Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Xocalının səsi" qəzeti / NOYABR - 2016

Paylaşın:

Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanan "Sadəcə gülək" adlı tamaşalar məktəb şagirdlərinə xoş ovqat bəxş etdi

        Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə noyabrın 21-də Aşağı Ağcakənd qəsəbəsində, 22-də Goranboy rayon Yeni yaşayış massivində, 23-də Gəncə şəhəri Yeni qəsəbə-2-də  “Sadəcə gülək” adlı tamaşalar təşkil olundu. Xocalı rayon Mədəniyyət evinin direktoru quluşçu-rejissor Orxan Vahidoğlunun rəhbərliyi ilə baş tutan tamaşalar yüksək səviyyədə hazırlanmışdı.            
        Ümumiyyətlə, keçirilən tamaşalarda 300-dən artıq məktəb şagirdləri və qəsəbə sakinləri toplaşmışdı. Xocalı rayon MKS-nin Oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi Zahirə Usubovanın aparıcılığı ilə keçirilən tamaşalarda Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğlu, Xocalı rayon 4 saylı tam orta məktəbin 10 sinif şagirdləri Yusif Məmmədov və Nihad Qəribov, Abşeron rayon Musiqili Dram Teatrı trupbasının aktyoru Adil Səfərov hazırladıqları səhnəciklərdə öz bacarıqlarını məharətlə göstərdilər. Səhnəciklərarası fasilələrdə Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdlərinin rəqsləri alqışlarla qarşılandı. Bir-birindən əyləncəli keçən “Kirayə ev”, “Telli və Vəli”, “Qırmızı papağın nağılı”, “Nənə və nəvə” və “Gecənin həzzi” səhnəcikləri tamaşaçılarda xoş ovqat yaratdı.
        Məktəbli şagirdlərin gülüşünə səbəb olan bu tamaşalar onların xatirində uzun müddət qalacaqdır. Şagirdlər xahiş etdilər ki, belə tamaşalar tez-tez təşkil edilsin.
        Çəkdiyin əziyyətin qarşılığında sağ ol kəlməsini eşitmək insanı sevindirməyə, ona gələcəkdə yeni işlər görməyə sövq edir. İstedadlı Orxan Vahidoğlunun rəhbərliyi ilə Xocalı rayon Mədəniyyət evinin tədbirlərində müsbət irəliləyişlər nəzərə çarpacaq dərəcədə özünü büruzə verir.
        Qarşımızda duran əsas məqsədlərdən biri belə tamaşaların mütəmadi olaraq sakinlərimizin yaşadıqları ərazilərdə keçirmək və rayonumuzun istedadlı insanlarını və aktyorluq qabiliyyətinə malik şagirdləri qrupumuza cəlb etməkdir.
Təranə Qasımova,
Xocalı rayon Mədəniyyət Şöbəsinin bədii rəhbəri





















Paylaşın:

YAP Xocalı rayon Təşkilatında partiyanın yaranmasının 24 illiyi qeyd edildi

        22.11.2016-cı il tarixdə Xocalı rayon İH-nin akt zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi ilə əlaqədar ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon ziyalıları, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan gənclər iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu ümumilli lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. 
        Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev bildirdi ki, tarixə  nəzər salsaq görərik ki, müstəqillik yolunda necə çətin yollardan keçmişik. Adımızın əbədi tarixdə qalması Heydər Əliyevin adı ilə bağlıdır. Onun müstəqilliyimizin qorunub-saxlanılmasında göstərdiyi xidmətlər tarixdə əbədi yaşaması üçün yetərlidir. Əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Yeni Azərbaycan Partiyasının nizamnaməsi  Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlamışdır. Nizamnamədə yer alan müddəa və prinsiplər çox keçmədi ki, öz işini görməyə başladı. Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail oldu. 
        Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində, xalqımızın qəlbində əbədi iz qoyaraq dünyasını dəyişmişdir. Ancaq bu gün onun siyasi xətti Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 
        Sonra məruzə ilə söz YAP Xocalı rayon Gənclər Birlyinin sədri Aynurə Abışovaya verildi. Aynurə Abışova çıxışında bildirdi ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. 24 il öncə bu Partiyanın yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir. Ölkəmizin bügünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. Partiyamızın yüz minlərlə üzvü həmişə olduğu kimi bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək.  
  Daha sonra YAP Xocalı rayon Təşkilatı sədr müavinləri Ceyhun İbişov və Ramiz Qəhrəmanov ölkəmizin inkişafında, xalqımızın əmin-amanlıq içərisində yaşamasında Ulu Öndər Heydər Əliyevin, eləcədə onun yaratdığı Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərindən söz açdılar. 
  Tədbirdə çıxış edən Xocalı rayon İH-nin başçısının müavini Lamiyə Qarayeva, Xocalı RMX-nın baş həkimi Məmməd Nağıyev və Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev ayrı-ayrılıqda vurğuladı ki, Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Ölkənin bütün iqtisadi sütunları dağılmışdı, siyasi böhran dərinləşmişdi, qardaş qardaşa güllə atırdı. Məhz belə bir tarixi şəraitdə YAP təsis olundu və Ulu öndərimiz partiyanın Sədri seçildi. Bundan sonra dövlətimiz böyük iqtisadi güc qazandı və ölkəmizdə tam siyasi sabitlik yarandı. Ölkənin ictimai-siyasi həyatında müsbət dəyişikliklər baş verdi. Hərcmərcliyə son qoyuldu. Hər bir vətəndaş bügünkü yaşadığımız əmin-amanlıq şəraitindən dönüb keçmişə nəzər salmalıdır. Keçmişdə yaşadığımız acı taleyimizi yada salıb indiki güzəranımıza şükür etməliyik. Bu gün xalqımız Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla anır. Heydər Əliyev özündən sonra İlham Əliyev kimi davamçı qoyub getdi. Biz Heydər Əliyev ideyalarının həyata keçməsi, Azərbaycanımızın daha da yüksəlməsi üçün onun varisi, layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. 
        Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə Allahdan rəhmət diləndi.
  Tədbirdə qarşıda duran digər məsələ - hesabat seçki konfransına nümayəndələrin seçilməsi müzakirə olundu. Vahid Əliyev məlumat verdi ki, Partiyamızın Xocalı rayonu üzrə 12 ilk partiya təşkilatı və 750 nəfər üzvü var. Xocalı rayonunda hesabat seçki yığıncaqları keçiriləcəkdir. Nümayəndələrin partiya quruculuğunda xüsusi əhəmiyyəti olan ziyalı və nüfuzlu insanların və fəal gənclərin arasından seçilməsi vacibdir.
  Tədbir Yaşasın Azərbaycan! şüari ilə başa çatdı.


Paylaşın:

