Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı abidələri saxta erməni tarixinin ifşasında tutarlı mənbədir

        25 il bundan öncə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı təkcə soyqırımı aktı həyata keçirilməyib, həm də bu ərazinin qədim tarixini özündə yaşadan çoxlu sayda tarixi abidələr, maddi-mədəniyyət nümunələri vəhşicəsinə məhv edilib. İndi işğal altında olan digər yurd yerlərimiz kimi, Xocalı abidələrinin mövcudluğu və onların son vəziyyəti hamımıza naməlum olaraq qalmaqdadır.
        Rayondakı ən qədim abidələr Azərbaycan tarixində Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınır. Memarlıq abidələri içərisində son Tunc və İlk Dəmir dövrünə aid nekropol, Kurqan çölü şəhərin ərazisində yerləşməklə yanaşı, eramızdan əvvəl XIII-VII əsrlərin Xocalı-Gədəbəy mədəniyyətinin ilk nümunələrini təşkil edir. Tədqiqatçılar tərəfindən Xocalıdakı tarixi mədəniyyət abidələri araşdırılan zaman onların daha çox yığcam ərazidə kompleks şəkildə yerləşməsi, həmçinin bu abidələrin fərqli xüsusiyyətlərinin olduğu müəyyənləşib. Məlum olub ki, Xocalı abidələrini başqalarından fərqləndirən xüsusiyyət onların tipoloji müxtəlifliyidir. Arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri isə zənginliyi və qeyri-adiliyi ilə seçilir.
Xocalıdakı abidələr kompleksi Qafqazın eyni dövrə aid digər abidələrinin xronoloji çərçivəsinin dəqiqləşdirilməsi üçün etalon rolunu oynayıb. Eramızdan əvvəl II-I minillikləri əhatə edən Xocalı abidələr kompleksinin ətrafı müdafiə divarları ilə möhkəmləndirilib, yaşayış yerlərindən, istehsal ocaqlarından, siklop tikililərdən, kurqan, daş qutu və torpaq qəbirlərdən ibarət olub. Tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin eramızdan əvvəl XIV əsrdən başlayaraq VII əsrə qədər üç inkişaf
mərhələsi keçdiyini müəyyən ediblər. Ən böyük memarlıq abidələrindən olan və silsilə şəkilli hündür torpaq təpə qəbirlərdən ibarət Kurqanlar çölü Xocalı şəhərindən Xankəndi şəhəri istiqamətində yerləşib. Kurqanların tədqiqi nəticəsində məlum olub ki, həmin dövrdə Qarabağ əhalisinin həyatında sənətkarlığın iki böyük sahəsi - dulusçuluq və metalişləmə mühüm yer tutub.
        Həmçinin Xocalıdan Kətik meşəsi, Qarqar
çayı istiqamətində Çınqıl çölü adlanan yerdə Son Tunc, İlk Dəmir dövrünə aid arxeoloji abidələr aşkar edilmişdi. Bu abidələr isə daş qutu qəbirlərdən, kurqanlardan ibarət olub. Müxtəlif vaxtlarda yadellilər tərəfindən həmin daş qutularda axtarışlar aparılan zaman oradan tuncdan hazırlanmış döyüş silahları və bəzək əşyaları tapılıb. Ermənilər bu abidələri də tar-mar edib, dağıdıblar.
        Xocalı ərazisində qeydə alınan ən böyük tarixi abidə isə Əsgəran qalasıdır. İki istehkamdan
ibarət bu qala XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən düşmənlərdən müdafiə məqsədilə tikilib. Qala strateji yerdə tikilməklə yanaşı, Qarqar çayının sağ və sol sahillərini, eləcə də Boz-dağla Kətik meşəsini bir-biri ilə bağlayıb. Birinci Rusiya-İran müharibəsi zamanı (1804-1813-cü illər) rus qoşunlarının düşərgəsi Əsgəran qalasının yaxınlığında yerləşib. Onların arasında sülh müqaviləsi də 1810-ci ildə bu qalada bağlanıb.
        Kim bilir indi bu məkanlar, tarixi abidələr hansı vəziyyətdədir. Azərbaycan abidələrindən özlərinə saxta tarix düzəldən ermənilər Xocalının maddi-mədəni irsini də özünküləşdirir, digər xalqların hesabına tarixlərini zənginləşdirirlər. Lakin saxta, yalan məlumatlar üzərində qurulan tarix gec-tez üzə çıxır. Xocalı abidələri də saxta erməni tarixinin ifşasında tutarlı mənbədir.
Lamiyə QARAYEVA,
Xocalı rayon İHB-nın müavini, 
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Paylaşın:

“ƏBƏDİYAŞAR VƏTƏN OĞLU...”

