BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Ocak 2017 Çarşamba

20 YANVAR FACİƏSİNİN ŞƏHİDLƏRİ XOCALI RAYON İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN DƏRİN EHTİRAMLA YAD EDİLDİ

Posted at  1/18/2017  |  in  

          18.01.2017-ci il tarixdə xocalı rayon Mədəniyyət evində "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda ümümrayon tədbiri keçirildi.
            Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları iştirak etdilər.
          Tədbir iştirakçıları əvvəlcə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Xocalı şəhidləri" abidəsini ziyarət edərək bütün şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq abidə önünə qərənfillər düzdülər.
           Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə Vətən torpağı uğrunda şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
           Xocalı rayon İH-nin başçısının müavini, ictmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva açıq elan edərək 20 Yanvar faciəsindən danışdı. O bildirdi ki, Sovet hakimiyyətinin 27 il öncə Bakıda törətdiyi faciə insanlığa qarşı törədilmiş ən ağır cinəyətlərdən biridir. Vətəninn müstəqilliyi uğrunda 100-dən çox azərbaycanlı canlarından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bildiyimiz kimi 1989-cu ilin sonu 1990-cı ilin əvvəlləri Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca çətin idi. O vaxtkı rəhbərlik ölkəni idarə edə bilmirdi.
           Sonra məruzə ilə çıxış etmək üçün söz Xocalı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ramiz Alıyevə verildi. Ramiz Alıyev çıxışında bildirdi ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və  azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.
1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.
Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.
“Şit” təşkilatı ekspertlərinin hesabatından:
Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannəməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq akt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq akt və 1975-ci ilin Avorpada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqalədə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-cı ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi ( 1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa muqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
20 yanvar hadisələrinə siyasi qiymət verilməsi
O zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcəvüzkar olan faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Daha sonra çıxış edən Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov bildirdi ki, 20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canından keçdilər. Həmin gün hər kəs ordu olmaq istəyirdi. İnsanlar şəhid olacaqlarını bilə-bilə tankın üzərinə gedirdilər. Biz Sovet ordusunu öz ordumuz kimi bilmişdik. Ancaq onların xəyanəti bizə bir daha başa saldı ki, hər xalqın öz ordusu olmalıdır. 366-cı alayın Xocalıda törədilən soyqırımda ermənilərə köməkliyi də buna bir nümunədir. Ulu Öndərimiz Heydər Əliyevin tarixi günlərimizi qeyd etməyimizi ona görə tapşırmışdır ki, biz həmin günləri qeyd etməklə yaddan çıxmasının qarşısını alaq. Başımıza gətirilən müsibətlərdən dərs çıxarmalıyıq. Bizim unutqan olmağa, tarixi faciələrimizi yaddan çıxarmağa mənəvi haqqımız yoxdur. Bayrağımızı, torpaqlarımızı, milli dəyərlərimizi sevməli və qorumalıyıq.
        Yekun olaraq söz rayonumuzun başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov qeyd etdi ki, hər hadisənin bir başvermə səbəbi və bəhanəsi var. Səbəb gizlədilirlər, bəhanələr ortaya atılır. Unutqan olmaq üçün əvvəlcə müxtəlif yollarla mühit yaradılır. Xalqın sözünü deyən mətbuat orqanları kəsilir, xalqın qeyrətli övladları məhv edilir. Beləliklə, faciəni törətmək üçün zəmin yaranmış olur. Belə ssenarilər Sovet hakimiyyəti illərində başımıza çox gətirilib. Bir şüarı səsləndirdiyimiz  o dövlətə inanmışdıq. Biz millətlər arasında fərq qoyulmağını istəməmişik. Ancaq bu gün dərk edirik ki, hər bir insan ilk növbədə öz ailəsini, millətini və dövlətini sevməlidir. Yeni nəsil arasında çox güclü vətənpərvərlik hissi formalaşmışdır. Bu müstəqil dövlətin müstəqil siyasəti nəticəsində olmuşdur. Ulu öndərimizin qurub-yaratdığı Azərbaycan Dövləti uğurlu şəkildə öz inkişaf yolunu davam etdirir. Keçməkeşli yolları hamımız görmüşük. Bu gün ölkəmizdə bu məsələlər yığışdırılıb. 20 Yanvar faciəsinin səhəri günü Bakıda olmuşdum. Həmin vaxtı xalqımızın milli birliyini görmüşdüm. Faciə Sovet hakimiyyətinə nifrət gətirdi.
        Aprel döyüşlərində xalqımızın birliyinin bir daha şahidi olduq. Azərbaycan xalqı pis gündə də, yaxşı gündə də həmrəy olmağı bacarır. Biz xocalılar faciə görmüşük, torpaqlarımızı itirmişik. Ancaq heç bir zaman ümidsiz olmamışıq. İnanırıq ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi və ordumuzla xalqın həmrəyliyi nəticəsində işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəsmi hissədən sonra bədii hissəyə yer verildi. Xocalı şəhər 1 saylı məktəbin şagirdlərinin və 1 saylı klubun iştirakı ilə bədii kompozisiya nümayiş etdirildi. 


















Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top