BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Şubat 2017 Perşembe

SOYUMUŞ MEYİTİN İSTİLİYİ

Posted at  2/23/2017  |  in  Ümumi hadisələr

        Xocalı soyqırımı insanlıq tarixinə qara hərflərlə yazılmış bəşər tarixində törədilmiş ən dəhşətli soyqırım aktlarından biridir. Bu soyqırımı erməni quldurları Xankəndində yerləşən 366-cı rus hərbi birləşmələrinin köməkliyi ilə törətmişlər. Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi, 613 nəfər günahsız sakinin qətlə yetirilməsi hər bir soydaşımızın qəlbində sağalmaz yaraya çevrilmişdir. Bu yaraların göynərtisi ancaq Xocalıya qayıtmaqla az da olsa, sakitləşə bilər. Xocalı soyqırımının şahidləri nə qədər ki, sağdır, erməni qaniçənlərinin vəhşiliklərini, günahsız qocalara, hamilə qadınlara, körpələrə verilən işgəncələri gələcək nəsillərə çatdırmağı özlərinə borc bilməlidirlər. Əgər biz tariximizi, düşmənimizin mənfur xislətini unutsaq, gələcəkdə daha ağır faciələrlə rastlaşa bilərik.
        Bu dəfə müsahibim 80 gün erməni əsirliyində olmuş, erməni vəhşilərinin ən ağır, ən dəhşətli işgəncələrinə məruz qalmış Elbrus Abbasov oldu. Abbasov Elbrus Ələmdar oğlu 1970-ci ildə Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olmuşdur. Uşaq yaşlarında onun ailəsi Xocalı şəhərinə köç etmişdir.
        Müsahibimə ilk sualım Xocalıda keçən uşaqlıq və gənclik illərinin hansı xatirələrlə onun yaddaşında qalmasını öyrənmək oldu.
        - Dünyanın bəd üzündən xəbərim olmayan şən və xoşbəxt uşaq çağlarımda heç yuxuma da gəlməzdi ki, vaxt gələcək girovluqda olacağam və qayğılı günlərimə  kölgə düşəcəkdir. 1987-ci ildə Xocalı şəhər 1 saylı tam orta məktəbində orta təhsilini başa vurmuşam. 1988-ci ildə hadisələr cərəyan edən vaxtı artıq mən hərbi xidmətə getmək yaşında idim. Hərbi xidmətə getməzdən əvvəl 7-8 ay erməni daşnaklarına qarşı mübarizə aparmışam. Sentyabrın 18-i 1988-ci ildə ermənilər Xankəndi istiqamətindən Xocalıya hücum edən zaman ayaq nahiyəmdən yaralandım. Oktyabrın axırına qədər Gəncə şəhərində müalicə aldım. Həmin ilin dekabr ayında hərbi xidmətə yollandım. Hərbi xidmətimi Uzaq Şərqdə, Rusiyanın Xabarovsk krayında yerinə yetirmişəm. Artıq mən hərbi xidmətdən qayıdanda Azərbaycanda vəziyyət daha da gərginləşmişdi. Qanlı Yanvar faciəsi baş vermişdi. Xocalı şəhəri bütün istiqamətlərdən mühasirəyə alınmışdı. Buna baxmayaraq, bütün əhalimiz gündüzlər işləyir, gecələr şəhərin müdafiəsində dayanırdılar. Faciə olana qədər Xocalı əhalisinin heç birində ruh düşkünlüyü yox idi. Lakin biz bilməzdik ki, o vaxtkı rəhbərlik Xocalıya biganə olacaqdır. Əsgəran rayonundan Xocalıya qədər olan avtomobil yolu 1 km idi. Bu yolun açılmasında heç bir iş görülmədi. Onun da nəticəsində 24 ildir göz yaşı ilə qeyd etdiyimiz Xocalı soyqırımı törədildi.
        - Sizdən Xocalı soyqırımının canlı şahidlərindən biri kimi gördüyünüz dəhşətli hadisələri və girovluq həyatınızda yaşadıqlarınızı oxucularımızla paylaşmağınızı xahiş edirəm.
        - Faciə gecəsi mən postdan qayıdıb evə gəlmişdim. Qəflətən elə bil yerlə göy birləşdi. Yarım saat başımızı evdən çölə çıxara bilmədik. Elə bu vaxt çöl qapı möhkəm döyüldü. Mən güllələrdən sürünə-sürümə gedib qapını açdım. Darvazanı açar-açmaz rayonumuzun indiki icra başçısı Şahmar Usubov mənə möhkəm və həyacanlı səslə dedi ki, niyə durmusunuz ermənilər şəhərə giriblər. Həqiqətən, Şahmar müəllim xəbər verdiyi vaxtı ermənilər bizə çox yaxın idı. Mən atamı, anamı qohumlarla birlikdə şəhərdən uzaqlaşdırdım. Lakin hansı tərəfə qaçdıqsa, ermənilərin hücumuna məruz qaldıq. Yüzlərlə Xocalı sakini kimi  Kətik dağına üz tutduq. Əhali iki istiqamətə ayrılmışdı. Bir hissəsi Qarqarçay istiqamətində Ağdama tərəf, o biri hissəsi isə, yəni biz Kətik dağının başına tərəf üz tutduq. Həmin gecə gözümün şahidiyəm ki, neçə-neçə ayaqyalın çöllərə düşən  qadın, uşaq, qoca donvurmadan öldü. Ağbirçək qadınlar, qoca kişilər, körpə uşaqlar dərələlərə yuvarlanırdılar. Haraya gedib düşmələrindən xəbər olmurdu. Ani məqamda səslər kəsilirdi. Səhər açılanda hamı kimi mən də çönüb Xocalıya baxdım. Bütün şəhər, evimiz də alov içində idi. Şəhərin içində 30-40 BMP, BRDM tipli hərbi texnikalar hərlənirdi. Qaçmağa davam etdik. Qurşağa qədər qar yağmışdı. Elə bir vəziyyət yarandı ki, yolu azdıq. Hansı tərəfə gedirdiksə, erməni kəndi ilə rastlaşırdıq. Təxminən 10-12 nəfər olardıq. Valideynlərim, əmim çox ağır vəziyyətdə idilər, yol yeriməyə taqətimiz qalmamışdı. İki gün idi ac və susuz idik. Şəhərimizin sakini Ağayev Səttarın kiçik oğlu gözlərini yumdu. Həmin an onun anasının naləsi mən deyərdim ki, bütün Azərbaycanı bürüdü. Ömrümün sonuna qədər gözümün qabağından o hadisə, o ananın fəryadı qulaqlarımdan getməyəcək. Bu iki gün ərzində 100 km-dən çox yol qət etdik. Ancaq hansı istiqamətdə getdiyimizi bilmirdik. Demək olar ki, meşənin hansı istiqamətində gedirdiksə orada Xocalı sakinlərinin meyitləri ilə, yolda qalan qocalarla, uşaqlarla rastlaşırdıq. Onların səsi bu illər ərzində qulağımdan getmir. Elə bilirəm ki, o dəhşətlər sanki bu gün olubdur. Fevralın 27-si gününün axşamı mən atamı və əmimi itirdim. Dağdan dərəyə yuvarlandıq. Həmin dərəni sürünə-sürünə çıxanda onları tapa bilmədik. Anamla bibimi əlimdən buraxmadım. Axşam saat 4-5 radələrində ermənilər bizi Ağbulaq kəndinin ətrafında mühasirəyə aldılar. 2 saata yaxın döyüşdükdən sonra üç nəfərin gülləsi qurtardı. Mənim əlimdə qranat var idi, silahımı döyüş yoldaşıma vermişdim. Onlar avtomatı yerə atıb təslim olmağa qərar verdilər. Yaqub Məmmədov həmin hadisələrin canlı şahididir. Mən qranatı ermənilərə tərəf atmaq istədikdə məni arxadan kimsə möhkəm itələdi. Qranat əlimdə açılmadan hara düşdüyünü bilmədim. Özüm isə yuvarlana-yuvarlana ermənin ayağına düşdüm. Ayağa durmaq istərkən erməni avtomatın qundağı ilə məni vuraraq yerə sərdi. Sonra qollarımı bağlayıb ayağa qaldırdılar. Həmin yerdə hamımızı tərki-silah etdilər. Bizi başqa Xocalı sakinləri kimi Naxçıvanik kəndinə gətirdilər. Orada bizi donuz fermasına saldılar. Fermada çoxlu sayda Xocalı əsiri var idi. Yaşar Əliməmmədov, şəhid qardaşı Faiq, nağaraçı Vəliyəddin, avtobazanın müdiri Kamil Məmmədov, 7 nəfər Məh-səti türkü, qohumum Nadir Hümbətov qucağında əmimin nəvəsi 2 yaşlı uşaqla və başqaları orada idilər. Təxminən 2 saatdan sonra bizi fermadan çıxarıb ayrı kəndə, özlərinin dediyinə görə Dəhraz kəndinə apardılar. Aparılanların içində özümdən başqa Yaqub dayı, qucağında qardaşının ikiyaşlı uşağı ilə birlikdə Nadir, anam və bibim də var idi. Yolda Yaqub dayını 7-8 nəfər erməni dayanmadan döydülər. Əlisilahlı ermənilər zorla Yaqub kişini onların əlindən aldılar. Bizi 30 metr uzunluğunda olan xeyir-şər evinə yığdılar. Həmin o yer ağzına qədər Xocalı camaatı ilə doldurulmuşdu. Girovların arasında itirdiyim atamı və əmimi gördüm. Bizi həmin gecə orada saxladılar. Axşam yemək üçün 250 - 300 nəfər qadın, uşaq, qocaya 1 vedrə çiy buğda verdilər. Təbii ki, bunu yemək olmazdı. Bu onların girovlara verdiyi bir növ mənəvi işgəncəsi idi. Girovların içərisində bizim çoxlu yaralılarımız var idi. Məmməd həkim olmasaydı, bir çox yaralımız dünyasını dəyişəcəkdi. Sabahkı gün tezdən 19 nəfəri saxladılar, qalanlarını isə Ağdamın Gülablı kəndi istiqamətində azad etdilər. Saxlanılan 19 nəfərin içərisində mən, Yaqub kişi, atam və əmim də var idi. Bundan sonra mənim girovluq həyatımın ən ağır günləri başladı. Bizi Xocalının içindən Xankəndinə apararkən, yolda maşından düşürdülər. Hamımızı möhkəm döydükdən sonra, məni bir nəfər erməni Kamaza minməyə qoymadı. Mənim milis işçisi olduğumu hərbi biletimi göstərməklə sübuta yetirdi. Yenə 3 erməni məni dayanmadan vəhşicəsinə döydü. Sonra isə təkcə məni Jiquli markalı maşına salıb Xankəndinə apardılar.
        Müsahibim dərindən nəfəs alaraq, başını sağa-sola yelləyərək, ağır və kədərli səslə: həmin günlər həyatımın ən ağır günləri idi, -dedi.
        Hərbi xidmətdən əvvəl Xankəndində işlədiyimə görə, erməni dilini başa düşürdüm. Məni döyən ermənilər maşına salarkən bir-birilərinə bunu aparaq Anjela xalanın oğlunun qəbrinin üstündə başını kəsək deyirdilər. Həmin qadının evinə gətirdilər. Şuşadan atılan mərmilərdən biri onun evinə düşmüşdü. Dediyinə görə, atılan mərmi onun oğlunu öldürmüşdü.  Qadının evinin həyətinə girərkən qapıdan qara geyimli bir erməni qadını çıxdı. Qadın heç bir söz demədən mənə yaxınlaşdı. Üzümə sillələr vura-vura mənim oğlumu niyə öldürmüsən dedi. Heç bir söz demədən başımı aşağı saldım və mən öldürməmişəm dedim. Qadın içəri daxil olarkən məni müşayiət edən ermənilərdən biri erməni dilində dedi ki, bunu aparaq oğlunun qəbrinin üstündə başını kəsək. Erməni qadın isə onunla razılaşmayaraq, bildirdi ki, aparıb erməni girovlarla dəyişərsiniz. Ermənilər hər zaman öz mənafelərini düşünüblər. Sonra məni Xankəndində bir binanın zirzəmisinə saldılar. Zirzəmidə tanıdığım xocalılardan üç nəfər - Həsən dayı, Hüseyn dayı və sonradan tanıdığım Yusif adında bir şəxs var idi. Bir həftə ərzində  mənə ağlasığmaz dərəcədə işgəncələr verdilər. Daha sonra məni, Yusifi, Hüseyn dayını və Xocavənd rayonunun Qaradağ kəndindən girov düşmüş Əliyev Şəhruz adlı bir şəxsi Xankəndində yerləşən rayon milis şöbəsinin təcridxanasına saldılar. Təcridxanadakı bütün kameralar Xocalı sakinləri ilə dolu idi. Ermənilərin dediyinə görə həmin vaxt təcridxanada 200-ə yaxın Xocalı sakini və 15-20 nəfər Qaradağlı sakini vardı. Bütün kameralarda əsirlərə insanlığa xas olamayan, bir-birindən ağır işgəncələr verirdilər. Birinci növbədə insan üçün ən çətin susuz qalmaqdır ki, bundan da məharətlə istifadə edirdilər. Kimin ağzında qızıl dişi vardı mismarla, kəlpətinlə çıxarırdılar. Yaş fərqinə baxmadan əsirlərə ən ağır işgəncələr verirdilər. Dəmir parçaları, küt alətlər və armaturla əsirləri döyürdülər.
        Bu minvalla iki aya yaxın hər gün, hər saat təcridxanada işgəncələrə məruz qaldım. İşgəncələrə tab gətirə bilməyib ölənlər də çox oldu. Mən olduğum kamerada Bakıdan bizə köməyə gəlmiş  Elçin adlı bir OMON işgəncələrə tab gətirə bilməyib yanımda gözlərini əbədi yumdu. Üç gün gecə-gündüz kürəyimi onun meyitinə söykədim ki, məni soyuq pis vəziyyətə salmasın.
        - Təcridxanada girovlara baxan ermənilər kamerada meyitin olduğunu bilirdilərmi?
        - Bəli, əlbəttə ki, bilirdilər. Bu onların bizə verdiyi işgəncələrin bir növü idi.
        - Erməni girovluğundan necə azad olundunuz?
        - Aprelin 25-də məni təcridxanadan çıxardıb bir erməninin evinə gətirdilər. May ayının 18-nə qədər məni həmin evin sahibinin oğlu ilə dəyişdirmək məqsədilə saxladılar. Ayın 18-də məni ev sahibinin oğlu və Ağdərədən olan bir erməni ilə dəyişdirdilər. Ağır işgəncələrdən sonra mən girovluqdan azad edildim...
        Elbrus Abbasov müsahibənin əvvəlindən son cümləsinə qədər hər cümlənin başında dərindən nəfəs alaraq böyük ürək ağrısı ilə Xocalı soyqırımının təəssüratlarını, erməni  quldurları tərəfindən gördüyü işgəncələri, xalqımızın başına gətirilən müsibətləri siz oxucularla paylaşmağıma kömək etdi. Hər Xocalı sakini kimi Elbrus müəllimin də ən müqəddəs arzusu Xocalıya qayıtmaq və düşmənlərdən günahsız insanların qisasının alınmasıdır. 
        Biz inanırıq ki, düşmən tapdağında qalan torpaqlarımız tezliklə azad ediləcək. Bunu deməyə səbəb Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti və Aprel döyüşlərində ordumuzun düşmən üzərində böyük qələbəsidir. Bizi qələbəyə yaxınlaşdıran ölkəmizin qüdrəti, ordumuzun gücü və xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyidir. 
Qalib BƏYMƏMMƏDOĞLU

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top