        “Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır” 
Heydər Əliyev, 
Azərbaycan xalqının Milli Lideri
        Əsrlər boyu Vətənimizin qeyrətli oğulları silaha sarılaraq yadelli işğalçılara qarşı vuruşmuş və torpaqlarımızı gözbəbəyi kimi qorumuşlar. Keçən əsrin sonlarında faşist erməni cəlladlarının torpaqlarımıza başlayan təcavüzü ölkəmizin vətənpərvər oğullarını yenidən ayağa qaldırdı. Cəsarəti, döyüşkənliyi və qəhrəmanlıqları ilə düşmənə göz dağı olan bu oğulların bir çoxu müqəddəs Vətən
torpaqları uğrunda əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə ucaldı. Belə igid oğullarımızdan biri də Daxili Qoşunların hərbi qulluqçusu, şəhid silahdaşımız Vüqar Abutalıbovdur.  
        Əsgər Vüqar Elman oğlu Abutalıbov 1973-cü il mart ayının 25-də Kəlbəcər rayonunun Təkəqaya kəndində zəhmətkeş ailəsində anadan olub. Atası Elman kişinin və Səringül ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 5 övladdan (Vüqar, Namiq, İlhamə, Təranə və Niyaməddin) biri, eyni zamanda ailənin ilki və ən sevimlisi idi Vüqar. İbtidai təhsilini doğma Təkəqaya kənd məktəbində almış, 1985-ci ildən isə Xanlar rayon (indiki Göygöl – A.Ə.) Bəhrambəy kənd məktəbində natamam orta təhsilini davam etdirmişdir. Bu məktəbdə təhsil aldığı illərdə xoş xasiyyəti, nümunəvi davranışı və yaxşı oxumağı ilə müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdı. Vüqarın ən çox sevdiyi fənn isə riyaziyyat idi. Məhz bu baxımdan ən böyük arzusu riyaziyyatçı olmaq idi. Rayon məktəbləri arasında təşkil edilən bilik yarışlarında və olimpiadalarda fəal iştirak etmiş,  dəfələrlə fərqlənmişdi.
        Bəhrambəy kənd məktəbində oxuyarkən Vüqara dərs demiş ingilis dili müəlliməsi Məhluqə Məmmədova Vətən yolunda şəhid olmuş igid oğullarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını deyir:
        “...1985-1993-cü illərdə Bəhrambəy kənd məktəbində təyinatla xarici dil müəllimi işləmişəm. Vüqar Abutalıbovun sinif rəhbəri olmuşam. Vüqar çox sevdiyim və dəyər verdiyim şagirdlərimdən olub. Çalışqan, ağıllı, tərbiyəli uşaq idi. Gözəl arzuları var idi...Şəhid olduğunu biləndə ürəyim qana döndü... İllər sonra qonşuluğa təzə bir ailə köçdü və öyrəndim ki, Vüqarın bacısının ailəsidir. İnanın ki, hər dəfə o evin qarşısından keçəndə o balaca, qarabuğdayı, sevimli Vüqarı xatırlayıram və məni qəhər boğur... Ruhun qarşısında baş əyirəm, əziz Vüqar!
        Bu gün Vüqar kimi qəhrəman oğullarımızın şərəfli ömür yolu gələcəyimiz olan gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir”.
        1989-cu ildə 9-10-cu sinfi oxumaq və tam orta təhsilini başa vurmaq məqsədilə yenidən Kəlbəcərin Təkəqaya kəndinə qayıdan Vüqar 1991-ci ildə rayonun Lev kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir (Lev kənd orta məktəbində oxuyarkən sinif yoldaşları ilə birgə çəkdirdiyi fotoşəkildə Vüqar öndə, oturmuş vəziyyətdə sağdan ikinci, onun sağında-mərkəzdə dayanan isə Kəlbəcər rayonunun işğalı zamanı düşmən gülləsinə tuş gələrək şəhid olmuş dayısı oğlu Aqil İsayevdir).
        Vüqarın yeniyetməlik və gənclik çağları ölkə tarixinin ən təlatümlü bir dövrünə təsadüf edir. Qaniçən erməni cəlladlarının müqəddəs torpaqlarımıza təcavüzü fonunda ölkədə baş verən proseslər təbii ki, gənc nəslin formalaşan dünyagörüşündə və psixologiyasında vətənpərvərlik ruhunun yüksəlməsi və düşmənə nifrət hissinin daha da alovlanmasına zəmin yaradırdı. Məhz buna görə də tariximizə qanlı hərflərlə yazılmış “20 Yanvar”, “Xocalı soyqırımı” və digər dəhşətli hadisələr gənc Vüqarın düşmənə nifrət hissini aşıb-daşdırırdı...
        Beləliklə, 1992-ci il aprelin 23-də Xanlar RHK tərəfindən hərbi xidmətə çağırılan V.Abutalıbov Vətənə müqəddəs borcunu Daxili Qoşunların sıralarında şərəflə yerinə yetirməyə başlayır. Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Vüqar qısa bir zamanda yoldaşlarının hörmət və etibarını qazanmağa nail olur.
        Vüqara məxsus olan sənədləri gözdən keçirir, burada gənc əsgərlərin təlim kursunda olarkən ailəsinə yazmış olduğu məktublarını oxuyuram. Onun mərd, vətənpərvər bir döyüşçü, eyni zamanda ailəsinə son dərəcə bağlı insan olmasını hər iki məktubundan da görmək mümkündür. Belə ki, vəziyyətinin yaxşı və hər hansı bir çətinliyinin olmadığını bildirən Vüqar əsas narahatçılığının məhz ailəsindən olduğunu qeyd etmişdir: “... Əvvəla salamlarım daimidir, sizin gülər üzünüzə. Salamdan sonra mənim vəziyyətimi bilmək istəsəniz, mənim vəziyyətim yaxşıdır. Yazın görüm sizin vəziyyətiniz necədir? Biz indi burada Bakıda, lap mərkəzdə karantindəyik. Bizim hərbi hissəmiz Montində yerləşir. Hələlik bizi heç yerə buraxmırlar...
        Daha nə yazım? Sizin sağlığınız. Tezliklə cavab yazın.
Məndən salam söyləyin, məktubu oxuyanda eşidənlərə...”.
Bu hərbi hissədə bir müddət təlim keçdikdən sonra Ağdam rayonuna-döyüş bölgəsinə ezam olunur.
Vüqar Ağdam rayonu ərazisindəki bir sıra kəndlərin, eləcə də yüksəkliklərin müdafiəsi və azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı fəallıq nümayiş etdirmiş, igidlik və şücaət göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək keyfiyyətlə yerinə yetirmişdir.
        17 iyun 1993-cü il. Ağdam rayonunun Kürdlər kəndinin müdafiəsi uğrunda gedən döyüş Vüqarın son döyüşü oldu... Bu döyüşdə qəhrəmancasına vuruşaraq onlarla erməni yaraqlısının başına od-alov yağdıran cəsur silahdaşımız sonda düşmən mərmisinə tuş gələrək, əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir...
        Müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda canını qurban verən əsgər Vüqar Abutalıbov Göygöl rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi...
Vüqarın döyüşçü yoldaşları onun müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Göygöl rayonu, Quşqara kənd sakini, vaxtilə sıravi hərbi qulluqçu kimi şəhid silahdaşımızla birgə hərbi əməliyyatlarda fəal iştirak etmiş Qaməddin Atakişiyev (hazırda Daxili Qoşunların veteranı, ehtiyatda olan baş gizir - A.Ə.) cəsur döyüşçü ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi: “Vüqarı çox yaxşı tanıyırdım. Xanlar Rayon Hərbi Komissarlığı tərəfindən onunla eyni gündə həqiqi hərbi xidmətə çağırılmışdıq. İkimiz də Daxili Qoşunların sıralarında, mərhum zabit Azad Bağırzadənin komandiri olduğu bölükdə hərbi xidmətə başlamışdıq. Xasiyyətcə çox mehriban, mülayim, dostcanlı bir insan idi. Eyni zamanda mərd, qorxubilməz döyüşçü idi. Qəlbində düşmənə qarşı böyük nifrət hissi var idi. Ən çətin tapşırıqların öhdəsindən məharətlə gəlirdi. Ona görə də hamı onun xətrini çox istəyirdi...
        Mən Qarabağa Vüqardan təxminən iki ay öncə ezam olunmuşdum. 1992-ci il iyulun sonlarında Ağdam rayonunun Kəngərli kəndi ərazisində yenidən onunla birgə xidmətimizi davam etdirməli olduq. Onunla birgə Fərrux, Yeddi Xırman dağları ətrafında, eləcə də Yetim Cinli, Qalayçılar, Vəng, Dovşanlı, Çıldıran, Sırxavənd, Papravənd, Canyataq, Gülyataq və Qazançı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdik. Mən yaralandıqdan sonra döyüş bölgəsinə qayıtdıqda biz ayrı-ayrı bölüklərin tərkibində xidmət etməli olduq...
        Vüqarın şəhid olma xəbərini mən tapşırıqla Xındırıstan kəndində yerləşən qərargahımıza gedərkən orada, onunla eyni bölükdə xidmət edən əsgər yoldaşından eşitdim. Düzü bu xəbərdən çox sarsıldım... Çünki Vüqarın timsalında mən yaxın dostumu və silahdaşımı, eyni zamanda igidliyi və qorxmazlığı ilə bütün döyüşçü yoldaşlarının dərin hörmət və rəğbətini qazanan əsl vətənpərvər eloğlunu itirmişdim...”.
        Əsgər Vüqar Abutalıbovun həyat və döyüş yolu barədə məlumatlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/1954.html) rast gəlmək olar.
Onun ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələrilə  zəngin olmuşdur. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhv etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sözləri ilə desək, şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmayacaq: “Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!”.
        Allah şəhidlərimizə rəhmət eləsin!  

kapitan Anar Əhmədov,
Daxili İşlər Nazirliyi
Daxili Qoşunlarının zabiti






Paylaşın:

KÖNÜLÜN KÖNÜL SEVDASI VƏTƏN İDİ və ya aslanın erkəyi, dişisi olmaz...

        Azərbaycan qadını hər zaman öz müdrikliyi, sədaqəti, qəhrəmanlığı, cəsarəti və yüksək analıq keyfiyyətləri ilə xalqımızın adını daim uca tutub. Bundan əlavə, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsində qadınlarımız yaxından iştirak ediblər. Məhz buna görə də, onların bir çoxunun adları Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.
XX əsrin sonlarında torpaqlarımız erməni daşnaklarının təcavüzünə məruz qalanda, igid oğullarımızla bərabər Vətənimizin mərd qızları da silaha sarılaraq, mənfur düşmənə qarşı qəhrəmancasına vuruşmuş və onların bir çoxu bu müqəddəs amal uğrunda həyatlarını qurban verərək, şəhidlik zirvəsinə yüksəlmişlər...
        Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman qadınlarımızdan ikisi məhz Daxili Qoşunların əməkdaşları olmuş sıravi Könül Qəhrəmanova və mülki işçi Məlahət Nəsibovadır. Bu sayımızda onlardan biri sıravi Könül Qəhrəmanova haqqında məlumat verəcəyik.
        Sıravi Könül Kamran qızı Qəhrəmanova 1972-ci il iyulun 6-da qədim və füsunkar təbiətə malik yurd yerlərimizdən biri olan Şəki şəhərində dünyaya göz açıb. Kamran kişinin və Nayma ananın min bir zəhmətlə böyüdüb tərbiyə etdiyi üç övladın (Könül, Aynur və Elnur) biri, eyni zamanda ailənin ilki və ən sevimlisi idi Könül. O, 14 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, doğma şəhərdəki 91 saylı texniki peşə məktəbinə daxil olur. Burada oxuyarkən musiqiyə, incəsənətə böyük maraq göstərir. Bu baxımdan da, sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə verir və qəbul olur. Könülün ən böyük arzularından biri də bu təhsil ocağını müvəffəqiyyətlə bitirib, kino rejissoru olmaq və filmlər çəkmək idi. Lakin tarixin amansız hökmü onun bu arzularını gözündə qoydu...
        Bədnam qonşularımızın Qarabağ və həmsərhəd rayonlarda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər xalqımızın vətənpərvər övladı kimi Könülü də hədsiz narahat edirdi. Məhz buna görə də, o oxuduğu ali təhsil ocağını yarımçıq qoyaraq, cəbhəyə yollanır...
Bununla əlaqədar 1998-ci ildə Bakıda “Hüquq ədəbiyyatı” nəşriyyatında çap olunan “Şəki qartalları” adlı kitabda yer alan “Qəhrəman Könül” başlıqlı məqalədə maraqlı məlumatlar dərc edilmişdir.
        “... Qarabağ hadisələri Könülün həyatında döyüş nöqtəsi oldu. Həcər qyrətli, Nigar şücaətli qız təhsili bir kənara qoyub könüllü olaraq Xocalıya, döyüş bölgəsinə getdi. Könül 1991-ci ilin noyabr ayından 1992-ci ilin sentyabr ayınadək Xocalı, Goranboy, Ağdam, Şuşa, Laçın rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş, yaralı əsgərlərimizə tibb bacısı kimi yardım göstərmişdir.
        ... Könül evdən cəbhəyə xəbərsiz getmişdi. Fikirləşmişdi ki, ailədə onun məqsədini bilsələr, çox güman ki, buraxmayacaqlar.
        Valideynlər öz qızlarının sorağını qəzet səhifələrindən, radio-televiziya verilişlərindən aldılar”.
Şair-publisist Nəzmiyyə Hicranın “İnsan və cəmiyyət” qəzetinin 10-17.06.2011-ci il tarixli sayında dərc edilmiş bu vətənpərvər qızın həyat və döyüş yolundan bəhz edən “Vətən, Vətən, yenə də Vətən...” başlıqlı məqaləsində yer alan cəbhəyə gedərkən ailəsinə yazdığı məktubundan da gənc Könülün elinə, doğma torpağına nə qədər bağlı olduğunu görmək olar: “Azərbaycan üçün, xalqımın, torpağımın azadlığı üçün canımı əsirgəməyəcəyəm. Əgər bu yoldan dönsəm, hər şey mənə haram olsun. Yox əgər siz döndərmək istəsəniz, onda məni görməyəcəksiniz. Torpağı qorumaq hər bir övladın borcudur. İstər qız olsun, istər oğlan, fərqi yoxdur. Sözüm budur və bu yoldan da dönməyəcəyəm. Axır sözüm: mənə halallıq verin, bağışlayın məni...”.
        Könül sonralar Daxili Qoşunların döyüş bölgəsində olan bölmələrinin tərkibində xidmət etməklə, Vətənə olan övladlıq borcunu şərəflə yerinə yetirirdi.
        Daxili Qoşunların tərkibində könüllü olaraq vuruşmuş və cəsurluğuna görə yoldaşları arasında “Rembo” ləqəbi ilə tanınan Məhərrəm Əliyarov (qardaşı Vaqif Əliyarov 1994-cü ilin yanvarında Ağdərə cəbhəsində qəhrəmancasın şəhid olub – A.Ə.) Könüllə birgə iştirakçısı olduğu döyüşlərdə göstərdiyi qəhrəmanlıqları unutmağacağını və Vətənimizin qeyrətli qızı ilə qürur duyduğunu deyir: “...Mənimlə bir səngərdə döyüşürdü. Qorxu bilməz, mərd qız idi. Ağdam və Ağdərə bölgələrində, o cümlədən Güneypəyə, Çıldıran, Drambon, Qalayçılar, Manikli və s. kəndlər uğrunda gedən döyüşlərdə birgə vuruşmuşuq. Könül döyüşməklə bərabər, qorxmadan gedib yaralı əsgərlərimizi də güllə altından çəkib çıxarırdı...”.
        Bundan əlavə, Daxili Qoşunların veteranı, Quba rayonu, Vəlvələçay kənd sakini vətəndaş Namiq Zamanlı (22.08.1992-ci il tarixdə Ağdərə rayonunun Kasapet yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmən snayperinə tuş gəlib və aldığı güllə yarası nəticəsində sol ayağını itirib – A.Ə.) da Könülün Vətənimizin qəhrəman oğulları ilə birgə çiyin-çiyinə vuruşduğunu qeyd edərək, onu ilk dəfə Cinli kəndi ətrafında gedən döyüşlər zamanı yaxından tanıdığını bildirdi.  
30 sentyabr 1992-ci il. Ağdam rayonunun Cinli kəndində baş vermiş döyüşlər, Vətənini canından çox sevən Könülün son döyüşü oldu. Düşmən artilleriyasının mövqelərimizə atdığı mərminin partlaması nəticəsində sıravi Könül Qəhrəmanova əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldi...
        Vaxtı ilə Qarabağ cəbhəsində gedən ağır döyüşlərdə erməni daşnaklarının başına od-alov yağdıran taborlardan birinin komandiri olmuş polkovnik Məhəmməd Hacıyev Könülün qorxu bilməz əsl qəhrəman olduğunu bildirdi: “Könülü yaxşı tanıyırdım. Ağdamın Cinli kəndində elə gözlərimin önündə şəhid oldu...
        O zaman bizim qərargahımız Cinli kəndindəki orta məktəbdə yerləşirdi. Kənd demək olar ki, hər gün düşmən tərəfindən müxtəlif növ silahlardan, o cümlədən minamyotlardan güclü atəşə məruz qalırdı.
        Yaxşı yadımdadır, Könül əvvəllər könüllülərdən ibarət olan “Bərdə batalyonu”nun tərkibində vuruşurdu. Sonralar isə Daxili Qoşunların Zaqatalada yerləşən hərbi hissəsindən ezam olunmuş şəxsi heyəti ilə birgə döyüşürdü.  
Həmin gün onlar bizim ön mövqedə yerləşən taborun şəxsi heyətini dəyişmək üçün gəlmişdilər. Bu zaman ermənilərin atdığı minamyot mərmisi bizim qərargahın ərazisinə düşdü. Bu vaxt Könül cəsur silahdaşımız baş leytenant Yaşar Bədəlovla birgə qərərgahın həyətində əyləşmişdilər. Mən onlara: “Buradan qalxın! Yoxsa sizi vuracaqlar” - deyəndə, Könül gülümsəyərək, özünə məxsus şirin Şəki ləhcəsi ilə: “Qorxma ay komandir, bizə heçnə olan deyil” - dedi. Gözündə qətiyyən qorxu hissi yox idi. Bu zaman düşmənin atdığı 2-ci mərmi düz onların qabağına düşdü...
        Könül qəhrəmancasına şəhid oldu. Baş leytenant Yaşar Bədəlov isə ağır yaralanmışdı. Bir müddət sonra, qospitala aparılarkən o da, yolda çoxlu qan itirməsi nəticəsində şəhid oldu...”.
        Şəhid döyüşçünün anası Nayma xala övladı ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi: “Erməni məsələsi hələ yeni başlayanda Könül deyirdi ki; “Ana, mənim ölümüm tarixdə qalan bir ölüm olacaq”. Düzü onda mənim heç ağlıma da gəlməzdi ki, o, nəyi demək istəyir. Mən düşünürdüm ki, yəqin Könül oxuyacaq, ali təhsil alacaq, tanınmış həkim, ya da professor olacaq, ona görə belə deyir. Sən demə o, şəhid olacağını deyirmiş. Kim deyə bilərdi ki, Könül Qarabağa gedəcək, döyüşəcək və şəhid olacaq...”.
        Bu arada Nayma xalanı qəhər tutduğundan sözünə bir qədər ara verib, cəsur qızının hərbi formada çəkdirdiyi foto şəkillərinə baxır və yenidən Könüllə bağlı xatirələrini dilə gətirir: “... Bir gün Könül gəlib mənə dedi ki, ana sizin evliliyinizin 20-ci ildönümünə ən böyük hədiyyəni mən bəxş edəcəm. Könül sentyabrın 30-da şəhid oldu... Oktyabrın 2-də isə dəfn olundu...
         20 il öncə, 1971-ci ildə Kamranla ailə həyatı qurmuşuq. Həmin ilin sentyabrın 30-da bizim evdə qız toyu, oktyabrın 2-də isə, Kamrangilin evdə oğlan toyu olmuşdu... Könülün “hədiyyə” olaraq bəxş etmək istədiyi, sən demə şəhid olması imiş...”.
        Kamran dayı şəhid qızı ilə qürur duyduğunu qeyd edərək, vaxtı ilə Könüllə birgə çəkdirdiyi foto şəkili mənə göstərir. Şəkildə hərbi forma geyinmiş və əlində silah tutan övladını qucaqlayaraq, əlini kürəyinə qoyan atanın vüqarlı baxışlarından da onun böyük iftixar hissi keçirdiyini görmək olur...               Xanım silahdaşımızın bacısı Aynur isə, Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman bacısının adını yaşatmaq üçün ilk övladına Könülün adını qoyub. Deyir, qoy o da, bacım kimi qorxmaz, mərd, vətənpərvər və xalasının adına layiq övlad olsun.
Görkəmli şairəmiz İradə Gülfir peşə məktəbindən Qarabağ uğrunda həlak olmuş şagird və məzunların xatirəsinə həsr etdiyi “Şəki şəhidləri” adlı şerində Könülün qəhrəmanlığını belə tərənnüm edir:  
 
Nigar, Həcər kimi bir şücaətlə,
Qorxmaz igid kimi çox cəsarətlə.
Aslanlar aslanı qəhrəman Könül,
Şəhid zirvəsinə qalxdı qeyrətlə...

        Şəhid Könül Qəhrəmanovanın həyat və döyüş yolu barədə məlumatlar həmçinin “Milli Qəhrəmanlar” qəzetinin 09-15.04.2010-cu il tarixli sayında dərc edilmiş “Döyüşə qızlar gedir” başlıqlı məqalədə qeyd olunub. “Axtarış” qəzetinin 24.11.1992-ci il tarixli sayının üz qabığında isə Könülün əldə silah, Azərbaycanın üçrəngli bayrağını öpərək and içdiyi foto şəkili dərc edilib. Şəkilin üzərində isə, “Millət yoludur, haqq yoludur, tutduğumuz yol!” sözləri yazılıb.
        Bundan əlavə, Könül Qəhrəmanovanın adı qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 272-ci sıra nömrəsi ilə Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi 30.09.1992-ci il tarixdə Ağdərədə şəhid olması qeyd olunmuşdur.
        Vətənin qəhrəman qızı sıravi Könül Qəhrəmanova Şəkidə Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi. Vaxtı ilə yaşadığı küçəyə və 91 saylı məktəbə Könül Qəhrəmanovanın adı verilib (hazırda bu təhsil ocağı fəaliyyət göstərmir – A.Ə.) və “Könül” xatirə bulağı çəkilib.
        Könülün ailə üzvləri, qohum-əqrəbaları hər il doğum və şəhid olduğu tarixlərdə bir araya gələrək, onunla bağlı xatirələrini qürur hissi ilə yada salırlar. Qəhrəmanovlar ailəsinin ən böyük arzusu isə, tezliklə Azərbaycan Ordusu tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi və Vətən yolunda canlarını qurban verən şəhid övladlarımızın intiqamının erməni cəlladlarından alınmasıdır...
        Allah şəhidlərimizə rəhmət eləsin!

kapitan Anar Əhmədov,
Daxili  İşlər  Nazirliyinin  Daxili Qoşunlarının zabiti 
 




Paylaşın:

Qüsursuz xidmətin bəhrəsi

        Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, Xocalı rayon Statistika idarəsinin rəisi Dünyamin Əsədov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
        Əsədov Dünyamin Əmiraslan oğlu 18 yanvar 1965-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1972-ci ildə Zülfüqarlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə S.Ağamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstituna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirib təyinatla Ağdaş rayonunda 3 il işləmişdir, təyinat müddəti başa çatdıqdan sonra 1990-cı il dekabr ayının 25-dən Xocalı şəhərinə gedərək Xocalı şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin qiyabi şöbəsinə daxil olmuş və oranı bitirdikdən sonra da öz işimi davam etdirmişdir. Ümumi əmək stajı 30 ilə yaxındır, ondan 26 ildən çoxu dövlət qulluğundadır, 2017-ci ilin aprel ayında “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsinə layiq görülüb.
        Ailəlidir, 4 övlad atasıdır.
        Yeni Azərbaycan Partiyasının üzvüdür.
        Dünyamin Əsədov statistik məlumatların dəqiq və vaxtında toplanmasında uzun illər rəhbərlik etdiyi idarədə iş intizamına xüsusi diqqət yetirir və qayda-qanunlara əməl edilməsini nəzarətdə saxlayır. Dünyamin müəllimin qüsursuz fəaliyyətinin Cənab Prezidentimiz tərəfindən dəyərləndirilməsi onun əməyinə verilən ən böyük qiymətdir. Dünyamin Əsədovu Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə və Ölkə Prezidentinin Sərəncamına əsasən,"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyi üçün rayon ictimaiyyəti təbrik edir, ona cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayır.



Paylaşın:

Prezidentimizin dəyərləndirdiyi Xocalı rayonunun gənc dövlət qulluqçusu

        Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Prespublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidaərəetmə orqanları ilə şöbəsinin müdiri Səxavət Hüseynov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
        Hüseynov Səxavət Şamil oğlu 12.02.1985-ci ildə Xocalıda anadan olmuşdur. 1991-ci ildə Xocalı şəhər 1 saylı tam orta məktəbin I sinfinə getmişdir. Məlum hadisələrlə bağlı həmin məktəbi 2002-ci ildə Naftalan şəhərində bitirmişdir. 2002-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tarix fakultəsində ali təhsil alıb. 2006-2007-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. Hərbidən kiçik çavuş hərbi rütbəsi ilə tərxis olunub. 15.09.2007-ci ildən 02.07.2009-cu ilə kimi Xocalı şəhər 4 saylı tam orta məktəbində tarix müəllimi işləmişdir. 03.07.2009-cu ildən 15.03.2010-cu ilə kimi Xocalı şəhər İƏD üzrə nümayəndəliyində nümayəndənin müavini vəzifəsində, 15.03.2010-cu ildən 01.08.2012-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referant, 01.08.2012-ci ildən 01.10.2012-ci ilə kimi XRİHBA-da İnformasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi, 01.10.2012-ci ildən 17.02.2016-cı ilə qədər XRİHBA-da İnformasiya təminatı və təhlili sektorunda sektor müdiri və hazırda 19.02.2016-cı ildən Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində şöbə müdiri vəzifəsində çalışır. 18.03.2016-cı ildən I dərəcəli dövlət qulluqçusu ixtisası verilmişdir. 09.09.2014-21.06.2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiiyasında Regional idarəetmə ixtisası üzrə qiyabi şöbədə magistr - elmi ixtisas dərəcəsi almışdır.
        2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
        2003-cü ildən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdır.
        Ailəlidir, 2 övlad atasıdır.
        Xocalı rayonunun ziyalı, vətənpərvər, sayılıb-seçilən gənclərindən biri olan Səxavət müəllim, məsuliyyəti və bacarığı ilə öz işinin öhdəsindən layiqincə gəlir. Cənab Prezidentimiz tərəfindən dəyərləndirilən Səxavət Hüseynovun gənc yaşında qazandığı uğurlar rayon ictimaiyyətini sevindirir. Səxəvət müəllimi eyni gündə həm magistr-elmi ixtisas dərəcəsi diplomunu almağına, həm də ki, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyinə görə səmimi qəlbdən təbrik edir, ona bundan sonra da vəzifə səlahiyyətlərini məsuliyyətlə, peşəkar səviyyədə yerinə yetirməyi, xalqa, dövlətə layiqli xidmət etməyi, yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.
        İnanırıq ki, Səxavət Hüseynov ona göstərilən etimadı doğruldacaq və rayonumuzun adını uca etmək uğrunda çalışacaqdır.
Paylaşın:

Rayonumuzun uğurları üçün çalışan musiqi məktəbi

        19.06.2017-ci il tarixdə Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin  hesabat xarakterli musiqili son zəng tədbiri keçirildi. Məktəbin akt zalında baş tutan tədbirdə Xocalı rayon İH-nin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, mədəniyyət işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
        2014-cü ildən Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin direktoru təyin edilən Rüstəm Hümbətov çıxış edərək məktəbin fəaliyyəti, cari ildə nailiyyətləri və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. Rüstəm müəllim məlumat verdi ki, bu il məktəbdə 25 nəfər üçün son zəng çalınıb. Şagirdlərdən Əliyev Dövran Natiq oğlu, Məmmədova Elnaz Eyvaz qızı və Qurbanova Nuranə Əli qızı öz ixtisasları üzrə dəfələrlə Respublika müsabiqələrində iştirak etmiş, Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar. Musiqi məktəbində 36 nəfər müəllim, 2 texniki işçi çalışır və 122 şagird təhsil alır. Məktəbin binası Azərbaycan Respublikası Daxili İşlər naziri Cənab Ramil Usubov tərəfindən tikdirilərək Xocalı sakinlərinin istifadəsinə verilib.
        Hesabat xarakterli son zəng tədbirində iştirak edən Lamiyə xanım Qarayeva musiqi məktəbinin fəaliyyətini yüksək dəyərləndirdi, müəllim və şagird kollektivinə uğurlar arzuladı.
        Məktəbin müvəffəqiyyətlərinə görə fərqlənən şagirdləri Fəxri Fərmanla təltif olundular.



Paylaşın:

Cocuq Mərcanlıdan Xocalıya, Lələtəpədən Qırxqıza inamla irəli!

        17.06.2017-ci il tarixdə Xocalı rayon İH-nin və Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının dəstəyi, YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup Xocalıdan olan gənclər aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasından sonra Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən, yenidən qurulan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdilər. Səfər marşrutu üzərinə "Cocuq Mərcanlıdan Xocalıya" pankartı vurulmuşdu. Xocalılı gənclər əllərində Yeni Azərbaycan Partiyasının və Şanlı Azərbaycan bayraqları ilə yola düşdülər.
        Gəncləri Cocuq Mərcanlı kəndinin girəcəyində aprel döyüşlərinədək kənddə yaşayan yeganə ailənin başçısı  Oqtay Həziyev qarşılayaraq onları doğma dədə-baba torpağında gördüyü üçün şad olduğunu bildirdi. Sonra Cənab Prezidentimizin Sərəncamına əsasən, bərpa edilən Cocuq Mərcanlı ilə tanışlıq başladı. Səfər əsnasında Cocuq Mərcanlı kəndində Şuşa məscidinə bənzər məscid ziyarət edildi. Qəsəbədə yeni tikilən evlərə baxış keçirildi. Oqtay Həziyevə məxsus 4 otaqlı evdə qonaq oldular. Xocalı şəhər 3 saylı musiqi məktəbinin ansamblının müşayiəti ilə milli şən mahnılar oxundu. Düşmənə yaxın olmasından qorxmayan, öz yurduna bağlı insan Oqtay Həziyev oxunan mahnıları böyük zövqlə dinlədi. "Xocalının səsi" qəzeti üçün müsahibə verən Oqtay kişi Azərbaycan Ordusunun qüdrətindən söhbət açdı. Cənab Prezidentimizə Allahdan uzun ömür, cansağlığı arzuladı. Arzu etdi ki, düşmən tapdağında qalan bütün torpaqlarımız işğaldan azad olunsun və həmin torpaqlarımızda quruculuq və abadlıq işləri aparılaraq "Böyük Qayıdış" layihəsi məntiqi sonluğuna çatsın.
        Qəsəbədən Lələtəpə yüksəkliyi qürur hissi ilə seyr edildi.
        Sonda xatirə şəkilləri çəkdirildi.









       
Paylaşın:

Ulu Öndər Heydər Əliyevin əsl qəhrəman adlandırdığı sadə vətəndaş

   
        "Xocalının səsi" qəzetinə Milli Qurtuluş Günü münasibətilə müsahibə verən Azərbaycanın ən ağır günlərində xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin qətiyyətlə və cəsarətlə hakimiyyətə qayıtmağının zərurətini hayqıran şəxs - Bəşirov Şükürdür.
        Hələ uşaqlıq illərində onun efirdə çıxışına baxıb, onun kim olduğu haqqında düşünərdim. Görəsən bu uzaqgörən, müdrik insan kimdir ki, çoxlarının deyə bilmədiyi sözü cəsarətlə və əminliklə deyə bilmişdir. Mübaliğəsiz deyə bilərəm ki, Şükür müəllimlə olan müsahibə mənə mənəvi dəyər qatdı. Çünki, etibarı və sadəliyi ilə etimad qazanmış bir insanla həmsöhbət olmaq, bunun mahiyyətini başa düşən insan üçün böyük əhəmiyyət kəsb etməlidir.
        Bəşirov Şükür İfrat oğlu 1954-cü ildə Laçın rayonunda anadan olmuşdur. 1976-cı ildə ailəsi ilə birgə Xocalı şəhərinə köçmüşdür. 1979-cü ildə Dağlıq Qarabağın Martuni (hazırda Xocavənd) rayonunda süd zavodunda sex rəisi vəzifəsində işləyib. Dağlıq Qarabağ hadisəsinə qədər orada işləyib, hadisələrdən sonra 1988-ci ildə Xocalıya qayıtmışdır. Xocalıda Dağlıq Qarabağın icması nəzdində açılan mağazaların birində 1995-ci ilə qədər müdir vəzifəsində çalışıb. Hazırda Xocalı MKS-də təsərrüfat işləri üzrə müdir vəzifəsində işləyir. İki övlad atasıdır.
        Şükür müəllim "Xocalının səsi" qəzetinə müsahibə verərkən bildirdi ki, 1988-ci ilin oktyabrın 20-də ermənilər Martunidə ilk dəfə onun evini yandırıb. 1988-ci ilin oktyabr ayının 20-də işinin bərpası üçün Moskvaya gedib. Moskvada Qorbaçovdan savayı bütün rəhbərlər ilə görüşü olub. İş yerinin bərpası mümkün olsa da, ancaq ermənilər işləməyə imkan verməyib. Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini verib. Ona indiki vəziyyətdə bu təşəbbüsə maneə yaradacaq qüvvələr olduğu bildirilib. Bu tarixi fakt  "Pravda", "İzvestiya",  "Komsomolskaya Pravda" qəzetlərində və digər kütləvi informasiya vasitələrində nəşr olunmuşdur.
        Xocalı faciəsinin canlı şahidi olan Bəşirov Şükür xocalıların ağır günlərini dərin hüznlə xatırlayır. Xocalı soyqırımını XX əsrin ən dəhşətli soyqırım aktı adlandırır.  Şükür müəllim ailə üzvləri ilə birgə 4 gün meşədə qalmışdır. Onların pərən-pərən düşdüyü meşədə 500-dək xocalılar düşməndən canlarını qurtarmaq üçün nicat yolu axtarmışlar. Yoldaşı, bacısı əsir düşmüşdür. Sonradan əsirlikdən xilas olunmuşlar. Qocaların, qadınların, körpələrin şəhid olduqlarını öz gözləri ilə görüb.
        Xocalı faciəsindən sonra mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Bəşirov Şükür ailə üzvləri ilə birgə həmin mitinqdə iştirak edib. Mitinqdə çıxış edən Şükür müəllim qətiyyətlə "Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq" şüarlarını səsləndirib. Şükür müəllim bu sözləri Azərbaycanda hərcmərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından dövlətin məhv olmaq üzrə olduğunu görərək söyləmişdir. Həmin dövrdə qara qüvvələr Heydər Əliyevin hakimiyyətə qayıtmasına razılıq vermədilər və nəticədə 20% torpaqlarımız işğal olundu. Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı Azərbaycanın torpaqları işğal olunmazdı.
        Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Bəşirov Şükürün çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir.  Görüş 1997-ci il iyun ayının 16-da təşkil olunub. Ancaq müəyyən səbəblərdən  görüş iyunun 17-də baş tutmuşdur. Səmimi söhbətlər əsasında keçən görüş 1 saat, 40 dəqiqə davam etmişdir. Ulu Öndər Bəşirov Şükürlə yaxından tanış olmaq marağında olduğunu qeyd etmişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev Bəşirov Şükürü Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır. Şükür müəllim ümummilli liderlə görüşünü çox böyük qürur hissi və fəxrlə ifadə edir.
       Həmsöhbətim Azərbaycanın gündən-günə sürətlə inkişaf etməyinin təməlində ümummilli lider Heydər Əliyevin dühasının olduğunu söylədi. Bəşirov Şükür ölkəmizin uğurlu gələcəyinə inamını vurğuladı. O, fikirlərinə əlavə etdi ki, Vətənimizi dərin məhəbbətlə sevməliyik. Əminliklə bildirdi ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad edəcəyik.
                                                                                                          Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Xocalı rayon məktəblərinin məzunlarının hər birindən uğurlar gözləyirik

        Bu gün Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon məktəblərində də son zəng günü qeyd edildi. Son zəng tədbirində iştirak edən Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov məzunları müstəqil həyata qədəm qoyduqları üçün təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Xocalı rayon məzunlarının hər zaman rayonumuzun və valideynlərinin adını uca tutmağını tövsiyə etmişdir.
        Ümumillikdə Xocalı rayon məktəblərində 102 məzun üçün sonuncu zəng çalınmışdır.
Paylaşın:

Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır

        13.06.2017-ci il tarixdə xocalıların məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəsssiə, idarə rəhbərləri və işçiləri, rayon ziyalıları iştirak etdilər.  
        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ulu Öndərimiz Heydər Əliyevin büstü önünə dərin hörmət və ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər. 
        Xocalı rayon Mədəniyyət evində keçirilən tədbiri giriş sözü ilə açan Lamiyə xanım Qarayeva bildirdi ki, 15 iyun tarixi müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Milli Qurtuluş Günü xalqımız üçün əlamətdar gündür. Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanı fəlakətlərdən qurtardı. Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz gündən-günə daha da inkişaf edir və beynəlxalq arenada söz sahibinə çevrilir.
        Sonra məruzə ilə söz Başkənd kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Məmmədovaya verildi. Sevda Məmmədova geniş məruzə ilə müstəqilliyimizi qazandığımız ilk illərdə ölkədə baş verən hadisələrdən, Qarabağ torpaqlarının itirilməsinin səbəblərindən və ümummilli liderimiz Heydər Əliyevin xalqmızın xilaskarı kimi siyasi fəaliyyətindən ətraflı məlumat verdi. O, çıxışında bildirdi ki, Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
        1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial - iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji maneələrini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. Ümumilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitilik və əmin-amanlıq yaratdı. "Olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Ulu Öndər qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı.
        Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır.
        Daha sonra söz hələ 1992-ci ildən Heydər Əliyevin hakimiyyətə qayıtmasını mitinqlərdə cəsarətlə tələb edən  Şükür Bəşirova söz verildi. Şükür Bəşirov qeyd etdi ki, Heydər Əliyev elə dahi bir şəxsiyyət olubdur ki, o Azərbaycanda tarixində silinməz iz qoyubdur. Azərbaycan öz müstəqlliyini 1991-ci ildə elan etdi, ancaq Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, müstəqlliyimizi qoruyub-saxlayamaq mümkün olmayacaqdı. Heydər Əliyev həmin vaxtlar hakimiyyətə qayıtsaydı qətiyyətlə deyirəm ki, Azərbaycanın torpaqları işğal oluna bilməzdi.
        Xocalı rayon prokuroru Şıxəli Alməmmədov çıxış edərək bu əlamətdar günün əsl mahiyyətini bilməyin mühüm olduğunu vurğuladı. Xarici qüvvələr Azərbaycanı bir dövlət kimi aradan qaldırmaq istəyirdilər. Heydər Əliyev böyük siyasətçi kimi, dahi şəxsiyyət kimi bütün oyunlara son qoydu. Dövləti qoruyub-saxlaya bildi. Vətəndaş müharibəsinin baş verə biləcəyi ərəfədə hakimiyyətə qayıtdı. Milli Qurtuluş Gününün mahiyyəti budur. Müqəddəs bayramlarımızın sırasına Milli Qurtuluş Gününü də əlavə etməliyik.
        Yekun olaraq söz Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubova verildi. Rayonumuzun başçısı çıxışında bildirdi ki, hər bir dövlətin formalaşmasında bir dahi şəxsiyyət rol oynayır. Azərbaycanın dövlət olması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev birinci hakimiyyətə dövründə çalışırdı ki, ölkəmiz hərtərəfli inkişaf etsin ki, müstəqillik dövründə özünü idarə edə bilsin. Ulu Öndər bu prosesləri 70-ci illərdən başlatmış və nail olmuşdur. Ümummilli lider Azərbaycanı aqrar kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevirmişdir. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər Azərbaycanı xaosa salmışdı, vətəndaşlıq müharibəsi baş vermək üzrə idi, krimonegen vəziyyət yaranmışdı. Azərbaycanı bütün bu bəlalardan xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyev xilas etdi.
        Şahmar Usubov vurğuladı ki, xocalılar Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttini dəstəkləyir. Nə qədər ki, milli həmrəyliyimiz var, xalqla ordu və Prezident arasında birlik var, biz istənilən an işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edə bilərik.
        Tədbirin sonunda Xocalı şəhər 3 saylı musiqi məktəbinin ansamblının hazırladığı konsertə tamaşa edildi.














"

Paylaşın:

BİZİM QƏHRƏMAN

    
        Məmmədov  Möhsüm  Şahin oğlu, 1967-ci il iyun ayının 6-da Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Canhəsən kəndində dünyaya göz açmışdır. O, uşaqlıqdan qoçaq, bacarıqlı bir oğlan idi. Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-87-ci illərdə Xabarovsk diyarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə ordudan  təxris olunaraq, vətənə dönmüşdür. O,1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildən, Meşəli Polis Bölməsi yaranandan  həyatını daxili işlər orqanlarına bağlamışdır. 1992-1993-cü illərdə ağır döyüş əməliyyatlarında iştirak etmişdir. 1994- cü ildə Şuşa rayon Polis Şöbəsinin PPX bölüyünə komandir təyin edilmişdir. 1995-ci ildə PPX-nin komandiri vəzifəsinə irəli çəkilmişdir.1998-ci ildə DİN-nin polis Akademiyasını bitirmişdir. Şuşa rayon polis şöbəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışmışdır.
        Möhsüm 1988-ci ildə, Qarabağ hadisələri başlanan gündən torpaqlarımızın müdafiəsi üçün fəal mübarizəyə qoşulmuşdur.
        Möhsümün döyüş yolu keşməkeşli olmuşdur. Doğma kəndin müdafiəsi, Şuşanın, Cəmilli və Meşəli kəndlərinin müdafiəsi, Daşaltı əməliyyatı, Kərkicahan uğurunda döyüşlər, Ağdam, Ağdərə, Tərtər istiqamətində hərbi əməliyatlar: Bütün bunlar Möhsümün keçdiyi döyüş yoluna qısa bir nəzərdi. Bu müddətdə Məmmədov Möhsüm düşmənin 70-ə qədər canlı qüvəsini məhv etmişdir. İki dəfə ağır yaralanmışdır. İkinci dəfə 1993-cü il yanvarın 26-da başından ağır yara alır. Buna baxmayaraq, Möhsüm həkimlərin məsləhətinə məhəl qoymadan, yenidən döyüş meydanlarına qayıt-mışdır.

      Aərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində xususilə  fərqlənərək, şücaət və mərdlik göstərdiklərinə, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirdiklərinə görə aşağdakılara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin.
1.     Məmmədov  Möhsüm  Şahin oğlu- Şuşa PŞ-nin əməkdaşı
2.     Novruzov Ələsgər Xanlar oğlu- Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü (ölümündən sonra).
3.     Rüstəmov Füzuli Salah oğlu- Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü (ölümündən sonra).
4.     Səlimov Araz Bahadur oğlu- Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü (ölümündən sonra).

 Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri,  25- fevral 1997- ci il tarixli, 553 saylı Fərman

        Hazırda Şuşa rayon polis şöbəsində rəis müavini vəzifəsində çalışır.
        Ailəlidir.

Qalib BƏYMƏMMƏDOĞLU


Paylaşın:

Rayonumuzda yeniyetmələr arasında futbola olan maraq artırılacaq

        06.06.2017-ci il tarixdə Goranboy rayonu ərazisində Xocalı rayon Cəmilli kənd sakinləri üçün salınmış Börü qəsəbəsində əyləncəli futbol festivalı keçirildi. Festivalda Xocalı rayon İH-nin başçısı Şahmar Usubov, AFFA-nın vitse prezidenti, Uşaq və Gənclər Futbol Fedarasiyasının prezidenti, 113 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputat seçilmiş Rauf Əliyev, millət vəkili Elman Məmmədov, Xocalı rayon məktəbliləri, rayon ictimaiyyəti və qəsəbə sakinləri iştirak etdilər.
        Tədbirdə çıxış üçün söz əvvəlcə söz rayonumuzun qonağı, layihənin rəhbəri Rauf Əliyevə verildi. Rauf Əliyev çıxışında bildirdi ki, Azərbaycanda Dağlıq Qarabağ problemi mövcuddur, ona görə də biz belə layihələri cəbhə bölgələrində mütamadi olaraq keçiririk. Burada keçirilən layihə də ənənəvi olacaqdır. Gənclərin asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, gələcəkdə istedadı olan uşaqları böyük futbola cəlb etmək üçün tədbirlər görəcəyik. Həm I Avropa Oyunları, həm də IV İslam Həmrəyliyi Oyunları görsətdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizdə idmana böyük diqqət və qayğı göstərir. Hər ailədə idmanla məşğul olan kəs gələcəkdə ölkəmizin, millətimizin adını qaldıracaq.
        Daha sonra layihənin Xocalı rayon məktəbliləri arasında keçirilməsinin təşəbbüskarı Elman Məmmədov çıxış edərək həmkarı, millət vəkili Rauf Əliyevə belə tədbirin xocalıların müvəqqəti məskunlaşdığı cəbhə bölgəsində keçirildiyi üçün minnətdarlıq etdi. Elman Məmmədov vurğuladı ki, bütün bunlar Cənab Prezidentimizin idmanın inkişafına, gənclərimizin sağlam böyüməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.
        Elman Məmmədov fikirlərinə əlavə etdi ki, Xocalı rayon gəncləri, idmançıları, məktəbliləri hələ yerimizdə-yurdumuzda yaşayan dövrdə həmişə fərqləniblər. Vilayət çempionu, Respublika çempionu olublar, qələbələr qazanıblar. Həmin qələbələr özünü döyüşlərdə də görsətdi. Xocalı igidləri düşmənlə döyüşlərdə fərqləndilər. Xocalının bu gün 11 "Milli Qəhrəmanı" var. Xocalının çoxlu sayda döyüşçüləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən fəxri adlarla,  orden və medallarla təltif ediliblər. Siz onların davamçılarısınız. Şəhidlərimizin qanı yerdə qalmamalıdır. Siz sağlam böyüməlisiniz, qüvvətli olmalısınız, igid olmalısınız. Düşməndən intiqamımız alınmalıdır.
        Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov ölkəmizdə gənclərə, idmana göstərilən diqqət və qayğıdan söz açdı. Rayonumuzun başçısı qeyd etdi ki, Azərbaycan idman sahəsində apardığı siyasətlə özünü dünyayın hər yerində tanıtdıra bilmişdir. 25 ildir müstəqill olan ölkəmizin əldə etdiyi uğuru yüz illərdir dövlətçiliyi olan dövlətlər qazana bilməmişdir. Gənclərimiz öz savadı, qabiliyyəti, gücü ilə ölkəmizi dünyada tanıtmış və irəliyə aparmışdır.  Azərbaycanda idmanın inkişafı ilə bağlı mühüm işlər görülmüşdür.
        Bu uşaqların gözlərində olan sevinci görmək, yaşamaq, onu hiss etmək lazımdır. Onların sevinci bizim sevincimizdir, onların kədəri bizim kədərimizidir. Xocalı rayon gənclərinin cəmiyyətdə layiqli yerlər tutmaları üçün lazım olan səviyyədə şərait yaradırıq. Təhsil, mədəniyyət, idman və digər sahələrdə tədbirlər həyata keçiririk. Ancaq bu sahədə keçirilən tədbiri alqışlarla qarşılayırıq. Buna görə də festivalda iştirak edən şagirdlər və onların valideynləri adından, rayon ictimaiyyəti adından Rauf Əliyevə və Elman Məmmədova öz dərin minnətdarlığımızı bildiririk. Gələcəkdə belə tədbirləri daha təmtəraqlı təşkil edəcəyik.
        Xocalıları ermənilər yerindən didərgin salanda, əhalimizin bir qismini şəhid edəndə, onlar elə bilirdilər ki, xocalılar bununla həyata son deyəcəklər. Xeyr. Xocalılar yaşayır, xocalılar həyatdadır, xocalılar öz mübarizəsini davam etdirir. Sakinlərimiz əmək işi ilə bərabər, təhsildə, idmanda və digər bütün sahələrdə uğurla çalışırlar.
        Bizim tək amalımız Ölkə Prezidentininin siyasətini dəstəkləmək, ona arxa olmaqdır. Birliyimiz bizi torpaqlarımıza aparacaq.
        Tədbirin sonunda şagirdlərlə xatirə şəkilləri çəkdirildi.
        Festival üçün gətirilmiş toplar, futbol geyimləri və digər ləvazimatlar şagirdlərə paylanıldı.







Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi