Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdləri şahmat üzrə rayon birinciliyində yüksək nəticə əldə etdilər

        29.12.2017-ci il tarixdə Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı rayon 4 saylı tam orta məktəbin idman zalında şahmat üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirildi. 
        Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilən yarışda Xocalı rayon məktəbliləri iştirak etdilər. 
        Yarışın nəticəsinə əsasən, Əliyev Kənan Emin oğlu I yerə, Quliyeva Ləman Elnur qızı II yerə, Quliyeva Məryəm Elnur qızı III yerə sahib oldu. Qeyd edək ki, hər üç şagird Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdləridir.
        Sonda yarışın qaliblərinə Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərman və hədiyyələr verildi. 



Paylaşın:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

        Xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Xocalı rayon İHB-nın müavini Vahid Əliyev, müəssisə, idarə rəhbərləri və işçiləri, məktəbli şagirdlər iştirak etdilər.
        Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva hər iki əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi, onlara yeni ildə yeni - yeni nailiyyətlər, cansağlığı arzuladı.
        Xocalı rayon İHB-nın səlahiyyətlərini aparan Xocalı rayon İHB-nın müavini Vahid Əliyev çıxışında yola saldığımız ilin ölkəmiz və rayonumuz üçün uğurlu illərdən biri olduğunu vurğuladı. O, qeyd etdi ki, 2017-ci ildə iqtisadiyyatımızın inkişaf tempi qorunub saxlanıldı. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artdı.
       Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ən əlamətdar hadisələrdən biridir.
       Məcburi köçkünlər üçün yeni qəsəbələr istifadəyə verildi. Cocuq Mərcanlıda yeni tikinti işləri aparıldı.
        Ölkəmizdə bütün sahələrlə yanaşı, kənd təsərrüfatı da inkişaf etdirildi. Rayonumuzda baramaçılığın inkişaf etdirilməsi məqsədilə Aşağı Ağcakənd qəsəbəsində xüsusi ayrılmış sahədə əlavə 6500-ə qədər tut ağacı ağacı əkildi. Meşəli qəsəbəsinin əsas problemlərindən biri olan suvarma su sistemi öz həllini tapdı. Goranboy - Yuxarı Ağcakənd yolunda bərpa işləri yekunlaşdı.
        Vahid Əliyev xalqımızın həmrəy olmasının, Cənab Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyini nəzərə çatdırdı. Yeni ildə bayramlarımızı doğma torpaqlarımızda qeyd etməyimizi arzuladı.
        Tədbir Xocalı rayon mədəniyyət işçilərinin vətənpərvərlik ruhunda ifa etdiyi şən musiqi nömrələri ilə davam etdi. Məktəb şagirdlərinin hazırladıqları əyləncəli səhnəciklər tədbir iştirakçılarında xoş ovqat yaratdı.             
         Sonda Şaxta baba uşaqlara bayram hədiyyəsi payladı.
   
              














Paylaşın:

Kərkicahanın işğalından 26 il ötür

        28.12.2017 ci il tarixdə Kərkicahanın işğalının 26-cı ildönümü münasibətilə kərkicahanlıların müvəqqəti məskunlaşdığı Gəncə şəhərində fəaliyyət göstərən Kərkicahan qəsəbə klubunda tədbir keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Xocalı rayon İH-nin Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev, Kərkicahan qəsəbə sakinləri, məktəb şagirdləri iştirak etdilər.
        Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev bildirdi ki, şagirdlərə Kərkicahanın, eləcə də işğal olunmuş digər torpaqlarımızın coğrafi mövqeyi, təbiəti haqqında məlumatlar ancaq məktəblərdə öyrədilir. Şagirdlər bilməlidir ki, düşmənlərimiz ermənilər və onların havadarlarıdır.
        Bədxah qonuşularımız ermənilərin istəyi ilə SSR-i dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmirlərlə yandırılırdı. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum etməyə başladılar. Qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin qarşısını igidliklə ala bildilər. Kərkicahan camaatı heç bir zaman düşməndən qorxmayıb. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və sahibsiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab gətirə bilmədi. 
        Kərkicahan camaatı işğala qədər 34 nəfər şəhid verdi. İşğal günündən sonra da kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər.
        Bu gün nikbin danışmağa çoxlu əsasımız var. Aprel döyüşləri Azərbaycan xalqını əmin etdi ki, nəyin bahasına olursa-olsun işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edəcəyik.
        Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına 6 saylı Kərkicahan qəsəbə tam orta məktəbin direktoru Arzu Hacıyeva çıxışında Kərkicahan qadınlarının mərdliyindən söz açdı. O, vurğuladı ki, Kərkicahanın qadınları da, kişiləri qədər igidliklə düşmənlə mübarizə aparırdılar.
         Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Xocalı rayon İH-nin Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev çıxışında qeyd etdi ki, doğma yurd yerlərimizin işğal gününü yada salmaqla bərabər, tariximizə də nəzər salırıq. Kərkicahanlılar 4 il ermənilərlə döyüşdü, mərdliklə dayandı. Ona görə də kərkicahanlılar daim üzüağdır. 
        Şagirdlərimiz dədə-baba torpaqlarımız haqqında məlumatlandırılmalıdır. Onlar bilməlidir ki, tarixdə erməni adında millət olmayıb. 
        Vahid Əliyev nitqinin sonunda Ordumuzun qüdrətindən söz açaraq bildirdi ki, Azərbaycan Ordusu İslam dövlətləri içərisində 5-ci ən güclü orduya malikdir. Aprel döyüşlərində bütün dünya Ordumuzun qüdrətini, gücünü gördü. Artıq itirmək yox, qayıdış zamanıdır. 
        Sonda məktəbli şagirdlər vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər. 






Paylaşın:

Məktəblərarası voleybol yarışı keçirildi


        27.12.2017-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin idman zalında Kəlbəcər rayon 99 saylı tam orta məktəb, Başkənd kənd tam orta məktəb, Yaloba kənd tam orta məktəb və Kosalar kənd tam orta məktəbinin şagirdlərindən ibarət yığma komandalar arasında voleybol yarışı keçirildi.
        YAP Xocalı rayon Təşkilatı Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri Zülfü Quliyevin təşəbbüskarlığı ilə keçirilən yarış Cənab Prezidentimiz İlham Əliyevin doğum gününə və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmişdir. 
        Yarışın nəticəsinə əsasən, Yaloba kənd tam orta məktəbinin yığma komandası qalib olmuş və qalib komandaya voleybol topu hədiyyə verilmişdir. Yarışın əvvəlində və yekununda çıxış edən Zülfü Quliyev ölkəmizdə aparılan uğurlu dövlət gənclər siyasətindən, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin idmanın inkişafına, gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır. Azərbaycan gənclərini ölkəmizin inkişafı naminə həmrəyliyə çağırmışdır. 
        Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri Zülfü Quliyevin təşəbbüskarlığı keçirilən voleybol yarışları artıq ənənəvi hal almışdır. Şagirdlər təşkil edilən yarışa çox həvəslə qoşulurlar. Belə yarışlar şagirdlərdə idmana olan marağı artırır və onlarda idman mədəniyyətinin, vətənpərvərlik hisslərinin formalaşmasında əhəmiyyətli rol oynayır.






        
     
        
Paylaşın:

25 DEKABR AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI FÜZULİ RÜSTƏMOVUN DOĞUM GÜNÜDÜR

        Füzuli Rüstəmov Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhididir.
        Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır.
Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
        Subay idi.
        Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
        Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.
Paylaşın:

Sənin uğurların "Xocalının səsi" qəzetinin də uğurudur

        25 dekabrda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin nəticəsinə əsasən, "Xocalının səsi" qəzetinin redaktoru Quliyev Qalib Bəyməmməd oğlu Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması istiqamətində "Xocalıların sosial qayğılarını dövlətimiz və Prezidentimiz daim diqqətdə saxlayır" adlı yazısı ekspertlər tərəfindən III yerə layiq görülmüş və mükafatlandırılmışdır.
        Bu uğur rayonumuzun və "Xocalının səsi" qəzetinin də uğuru sayılır. Qeyd edək ki, 2015-ci ilin noyabr ayından rayonumuzun qəzetinə redaktor təyin edilən Qalib Bəyməmmədoğlu qəzetin səhifələrinin sayını 8 səhifəyə çatdırmış, qəzetin çap keyfiyyətini artırmağa müvəffəq olmuş və qəzetin internet ünvanı olan xocalininsesi.info saytını hazırlamışdır. Rayon tədbirlərini və qəzetdə gedən yazıları vaxtlı-vaxtında sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə çatdırır.
         Qalib müəllimi ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, o, bundan sonra da rayon mətbuatının inkişafına böyük töhfələr verəcək.
Paylaşın:

Meşəli kənd tam orta məktəbində "26 il Meşəlisiz" adlı tədbir keçirildi

        Xocalı rayon Meşəli kəndinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 26-cı ildönümündə Meşəli kənd tam orta məktəbində "26 il Meşəlisiz" adlı tədbir keçirildi.
        Tədbirdə Xocalı rayon İHB-nın müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov, Meşəlinin ziyalı övladı, "Qarabağa aparan yol" qəzetinin baş redaktoru Əli Mahmud, Meşəli kənd sakinləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
        Əvvəlcə Vətən torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
        Tədbiri giriş sözü il açan Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov bildridi ki, bu gün Meşəli kəndinin işğalından 26 il ötür. Meşəli kəndinə bir neçə dəfə hücum olunsa da, düşmənlərin qarşısı qətiyyətlə alındı. 15 dekabr 1991-ci ildə ilk olaraq Cəmilli kəndi işğal olundu. Növbə Meşəli kəndinin işğalı idi. 1991-ci il 23 dekabr saat 07:00 radələrində qəflətən hücuma keçən erməni və rus birləşmələri hər cür silahdan atəş açaraq dinc sakinləri qətlə yetirirdilər. Qeyri-barəbər qüvvələrin olmasına baxmayaraq, kəndin cəsur oğulları ermənilərin kəndə girməyinə imkan vermədilər. Bir neçə saat atışmadan sonra bizim silah-sursatımız qurtardı və kəndi tərk etmyə məcbur olduq. Ermənilər kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vururdular. Qaragav kəndi tərəfdən möhkəm durun köməyə gəlirik qışqırtıları gəldi. Kosalar döyüşçüləri, Xocalıdan Əlif Hacıyevin dəstəsi və Şuşadan "OMON" üzvləri köməyə çatdılar. Kəndi quldurlardan azad etdilər. Erməni quldurlarının Meşəli kəndinə təcavüzü nəticəsində 23 dekabr 1991-ci il tarixdə 28 nəfər şəhidimiz oldu.
        Meşəli kənd tam orta məktəbinin XI sinfində oxuyan Vəfa Nurməmmədova məruzə ilə Meşəli kəndinin coğrafi mövqeyi, füsunkar təbiəti, tarixi haqqında məlumat verdi.
        Sonra Meşəli kənd tam orta məktəbinin direkoru Alış Alışov və məktəbin tarix müəllimi Sabir Qasımov çıxışlarında vurğuladılar ki,  o vaxtkı hakimiyyətin səriştəsizliyindən, laqeydliyindən Meşəli faciəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımız işğala məruz qaldı. Xalqa dayaq olan rəhbərimiz olmadı. Ermənilərin törətdiyi vəhşiliklər mətbuatda işıqlandırılmırdı. Torpaqlarımıza hücum edən ermənilər təpədən-dırnağa sılahlandırılmışdı.
        Xocalı rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Səxavət Hüseynov Meşəli kəndində törədilmiş faciənin təəssüratlarını, hadisənin canlı şahidlərinın danışdıqlarından, danışdıqca onların səslərində açıq-aşkar bilinən hiss və həyəcanlarından duymaq olur. Səxavət Hüseynov çıxışının sonunda doğma torpaqlarımızı tezliklə düşmən tapdağından azad edəcəyimizə olan inamını vurğuladı.
        "Qarabağa aparan ol" qəzetinin baş redaktoru Əli Mahmud çıxışında düşmən üzərində qələbə çalmaq üçün bilikli, sağlam düşüncəli gənclərə ehtiyacımız oldğunu bildirdi. O, qeyd etdi ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün müasir informasiya texnologiyalarını və xarici dilləri şagirdlərimiz yaxşı mənimsəməlidir. Uşaqlar mill ruhda tərbiyə edilməlidir.
        Atanın, babanın uşaqlara ən böyük hədiyyəsi torpaq olmalıdır. Biz bu payı onlara verə bilmədik. Ona görə də bugünkü tədbirdə indiki nəsil önündə gözükölgəliyik.
        Yekun olaraq söz Xocalı rayon İHB-nın müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyevə verildi. Vahid Əliyev çıxışında bildirdi ki, əsrlər boyu Azərbayxan xalqının dinini, dilini, tarixini məhv etməyə çalışmışlar. Ancaq xalqımız müstəqillik yolunda öz əqidəsindən, iradəsindən dönmədi. Müstəqillik yolunda axıdılan qanlarımız hədər getmədi.
       Xain düşmənlərimiz Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım aktları keçirmişdir. Bu soyqırım aktlarından biri də Meşəli kəndində törədilmişdir.
        Erməni qəsbkarları tərəfindən doğmai yurd yerlərimizin işğal olunması ildönümünü orta məktəblərdə ona görə təşkil edirik ki, şagirdlər başımıza gətirilən müsibətlərdən xəbərdar olsunlar. Şagirdlər bütün dərslərini, o cümlədən tariximizi yaxşı oxumalıdırlar. Bizim ümidli gələcəyimiz savadlı gənclərdən asılıdır.
        Vahid Əliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqilliyimiz qorunub - saxlanılmışdır. Bu gün dövlətimiz etibarlı əllərdədir. Azərbaycan xalqı itirilmiş torpaqlarını mütləq bərpa edəcəkdir.
        Daha sonra məktəb şagirdləri Meşəli faciəsi haqqında və vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.
        Tədbirin sonunda 1991-ci ildə Meşəli faciəsindən bir müddət əvvəl Meşəlidə çəkilən videçarxdan fraqmentlər nümayiş etdirildi. Çəkiliş zamanı Meşəli sakinləri o vaxtkı səriştəsiz ölkə rəhbərliyindən kömək olunması istəyir.
        Tədbir doğma torpaqlarımızın düşmən tapdağından azad edəcəyimiz günün arzusu və ümidilə yekunlaşdı.
     







Paylaşın:

Meşəli şəhidləri - Quliyevlər ailəsi

        Xocalı rayon Meşəli kənd sakini, Meşəli faciəsində valideynlərini və iki qardaşını şəhid vermiş Quliyev İbrahim Qənimət oğlu ilə söhbətimiz Meşəli kəndinin işğalının 26-cı ildönümündən bir neçə gün əvvəl baş tutdu. İbrahim Quliyev hal-hazırda Goranboy rayonu Meşəli qəsəbəsində Meşəli kənd sakinləri üçün salınmış 100 evlik qəsəbədə məskunlaşıb. İbrahim kişi danışdıqca əzizlərini itirməyinin, doğma yurdundan ayrı düşməyinin verdiyi iztirabları duymaq mümkün olurdu. 
        Söhbət əsnasında Meşəlinin coğrafi mövqeyi, faciənin təəssüratları haqqında məlumatlar aldım. İbrahim Quliyev həmin vaxtlar Meşəli kənd orta məktəbində təsərrüfat müdiri işləyirmiş. Quliyevlər ailəsinin evi kəndin girəcəyində - düşmən hücuma keçdiyi tərəfdə yerləşirmiş. 
        İbrahim kişinin atası 1936-cı il təvəllüdlü Quliyev Qənimət Əli oğlu, anası 1936-cı il təvəllüdlü Quliyeva Rüba Hacı qızı, qardaşları 1963-ci il təvəllüdlü Mətləb və 1969-cu il təvəllüdlü İsmayıl Meşəli faciəsində şəhid olmuşlar. Quliyevlər ailəsinin yaşadığı evi erməni quldur dəstələri mühasirəyə alaraq atasını, anasını güllələyib, sonra da evi yandırmışlar.
        Qardaşı İsmayıl 1969-cu ildə Meşəli kəndində anadan olmuşdur. İsmayıl Meşəli kənd orta məktəbini bitirdikdən sonra, 1987-1989-cu illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra doğma yurdu Meşəli kəndinə qayıdır. Qeyrətli Vətən övladı mənfur erməni quldurlarına nifrət hissi bəsləyir, düşmənlərə qarşı mübarizədə öz əlindən gələnin artığını etməyə çalışırdı. İsmayıl Quliyev yerli Meşəli milis bölməsində işləməyə başlayır. 
        İsmayıl işlədiyi müddətdə qorxmazlığı və mərdliyi ilə Meşəli camaatının güvəndiyi igid el oğullarından biri olmuşdur. Düşmənin hücumları zamanı iki dəfə yaralanmasına baxmayaraq, o geriyə çəkilmədi. Onun iradəsi, döyüş əzmi, doğma torpağına və elinə-obasına olan bağlılığı bütün döyüş yoldaşlarına da ruhlandırırdı. 1991-ci il dekabr ayının 23-də erməni quldurlarının Meşəliyə hücumu zamanı İsmayıl son damla qanınadək düşmənlə mübarizə apardı. Bu döyüş İsmayılın son döyüşü oldu. Milis serjantı kənd əhalisinin böyük hissəsini, o cümlədən qadınları, qocaları və uşaqları xilas edərək qəhrəmancasına həlak olmuşdur. Həmin döyüşdə İsmayıl 15-dən artıq erməni quldurunu məhv etmişdi.               
        Müsahibim söhbətin əvvəlindən axırına qədər ümidlə danışaraq düşmən üzərində qələbə çalacağımızı əminliklə vurğuladı. Dövlətimizin məcburi köçkünlərə, şəhid ailələrinə götərdiyi diqqət və qayğıdan razılıq etdi. İbrahim Quliyev erməniləri terrorçu millət aldandırdı. O, bildirdi ki, düşmənin məkrli siyasətinə qarşı hər zaman ayıq-sayaq olmalıyıq.

 

                                          
Paylaşın:

"700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Xocalı rayon Təşkilatının üzvlərinin sayı qədər badam ağacı şitilləri əkildi

        15.12.2017-ci il tarixdə Xocalı rayon İH-nin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının təşəbbüsü ilə, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə "700 min ağac əkək" kampaniyası çərçivəsində Goranboy rayonunun Zeyvə kəndi yaxınlığında, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində 800 ədəd badam ağacı şitili əkildi. Əkilən badam ağacı şitillərinin sayı YAP Xocalı rayon Təşkilatının üzvlərinin sayı ilə eynidir.
        Ağacəkmə kampaniyasında YAP Xocalı rayon Təşkilatının sədri, Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Partiyanın üzvləri, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, müəssisə, idarə rəhbərləri və işçiləri iştirak etdilər.
        Əkilən badam ağacı şitillərinin mühafizəsini Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi öz öhdəliyinə götürüb.





Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi