BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

8 Şubat 2017 Çarşamba

NAZİLƏ MƏMİŞOVA: “Meşədə qalıb soyuqdan donanların, əsir düşənlərin çəkdikləri işgəncələrin yanında mənim başıma gələnlər zərrə qədərdir”

Posted at  2/08/2017  |  in  Dağlıq Qarabağ münaqişəsi

        Xocalı soyqrımının canlı şahidi, şəhid ailəsi Məmişova Nazilə Talış qızından müsahibə alarkən erməni quldurlarının vəhşiliklərini, faciənin dəhşətini bir daha eşitmiş oldum.
        Nazilə Məmişova 1962-ci il iyul ayının 5-də Laçın rayonunun Bülövlük kəndində anadan olmuşdur. O, 1986-cı ildə ailə üzvləri ilə birgə Xocalıya köçmüşdür. Hal-hazırda Xocalı şəhər 1 saylı tam orta məktəbdə direktor müavini işləyir.
        - Nazilə müəllimə, Xocalı faciəsi haqqında hər birimiz əlimizdən gəldiyi qədər təbliğat  işləri aparmalıyıq. Faciənin dəhşətlərindən danışmalı, mətbuat orqanlarında yazmalıyıq. Xocalı soyqırımının canlı şahidi kimi sizdən faciə zamanı gördükləriniz haqqında məlumat verməyinizi xahiş edirəm.
        - Axşam saat on birin yarısı idi. Evimiz Xocalının yuxarı hissəsində, Noragux tərəfdə idi. Ermənilər yaxın idi. Xocalının igid oğlanları kimi qardaşım, yoldaşım da posta dayanmışdılar. Bibimgilin evi Ağdam - Əsgəran yolunun yanında idi. Onların evinə yığışmışdıq. Çox güclü atışma başladı. Köməksiz qalan Xocalı camaatı ayağıyalın, başıaçıq çöllərə qaçmağa başladılar. Yoldaşım, qardaşım şəhərin yuxarı hissəsində idi, onlar gəlib çıxmamışdılar. Ona görə anam, atam və balaca qızımla yoldaşımı gözləyirdik. Camaat xaos içərisində idi. Nə edəcəyimizi bilmirdik. Bir müddətdən sonra yoldaşımın səsini eşitdim, o qardaşımın gəlib - gəlmədiyini soruşurdu. Kim hara gəldi gedirdi. Artıq gördük ki, gözləməyin yeri yoxdur. Yoldaşım qızımı qucağına alaraq bizi şəhərdən çıxartdı. Anamı və məni belinə alaraq Qarqar çayından keçirdi.
        - Qızınızın neçə yaşı var idi?
        - Qızımın may ayında iki yaşı tamam oldu. Mən həmin vaxt ikinci uşağa hamilə idim.
        - Siz hansı isitqamətə üz tutdunuz? Sonrakı hadisələr necə baş verdi?
        - Kətik meşəsinə tərəf qaçdıq. Meşə adamlarla dolu idi. Milli Qəhrəman Aqil Quliyevi yaralı vəziyyətdə xərəkdə daşıyırdılar. Səhərə qədər meşə ilə yol getdik. Səhərə yaxın hava işıqlanarkən  Əsgəran - Naxçıvanlı yoluna çatdıq. Yoldan “UAZ” markalı erməni maşını gəlib keçdi. Camaatda belə bir fikir yarandı ki, maşındakılar bizi qırmaq üçün gedib xəbər verəcəklər. Oranı sürətlə keçdik. Yolu keçəndən sonra bir təpənin yanına çatdıq. Orada ermənilər bizi atəşə tutdular. Düşmən BTR-lə, iriçaplı silahlarla hər tərəfə güllə yağdırırdı. Biz təpənin o biri tərəfinə keçib gizləndik. Əlif Hacıyev və onun dəstəsinin üzvləri Ağdamla rabitə əlaqəsi saxlayaraq, kömək istədilər. Ancaq onların çağırışları cavabsız qalırdı. Qərara gəldilər ki, camaatı xilas etmək üçün tək yol düşmən mühasirəsinin yarılmasıdır. Mühasirə yarıldı. BTR-lə uşaqlı, qocalı, cavanlı hər kəsi qırırdılar. Hərə bir tərəfə pərən olmuşdu. Alagöz, çəhrayi sırğalı bir gəlinin kolun arxasında uzandığını gördüm. Əvvəlcə sağ olduğunu zənn etsəm də, sonradan onun öldürüldüyünü bildim. Arx kimi yarğan bir yerdən sürünə - sürünə Ağdama tərəf irəlilədik. Ermənilər hər tərəfdən bizi mühasirəyə almışdılar. Birdən gördüm ki, yuxarıda əli avtomatlı kimsə dayanıb. O gördü ki, biz dayandıq. Bizə qışqırdı ki, dayanmayın, gəlin keçin. Həmin şəxs İdris Hüseynov idi. Ermənilərin yaxınlaşdığını görüb səslənmişdi. Onlar da erməniləri atırdılar ki, bizə yaxınlaşa bilməsinlər. Həmin təhlükəli yeri keçdik. Oranı keçdikdən təxminən 5 dəqiqə sonra arxamızca gələn bibim oğlu Məzahir yaralandı, yoldaşı, əmim qızı başından və sinəsindən aldığı güllə yarasından şəhid oldu. Qızı və oğlu da yaralanmışdı.
Birtəhər Ağdamın Şelli kəndinə gəlib çatdıq. Yoldaşım və qızımla Şellidə görüşdük. Ancaq atam və qardaşım Xocalı faciəsinin qurbanı oldular.
        Atamı həmin o dəhşətli qarlı gecəsi don vurdu. Onu Ağdama xəstəxanaya gətirdilər. Ancaq həyatını xilas etmək mümkün olmadı. Ağdamın Şəhidlər Xiyabanında dəfn etdik. Atam Böyük Vətən Müharibəsi iştirakçısı idi. Xəstəxanada özünə gələrkən bacımın yanında həkimlərə deyib ki, 5 il müharibədə oldum, bu dəhşəti faşistlər tərəfindən görmədim. Qardaşım Şahin Sığorta idarəsində müfəttiş işləyirdi. İndiyədək ondan heç bir xəbər yoxdur. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nə müraciət etdiksə də bir xəbər ala bilmədik. Şahidlər deyir ki, qardaşımı Dəhraz kəndindəki fermada digər xocalılarla birlikdə əsir saxlayıblar. Əsirlərdən içərisində qardaşım da olmaqla 12 nəfər əsiri seçib aparıblar. Ondan sonra qardaşımı gördüm deyən olmayıb. İlyarım idi evlənmişdi. Yoldaşı İradə Maliyyə Kredit texnikumunda kitabxanaçı işləyirdi. İradə bacısı ilə birgə şəhid olmuşdu.
Xocalı faciəsində atam, gəlinimiz şəhid oldu, qardaşım itkin düşdü. Anam isə altı ildən sonra ağır
iztirablara dözə bilməyib dünyasını dəyişdi.
        - Köməksiz qalan camaatın təpədən - dırnağadək silahlanmış erməni quldurlarına qarşı mübarizəsinin şahidi olmusunuz. Bu haqda nə deyə bilərsiniz? 
        - O dəhşətləri yaşasam da, düşünürəm ki, meşədə qalıb soyuqdan donanların, əsir düşənlərin çəkdikləri işgəncələrin yanında mənim başıma gələnlər zərrə qədərdir. Ermənilərin məqsədi xalqımıza qarşı soyqırım törətməklə yanaşı, camaatın gözünü qırmaq idi. Ancaq silahsız, köməksiz xocalılar son damla qanına qədər azğın düşmənlə mübarizə apardılar.
        Xocalı faciəsindən 25 il ötməsinə baxmayaraq, mənə elə gəlir ki, qardaşım həmin yaşdadır və bir gün bizlərə qovuşacaqdır.
        Arzum budur ki, torpaqlarımızı düşmən tapdağından azad edək. Düşmənlərdən günahsız insanların qisası mütləq alınmalıdır.
        Biz xocalılar erməni quldurlarının vəhşiliklərini heç bir zaman unutmamalı və təbliğat işində gücümüz çatdığından artığını etməliyik. 
                                                                                                   Qalib BƏYMƏMMƏDOĞLU

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top