Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı soyqırımından və erməni quldurları tərəfindən əsirlərə edilən amansız işgəncələrdən bəhs edən yeni kitab işıq üzü görəcək

        Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi metodiki mərkəzin metodisti, BDU-nun müəllimi, AMEA-nın dissertantı,  “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin sədri, xeyriyyəçi xanım İradə Əlilinin yaxın zamanlarda nəşr ediləcək “Ağrım-acım, baş tacım Xocalı” adlı kitabı üzərində iş gedir. Kitabda yer alan müsahibələr Bakıda, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində və digər bölgələrdə məskunlaşmış Xocalı sakinlərindən alınıb. Xocalı soyqırımının canlı şahidləri o qanlı gecədə günahsız insanların başına gətirilən müsibətlərdən danışıblar. Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva, Xumar Səlimova, Elmira Allahverdiyeva, Şükür Bəşirov, Durdanə Ağayeva və başqaları Xocalı soyqırımının acı nəticəsindən və erməni quldurları tərəfindən əsirlərə edilən amansız işgəncələrdən məlumatlar veriblər.
        Kitabın 3 dildə çap olunması nəzərdə tutulur.
        Kitab “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin  təşkilatçılığı, vətənpərvər Rəşad Salmanovun və Xəyalə Qurbanovanın  dəstəyi ilə işiq üzü görəcək.
                                                                                                                            “XOCALININ SƏSİ”

Paylaşın:

İnsanın böyüklüyü, dahiliyi onun elinə, obasına bağlılığındadır.

        Qədimdən azərbaycanlıların yaşayış məskəni olan, barlı-bərəkətli Dağlıq Qarabağ torpağı yetişdirdiyi ziyalıları ilə özünəməxsus yer tutur. Tarixin müxtəlif dövrlərində ermənilərin gizli və ya aşkar təhdidlərinə baxmayaraq bu ziyalılar Dağlıq Qarabağda azərbaycanlılara məxsus ideologiyanın qorunması istiqamətində böyük rol oynamışlar. Bu ziyalılardan biri də Məhəmməd Şükürov olmuşdur.
        Məhəmməd Rəsul oğlu Şükürov 21 avqust 1962-ci ildə qədim yaşayış məskənimiz olan Xocalıda zəhmətkeş Rəsul kişinin ailəsində anadan olmuşdur. Məhəmməd müəllim dövrünün görkəmli şəxsiyyəti və Xocalının ən varlı adamlarından biri olan Hacı Zeynal ağanın nəslindəndir. İslam dininin yasaq olunduğu Sovet rejimində dünyaya göz açan Məhəmməd müəllimin tərbiyəsində, dünyagörüşünün formalaşmasında oruc tutan, namaz qılan, keçmiş erməni-müsəlman davalarının tarixini, xocalıların nəsil şəcərəsini dərindən bilən Həsən babasının böyük təsiri olmuşdur.
        Məhəmməd Şükürov 1969-79-cu illərdə Xocalı kənd orta məktəbində, 1979-84-cü illərdə Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsində təhsil almışdır.
        Müəllimlik peşəsinə yiyələnən Məhəmməd Şükürov 1984-86-cı illərdə Dağlıq Qarabağın Seydibəy kənd məktəbində, 1986-2000-ci illərdə Xocalı şəhər məktəbində müəllim, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bu illərdə Məhəmməd müəllim şagirdlərə fizika-riyaziyyat fənlərinin sirlərini öyrətməklə bərabər onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə alması istiqamətində əzmlə çalışmış, var qüvvəsini əsirgəməmişdir.
        Dəyərli ziyalı 2001-2006-cı illərdə Xocalı rayon İcra Hakimiyyətinin Təhsil, Səhiyyə, Mədəniy-yət şöbəsində böyük referent, 2006-cı ildən ömrünün sonuna qədər Xocalı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, erməni şovinistlərinin Azərbaycana qarşı qaldırdığı əsassız torpaq iddiası ilə heç vaxt barışmır, bu iddiaların tamamilə əsassız və cəfəng olmasını tarixi faktlarla əsaslandırırdı.
        Mən Məhəmməd müəllimi tanıdığım gündən onun Qarabağa, doğma Xocalıya, elinə-obasına necə bağlı insan olmasını görmüşəm. Xocalı faciəsi zamanı anasını, iki qardaşını, əmisini, onlarla yaxın qohumunu itirən Məhəmməd müəllim hər gün yuxularında doğma Xocalını gördüyünü deyirdi. Ürəyində olan torpaq, vətən yanğısının nəticəsi olaraq Məhəmməd Şükürov 2012-ci ilin fevral ayında Xocalı faciəsinin 20-ci ilinin tamamında “Xocalı: daş yaddaşım, qan yaddaşım” kitabını nəşr etdirmişdir. Kitabdakı tarixi faktlar, dəlillər Qarabağın qədimdən azərbaycanlıların vətəni olduğunu, ermənilərin torpaq iddialarının əsassızlığını bir daha sübut edir.
        Məhəmməd müəllim Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Türkiyə Respublikasında keçirilən tədbirlərdə yaxından iştirak etmiş, ziyalı kimi faciənin bir daha dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.
        İnsanın böyüklüyü, dahiliyi onun elinə, obasına bağlılığındadır. Elinə, obasına bağlı olan, ürəyi Qarabağ dərdi ilə dolu Məhəmməd müəllim 2012-ci il sentyabrın 25-də dünyasını dəyişmişdir. Onun ən böyük arzusu Qarabağın, doğma Xocalının işğaldan azad olunmasını görmək idi. Bu, ona qismət olmadı. Ölkəmizdə aparılan məqsədyönlü siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ, Xocalı mənfur ermənilərin işğalından azad olunacaq, Məhəmməd müəllimin Xocalıda dolaşan narahat ruhu rahatlıq tapacaqdır.
Nəcəf  ƏYYUBOĞLU
Paylaşın:

Rayonumuzda baramaçılıq inkişaf etdiriləcək

        08.08.2017-ci il taixdə Xocalı rayon İH-nin akt zalında Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
        Şura iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov və müəssisə, idarə rəhbərləri iştirak etdilər.
        Şura iclasında çıxış edən rayonumuzun başçısı Şahmar Usubov Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki Cənab Prezident İlham Əliyevin giriş nitqini məruzə ilə tədbir iştirakçılarına çatdırdı və rayonumuzda baramaçılığın inkişaf etdirilməsi məqsədilə görülən işlərdən danışdı.
        Şahmar Usubov vurğuladı ki, ərzaq qıtlığını aradan qaldırmaq uzunmüddətli prosesdir və buna nail omaq üçün Dövlət Proqramları hazırlanmışdır. Cənab Prezidentimiz çalışır ki, daxili istehsalı artırmaqla yeni iş yerlərinin açılmasına nail olunsun və xaricə olan tələbat mimumuma endirilsin. Kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilir.
        Rayonumuzda baramaçılığın inkişafı üçün mühüm addımlar atılmışdır. Belə ki, 5000 ədəd tut ağacı tingi xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində əkilmişdir. Gələcəkdə tut ağacı tingləri artırılaraq əkin yerinin sahəsi genişləndiriləcəkdir.
        İnşallah Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağıq. O zaman əhalimiz öz pay torpaqlarında təsərrüfat işləri ilə məşğul olacaq.
        Daha sonra çıxış edən Xocalı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev çıxışında qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət davamlı, planlı və nəticöyünümlüdür. Bu gün dünyada iqtisadi gücü olan dövlət söz sahibidir. Ərzaq təhlükəsizliyi haqqında hazırlanan proqram çox əhəmiyyətlidir.
        SSR-i dövründə Azərbaycan bir çox şəhərləri müxtəlif ərzaqlarla təmin edirdi. Əvəzində lazım olan tələbatını alırdı. Müstəqillik dövrünün ilk illərində ölkə iqtisadiyyatı köçmüşdü. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iqtisadiyyatımız dirçəlməyə başladı. Dünya ölkələri ilə iqtisadi əlaqələr genişləndi, beynəlxalq layihələr həyata keçirilildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəlişi ilə yeni inkişaf dönəminə qədəm qoyduq.
        Ölkəmizdə gedən sürətli inkişaf Xocalı rayon əhalisinin də rifah halına müsbət təsir edir. Yeni iş yerləri açılır. Əhalinin sosial problemləri həll edilir, kommunal təlabatları yerinə yetirilir.
        Mənfur düşmənlərimiz ermənilərin məcburi köçkünlərə vurduğu ən ağır zərbələrdən biri əhalinin əmək fəaliyyətindən uzaqlaşmasıdır. Ancaq köçkün həyatı yaşasaq da qurub-yaratmalıyıq, fərdi təsərrüfatımızla məşğul olmalıyıq.
        Sonra rayon başçısı cənab Şahmar Usubov müəssisə və idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi və şura iclasını yekunlaşdırdı.


Paylaşın:

Ən çox oxunan

Blog Arşivi