Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QARABAĞIN HƏCƏRİ

       Qarabağ müharibəsində xalqımızın mərd igid oğlanları ilə yanaşı, şücaət göstərmiş bir çox qadınlar da var. Belə qadınlardan biri də Kərkicahan qəsəbəsə sakini Bayramova Diləfruzdur. Həmsöhbətimlə görüşməzdən əvvəl onun haqqında çox müsbət fikirlər eşitdim. Hər kəs Diləfruz ananı cəsur, qorxmaz Azərbaycan qadını kimi dəyərləndirir. Diləfruz ana Qarabağ hadisələrində Kərkicahan əhalisinə mənəvi dayaq olmuş, düşmən qabağında aciz olmamaq üçün səsi ilə, fədakarlıqları ilə köməklik göstərmişdir. Qəsəbədə yerləşən özünümüdafiə batalyonunun əsgərlərinə yemək və ərzaq payı aparmış, onların geyimlərini ana qayğısı ilə yumuşdur. Onun qəsəbədə olması çoxları üçün təskinlik olmuşdur. Evləri erməni evlərinə qonşu olan Diləfruz xanım erməni qonşularının mənfur niyyətlərini müharibədən əvvəl biruzə  verdiklərini söylədi. 1988-ci il sentyabın 18-də ermənilər  ilk dəfə hücuma keçdilər. Diləfruz ana əlinə keçən daşları, dəmir parçalarını yığaraq ermənilərin qarşısını alan insanları soyuq silahla təmin etmişdir. Eyni zamanda haray səsi ilə əhaliyə ruh verib və onları mübariz olmağa çağırıb. Onun səsinə bütün kənd əhalisi yığışıb haya gələrmiş. Bütün Kərkicahan camaatı Diləfruz ananı qəhrəman ana kimi tanıyır.
       Kərkicahan özünümüdafiə dəstəsinin komandiri rəhmətlik İslam Quliyev onun zəhmətini yüksək dəyərləndirmiş, Diləfruz ananın mərdliyini, döyüşkənliyini öz əsgərlərinə örnək göstərmişdir. Erməni milisinin azərbaycanlılara etdiyi ləyaqətsizliyinə görə Azərbaycan çörəyini yeyib,  suyunu içib nankorluq edirsiniz deyərək  paqonlarını qopardıb üzünə çırpmışdır. Qorxu nədir bilməmiş və ən çətin yerlərə getmişdir.
       Diləfruz ananın həyat yoldaşı Allahverdi kişi şair təbiətli bir insandır. Onun Qarabağ həsrətli yazdığı şeirlər axıcılığı və təbiiliyi ilə seçilir.
       Bütün çətinliklərə baxmayaraq Diləfruz ananın ailəsi kənddən ən axırıncı çıxan ailə olub.
Qalib BƏYMƏMMƏDOĞLU
Paylaşın:

VAHİD ƏLİYEV: “KOSALAR KƏND SAKİNLƏRİ DÜŞMƏNƏ QARŞI MƏRDLİKLƏ VURUŞMAĞINA, SEÇKİLƏRDƏ YÜKSƏK FƏALLIĞINA GÖRƏ HƏR ZAMAN ÜZÜ AĞDIR, BAŞI UCADIR”

        20.04.2017-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin akt zalında Yeni
Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının Kəpəz rayon Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının hesabat yığıncağı keçirildi.
        Əvvəlcə qəsəbədə ucaldılmış "Xocalı soyqırımı" abidəsi önünə qərənfillər düzüldü, şəhidlərimizə Allahdan rəhmət diləndi.
        Hesabat yığıncağında YAP Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev, Yeni Azərbaycan Partiyası sıralarına qoşulan şəxslər və qəsəbə ziyalıları iştirak etdilər.
        Yığıncağa sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər diqqətə çatdırıldı. Gündəlikdə aşağıdakı məsələlər yer almışdı.
        1. Kəpəz rayon Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının hesabatı,
        2. Təşkilati məsələ, təşkilata sədr və müavinlərin seçilməsi,
        3. YAP Xocalı rayon Təşkilatının IX  konfransına nümayəndələrin seçilməsi.
        Kəpəz rayon Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri Zülfü Quliyev məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi naminə fəaliyyətindən, ərazi ilk partiya təşkilatının gördüyü işlərdən, referendum seçkilərində qəsəbə sakinlərinin fəallığından söhbət açdı. Natiq qeyd etdi ki, YAP Xocalı rayon Təşkilatının Kəpəz rayon Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatı 1995-ci ildən fəaliyyətə başladığı dövrdən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu gün təşkilatımızın 116 üzvü var. Son iki ildə 25 nəfər üzv qəbul edilib ki, onların 12 nəfəri gənclərdir. Zülfü Quliyev bildirdi ki, təbliğat-təşviqat kampaniyalarında qəsəbədə fəaliyyət göstərən müəssisə, idarə rəhbərləri və işçiləri fəallıq göstərdilər. O, fikirlərinə əlavə etdi ki, partiyadan xaricolma halları olmamışdır. Ölkəmizdə keçirilmiş 06 noyabr 2015-ci il Parlament seçkilərində və 26 sentyabr 2016-cı il Referendum zamanı həmişə olduğu kimi təşkilatımızın üzvləri istər təbliğat - təşviqat prosesində, istərsə də seçki günlərində çox böyük aktivlik göstərmişdir.
         Biz hər zaman dövlətimizi, Prezidentimizi dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Aprel döyüşlərində ordumuzun şanlı qələbəsi, Cocuq Mərcanlıda “Böyük Qayıdış” layihəsinin təməli bizə inam verir ki, tezliklə düşmən tapdağında qalan torpaqlarımızı azad edəcəyik.
        Məruzə ətrafında çıxışlarda  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası sıralarına qatılmağın qürurverici olduğu bildirildi.  Zülfü Quliyevin sədrliyi ilə təşkilatın fəaliyyətinə müsbət qiymət verildi. Zülfü müəllimin savadlı, bacarıqlı nümunəvi rəhbər işçisi olduğu vurğulandı. Təşkilatın sədri vəzifəsinə Zülfü Quliyevin namizədliyini bir daha irəli sürüldü.
        Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev çıxışında bildirdi ki, partiyanın rayonumuzda 14 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Yeni Azərbaycan partiyasının yaradıcısı olan ulu öndər Heydər Əliyev ölkəni vətəndaşlıq müharibəsi təhlükəsindən, kağız üzərində olan müstəqilliyi məhv olmaqdan qurtardı. Heydər Əliyev az müddət ərzində nəyə qadir olduğunu göstərdi. O, xalqın ümid yeri idi. Azərbaycan üçün ən dəyərli nemət olan müstəqilliyi məhz Heydər Əliyev bizlərə bəxş etdi. Gələcək nəsillər  müstəqilliyimizin memarı olan ümummilli liderimiz Heydər Əliyevə daim rəhmət oxuyacaqlar.
          Kosalar kənd sakinləri müharibə dövründə düşmənə qarşı mərdliklə döyüşmüşdür. Bütün seçkilərdə dövlətimizə və ölkə rəhbərinə öz sadiqliyini nümayiş etdirir, fəallığı ilə seçilir. Ona görə də hər zaman bu kəndin camaatının üzü ağdır, başı ucadır.
        Biz siyasi fəallığımızı artırmaqla bərabər, düzgün əqidə sahibi olmalıyıq.
        Sonda Kəpəz rayon Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatına 5 nəfər idarə heyəti və konfrans nümayəndələri seçildi.
        Yığıncaq xoş ovqatla başa çatdı.
“XOCALININ SƏSİ”




Paylaşın:

80 ilə bərabər 8 günlük əsirlik

            Xocalı faciəsinin canlı şahidi, ailə üzvləri ilə birgə 8 gün erməni quldurlarınının əsiri olan, ağır işgəncələr görmüş Yaşar Əliməmmədov Şahmalı oğlundan aldığım müsahibəni oxucuların diqqətinə çatdırıram.
            -Yaşar müəllim, erməni vəhşiliklərini, başımıza gətirilən dəhşətləri gözlərinizlə görmüş Xocalı sakini kimi sizdən Xocalı facəisinin təəssüratlarını eşitmək, "Xocalının səsi" qəzetində oxucuların diqqətinə çatdırmaq və mümkün qədər yaymaq fikrindəyik. Xahiş edirəm, sizin üçün çox çətin olsa da həmin günləri bir daha yad edək.
            - Xocalıda əminamanlıq içərisində yaşayardıq. Heç birimizin ağlına gəlməzdi ki, bu gün bu acı müsubətlər başımıza gələr, nankor ermənilər azərbaycanlılara qarşı yer üzərində görünməmiş faciələr törədərlər.
            1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə postda idim. Aeroport tərəfdə atışma başladı. Erməni quldurları hər tərəfdən şəhəri mühasirəyə aldılar. Bütün evləri yandıra-yandıra gəlirdilər. Kömək gəlməmişdi. Təşviş içində qalan əhali gizli yollarla şəhərdən çıxmaq məcburiyyətində qaldı. Yoldaşım, atam, 6 yaşlı oğlumla birgə Qarqar çayına tərəf endik. Camaat Kətik və Gen dərə deyilən istiqamətində qaçırdılar. Biz Gen dərənin şiş təpəsinə çatanda erməni postuna rast gəldik. Ermənilər atəş açdılar. Ölən öldü, sağ və yaralı qalanlar hərə bir tərəfə qaçdı. Qarın içində uzanıb gizləndik ki, güllələr bizə dəyməsin. Aradan 10 dəqiqə keçəndən sonra başımızı qaldırdıq ki, nə yoldaşım, nə oğlum, nə də ki, qardaşım var, heç kim yoxdur. Rəhmətlik Faiq qardaşımı çağırdım, səs vermədi. Mənim səsimə bir də atəş açdılar. Atəş açılanda qaynanam, Həsənova Xuraman və 2 uşağı ilə Həsənabad istiqamətində təzədən qaçdıq. Xocalı camaatından 200-250 nəfər Dəhraz tərəfdən keçib Abdalgülablıya-Ağdama getmək istəyən qaçqınlarla rastlaşdıq. Mənim yanımdakılar da onlara qoşuldular. Mən qayıtdım qardaşımı itirdiyim yerə ki, görüm qardaşımı, oğlumu, yoldaşımı tapa bilərəmmi. Mən də Şelli istiqəmətində getdim. Orada Zahid adında polislə, Nadirlə, nağaraçı Vəliyəddinlə, Nadir və qucağında 2 yaşlı uşaqla rastlaşdım. Yeriyə bilmirdilər. Zahidi sürüyə-sürüyə irəlilədik. Bunlardan ailə üzvlərimi soruşdum görmədiklərini dedilər. Biz yığışdıq meşə ilə getdik; meşədən çıxanda gördük ki, Dəhraz adında ermənilərin kompakt yaşadığı kənddəyik. Bir erməni qadını bizi gördü torkerin, torkerin deyə qışqırdı. Geri istiqamətdə qayıtdıq. Zahidi apara bilmədik, hamımız ac, susuz, yorğun idik. İtburnu meyvəsi, qar yeyirdik. Orada Məmmədov Kamil Əmr oğlunu gördük. O qarın içində taqətsiz qalmışdı. Uşaqlar birdən qışqırdı ki, erməni gəlir. Baxdıq ki, gələn ayağıyalın, başıaçıq həyat yoldaşımdır. O mənim hərəkət istiqamətimi öyrənib, izimizlə gəlib. Belimdəki şalı açıb ayağına bağladım. Səhərə kimi bir qayanın dibində gizləndik. Səhər açıldı. Durduq ki, ətrafımızda ayaq izləri var. Hərəkət edəndə qayanın başından bizi 2 nəfər çağırdı. İrəliləyəndə atəş açıldı. Qaçıb girdik meşəyə. Azərbaycanca dedilər ki, sizə dəyməyəcəyik, aparıb Ağdamda ermənilərlə dəyişəcəyik. Qorxduq çıxmadıq, erməni quldurları bizi özləri ağ paltarlarda gəlib tutdular. Bizi aparıb mal tövləsinə yığdılar. Üzərimizdə olan pul, zinət əşyalarını çıxartdılar. Sonra bizi Pircamal kəndinə apardılar. 400-500 Xocalı sakinini mal tövləsinə yığmışdılar. Onların içərisində qardaşım Faiq, oğlum Sirac, qaynatam Cəmil kişi, qohum-qonşular da var idi. Erməni qaniçənləri günahsız, çarəsiz insanlara amansız işgəncələr verirdilər. Kimin adamı ölmüşdü kəlpətin, bel, lom, mismar, mantirovka ilə vurur, təpikləyir, yerlərdə sürüyürdülər. İstədiklərini döyə-döyə öldürür,  güllələyirdilər. Qızıl dişləri olanların dişlərini kəlpətinlə çıxardırdılar. Sonra Namiq qardaşımı da gətirdilər. Bir müddətdən sonra Namiqi, Kamil Məmmədovu, bir neçə Mehseti türkünü götürüb apardılar. Onlardan indi də xəbər yoxdur.
            - Siz özünüz hansı işgəncələrə məruz qalmısınız?
            Burnumu avtomatın qundağı ilə dağıtdılar. Qoluma dəmir parçası ilə damğa çəkdilər. Qabırğalarımı, çiyinlərimi, barmaqlarımı qırıq-qırıq etdilər. Hər gün hamımıza 3-4 dəfə ağır və cürbəcür işgəncə verirdilər. Cəmi 8 gün əsir qaldım. Ancaq 8 günlük əsirliyim mənə 8 ilə bərabərdir. İki qardaşım şəhid oldu. Qardaşım Faiqin meyidini atam alıb Ağdamda dəfn edib. Qardaşım Namiqdən indiyədək bir xəbər yoxdur. Axşam başımı oğlumun dizinə qoydum. Səhərə kimi ağrıdan qışqırmışam. Sanki həmin gecə qardaşım Vəliyəddini öldürməkləri mənə əyan olmuşdu.  
Balasanyan Vitali məni öldürməyə qoymadı. Dedi ki, bunu aparıb əsir ermənilərlə dəyişəcəyəm. Orta məktəbdə Əsgəranda futbol, voleybol oynayanda onu görmüşdüm. O, Əsgəran zonasının komandiri imiş. İçəri girib mənim yeriyə biləcəyimi soruşdu. 20 nəfər əsiri maşına yığıb Ağdam zonasına gətirdilər. Bizi siqaretlə, benzinlə dəyişdilər.
            - Yaşar müəllim, erməni vəhşiliklərini, erməni xislətini öz gözünüzlə görmüş Xocalı sakini kimi indiki nəsilə düşmənizi tanıtmaq, tədbirli olmaq üçün hansı nəsihətləri verərdiniz?
            Mənim 60 yaşım var. Əlim silah tutur. Həyatda ən böyük arzum düşməndən qisas almaqdır. İstəyirəm doğulub, boya-başa çatdığım, bulaqlarından içdiyim, meşələrində gəzdiyim Xocalıya-Qarabağa qayıdaq. Tez-tez o yerlər xəyalımdan keçir.
            Bizi Xankəndinə aparanda oğlum soruşdu ki, ata, evə gedirik? Çox kövrəldim, məni ağlamaq tutdu. Samuel adında erməni mənə dedi ki, Yaşar pis olma evə gedəcəksən ancaq, turist kimi. Həmin zaman Şuşa, Laçın, Kəlbəcər hələ işğal olunmamışdı. Demək ki, bu ssenari idi. Ermənilər ruslardan aldığı köməyə görə arxayın idilər. Bizi buraxanda həmin Samuel yenə orada idi. O mənə erməni dilində dedi ki, Yaşar ev tikəndə Kürdən o tərəfdə tik. Onların xülyası var, Kürədək, Arzaboyu "Böyük Ermənistan" torpaqları olduğunu iddia edirlər. Ermənilərin riyakarlığı, xainliyi, bizim xalqa qarşı düşmənçiliyi heç bir zaman bitməyəcəkdir. Onların boş xülyası gerçəkləşməyəcəkdir. Düşmənimizn riyakarlığı, hiyləgərliyi, həyasızlığı məlumdur. Ancaq düşməni zəif bilmək yaxşı əlamət deyil. Odur ki, biz daim mübariz olmalı və hər cür təxtirabata gözü açıq olmalıyıq. Ermənilərin törətdiyi vəhşilikləri, Azərbaycan torpaqlarına sonradan gəlib göz dikmələrini dünyanın diqqətinə çatdırmalıyıq.
            - Müsahibə üçün təşəkkür edirəm. Vətən torpaqları uğrunda şəhid düşmüş bütün soydaşlarımıza Allah rəhmət eləsin!
            Amin!
                                                                                                           Qalib Bəyməmmədoğlu
Paylaşın:

FACİƏNİN ŞAHİDLƏRİ BELƏ DEYİRLƏR

 - Onlar yaralıları güllələyirlər, BTR-lər isə meyitlərin üstüylə irəliləyirdi.
-  Çoxları heç qaçıb meşəyə də çata bilmədi.
- Heç macal tapıb əynimizə qalın paltar geyinə bilmədik, elə o cür çaya tərəf qaçmağa başladıq, çayın dayaz yerindən keçib dizə qədər su içində meşəyə üz tutduq.
- 366-cı alayın zabitlərinin çoxu, praporşiklərin demək olar ki, hamısı, əsgərlərin bir hissəsi  ermənilər idi.
- Əli silah tutan, demək olar ki, bütün kişilər düşmənin birinci, ən dəhşətli həmləsini dəf etməyə çalışdı.
- Kiminsə bizim taleyimiz haqda fikirləşdiyi, bizim taleyimizin kimisə narahat edib-etmədiyi aydın deyildi.
- Quldurlar heç kəsə rəhm etmirdilər - qocaları, qadınları və uşaqları öldürürdülər.
- Bu vəhşilik unudulan və yaddan çıxan deyil.

Paylaşın:

APREL DÖYÜŞLƏRİNİN XOCALI ƏSİLLİ ŞƏHİDİ SARVAN MEHRALIYEVİN ANIM MƏRASİMİ KEÇİRİLDİ

        Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüş keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdi ki, bir il bundan əvvəl işğalçı Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu…Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirdi və düşmənə sarsıdıcı zərbələr endirdi. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.
        Aprel döyüşlərini bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandıran ölkə başçısı aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağının dalğalandığını vurğulamışdır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sarvan Mehralıyevin böyüyüb boya-başa çatdığı Pirallahı rayonunda anım mərasimi keçirilib.
        Pirallahı rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni və əsgər marşı səsləndirilib. Geniş izdihamlı mitinqlə başlayan mərasimdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov,  Milli Məclisin deputatları Elman Məmmədov və Xanhüseyn Kazımlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, digər rəsmi şəxslər, Pirallahı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər, şəhid Sarvan Mehralıyevi dərin hüznlə anıblar.
        Mitinqdə çıxış edən Şahmar Usubov, Vasif İmanov, Bayram Səfərov,  Rasim Əliyev, polkovnik Abdulla Qurbani və digərləri Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açıblar. Bildirilib ki, canları, qanları hesabına Azərbaycana azadlıq, müstəqillik qazandıran ataların və babaların qəhrəmanlıq yolunu davam etdirən Sarvan məktəbin bütün tədbirlərində fəal iştirak edən intizamlı bir şagird, hər an ehtiyac duyana köməyə gəlməyə hazır olan etibarlı dost, bir çox yarışlarda uğur qazanan məharətli idmançı, Vətəni böyük məhəbbətlə sevən igid gənc olub.

        Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri, əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşan Mehralıyev Sarvan Natiq oğlu 1997-ci il iyulun 8-də anadan olub. Qardaşı Namiqlə birgə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi
tərəfindən 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb, hər ikisi cəbhə xəttindəki “N” saylı hərbi hissəsində xidmətə başlayıblar. Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olub. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
         Bildirilib ki, aprel döyüşlərində ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır. Mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülüb. Əgər erməni faşistləri danışıqlar yolu ilə könüllü surətdə işğal etdikləri əraziləri tərk etməsələr, Azərbaycan Ordusu yeni-yeni Lələtəpə, Bayraqtəpə əməliyyatlarını həyata keçirməyə hər an hazırdır.
        Şəhidin anası Xatirə xanım şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sarvanın tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu söyləyib.
        Şəhidin qardaşı Namiq Mehralıyev Ali Baş Komandanın əmri olarsa, Sarvanın qəhrəmanlığını təkrarlamağa hazır olduğunu deyib, bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, Vətəni Sarvan kimi sevməyə, ali məqsədlər, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağırıb.
Mitinqin sonunda polkovnik Abdulla Qurbani Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nəşr olunan “Lələtəpə fatehləri” kitabının ilk nüsxəsini şəhid anası Xatirə xanıma hədiyyə edib.
        Anım mərasimi şəhidin ruhuna dualar oxunması və ehsan süfrəsi ilə başa çatıb.
        Şəhidimizin anım günündə Xocalı və  Ağdam rayonunun ictimaiyyət nümyandələrinin iştirakı ilə şəhid Sarvan Mehralıyevin anadan olduğu Ağdam rayonunun Ballar kəndində şəhidin məzarı ziyarət edildi. Şəhidimizin ruhuna ehtiram əlaməti olaraq məzarı önünə tər çiçəklər düzüldü, ruhuna dualar oxundu. Vətənpərvər gənc, əsl döyüşçü timsalı olan Sarvana Mehralıyevə  Allahdan rəhmət diləndi. Şəhidimizin doğulduğu Ballar kəndində onun müqəddəs ruhuna ehsan süfrəsi açılıdı.
                                                                                                                                                                                         “XOCALININ SƏSİ”
Paylaşın:

Ən çox oxunan

Blog Arşivi