Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyinin təşkil etdiyi ilk veriliş

        29.09.2017-ci il tarixdə "Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyinin təşkilatçılığı ilə Dəliməmmədli şəhərində fəaliyyət göstərən "Tac" şadlıq sarayında Goranboy rayon sakini, müğənni, keçmiş döyüşçü Rəhim Quliyevin döyüş yolundan bəhs edən veriliş hazırlandı. Verilişdə "Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyinin sədri Valeh Hüseynov, Rəhim Quliyev və sənətini davam etdirən övladı Rəhman Quliyev, döyüş yoldaşları - Etibar Allahverdiyev, Rəhman Namazov, Çərkəz Ələsgərov, Sahil Məmmədov, Məhərrəm Əliquliyev və "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu iştirak etdi.
        Valeh Hüseynov çıxışında Rəhim Quliyevin məlahətli səsə sahib olduğunu və Qarabağ uğrunda gedən döyüşlərdə ifa etdiyi mahnılarla döyüş yoldaşlarına mənəvi güc verdiyini bildirdi. İctimai birliyin təşkil etdiyi ilk verilişin Rəhman Quliyevə həsr edilməsi təsadüfi deyildir. Döyüş yoldaşları onunla yanaşı düşmənlərlə layiqli mübarizə apardıqlarını vurğuladılar. Qeyd etdilər ki, Rəhim həm özü döyüşür, həm də ifa etdiyi mahnılarla əsgərləri döyüşə ruhlandırırdı. Həmin vaxtlar Aztv-də efirə gedən "Durna teli" proqramı üçün Sərsəng su anbarının üstündə heç bir musiqi aləti müşayiət etmədən gur səslə oxuduğu "Azərbaycan" mahnısı bütün döyüş yoldaşlarının əbədi yaddaşına həkk olunmuş və əziz xatirəsinə çevrilmişdir. Düşmənlərə qarşı igidliklə mübarizə aparan döyüşçülər hər zaman döyüş meydanlarına atılmağa hazır olduqlarını bildirdilər.
        Rəhim Quliyev 1987-ci ildə dostu Mehmanla birlikdə "İdeal" musiqi ansambılını yaratmışdır. I Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılmış və ön cəbhələrdə döyüşmüşdür. O, səsinin oxşarlığına görə özünü karifey sənətkar Rəşid Behbudovun davamçısı sayır.
        Veriliş əsnasında Rəhim Quliyev və oğlu Rəhman milli ruhda mahnılar oxudular. Valeh Hüseynov gitarada ifa etdi.
        Veriliş torpaqlarımızın yağı düşmən tapdağından azad olunması günün arzusu ilə yekunlaşdı.






Paylaşın:

Elman Məmmədov erməni deputatların Bakıya gəlməsinə etiraz etdi

        Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək. Erməni deputatlar Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər.
        Sentyabrın 22-ə planlaşdırılan iclasda erməni deputatların iştirakı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.
        Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalıdan seçilən millət vəkili Elman Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, erməni deputatların Bakıya gəlişi qəbulolunmazdır:
        “Erməni deputatları Bakıya dəvət edənlərdən soruşmaq lazımdır ki, onlar hansı məqsədlə gəlirlər? Bildirilir ki, bu, beynəlxalq tədbirdir və onlar da iştirak edə bilərlər. Ancaq şəxsi fikrim belədir ki, erməni deputatların Bakıya gəlişi qəbulolunmazdır. Mən bunun tamamilə əleyhinəyəm. Adı nə olursa olsun, bu məsələyə əqidə ilə yanaşıram. Bu gün ermənilər torpaqlarımızı işğal altında saxlayırlarsa, Ermənistanla müharibə vəziyyətindəyiksə, onlar düşməndirlərsə, deputatlarının ölkəmizdə nə işi var? Yəni, belə dəvətlərin əleyhinəyəm. Kim dəvət edib, nə məqsədlə dəvət edib, necə qəbul edirlər öz işləridir. Mən bunu qəbul etmirəm”.
        Elman Məmmədov hesab edir ki, azərbaycanlılara qarşı soyqırım törədənlərin Bakıya gəlişi doğru deyil: “Millət vəkili, məcburi köçkün və Xocalı soyqırımını yaşamış bir insan kimi buna etiraz edirəm. Düşmən torpağımı işğal altında saxlayır. Mənə qarşı soyqırım törədib, düşmənçilik edir. İstər deputat olsun, istər başqa biri, onun mənim torpağımda nə işi var? Mənim mövqeyim belədir”.
Paylaşın:

27 gün erməni əsirliyində

        Müsahibim 27 gün erməni əsirliyində olmuş Valeh Hüseynovdur.
        Hüseynov Valeh Sahib oğlu 1968-ci il avqust  ayının 28-də Xocalı şəhərində anadan olmuşdur.  Xocalı soyqırımının törədilməsi onun da həyatını büsbütün dəyişdirdi. Erməni əsirliyində dözülməz işgəncələrə ilahi bir qüvvənin köməyi ilə tab gətirmişdir. Hal-hazırda “Dövlətqaçqınkom”un nəzdində Goranboy rayon Mənzil-Kommunal İstismar idarəsində mühəndis vəzifəsində işləyən Valeh Hüseynov Xocalı həsrətilə yaşayır. Peşəkar gitaraçı boş vaxtlarında toylara gedir, ictimai tədbirlərdə iştirak edir. Düşmən onun yaşamaq əzmini ala bilmədi, dırnaqlarını çıxardıb, barmaqlarını qırsalar da, o, sənətini məharətlə davam etdirir. Valeh Hüseynovun Xocalıya qayıdacağı günə olan inamı, elə onun böyük səbri, əyilməz iradəsi qədərdir.
        Valeh Hüseynov Xocalıda keçirdiyi xoş günlərdən, uşaqlıq çağlarından, gənclik illərindən söhbət açdı. O, təəssüf hissi ilə bildirdi ki, heç ağlımıza gəlməzdi ki, Xocalı soyqırımı baş verər, günahsız insanlar şəhid olar, doğma dədə-baba torpaqlarımızdan didərgin düşərik. Valeh müəllim çətin olsa da, əsirlikdə ona edilən işgəncələrdən, yaxınlarını itirməyinin ağrı-acısından danışdı.
O dəhşətli günlərdən bəhs edən söhbətin məğzini oxuculara təqdim edirik.
        Müsahibim ilk öncə doğulub boya-başa çatdığı Xocalının coğrafi mövqeyindən, gözəl təbiətindən, elin adət-ənənələrindən söhbət açdı.
        - Xocalıda ömrümün ən şirin çağları keçib. Evimiz çox gözəl bir yerdə - təbiətin qoynunda yerləşirdi. Tay-tuşlarımızla göy çəmənlikdə futbol oynayardıq. Atam Xocalıda şəhərarası avtobusda sürücü işləyirdi. Qəmiş babam və İman babam İkinci Dünya Müharibəsi iştirakçıları olmuşdu və ikisi də yaralanıb, ağır vəziyyətdə yaşamışdılar. İkinci Dünya Müharibəsindən sonra Qəmiş babam Xocalı maldarlıq fermasında müdir işləmişdi. İman babam isə yaralı vəziyyətdə dülgərliklə məşğul olub, nehrə və digər məişət əşyaları düzəldib satardı.
        Xocalıda iki bulaq tikmişdilər. Biri Çaylaq deyilən yerdə qadınlar, qızlar üçün Qızlar bulağı, o birisi isə kişilər, gənclər üçün Gənclik bulağı idi. Biz gənclik bulağının arxasında böyük bağ salmışdıq və bütün yayı çayda çimərək, o bağın ətrafında keçirirdik. O bulaqlar, bağlar bizim üçün müqəddəs sayılırdı. Biz futbol komandası yığıb məşqlər edirdik, yarışlara gedirdik. Xocalının yığma komandası respublikada layiqli yerlər tuturdu. Mən həmişə rayon vilayət yarışlarında qaçmaq üzrə yaxşı nəticələr göstərirdim. Orta məktəb şagirdləri bir yerə yığışıb bayram tədbirləri üçün konsert və komediya tamaşaları hazırlayardı. Yaz qabağı dağların, təpələrin üstündə bitən kolların dibindən məröycə (qulancar) yığmağa gedərdik. Quzuqulağı, yemlik və cürbəcür yeməli bitkilər yığıb həm evə gətirir, həm də yeyərdik.
       Böyürtkən yığmağa gedərkən ermənilərlə qabaqlaşanda bizə söz atardılar və həmişə də biz onları döyərdik. Qadınlar, qızlar taxıl, arpa tarlalarının ətrafından göyərtilər, pencər yığıb kətə, göy buğlaması bişirirdilər. Hər tərəfdə meyvə bağları vardı. Evimizdən 1 km aralıda hava limanı var idi. Kəndimdən 300 metr aralıda olan Haça təpə deyilən bir yumuru təpə var idi və elə bil həmin təpəni yonub düzəltmişdilər. Çox da hündür olmayan təpələrin yan-yana düzülüşü Xocalının gözəlliyinə gözəllik qatırdı. Xocalı ilə Qaladərəsinin arasında olan sıldırım dağ elə bil bir tarixi abidə idi. Əhməd bulağında bayramlarımızı qeyd edərdik. Novruz bayramını və digər bayramları təntənəli şəkildə keçirərdik. Hamı bir-birinin evinə gedib təbrik edər və bayram payı aparırdı. Bayram gecəsində hər bir evə papaq atardıq və tonqal qalayıb səhərə qədər tonqalın ətrafında qaçardıq. Küsənlər barışardı. Oğlanlar qızlarla bir yerə yığışıb konsert proqramı ilə çıxış edərdik. Mənim uşaqlıqdan incəsənətə çox meylim vardı. Tar, gitara, saz, qarmon, fortopiano, nağara, qoşanağara musiqi alətlərində ifa etməyi bacarırdım. Xocalının bütün tədbirlərində fəal iştirak edirdim. Vilayət yarışlarında həmişə yüksək bal toplayardıq. Xocalıda yetişən meyvə-tərəvəz birbaşa Kremilə aparılardı. Üzüm bağları Xocalını əhatəyə almışdı. Üzüm yığılandan sonra günümüz uralanmış üzüm bağlarında olurdu. Həsanabad kəndində olan alma bağında dünyada nə qədər meyvə növü varsa, hamısından yetişdirilirdi. Xocalının qışı da o biri fəsillər kimi gözəl idi. Biz bütün qışı Bulağın yoxuşu deyilən
hündür yerdə sürünçərdik. Bu bizim üçün bir idman növü və sağlamlıq idi.
        Xocalı Dağlıq Qarabağda ən gözəl yerlərdən biri idi. Təbiəti, havası, suyu çox gözəldi. İnsanları mehriban, qonaqpərvər, zəhmətkeşdir. Xocalıda tarixi abidələrlə zəngin idi. Biz onları qoruyub saxlayırdıq. Xocalı qəbiristanlığında olan köhnə qəbirlər və kümbəzlər Xocalının qədim tarixinə bir nişanədir. Ağdam, Əsgəran, Xankəndi, Şuşa ilə əhatə olunmuşduq. Kətik meşəsi və Bozdağı Xocalının gözəlliyini artırırdı. Mənim uşaqlıq çağlarım gözəl Xocalıda keçibdir. Xocalının çayları qızılbalıqla zəngin idi.
        3-cü sinifdə oxuyarkən əmim oğlu Oktay mənə gitara hədiyyə etdi. O vaxtlar bizim nəsil hamısı musiqi ilə maraqlanırdı. Amma axıra qədər məşğul olmamışdılar. Mən həm nağara ilə, həm gitara ilə maraqlanırdım. Ancaq Xocalıda musiqi məktəbi olmadığı üçün çətinlik çəkirdim. Özüm öyrənməyə başladım. Qoşanağara ilə VII sinifdən toylara gedirdim. Gitara ilə ilk toya X sinifdə oxuyarkən getdim. Orta məktəbi bitirdikdən sonra mən hərbi xidmətə getdim. Hərbi xidmətimi Almaniya Demokratik Respublikasında keçirdim.
        - Xocalı soyqırımının törədilməsi üçün necə zəmin yarandı?
        - 1988-ci il 18 sentyabrda ermənilər Xocalıya Xankəndi istiqamətindən hücum etmişdi. Ancaq layiqli cavabların alıb, itki verərək geri çəkilmişdilər. Həmin vaxt mənim atama deyirlər ki, bir azərbaycanlı maşını ermənilərin içinə düşüb. Kütləvi şəkildə hücum ediblər. Atam əmilərimlə və qonşularla birgə gedib həmin insanları ermənilərin əhatəsindən çıxarıb gətirmişdilər. Əsgərliyim çox çətin keçib. O çətinliklərin mənim həyatımda çox böyük rolu oldu. Hərbi xidmətimi 1988-ci il noyabr ayında başa vurub, Vətənə qayıtdım və Mingəçevir şəhərində gənclər birliyinin xətti ilə qeydiyyata düşüb işə başladım. Ancaq Qarabağ hadisələri məni yenidən Xocalıya çəkdi və 1990-cı ildə Xocalıya gəldim və səngərlərdə hamı kimi torpağımızı erməni faşistlərindən qorumağa başladım. Xocalı Aqrar Sənaye Bankında xəzinədar və əməliyyatçı mühasib vəzifəsində işləyirdim, həmçinin Xocalı toylarında gitara ifa edirdim. Bunlarla bərabər növbə ilə səngərdə dururduq. Getdikcə münaqişə güclənirdi. Ermənilər tez-tez Xocalıya və ətraf kəndlərə hücum edirdilər. Hətta qadınlar da əllərinə dəhrə, yaba götürüb düşmənlərin qarşısına çıxırdılar. Bir gün ermənilərin hücumunu dəf etmək üçün kimin nə silahı varsa, götürüb getmişdi. Mən ov tüfəngini  apara bilməmişdim. Anam silahı gətirib hadisə yerində çatdırmışdı. Ermənilər avtomat, pulemyot, qranatamyot və tanklarla atəş açırdılar. Biz isə ancaq 150 metr  irəli aparan ov tüfəngləri ilə düşmənlərin qarşısına çıxırdıq. O vaxtkı rəhbərlik ermənilərlə birgə Xocalının bütün sənədli silahlarını yığıb erməniyə vermişdilər. Hər gün Xocalılardan və erməni kəndlərinə yaxın olan digər rayonlardan ölüm xəbərləri gəlirdi. Münaqişə gündən-günə güclənirdi. Xocalını hər tərəfdən mühasirəyə almışdılar. Sovet İttifaqına məxsus olan 366-cı alayın zabit və əsgərləri ermənilərlə birgə bizə hücumlar edirdilər. Ancaq rus əsgərləri çox vaxt gəlib bizdən kömək istəyirdilər. Çünki ermənilər onlara tabe olmayan rus əsgərlərini güllələyirdilər, xocalılar isə rus əsgərlərini birbaşa Moskvaya göndərirdilər. Bizə o vaxtkı rəhbərliyin heç bir köməyi dəymirdi, bizi aldadırdılar. Gözümüzün önündə ermənilər hər gün bir kəndi yandırıb, işğal edirdilər. Biz əlimizdən gələni etsək də, silahımız olmadığı üçün çarəsiz qalırdıq. Gecə-gündüz səngərlərdə keşik çəkirdik. Hər gün edilən hücumların qarşısını çox çətinliklə alırdıq. İqtidarda olan qüvvələr bizi ruhdan salırdı. Bizə yalan vədlər verirdilər. Bütün əhali qadınlı-uşaqlı hamı keşikdə idi.
        Mən Xocalıda ailə həyatı qurdum. Bacımla orta məktəbdə bir sinifdə oxumuş və bir yerdə Maliyyə İqtisad kollecində təhsil alan Səadətlə nişanlandıq. Səadət oxuduğu kollecdə həm savadı, həm də tərbiyəsi ilə seçilirdi. Onun gözəl şeir demək qabiliyyəti vardı. Özü də şeir yazırdı, ancaq məndən bunu gizlətmişdi. 20 Yanvar faciəsindən sonra biz Xocalıda şəhidlərin ruhuna abidə inşa etdik. Abidənin açılışında Səadətdən “Ağla qərənfil, ağla” şeirini demək üçün xahiş etmişdilər, lakin o məndən icazə almaqlarını söyləmişdi və mən əlbəttə ki, razı olmuşdum. Səadət abidənin açılışında ağlaya-ağlaya o şeiri demişdi. 2 ilə yaxın nişanlı qaldıqdan sonra ailə həyatı qurduq. Evlənəndən sonra Səadət anamgil ilə Ağdama xalamgilin yanına gəldi. Yollar bağlandığı üçün geri qayıda bilmədilər.  Axırıncı aylar mən anamgil üçün helikopterlə Ağdama ərzaq apardım. Anam və yoldaşım mənimlə Xocalıya qayıtdılar. Bir neçə gündən sonra atam anamı geri qaytardı. Səadətə çox təkid etdim getmədi və dedi ki, ölsəm də, qalsam da sənin yanında olacam. İkimiz də Xocalıda qaldıq. Fevralın 25-i bizim həyatımızı tamamilə dəyişdi. Mənim növbə günüm deyildi, ancaq posta gedib baş çəkib gəlmişdim. Axşam yemeyindən sonra Səadət mənə dedi ki, sənə bir hədiyyəm var. Ancaq sən gitarada ifa etməlisən. Mən gitaranı götürdüm, o isə bir qalın dəftəri açıb, öz yazdığı şeirleri oxumağa başladı. Bütün şeirlərini mənə, Vətənə və anaya həsr etmişdi. Ağlaya-ağlaya şeirlər oxudu. Mən ondan soruşanda ki, niyə gizlətmisən bunları, cavabı bu oldu ki, bəlkə də bu gün bizim axırıncı günümüzdür. Mən ona zarafat edib dedim dəlisən, biz hələ bir yerdə 60-70 il ömür sürəcəyik. Ancaq o, hey ağlayırdı. Sonralar başa düşdüm ki, onun ürəyinə damıb ki, şəhid olacaq. Mən çay hazırladım. Oturub çay içirdik ki, qəflətən atəş səsləri bizi diksindirdi.
        - Soyqırım hadisəsi necə baş verdi?
        - Saat 22:30 radələrində erməni faşistləri keçmiş sovetlər birliyinin  Xankəndində yerləşən 366-cı alayı ilə birlikdə Xocalıya hücum etdilər. Əvvəl toplar, qradlar, tanklarla atəş açdılar. Mən pəncərədən baxanda babamgilin həyətində bir alma ağacını mərminin yerdən üzdüyünü gördüm. Bildim ki, onlar yaxındadılar. Biz çox çətinliklə Zəkara əmimgilə gəldik və orada ermənilərlə küçə döyüşləri başladı. Biz tankların, BMP-lərin qabağında davam gətirə bilmədik və Kətik meşəsinə tərəf üz tutduq. Qarqar çayından keçə bilməyən qocaları, uşaqları, qadınları cavanlar çaydan keçirtməyə kömək etdi. Səadəti nə vaxt çaydan keçirtmək istədimsə, o, başqasını keçirtməyimi istədi. Beləliklə, yoldaşımı lap axırıncı çaydan keçirtdim. O, çiynimdə çayı keçə bilmirdim, quraqlığa çıxanda özüm çaya yıxıldım. Çay güclü deyildi. Mən çox yaxşı üzməyi bacarırdım, lakin tamamilə taqətdən düşdüyüm üçün zəif axan çaydan çıxa bilmirdim. Səadətin köməyi ilə çıxdım. Bir az dincəldikdən sonra yolumuza davam etdik, hamı getmişdi. Biz meşəyə qalxdıq və yolda qalan köməksiz insanlara kömək etməyə başladıq. Yolda Xocalının İcra başçısı Elman Məmmədovu gördüm. O, çox həyəcanlı idi. Bilirdi ki, ermənilər onu ələ keçirsə diri-diri ətini kəsəcəklər. Elman müəllimin anası Məruzə xala da orada şəhid oldu. Mən bir əlimlə Səadətə, bir əlimlə  başqasına kömək edirdim. Səadət isə o biri əli ilə başqasına kömək edirdi. Beləliklə, bir çox insanlara kömək etdik. Arabir güclü alovla yanan Xocalıya baxırdıq. Hava işıqlaşanda Əsgəranın üst tərəfindən keçdik. Lakin ermənilər önümüzü kəsib gözləyirdilər və insanların komasına atəş açdılar. Xocalı əhalisini qırmağa başladılar, uşağa qocaya, qadına, şikəstə aman vermədilər. Biz düz çəmənlikə, ermənilər isə meşələrdə pusqu qurmuşdular. Heç bilmirdik ki, haradan atırlar. Orada 500-dən çox günahsız insan şəhid oldu. Hamı pərən-pərən düşdü. Hamı bir talaya yığışdı. Xocalının hava limanının komandiri Əlif Hacıyev yanımıza gəldi. Sonra bir dəstə düzəldib yolu açmaq üçün düşmənin qarşısına çıxdıq. Xain düşmənlər öndə gedən Əlifi vurdular. Əlifin dəstəsinin uşaqlarının çığırtısı hələ də qulağımdadır. Əlifi vurdular deyib, qışqırırdılar. Orada bizim çox insanlarımızı şəhid etdilər. Bir qədər vaxtdan sonra oradan çıxdıq və yolumuza güllə boran altında davam etməyə başladıq. Əmim oğlu Əkbərin 6 yaşlı qızı Sevinc yorğunluqdan dağa çıxa bilmirdi. Onu çiynimə alıb çox da yüksək olmayan dağa çıxartdım. Sevinc, əmi, məni düşür özüm gedəcəyəm deyib düşüb anasıgilə tərəf qaçarkən erməni gülləsinə tuş gəldi. Bu hadisəni xatırlayarkən çox ağır hisslər yaşayıram. Biz yenə də bir dərəyə endik. Orada bir xeyli qaldıq. Sonra Səlim adlı bir oğlanla birgə bir dağın üstünə çıxıb ordan ermənilərin qarşısını kəsmək istədik. Səadəti sağ qalanlarla yola saldım. Səlimlə dağın üstü ilə gəlib Ağdamın Şelli kəndinə çatdıq. Səadəti axtarmağa başladım. Lakin Səadət insanların arasında yox idi.  Mənə dedilər ki, Səadət biz -ayrıldığımız yerdə qaldı. Geri qayıdıb onu tapmaq qərarına gəldim. Bir az getmişdim gördüm ki, Səlim də arxamca gəlir. Ondan hara getdiyini soruşanda camaata kömək etməyə getdiyini dedi. Biz bir yerdə geri qayıtdıq. Dəli kimi meyitlərin arasında Səadəti axtarırdım. Onu 12 nəfər didərginlə bir yerdə tapdım. Səadət sürətlə üstümə gəldi və pıçıltı ilə dedi ki, bilirdim məni tapmağa gələcəksən. İndi ölsəm də qəm yemərəm. Yenidən yola çıxdıq. Bizi qarşıda 3 km uzunluğunda yol və pusquda duran erməni faşistləri gözləyirdi. Ermənilər yenidən atəşə tutdular. Mən hərbi xidmətimi Almaniyada quru qoşununda keçirdiyim üçün bütün qaydaları bilirdim. Səlimlə birlikdə 12 nəfəri gətirib Şelli kəndinin yaxınlığına çıxartdıq. Biz atəşdən yayınmaq üçün bir balaca xəndəyə girdik. Xəndək dərin olmadığı üçün yenə də uzanmalı olduq. Orada bizə gəlib çatanlar da oldu, şəhid olanlar da. Ermənilər bizi mühasirəyə aldılar. Hər tərəfdən atırdılar. Bir uşaq ayağa qalxanda mən onu ayaqlarından tutub yerə yıxdım. Həmin anda ermənilərin güllələri mənim saçımı yaladı və keçib yerə batdı. Bildim ki, düşmənlər bizim qalxmağımızı gözləyir. Səadət məndən arxada idi. Qəflətən onun çı-ğırtısını eşitdim. Sürünə-sürünə ona tərəf getdim. Çağırdım cavab vermədi. Mən əlimi onun belindən tutub bir az dərin yerə çəkmək istədim. Ancaq əlimin isindiyi hiss etdim. Əllərimə baxdım ki, qandır. Çağırdım, başını qaldırdı. Üzümə baxa-baxa bətnindəki iki aylıq körpə ilə şəhid oldu. Onun ölümündən sonra özümü itimişdim. Yaşamağımın heç bir mənasının olmadığını düşünürdüm. Xeyli vaxt orada qaldım. Onu çıxartmaq haqqında düşünürdüm. Xocalının Sosial Təminat idarəsinin müdiri Şamil müəllim, musiqiçi yoldaşım Akif çox təkid etdi, lakin mən getmədim. Ayaqları don vuranlar, qadınlar, uşaqlar yolda qaldı. 1 saatdan çox orada qaldıq. Öz ölümümün hökmünü vermişdim. Ya onu çıxartmalıyam, ya mən də qalmalıyam. Səlim arxada qalmışdı və ara-sıra biz də atırdıq. Ancaq gülləmiz tükənirdi. Bir qədər sonra məndə güllə qurtardı. Səlim də son gülləsini atmışdı. Mənim əynimdə əmim oğlunun öz tikiş fabrikində tikdirdiyi içi qurğuşunla dolu olan gülləkeçirməz gödəkçə vardı. Gödək-çənin ciblərində bəzi silahların gülləsini qoymuşdum. Mən Səlimə güllə aparmaq istədim. Sürünməyə başladım. Səlim silahı sinəsinin üstünə qoyub darağı dəyişmək istəyərkən snayperlə onun avtomatını vurdular, silah elə bil göydə uçdu. Biz silahsız qaldıq. Bir xeyli keçəndən sonra gördüm ki, qarşımda bir erməni dayanıb. Yaşamaq istəmədiyim üçün erməninin üstünə getdim. O, qaçdı. Lakin mənim boynuma ağır zərbə vurdular. Taqətdən düşdüyüm üçün yerə yıxıldım. Başımı qaldıranda gördüm ki, ermənilər silahları mənə tuşlayıblar. Beləliklə, biz əsir düşdük. Ancaq Səadət orada qaldı. Bizim həyatımızın məhv olduğunu düşünə-düşünə gedirdim. Ancaq ölmək istəyirdim. Görəsən mənim başıma gələnləri o vaxtkı iqtidarda olanlar oxuyacaq və heç olmasa vicdan əzabı çəkəçəklərmi? Heç inanmıram. Onların övladları, bacıları, anaları xocalıların gününə düşsəydi, bəlkə bir az vicdan əzabı çəkərdilər. Ancaq öz torpağını düşmənə satan, öz ailəsini də asanlıqla satar...
        - Çətin olsa da, əsirlikdə erməni vəhşilərinin başınıza gətirdiyi müsibətlərdən danışın.
        - Əsgəranda dözülməz əsirlik həyatım başladı. Cavanları seçib bir kamerada işgəncə verməyə başladılar. Məni gətirib ortada döydülər. Huşumu itirdim. Gözlərimi açanda tərpənə bilmədim. Bədənimin bir çox yerlərini qırmışdılar. Gecə 3 dəfə bizi döydülər. Səhəri günü yenə də işgəncə verməyə başladılar. Hər 10-15 dəqiqədən bir əsir gətirirdilər. Araz, Fəxrəddin, Mikayıl qardaşları və anaları, Yaşarın qardaşı Faiq, Elxan, Mirzə, Muradxan, İlham qardaşları, İbrahim kişi, oğlu Zülfü və bir çoxları var idi. İkinci gün axşama qədər bizi çox pis döydülər. Qadınları başqa kameralara salmışdılar. Mənim heç vaxt yadımdan çıxmaz Məleykə xala ilə oğlanları Mirzə və Elşənlə ayrılmaqları. Təsəvvür etmək də olmur. Ağbirçək ana çarəsizdi, oğlanları ona kömək edə bilmirdi. Ananı buraxırlar, oğlanlarını saxlayırlar. Mən bu cümlələri qurmaqda çox çətinlik çəkirəm, çünki insanlığa qarşı bu cürə işgəncə olmaz. Hər gün bir-iki nəfəri vəhşicəsinə öldürürdülər. Bizi döyüb bir-birimizin üstünə atmışdılar. Qapının ağzında pis vəziyyətdə olan Hüseyni güllələdilər. Səhəri gün Arazı, Rasifi qətlə yetirdilər. Onların ən çox axtardıqları Xocalının İcra başçısı Elman Məmmədov, Xocalı şəhər hava limanının komendantı Əlif Hacıyev, Xocalı şəhər Özünümüdafiə taborunun komandiri Tofiq Hüseynov idi.
        Səhəri gün ermənilər Elxanla məni bir yerə salıb işgəncə verdilər. Sonra bir erməni Elxanı bıçaqla vurdu. Elxan yerə yıxıldı. Onun yarasını öz köynəyimdən cırıb sarımaq istədim, ancaq bacarmadım. Eləcə yarasının üstünə qoydum. Bıçaq onun düz ürəyinin üstündən vurulsa da, ürəyinə çatmamışdı. Sonra bizim hər birimizə stəkanın dibində çay verdilər. Amma Elxana vermədilər. Öz çayımı Elxana içirtdim. Səhəri gün Elxanı apardılar. Sonra ondan bir xəbər olmadı. Məni yenə möhkəm döyüb kameraya saldılar. Soyuq və yaralar məni çox pis incidirdi. İbrahim kişi məni özünə tərəf sıxıb paltosu ilə bükdü. Lakin ağrılar, titrtmə yatamağa imkan vermirdi. Orada Canan dayının oğlu Xəqaninin səsi hələ də beynimdədir. Pəncərədən baxanda atasını əsirlər arasında görüb çığırırdı. Atam ordadır deyə-deyə ağlayırdı. O, uşaqlıq dövrünü keçirirdi. Onu da apardılar. Hələ də ondan bir xəbər yoxdur. Mən kamerada oturmuşdum. Erməni başını balaca pəncərədən içəri salıb çağırdı ki, gitara çalan, pulemyotçu Valeh  kimdi çıxsın. Mən dillənmədim. Çünki, mən pulemyotçu olmamışam, sonra gəlib məni çıxartdılar. Bir otağa salıb xeyli döydükdən sonra, 3 erməni məni tutdu, biri isə kəlpətinlə sol əlimin baş barmağımın dırnağını çıxartdı. İki dəfə kəlpətinlə dartdılar, üçüncu dəfə dırnaq qopanda huşum getdi. Nə qədər huşsuz qalmağımı bilməmişəm. Ayılanda yerdə olduğumu bildim və yana açılmış əllərimə baxmaq istədim. Ermənin ikisi əllərimin üstünə çıxıb barmaqlarımı qırdılar. Təkrar huşumu itirdim. Sonra məni sürüyüb yenə kameraya saldılar. Bir neçə saatdan sonra bədənimin və barmaqlarımın ağrısına oyandım. Şiddətli ağrı məni çox incidirdi. Ermənilər oyandı-ğımı gördükdə yenə gəlib məni apardılar. Bir yerdə əsir düşdüyüm Dürdanəni gördüm. Dürdanə ilə uşaqlıqdan bir məktəbdə oxumuşduq. O, Xocalıda poçtda işləyirdi. Demək olar ki, bütün məlumatları bizə poçt verirdi. Dürdanəni çox döymüşdülər. Qardaşı Elşad həm yaralı idi, həm də işgəncə vermişdilər. Dürdanə bir küncə qısılıb tir-tir əsirdi. O qədər işgəncə vermişdilər ki, paltarı cırılıb al qan içində idi. Mənə orada yenidən işgəncə verməyə başladılar. 6-7 erməni əllərində dəyənək bədənimə vururdular və qırılan barmaqlarıma baxıb deyirdilər ki, bir də gitara ifa edəcəksən? Qəflətən dəyən zərbədən qaz sobasının üstünə yıxıldım. Həmin vaxt mən əllərimi sobaya dayaq verdim, soba aşdı. Məni məcbur etdilər ki,  sobanı yerinə qaldırıb qoyum. Ancaq soba çox isti olduğu üçün və əllərim yandığı üçün əynimdə tək qalan tamamilə cırılmış köynəyimi çıxarıb əlimə tutmaq istədim. Ermənilər başa düşüb qoymadı və özləri mənim əllərimdən tutub sobanı düzəltməyə məcbur etdilər. Soba düzələndən sonra əllərimi sobanın üstündə saxlayıb tamamilə yandırdılar. Deyirdilər ki, sən sağ qalsan da, gitaranı unut. Onsuz da ifa edə bilməyəcəksən. Məni sürüyüb kameraya saldılar. Bədənimin bütün ağrıları yadımdan çıxsa da, yanıb qırılan barmaqlarım bərk ağrıyırdı. Əllərimi dəmir borunun üstünə qoydum. Boruda soyuq su donmuşdu və səhərə qədər titrəyə-titrəyə qaldım. Səhər gəlib məni çıxartmaq istədilər. Lakin əllərim yapışıb borunun üstündə qalmışdı. Erməni bunu başa düşüb ayaqlarımdan sürüyüb məni çıxartdı. Həmin vaxt əllərimdən qopan ət parçaları borunun üstündə qalmışdı. Məni milis şöbəsində bir meydançaya gətirdilər. Gördüm ki, bir əsiri döyürlər. Həmin əsir kim idisə, ermənilərə cavab qaytarırdı. Ermənilər onu vurduqca var səsi ilə Qarabağ bizimdi deyirdi. Bir azdan sonra güllə səsi eşitdim.
        - Həmin əsirin kim olduğunu öyrənə bildiniz?
        - Gecəni orada huşsuz qaldım. Səhəri gəlib məni çıxaranda onun kim olduğunu görmək istədim. Üzü üstə düşmüşdü. Qanı altından axıb donmuşdu. O, məndən bir sinif aşağı sinifdə oxuyan Əliməmmədov Faiq idi. Faiq Gəncə Texnologiya Universitetinin tələbəsi idi. Çox tərbiyəli və savadlı bir ailənin övladı idi. Atası Şahmalı müəllim və əmisi Ağamalı müəllim mənim müəlimim olmuşdu. Bir qardaşı Yaşar əsir düşmüşdü. Yaşara çox işgəncə vermişdilər. Qardaşı Namiqdən hələ də bir xəbər yoxdur.
        Sonra məni ayağıyalın və əynimdə bir idman şalvarı, sulu qar yağa-yağa Əsgəran qalasına apardılar. Bir az saxlayıb geri qaytardılar. Mən soyuqdan tir-tir əsirdim. Ancaq bilmədim nə üçün apardılar. Sonra məni yenə də kameraya saldılar. Səhəri gün Dürdanə olan otaqda yenə məni döydülər. Ermənilər çölə çıxanda Dürdanə mənim yalın ayağıma bir corab geyindirdi. Bir gün ermənilər əlində bizim pasportlar gəlib dedilər ki, Xocalıdan olanları aparıb erməni qəbirlərinin üstündə başını kəsəcəyik. Bir gündən sonra məni çıxardılar. Əsgərandan Kətik dağına tərəf apardılar. Əsgərandan Kətik dağına gedən körpünün üstündən keçəndə özümü körpüdən atmaq istədim. Hər yerim yaralı olduğu üçün və körpünün ətrafı dəmir məftillərlə qaynaq edildiyinə görə istədiyimi edə bilmədim. Erməninin biri yaxınlaşıb dedi ki, deyirlər sənin atan nə qədər pul istəsək verəcək. Ona dedim ki, nə qədər istəyirsiniz. Cavab verdi ki, 150 min manat. Məni gətirib yenidən kameraya saldılar. Dedilər ki, bu danışığı buradakılar və sənin atandan başqa heç kəs bilməyəcək. Əgər sizin xalq və bizimkilər bilsə səni öldürəcəyik. Səni gizli satacağıq. Mart ayının 6-sı Şelli kəndinin yaxınlığında bir fermanın yanında məni buraxmalı idilər. Ancaq həmin gün Ağdamdan Əsgərana güclü hücum oldu. Məni gətirib Əsgəranla Ağdam arasında olan Xanabad kəndindən aşağı ermənilərin bir balaca təpənin arasında tikdikləri bir dama saldılar. Həmin damda məni möhkəm döyüb getdilər. Huşsuz vəziyyətdə qaldım. Bir qədər sonra səsə oyandım. Güclü atışma gedirdi. Ermənilər yenidən qapını açdılar. Məni öldürmək üçün döydülər, biri güllə ilə vurmaq istədi, o birisi qoymadı. Sonralar bildim ki bizimkilər lap yaxınlıqda imiş. Onun üçün güllə atmayıblar ki, səsi çıxmasın. Məni avtomatın ucu və qundağı ilə döyüb yenə də qaçdılar. Huşumu itirdim. Oyananda bizimkilərin səsini eşidirdim. Doğma azərbaycanlı səsi idi. Bir-birilərini çağırıb burdan gəlin, belə gedin deyirdilər. Həmin o səslər hələ də yadımdan çıxmır. Qurtulduğumu zənn etdim. Dişlərimi qırıb, dodaqlarımı parça-parça etdikləri üçün qan laxtası donub ağzımı tutmuşdu. Ona görə heç kəsi köməyə çağıra bilmədim. Atışma səsi səhərə qədər gəldi. Hətta yanğının, güclü alovun səslərini eşidirdim. Dəmir qapının üstündə olan xırda deşiklərdən Xanabadda inşa olunmuş fin evlərin yandığını görürdüm. Beləliklə, atışma səhər açılanda dayandı. Bizimkilər erməniləri Əsgərandan çıxartmışdılar. Sonra necə olubsa geri qayıdıblar. İki gün orada qaldım. Yaralarım və susuzluğum məni çox incidirdi. Burada ermənilərin qış ərzaqlarını gördüm. Ağzı rezin qapaqla bağlanmış bir banka var idi. Çətinliklə qapağı açdım. Sifətimin qanını əllərimi bağladıqları ağ mələfə ilə təmizləyib bankanın içindəki mayeni içməyə başladım. İçəndən sonra bildim ki, bu konyak imiş. Məni huş apardı. Nə qədər yatdığımı bilmirəm. Gecə-gündüz atışma səsləri gəlirdi. Ora salınandan 6 gün sonra ermənilər gələndə məni ölmüş bilib bir qayanın başından aşağı atdılar. Yomalanıb qayanın aşağısından axan su arxına düşdüm. Soyuq sudan çıxmağa gücüm çatmırdı, çətinliklə çıxa bildim. Bütün gecəni orada qaldım. Həmin gecə mənim üçün on il kimi gəldi. Səhərə qədər soyuqdan tir-tir əsdim. Amma yenə sağ qaldım. Ermənilər səhər ora gələndə mənim tərpəndiyimi gördülər. Məni gəlib yenidən Əsgərana aparıb milis şöbəsinin kamerasına saldılar. Orada qonşumuz Məhəmməd kişi, Səadətin əmisi Ələmdar kişi var idi. Onlar məni tanımadılar. Çünki sifətim tanınmaz hala salınmışdı. Bir neçə gün onlarla qaldım. Ermənilər hər gün onları da, məni də möhkəm döyürdülər. Məhəmməd kişi yerdə uzanılı, yaralı vəziyyətdə su, su deyirdi. Mən onun halına dözə bilmədim, bir təhər dəmir qapını ayaqlarımla döydüm. Qapını açanda onlardan bu yaşlı insanlara su vermələrini istədim. Onlar məni yenidən döyüb çıxdılar. Bir neçə dəqiqədən sonra gəlib məndən soruşdular ki, əgər istəyirsənsə onlara su verək, onda icazə ver səni öz xoşunla döyək. Mən razılaşdım. Bunu Məhəmməd kişi bilmədi. Ancaq Ələmdar kişi bildi və çox dirəndi ki, razı olmayım. Ancaq qərarımı vermişdim. Məni çıxarıb döydülər, onlara su verdilər. Hər gün edilən ağlasığmaz işgəncələrdən bezmişdim, yaşamaq istəmirdim. Ermənilərin bir nazik bel kəməri əlimə düşmüşdü. Kəməri boğazıma bağlayıb intihar etmək istəyirdim, lakin gücüm çatmırdı.
        Bir gün ermənilər yığılıb məni döyəndə biri soruşdu ki, de görüm Quliyev Taleh sənin nəyindi. Onlar çoxlu soruşsalar da, tanımıram dedim. Mənə siz elə bil qardaşsınız deyirdilər. Erməninin biri dedi ki, Taleh onların gözünün qabağında qumbara ilə özünü və onların 4 yoldaşlarını öldürüb. Mən dedim ki, tanımıram. Talehin soyadını soruşanda Quliyev dedilər. Mənim soyadımın Hüseynov olduğunu bildirdikdən sonra məndən əl çəkdilər. Bir gün ermənilər içəri girib mənə dedilər ki, səni səhər aparıb bir erməni qəbirinin üstündə dırnaqlarına biz soxub ətini kəsə-kəsə öldürəcəyik. Həmin gecəni qapı arxasında bükülü vəziyyətdə keçirdim. Ölümdən qorxmurdum. Ancaq işgəncə məni məhv eləmişdi. Səhəri gəlib məni çıxartmaq istədilər. Orada İsraildən gələn bir erməni onlarla bir-birilərinə silah çəkdilər. Həmin erməninin onlara söylədiyi sözləri eşitdim. O, rus dilində danışırdı. Hiss etdim ki, erməni dilini bilmir. Ermənilərə dedi ki, siz vəhşisiniz, neçə illər bir yerdə yaşadığınız insanları niyə belə incidirsiniz. Hətta dedi ki, mən nə qədər buradayam səni aparmaqlarına qoymayacağam. Çünki müharibənin qanunları var, əsirlə belə rəftar eləmək olmaz. Bunlar müharibə etmir, dinc əhalini vəhşicəsinə qırırlar. Son-ralar eşitdim ki, oradakı, haqsızlığa qarşı çıxdığına görə onu da öldürüblər. Məni yenə də möhkəm döyüb kameraya atmışdılar. Aclıqdan, susuzluqdan, soyuqdan bədənim titrəyirdi. Sonra yanımıza 3 rus əsgərini gətirdilər, bu əsgərlər ermənilərin zülmünə qarşı çıxanlar idi. Rus əsgərlər deyirdilər ki, bizi məcbur edirlər döyüşməyə, elə bil bizim komandirlər öz zabitlərimiz yox, ermənilərdi. Onları orada işgəncə ilə öldürdülər. Gecə əllərimi qaldırıb sinəmin üstünə qoymağa gücüm çatmırdı. Gözüyumulu vəziyyətdə bir neçə ayaq səsləri eşitdim. Kiminsə içəri girdiyini eşitdim, ancaq dəmir qapı açılmadı. 2-3 dəqiqədən sonra çıxıb gedən ayaq səslərini eşitdim. Əsməcəm kəsdi və bədənimi tərpədə bildim. Yenicə yuxuya getmişdim ki, birdən yenə ayaq səsi eşitdim və tez gözlərimi açdım. Qarşımda ağ geyimdə, ağ saqqalı olan bir kişi dayanmışdı və mənə baxırdı. Baxdıqdan sonra dedi ki, yat, iki günə qədər sən gedəcəksən, anan gözləyir. Yuxuya keçdiyim üçün onun getdiyini hiss etmədim. Yuxuda onu yenə də gördüm. Gördüm ki, mən hündür bir yerdən bir məscidin həyətinə baxıram. Həmin o insan dəstəmaz aldı və mənə tərəf baxıb dedi ki, yat, sən tezliklə gedəcəksən. Etiraf edirəm ki, o vaxtlar dinimizdən az anlayışım vardı, belə şeylərə inanmırdım. Lakin hər şeyi öz gözlərimlə gördüm. Səhəri ermənilər gəlib məni çıxartdı. Milis şöbəsinin balaca meydançasına apardılar. Öldürmək üçün biri avtomatı beynimə, digəri isə ürəyimə tuşladı. Atmaq istəyəndə mən ayın neçəsi olduğunu soruşdum. Dedilər ki, 21 martdır. Mən isə yalan danışıb dedim ki, mən 22 martda doğulmuşam. Ad gününə qədər yaşamaq istədiyimi soruşdular. Məndən hə cavabı alınca, məni ad günümdə tikə-tikə edəcəklərini dedilər. Razılaşdım. Məni yenidən kameraya saldılar. Həmin gün həmyaşıdlarım olan 4 erməni gəldi. Biri məni tanıdı, uşaq vaxtı onu döymüşdüm. Həmin ermənilər az qalırdılar ağlasınlar ki, bizi məcbur edirlər ki, döyüşək, əgər döyüşməsək ailələrimizi öldürəcəklər deyirdilər.
        Mənə yemək verdilər. Ancaq mədəm yapışdığı üçün yeyə bilmədim. Yediyim tikələr geri qayıtdı. Gecəni yata bilmədim. Ermənilər əllərimi yandırdıqları gün bir erməni həkimi gəlmişdi. Ancaq qoymadılar mənim yaralarıma baxsın. O su borularının arxasında bir yod bankası və dərmanlar saxlamışdı. Məni döyəndə komodun üstünə yıxılmışdım. Komod aşdıqdan sonra oradan tökülən dərmanlar yanan əlimin içinə girmişdi. Çox çətinliklə dərmanlarla yodu bir yerdə içdim ki, canım qurtarsın. Lakin öskürək qoymadı tam içəm və səsimə ermənilər içəri girdi. Gözümə bibər qazı vurdular, huşumu itirdim. Gecə oyananda yenə öskürək tutmuşdu. Gözümə yenə də bibər qazı vurdular, yenidən huşumu itirdim. Günorta vaxtı olardı, dəhlizdə səs-küy eşitdim və qəflətən dəmir qapı şaqqıltı ilə açıldı. Ermənilər içəri girdi. Geyimlərindən hiss etdim ki, başqa məqsədlə gəliblər. Biri əlində şəkil göstərib, bu sənsən deyə soruşdu. Əlindəki orta məktəb şəklim idi. Mənim şəklim olduğunu bildirdim. Bir də soruşdu ki, gitara ifaçısı Valeh sənsən. Mən hə cavabı verdim. Sonra onlar çıxıb getdilər. Heç nə başa düşə bilmirdim. Ancaq oturub işgəncə ilə ölümümü gözləyirdim. Onlar gedəndən sonra məni gizlədən Qarik Mavel və bir neçə erməni içəri girib döyməyə başladılar. Ancaq sifətimə vurmurdular. Gözlərimi, sifətimi bağlayıb döydülər. Sonra yenidən kameraya saldılar. Axşam qaranlıq düşməmiş içəri girdilər. Mənə bir hərbi forma geyindirdilər. Elə bildim ki, məni meşədə öldürəcəklər. Çölə çıxartdılar. Gətirib bir hərbi avtomobilə mindirdilər. Mən qorxmurdum. Avtomobildə bir saqqallı oğlan gördüm. O, Valeh olub-olmadığımı soruşanda hə cavabını verdim. Sonralar bildim ki, həmin oğlan bizim qəhrəman oğullarımızdan biri Ağdam sakini olan Milli Qəhrəman Allahverdi Bağırovun silahdaşı olan Zahiddir. Bir əlində avtomat, bir əlində qumbara vardı. Sanki bizə hücum edəcəklər kimi hazır idi. Zahid öz həyatını təhlükəyə ataraq məni aparmağa gəlmişdi. Mənim kimi çox əsrləri aparmışdı. Ağdamla Əsgəranın arasında böyük bir xəndək qazmışdılar. Məni ora gətirdilər. Orada bizi rəhmətlik Allahverdi Bağırov və onun silahdaşları qarşıladı. Allahverdinin əli sarıqlı idi, deyirdilər atışmada yaralanıb. Allahverdi mənim bədənimi açıb yaralarımı görəndə bərk qəzəblənib ermənilərə söyməyə başladı. Alçaqlar, niyə bizim adamlarımızı bu günə qoyursunuz deyib qışqırdı. 3 erməni qadınını sağlam onlara təhvil verib məni aldı. Əsirlikdən qurtarmağım mənə bir yuxu kimi gəlirdi. Atam, Ramiz əmim qabağıma çıxanda elə bildim yuxudayam. Atam ağlaya-ağlaya məni qucaqlayanda bilmirdi ki, paltarın altı bütün qan içindədi. Var gücümü toplayıb sıxma dedim. Onda bildi ki, bədənim pis vəziyyətdədir. Məni Ağdam rayonunun Xalq Cəhbəsinin qərargahına apardılar. Oradan Ramiz əmimgilə gətirdilər. Yol gələ-gələ mən atamdan qohumlarımı soruşurdum. Atam hamısının şəhid olduğunu deyirdi. Səadətin ölümünü görmüşdümsə də, ancaq bəlkə bir möcüzə nəticəsində sağ qala biləcəyini fikirləşirdim. Orada Ağcabədi rayonunu Şərəfxanlı, Hindarx, Kəhrizli Şahmalılar, Şotlanlı kəndlərinin əhalisi məni qarşıladılar. Məni Şotlanlı kəndinə gətirdilər. Hamı mənimlə görüşə gəldi. Ancaq anam gəlmədi. O, bir kənarda donub qalmışdı. Xahiş etdim ki, məni anamın yanına aparın. Anamın yanına apardılar. Ancaq anam heç əlini tərpədib mənimlə görüşmədi. Məni dünyalar qədər sevən anamın mənimlə görüşməməsinə təəccüblü qaldım. Sonralar ona niyə mənimlə görüşmədin sualını verəndə dedi ki, orada ağbirçək Suqra bibim və ağsaqqal qohumlar var idi. Onların yanında həya etdim, səninlə görüşməyə utandım.
        - Yoldaşınızın meyitini düşmənlərin əhatəsindən çıxartmaq mümkün olmuşdu?
        - Mən əsirlikdə olarkən atam Səadətin meyitini alıb Ağcabədinin Şotlanlı kəndində dəfn ediblər.
        - Əsirlikdən qurtarıldıqdan sonra  hansı müalicələri aldınız?
        - Bədənimə yapışmış paltarı çox çətinliklə çıxartdılar və yandırdılar. Bədənimi yumaq istədilər. Ancaq hər yer dəyənək yarası olduğu üçün eləcə su tökdülər. Ağrılarım şiddətləndi. Geyinmək üçün paltar tapdıqdan sonra Mingəçevir şəhərinə apardılar. Gündəlik müalicə alırdım. Az qalırdı başıma hava gəlsin. Qaldığım travmatologiya şöbəsinə gətirilən ağır yaralıların ağrısına dözə bilmədiyim üçün palatamı dəyişdirib lor şöbəsinə köçürdülər. Yaralarımın ağrısı və mənəvi əziyyətlərimə görə iztirab çəkirdim, palatadan çölə çıxmırdım.
        Bir gün eşitdim ki, palatanın qabağında növbətçinin oturduğu yerdə mənim haqqımda bir qəzetdə yazılanları oxuyurlar. İstər-istəməz qulaq asdım. Mən o vaxta qədər heç kimə başıma gələnləri danışmamışdım. Oxuduqlarını eşidəndə çox təəcübləndim ki, bunları haradan bilirlər. Bəzi sözləri düzgün olmadığı üçün bir balaca gülümsədim. Xadimə işləyən qadın güldüyümü görüb məni təhqir etdi ki, sənin kimiləri qaçıb gizlənir, belələri gedib zülüm çəkir. Sən isə onu məsqərəyə qoyub gülürsən. Mən heç nə demədim, sakitcə palatama girdim. Hadisə haqqında gedib baş həkimə məndən şikayət etmişdilər ki, guya mən orada nalayiq hərəkətlər edirəm. Həkimim və tibb bacısı gəldi. Qərar vermişdilər ki, başım pozulub. Tibb bacısı mənə suallar verdi. Gördü ki, hər şey normaldı. Soruşdu ki,  o burada nə edib. Olanları danışdılar və qəzeti görsədəndə həkimim dedi ki, Valeh elə bu özüdü. Həmin an orada bir sakitlik yarandı. Məni təhqir edən o qadın dizlərini yerə qoyub iməkləyə-iməkləyə, ağlaya-ağlaya yanıma gəlib üzr istədi. Mən onu qaldırmaq istədim, lakin yaralar imkan vermədi. Həmin gündən onların münasibəti mənə qarşı dəyişdi. Səadətin şəklini böyütdüyüm gün ən ağır günlərimdən biri oldu. Hər dəfə şəkillərə baxanda özüm özümə sual verirdim ki, axı günahsız insanları niyə öldürdülər, onlar nə etmişdilər? O vaxtkı rəhbərliyin qanı, qeyrəti bu faciəni necə qəbul etdi. Əmim Zəkara, həyat yoldaşı Şura, oğlanları Əkbər, Taleh, qızı Zərifə, nəvələri Sevinc, Samir, Mahir, kürəkənləri Novruz, Tahir və çox qohumlarımız şəhid oldu. Onlardan Novruz oğlu Mahirlə itkin düşdü. Tahir, Zərifə və balaca qızlarının məzarı Ağdamda qaldı. Qalanları Ağcabədinin Şərafxanlı qəbiristanlığında  dəfn ediliblər.
        Bu gün həyat davam edir, lakin ürəyimdəki yaralarım sağalmır. Mən hər gün dəfələrlə o günləri xatırlayıram, həmin hadisələri kino lenti kimi gözlərimin önündən keçirirəm. O vaxt Xocalıda olan insanların çoxu dünyasını dəyişib, qalanı isə öz ağrıları ilə yaşayır. Əgər buna yaşamaq demək mümkündürsə. Mən olan hadisələri danışarkən çox əziyyət çəkirəm, çünki o hadisələr mənim üçün təzələnir.
        - Bu gün Azərbaycanın güclü Ordusu var. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi şanlı qələbələrimizin hələ qarşıda olduğundan xəbər verir. Ordumuzun bugünkü gücü haqqında nə deyə bilərsiniz?
        - Azərbaycan xalqı çox qonaqpərvər, əliaçıq, qeyrətli xalqdır. Xalqımızın Mübariz İbrahimov kimi qeyrətli, qəhrəman oğul və qızları çoxdur. Vaxtı gələndə onlar aprel hadisələrində olduğu kimi döyüş meydanlarına atılacaq. Silahsız və köməksiz qalan Xocalı camaatı da düşmənlə sonadək layiqli mübarizə apardı.
        Mən Vətənimizi çox sevirəm, lazım gələrsə yenə də canımı fəda edərəm. Qarabağın və ətraf rayonların hər birində olmuşam, yaxşı xatırlayıram. Çox təəssüflənirəm ki, erməni kimi alçaq, şərəfsiz bir millət torpaqlarımızı işğal edib. Torpaqlarımızı yağı tapdağından azad etməsək, gələcək nəsillər bizi bağışlamayacaq.
Müsahibəni apardı:
Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə ardıcıl baş verən yanğın hadisələri - Qəsəbə sakinləri narahatdır


        Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə 13 sentyabr gecə 02:00 radələrində növbəti yanğın hadisəsi baş vermişdir. Yanğın Xocalı rayon Kosalar kənd sakini Əhmədov Rafil Zeynal oğluna məxsus evin həyətindəki içi ot bağlaması ilə doldurulmuş tövlədə olmuşdur. Yanğının söndürülməsi əməliyyatına Göygöl və Kəpəz rayonlarının yanğından mühafizə hissəsinin əməkdaşları gəlmişdir. Yanğının evlərə keçməsinin qarşısı alınsa da, təsərrüfat sahibinə ziyan dəymişdir. Yanğında tövlənin yanar konstruksiyası və tövlənin içindəki 500-dən çox ot bağlaması yanaraq tələf olmuşdur və 100-dən çox kəpək yemi yararsız hala düşmüşdür. Həyətdəki ağaclar yanmış, yanğının istisindən evin şüşələri çatlamışdır. Yanğın zamanı qonşuluqda olan Kosalar kənd sakini Hümbətöv Elməddin Həsən oğlunun və digər yaxın qonşuların ailə üzvləri qorxu və həyəcan keçirmiş, adı çəkilən şəxsin fərdi təsərrüfatı üçün yığdığı 400-dən çox ot bağlaması tələf olmuşdur. 
        Adətən küləkli olan qəsəbədə yanğın zamanı küləyin əsməməsi çox böyük xoşbəxtlikdir. Ona görə ki, tikilən tövlələr və yığılan ot tayaları evlərə çox yaxındır. Külək əsdiyi təqdirdə yanğının evə və evlərə keçməsi mümkündür. Hadisə ərəfəsində ev sakinlərinin evdə olmaması, tövləyə gedən elektirik xəttinin əvvəlcədən ayrıldığı halda və gecə saatlarında baş verməsi yanğının qəsd ilə törədilməsi şübhəsinə əsas verir. Yanğının başvermə səbəbləri araşdırılır.
        Ardıcıl yanğın xəbərləri vermək yaxşı hal deyil. Ancaq daha da bəd xəbərlər ola bilərdi. Qəsəbə sakinləri mütəmadi hal alan yanğın hadisələrindən qorxularını gizlətmirlər. Qəsəbə salınarkən yanğından mühafizə hissəsinin binası müasir tələblərə uyğun şəkildə tikilmişdir. Ancaq müəssisənin tam olaraq işləməməsi sakinlərin haqlı narazılığına səbəbdir. Çünki bədbəxt hadisə zamanı yaxından gələn kömək daha tez çatacaqdır. Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır". Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələ ilə maraqlanacaq və müəssisənin fəaliyyəti faydalı olacaqdır. 

 

Paylaşın:

Məcburi köçkünlər yaşadığı qəsəbədə ot tayası yanaraq külə döndü

       Sentyabrın 6-sı günortsa saatlarında Gənşə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə məskunlaşan Göyçə mahalının Vardenis rayon sakini Elşad Abbasovun fərdi təsərrüfatına məxsus 2000-dən çox ot bağlamasından ibarət tayada yanğın olmuşdur. Yanğını söndürmək üçün hadisə yerinə Göygöl rayonundan və Gəncə şəhər Kəpəz rayonundan Yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunmuşdur.
        FHN-nin əməkdaşları yanğının yaxınlıqdakı tövləyə keçməsinin qarşısını alsa da, ot tayası yanaraq külə dönmüşdür. Alovun qalxdığı yerdən yüksək cərəyanlı elektirik naqilləri keçdiyi üçün qəsəbəyə verilən işıq müvəqqəti dayandırılmışdır.
        Elşad Abbasov yanğından mühafizə əməkdaşlarının hadisə yerinə zəng olunan vaxtdan çox gec çatdığını deyir. Təsərrüfat sahibi ona dəymiş ziyana görə köməklik edilməsini xahiş edir. Qəsəbə sakinləri növbəti yanğın hadisəsindən ehtiyatlanır və qəsəbədə Yanğından mühafizə hissəsinin binası olduğu halda tam şəkildə fəaliyyət göstərməməsindən şikayət edirlər.







Paylaşın:

Sübhi KAZIMOV: "Konfransda rayonun ziyalı şəxslərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının bütünlüklə iştirak etməsi Xocalı rayonunun təhsilə verdiyi dəyərdən irəli gəlir"

  06.09.2017-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.
  Konfransda Xocalı rayon İH-nın başçısı cənab Şahmar Usubov, Təhsil Nazirlyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi Kazımov ümumtəhsil işçiləri, rayon ziyalıları iştirak etdilər.
  Konfrans iştirakçıları əvvəlcə "Heydər" parkında Ümummilli Lider Heydər Əliyevin büstü önünə dərin ehtiram əlamati olaraq tər çiçəklər düzdülər, Ulu Öndərimizə Allahdan rəhmət dilədilər.
        Mədəniyyət evində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfrans rayonumuzun başçısı cənab Şahmar Usubovun sədrliyi, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənovun və metodkabinetinin müdiri  Nəvai Həsənov katibliyi ilə öz işinə başladı.
       Ölkəmizdə aparılan təhsil islahatları və rayonumuzun 2016-2017-cı tədris ilində qazandığı
nailiyyətlər haqqında çıxış üçün geniş məruzə ilə söz Xocalı RTŞ-nin müdiri Şakir Əliyevə verildi. Şakir Əliyev çıxışında bildirdi ki, Azərbaycan öz müstəqilliyini  bərpa etməsinin 26-cı ilindədir. Artıq bu illərdə ölkəmiz  müstəqillik  yaşı Azərbaycandan bir neçə qat çox olan ölkələr cərgəsinə qoşulmuşdur. Bütün sahələrdə  olduğu  kimi təhsil  sahəsində də nəzərəçarpan irəliləyişlərə, inkişafa təhsili ən gərəkli sahə  hesab  edən  ümummilli  liderimiz Heydər Əliyevin apardığı və bu gün də möhtərəm  Prezidentimiz İlham  Əliyev  cənabları  tərəfindən  davam və inkişaf etdirilən uğurlu siyasət nəticəsində  nail olunmuşdur. “Neft  kapitalını  insan  kapitalına çevirməliyik” vəzifəsini qarşıya qoyan İlham Əliyev  cənablarının  bütün  sahələrdə  olduğu  kimi təhsil sahəsində  apardığı uğurlu  siyasət nəticəsində Azərbaycan  təhsili dünya  təhsilinə inteqrasiya etmişdir. Azərbaycan təhsilində  demokratikləşdirmə, humanistləşdirmə prinsiplərinin  tətbiqi gələcəkdə  Azərbaycanın təhsil  sahəsində  görüləcək  işləri  özündə planlı şəkildə əks  etdirən “Azərbaycan  Təhsilinin İnkişafı Strategiyası”nın  ölkə Başçımız tərəfindən  təsdiq olunması və mərhələ ilə  həyata  keçirilməsi  onun Azərbaycan  təhsilinə  xüsusi diqqət  və qayğı  göstərməsinin bariz təzahürüdür.
  Respublikanın, eləcə də  rayonumuzun  təhsil  müəssisələrinin  maddi-texniki  bazası gücləndirilmiş, istilik sistemi yenidən   qurulmuş, təhsil sisteminin informasiyalaşdırılması proqramı respublikanın bütün təhsil müəssisələrində  uğurla başa çatdırılmışdır. Xocalı  rayonu  üzrə 12 ümumtəhsil müəssisəsinin  9-u  "Qaçqın bvə  Məcburi  Köçkünlərin yaşayış  şəraitinin   yaxşılaşdırılması və  məşğulluğunun artırılması"  Dövlət  Proqramlarına uyğun olaraq inşa olunmuş yeni müasir tipli məktəb  binalarında fəaliyyət göstərirlər.
  Rayonumuzun  təhsil  müəssisələrində  120 ədəd  kompüter vardır. Hal-hazırda rayonumuzda hər 12 nəfər şagirdə bir kömpüter düşür.
        2016-2017-ci  tədris ilində istedadlı  şagirdlərlə  aparılan iş davam  etdirilmişdir. Beləki, il ərzində rayonumuzun ümumtəhsil  məktəblərinin   şagirdləri  fənn olimpiadalarının məktəb və rayon mərhələlərində iştirak etmişlər. Ötən illərdə olduğu kimi  olimpiadanın  rayon  mərhələsi şagirdlərimizin məskunlaşdıqları  ərazi  üzrə yerli  rayon  təhsil  şöbəsinin rəhbərliyi ilə  keçirilir. Rayonun ümumtəhsil  məktəblərinin 7 nəfər şagirdi fənn olimpiadalarının zona mərhələsinə  vəsiqə qazanmışdır. Ötən tədris ilinin mart ayında  VI-VII sinif şagirdləri arasında  “Fənn müsabiqəsinin” rayon mərhələsi  keçirilmişdir. Onlardan  8 nəfər  şagird  4 fənn üzrə iyun ayında  Bakı şəhərində keçirilən  Respublika  mərhələsində  iştirak  etmişlər. Bundan əlavə  rayonun istedadlı  şagirdləri arasında “Ədəbiyyat bilicilər”i  müsabiqəsi  keçirilmişdir. Rayon  mərhələsinin qalibi olmuş Kərkicahan  qəsəbə tam orta  məktəbinin XI sinif şagirdi Əliyeva  Aysel  Tahir qızı  respublika mər-hələsində  iştirak  etmişdir.
        Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş Heydər Əliyevin  həyat və fəaliyyəti haqqında  ən yaxşı  şifahi  təqdimat  müsabiqəsində  rayonu  Kosalar kənd tam orta  məktəbinin IX sinif şagirdi  Həsənli Nəzrin Faiq qızı təmsil  etmiş və II yerə layiq görülərək  Təhsil  Nazirliyi  tərəfindən  mükafata  layiq  görülmüşdür. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Bakı şəhərində  II,III və IV sinif şagirdləri arasında təşkil olunan  ümumrespublika şahmat  yarışında  rayonun 10 nəfərdən ibarət  komandası  iştirak etmişdir.
Nə? Harda?Nə zaman? İntellektual  bilik  yarışmasının Mingəçevir şəhərində keçirilən zona mərhələsində rayonumuzun  komandası  iştirak  etmişdir. Məktəblilərimiz  “Şahin ” hərbi idman oyunlarının və Gəncxilasedicilər  yarışlarının zona  mərhələsində  iştirak  etmişlər. Eyni zamanda məktəblərimiz  Bakı şəhərində  keçirilən IV İslam oyunları öncəsi  Gəncə və Şəmkir şəhərlərində keçirilən  yarışlarda  iştirak  etmişlər. Bütün  bunlarla bağlı  rayonumuzun məktəbliləri  dövlət səviyyəsində qeyd olunan  rayon tədbirlərində  yaxından iştirak  etmişlər.
        Ötən  dərs ilində  Azərbaycan  təhsilində  həyata keçirilən   mühüm  tədbirlərdən  biri də 5 yaşlı uşaqların  məktəbə hazırlıq qruplarına  cəlbi olmuşdur. Rayonumuzun 5 məktəbində - Xocalı şəhər 1 nömrəli, 2 nömrəli, 4 nömrəli, Kərkicahan qəsəbə, Kosalar kənd tam  orta məktəblərində  yaradılmış 5 qrupa 95 uşaq cəlb olunmuşdur. Göstərilən  məktəblərdə 5 yaşlıların təhsili üçün müvafiq  şərait yaradılmışdır. Yeni dərs  ilində rayonun 6 məktəbində 6 qrupa 99 nəfər  uşağın cəlb olunması ilə məktəbəhazırlıq qruplarının fəaliyyəti  təmin olunacaqdır.
  2016-2017-ci  tədris  ilinin əvvəlində   rayonumuzun  ümumtəhsil  məktəbləri  üzrə  1536  nəfər şagird  olmuşdur. Rayon üzrə ümumi şagirdlərin  ana dili fənni üzrə 54 %-i 50 baldan aşağı, 46 %-i 50 baldan yuxarı, riyaziyyat fənni üzrə 77 %-i 50 baldan aşağı, 23 %-i isə 50 baldan yuxarı nəticə göstərmişdir. Yeni qaydalara uyğun olaraq buraxılış  imtahanlarından  sonra  rayon  üzrə imtahanlarda iştirak etmiş 134  nəfər IX sinif  şagirdinə   ümumi orta  təhsil  haqqında  attestat verilmişdir. Bu məzunlardan imtahanda yüksək nəticə göstərənlər orta ixtisas  təhsili müəssisələrinin  qəbulunda iştirak  etmişlər.
      Dərs ilinin  sonunda   rayonun  təhsil  müəssisələrinin  XI  sinifləri  üzrə  102  nəfər  şagird buraxılmış  imtahanlarına  buraxılmış  və  onların  hamısı  2017-ci ilin  iyun ayında  DİM  tərəfindən ana dili, riyaziyyat, xarici  dil fənlərindən  buraxılış  imtahanında  iştirak  etmişlər. Buraxılış imtahanlarından rayon üzrə ümumi şagirdlərin ana dili fənni üzrə 19 %-i qeyri-kafi, 81 %-i məqbul, riyaziyyat fənni üzrə 23 %-i qeyri-kafi, 77 %-i məqbul, xarici dil fənni üzrə 20 %-i qeyri-kafi, 80 %-i isə məqbul qiymət almışlar.
  Ümumi şəkildə bildiririk ki, builki 102 nəfər məzundan 48 nəfəri (48 %-i) 150 baldan yuxarı nəticə göstərmişdir. Bu məzunlar ixtisas seçimi aparmışvə ali məktəblərə qəbul olmuşlar.
           2016-2017-ci  tədris  ilində  Xocalı şəhər 1 nömrəli, 3 nömrəli, Kərkicahan  qəsəbə, Kosalar və Meşəli kənd tam orta məktəblərinin  fəaliyyəti  qənaətbəxş edici  olmuşdur.
2017-ci ildə rayonun təhsil  müəssisələrinin XI siniflərini  bitirən 102  nəfər  şagirddən 87 nəfəri ali məktəblərə sənəd vermiş, həmin  şagirdlərdən  45 nəfəri ali, 13 nəfəri isə  orta ixtisas məktəblərinə qəbul olmuşdur. Əlavə olaraq ötən ilki məzunlarımızdan 3 nəfəri  bu il  tələbə adına layiq görülmüşdür. Bu ilki  məzun sayına  görə ali və orta ixtisas məktəblərinə  qəbul 56%,  sənəd verənlərin sayına  görə isə 66 % təşkil edir.  Bunlardan ali məktəblərə  qəbul  ümumi şagird sayına görə  44%, sənəd verənlərin sayına görə51% təşkil edir.Ali məktəblərə  qəbul imtahanlarında rayonun ümumtəhsil  məktəblərinin 7 nəfər  şagirdi 500 baldan yuxarı, 3 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir. Qəbulun nəticəsinə  görə  Xocalı şəhər 1 nömrəli, Kərkicahan qəsəbə, Kosalar, Başkənd və Meşəli  kənd tam orta  məktəbləri  fərqlənmişlər. Hər beş  məktəbin məzunları  500 və 600 –dən yuxarı bal toplamışlar.
  Bütün bu göstərilən  uğurlara, Azərbaycanın  inkişaf  etmiş  ölkələr  cərgəsinə  qoşulmasına Ölkə Başçısı cənab İlham  Əliyevin  apardığı uğurlu və məqsədyönlü  siyasət nəticəsində   nail olunmuşdur.
  Rayonumuz  üzrə  270 nəfər müəllimdən 255 nəfəri diaqnostik qiymətləndirmədə  iştirak etmişdir. İştirak  etməyənlərin dioqnostik qiymətləndirmədə  iştirakını təmin etmək məqsədilə onların yeni adlı siyahıları  Təhsil  Nazirliyinə  təqdim  olunmuşdur. Yaxın günlərdə onlarda dioqnostik qiymətləndirmədən  keçəcəklər.
        Rayonumuzun  təhsil  işçiləri  bundan  sonra  da  heç  bir  çətinlikdən  qorxmadan  gerilikləri, nöqsanları vaxtında  aradan  qaldıracaq, öz  işlərini  günün  tələbləri  səviyyəsində,  gənc  nəslin təlim-tərbiyəsi işini müstəqil  respublikamızın  inkişafına  uyğun  şəkildə, yeni Təhsil Strayegiyasının tələbləri  əsasında, təhsilimizin himayədarı olmuş, Ümummilli  Liderimiz Heydər Əliyevin ideyalarına  uyğun şəkildə quracaq, yeni  dərs ilində  qarşıya qoyulan vəzifələr diqqətlə həyata keçiriləcək. Bu  məsul  və  şərəfli  vəzifənin  yerinə  yetirilməsi  işində bütün məktəb rəhbərlərinə, \ müəllim  kollektivimizə  uğurlar  arzulayır,  hər  birinizi  yeni  2017-2018-ci  dərs ilinin başlanması münasibətilə  təbrik  edirəm.
        Sonra məruzə ətrafında çıxışlarda Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi
Rəhimov, Kərkicahan qəsəbə tam orta məktəbin direktoru Arzu Hacıyeva rəhbərlik etdiyi məktəblərin təhsil nailiyyətləri haqqında məlumatlar verdilər.
        Ali məktəblərə qəbul imtanında 652 bal toplayan Meşəli kənd tam orta məktəbin məzunu Həsənov Qərib Vaqif oğlu və 623 bal toplayan Xocalı şəhər 1 saylı tam orta məktəbin məzunu Həsənli Nurlan Aydın oğlu qazandığı uğurların əsas memarı olan valideynlərinə və müəllimlərinə minnətdarlıq etdilər. Fikirlərinə əlavə etdilər ki, rayonumuzun başçısı Şahmar Usubovun diqqət və qayğısı daha ciddi çalışmağıma səbəb oldu.
        Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Sübhi Kazımov çıxış edərək
ölkə təhsilinin yeni proqram və metodlarla inkişafından danışdı. Xocalı rayonunun təhsilinin keyfiyyət və kəmiyyət göstəricilərinə öz münasibətini bildirdi. Sübhi Kazımov vurğuladı ki, müəllimlik sənətini sevərək seçmək lazımdır. Artıq müəllimlik peşəsini seçən şəxslərə ayrıca təqaüdlər ayrılır. Müəllim davranışı, mədəniyyəti ilə nümunəvi olmalıdır. Şagirdlərə özünü sevdirməlidir.
        Məktəbəhazırlıq yüksək səviyyədə aparılmalıdır, həmin şagirdlərə həssaslıqla yanaşılmalıdır. Məktəbəhazırlıq qrupuna cəlb olunan şagirdləin bilik səviyyəsir, cəlb olunmayanlara nisbətən daha artıq olduğu müşahidə olunur.
        Təhsil Nazirliyinin prioritet məsələlərindən biri şagirdlərin beynəlxalq olimpiayadalarda yaxşı nəticələr göstərməsinə nail olmaqdır.
        Bu gün bu konfransda rayonun ziyalı şəxslərinin, hüquq-mühafizə orqanlarının bütünlüklə iştirak etməsi Xocalı rayonunun təhsilə verdiyi dəyərdən irəli gəlir.
Cari tədris ilinin birinci dərsi Cocuq Mərcanlıya həsr ediləcək. Aprel döyüşləri Ordumuzun qüdrətini, xalqla ölkə rəhbərinin həmrəy olmasını bir daha təsdiq etdi.
        Xocalı rayon İH-nın başçısı cənab Şahmar Usubov çıxışında bildirdi ki, ölkəmiz gündən-günə hərtərəfli inkişaf edir. Yeni iş yerləri yaranır, xalqın rifah halı artır. Bütün bunların hamısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsindədir.
        Xocalı rayonunun sakinləri üçün salınmış qəsəbələrdə yeni məktəb binaları tikilir, lazım olan invertar avadanlıqlarla təmin edilir. I vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər təhsilimizə böyük dəstəkdir.
        Şahmar Usubov bütün təhsil işçilərinə yeni tədris ilində möhkəm cansağlığı, müvəffəqiyyətlər arzuladı.
        Daha sonra ali məktəbə qəbul imtahanında yüksək bal toplayan məzunlara Fəxri Fərman və hədiyyələr verildi.
        Qərar layihəsinin metodkabinetin müdiri Nəvai Həsənov məruzə ilə oxudu. Qərar yekdilliklə qəbul olundu.
        Sonda Xocalı rayon RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov konfrans iştirakçıları adından Ölkə Prezidenti Cənab İlham Əliyevə ünvanlanan müraciəti konfrans iştirakçıları qarşısında məruzə etdi.
  Konfrans xoş əhval-ruhiyyə ilə başa çatdı.






Paylaşın:

İradə Əlilinin təmənnasız nəcib davranışı, onun yüksək insani keyfiyyətlərinin təzahürüdür

        Qurban bayramı müsəlman aləmində ən dəyərli bayramlardan biridir. İmkansız ailələrə, yardıma ehtiyacı olan insanlara kömək etmək insanın özünə olan hörmətini artırır, mənəviyyatını rəhm və paklıqla qidalandırır.
        Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi metodiki mərkəzin metodisti, BDU-nun müəllimi, AMEA-nın dissertantı, “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin sədri İradə Əlili uzun müddətdir məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanır, onlara lazım olan köməkliyini göstərir və şəhid ailələrinə mənəvi dayaq olur. Xeyriyyəçi xanım Qurban bayramı münasibətilə avqust ayının 2-də və 4-də Goranboy rayonunun Veysli, Aşağı Ağcakənd qəsəbəsində və digər yaşayış yerlərində olmuş, bu ərazilərdə məskunlaşan məcburi köçkünlərə, imkansız ailələrə qurban payı paylamışdır.
        İradə xanımın təmənnasız bu nəcib davranışı, onun yüksək insani keyfiyyətlərinin təzahürüdür. Hər kəs gördüyü yaxşı əməlin əvəzini mütləq alacaq. İnanırıq ki, İradə xanımın nümunəvi xeyriyyə işlərindən yalnız öz mənafeyini düşünən şəxslər nəticə çıxaracaq.
Paylaşın:

XOCALI TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ DİYARIDIR

        Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqançölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və başqalarını göstərmək olar.
        Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından, alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizəucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.
        Bu faktlar sübut edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixiyazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsıqablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponomik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bugünədək olan məşğuliyyəti Xocalı toponomiyasında da öz əksini tapmışdır.
Xocalının erməni işğalından sonra tapdaq altında qalan tarixi-dini memarlıq abidələri
Alban məbədi (905-ci il)–Şuşa kəndi.
Alban məbədi (1100-cü il)–Çanaxçı kəndi
Alban məbədi (1065-ci il)–Çanaxçı kəndi
Alban məbədi (1100-cü il)–Xaçmas kəndi
Alban məbədi (1122-ci il)–Xansıx kəndi
Alban məbədi (1202-ci il)–Armudlu kəndi
Günbəz–Xocalı kəndi
Qoç və yəhərşəkilli qəbir daşları–Xocalı kəndi
Qədim tarixə malik olan Alban abidələri - Xocalı kəndi
Qədim Alban kilsəsinin qalıqları - Kərkicahan qəsəbəsi
“Börgün qayasında olan kilsə” alban kilsəsi–Meşəli kəndi
“Yeddikilsə” Alban kilsəsi–Meşəli kəndi
“Durpasuda olan kilsə” Alban kilsəsi–Meşəli kəndi
“Balaca suda olan kilsə” Alban kilsəsi–Meşəli kəndi
“Əvəzin yurdunda olan kilsə” (Alban kilsəsi)–Meşəli kəndi
Xocalı qəbiristanlığı e. ə. VIII-VII əsrlər
Bundan başqa tarixi–memarlıq abidələri kimi
Teymurləngin qalası - Meşəli kəndi

    Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib. İki istehkamdan ibarət olan qala çay daşından inşa olunmuşdur. Qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir.
        Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.
        XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.
Təhmasib KƏRİMOV,
Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi