
Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından, alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizəucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

Xocalının erməni işğalından sonra tapdaq altında qalan tarixi-dini memarlıq abidələri
Alban məbədi (905-ci il)–Şuşa kəndi.
Alban məbədi (1100-cü il)–Çanaxçı kəndi
Alban məbədi (1065-ci il)–Çanaxçı kəndi
Alban məbədi (1100-cü il)–Xaçmas kəndi
Alban məbədi (1122-ci il)–Xansıx kəndi
Alban məbədi (1202-ci il)–Armudlu kəndi
Günbəz–Xocalı kəndi
Qoç və yəhərşəkilli qəbir daşları–Xocalı kəndi
Qədim tarixə malik olan Alban abidələri - Xocalı kəndi
Qədim Alban kilsəsinin qalıqları - Kərkicahan qəsəbəsi
“Börgün qayasında olan kilsə” alban kilsəsi–Meşəli kəndi
“Yeddikilsə” Alban kilsəsi–Meşəli kəndi
“Durpasuda olan kilsə” Alban kilsəsi–Meşəli kəndi
“Balaca suda olan kilsə” Alban kilsəsi–Meşəli kəndi
“Əvəzin yurdunda olan kilsə” (Alban kilsəsi)–Meşəli kəndi
Xocalı qəbiristanlığı e. ə. VIII-VII əsrlər
Bundan başqa tarixi–memarlıq abidələri kimi
Teymurləngin qalası - Meşəli kəndi

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib. İki istehkamdan ibarət olan qala çay daşından inşa olunmuşdur. Qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir.
Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.
XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.
Təhmasib KƏRİMOV,