakı ilə təlimlər keçirilmişdir. Ümumiyyətlə, layihə çərçivəsində 600 nəfərə yaxın məcburi köçkün iştirak etmişdir.
         Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Lyudmila Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin  əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Eyni zamanda məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırmışdır. O çıxışında bildirdi ki, tədbirin məcburi köçkün ailələrində keçirildiyi təsadüf deyildir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın soydaşımız təcavüz və zorakılığın qurbanına çevrilərək öz evlərindən qovulmuş, yaxın qohumlarını itirmişlər. Bu insanlar arasında minlərlə qadın və uşaq var ki, onlar zorakılığın ən ağır növlərini yaşayıblar.
         Tədbirdə çıxış edən təlimçi Südabə Məmmədova məişət münasibətlərində baş verən zorakılıq hallarının hər bir insanı narahat etməli olduğunu və tədbirdə iştirak edən şəxslərin mövzu ilə bağlı əldə etdikləri məlumatları öz tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd etdi.   
        Tədbir iştirakçıları öz fikirlərini paylaşaraq, Azərbaycan ailəsinin müqəddəsliyini, qadınlara hər zaman böyük dəyər verildiyini vurğuladılar. Doğma torpaqlarımızın erməni quldurları tərəfindən işğal olunması məcburi köçkün düşmüş vətəndaşlara zorakılıq halının ən qəddar nümunəsi olduğunu bildirən tədbir iştirakçıları bu zorakılığın hələ də davam etdiyini qeyd etdilər. Beynəlxalq təşkilatlar bu haqsızlıqları aradan qaldırmaq üçün öz işlərini düzgün icra etmirlər, Ermənistan beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmir, “BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə çıxarıb və onlardan heç biri icra olunmayıb. 
         Tədbir iştirakçıları arasında məişət zorakılığı ilə bağlı mövcud problemlərin və onların qarşısının alınması üçün təkliflərin müəyyənləşdirməsi məqsədilə sorğu keçirildi. İştirakçılar xalqımızın adət-ənənələrində qadına yüksək dəyər verildiyini vurğulayaraq, bu dəyərlərin qorunub saxlanmasının vacibliyini və zorakılıq halları ilə mübarizədə maarifləndirici təlimlərin keçirilməsinin təqdirə layiq hal olduğunu qeyd etdilər.
         Tədbirin sonunda iştirakçılara mövzuya uyğun kitabçalar paylanıldı.
         Tədbir işğal olunmuş doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.
                                                                                          Qalib BƏYMƏMMƏDOĞLU








Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top