XOCALI RAYON MƏKTƏBLİLƏRİ "ÖLKƏMİZİ TANIYAQ" VI MAARİFLƏNDİRİCİ TUR-AKSİYADA İŞTİRAK ETDİLƏR

     
         Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyasının növbəti mərhələsi baş tutdu. Noyabrın 12-15-də və 17-20-də 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların 6-cı mərhələsində 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edənlərin sayı 10255 nəfər olacaq. Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstə-qillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
        Aksiyada Xocalı rayonundan olan məktəblilər də fəal iştirak etdilər. Aksiya çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarının qədim tarixi, mədəniyyət abidələri ilə tanış oldular, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirdilər, park və xiyabanları gəzdilər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaratdı. Quba, Qusar, Xaçmaz rayonlarında olan şagirdlər bir çox tarixi abidələrlə, Gənclər evi, Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyləri ilə, otellərlə tanış oldular.
        Quba rayonunda məktəbliləri rayonun ictimaiyyət nümayəndələri salamladılar. Bu rayonların görməli yerləri, aparılan quruculuq-abadlıq işləri və rayonların tarixi ilə bağlı maraqlı məlumatlar bildirdilər. Şagirdlərin qalacaq yeri Quba rayonunda füsunkar bir yerdə yerləşən Cənnat Bağı otelində oldu. Otel hər cür şəraitlə təmin olunmuşdu. Oteldə nahar etdikdən sonra şəhərə gəzintiyə çıxan aksiya iştirakçıları Quba rayonunda Gənclər evi, Heydər Əliyev Mərkəzi, Cümə məscidi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası,  Quba rayonundan Qusara gedən yol üzərində yerləşən Qırmızı Qəsəbə, Quba kütləvi məzarlığı və Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular.
        Qırmızı qəsəbəyə yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail burada yaşayan yəhudilərə kömək edir. 1990-cı illərin əvvəllərində Qırmızı qəsəbənin sakinlərinin xahişi ilə Milli Məclis qəsəbənin adını dəyişib "Fətəli xan" adlandırılmasını qərara almışdır. Lakin həmin qərar təsdiq edilmədiyindən qəsəbənin köhnə adı saxlanılmışdır.
       Quba kütləvi məzarlıı ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanan məzarlıqda 1918 ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılmışdır.
Quba Soyqırımı Memorial Kompleksi - 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.
        Xocalı rayon məktəbliləri "Nə? Harada? Nə zaman" intellektual oyununda bir çox suallara cavab verərək öz biliklərini nümayiş etdirdilər.
        Azərbaycanın ən böyük zirvəsinin yerləşdiyi Qusar rayonu öz gözəlliyi və inkişafı ilə fərqlənən rayonlarımızdan biridir. Aksiyanın 2-ci günündə şagirdlər şəhərin girəcəyindəki Dövlət Bayrağı Meydanından şəhərin ümumi möhtəşəm mənzərəsini seyr etdilər, fotoşəkillər çəkdirdilər. Daha sonra Zirvə oteldə, Şahdağ oteldə, Şahdağ Dağlıq Kurortunda yerləşən Park Chalet Şahdağ alp üslubunda dəbdəbəli otelində, Şeyx Cüneyd türbəsində, tarix-diyarşünaslıq muzeyində, rəsm qalerayasında, Heydər Əliyev Mərkəzində oldular.
        XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biri də Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsidir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası idi. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar öldürülmüş və Həzrə kəndində dəfn edilmişdir. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.
        Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulmuşdur. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırmış, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoymuşdur. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlamış, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilmiş və onları reallaşdırmışdır. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. Ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.
        Səfərin sonuncu günündə Xocalı məktəbliləri Xaçmaz rayonunda ağacəkmə kompaniyasında iştirak etdilər. Heydər Əliyev Mərkəzində, qəsm qalereyasında, Şəxsiyyətlər Muzeyində, Fəvvarələr Bağında, İncəsənət Mərkəzində, Dövlət Bayrağı Meydanında oldular. Xaçmaz parklar şəhəridir. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir.
Tur-aksiya iştirak edən şagirdlərin yaddaşında gördüyü yerlər, yeni qazandıqları dostlar onların əbədi yaddaşına həkk olacaqdır. Eyni zamanda şagirdlərə Vətən sevgisi aşılandı. Onlar müasir Azərbaycanın qurucusu ümumilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan dövlətinə və xalqına verdiyi töhfələri bir daha əyani olaraq şahidi oldular.
        Tur-aksiya iştirakçıları  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın təşkili üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
       Şagirdlərin arzusu bu oldu ki, Qarabağımızı, Xocalımızı və digər işğal olunmuş torpaqlarımızı düşmən tapdağından tezliklə azad edək. “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında respublikada təhsil alan şagirdlər Xocalı şəhərində qarşılansın.
Lamiyə Qarayeva, 
Xocalı rayon İH-nin başçısının müavini,
 İctami-siyasi və humanitar məsələlər
 şöbəsinin müdiri, (qrup rəhbəri)




















































Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi