Keyfiyyət ili təhsilimizə nə verəcəkdir?

        Yaşadığımız müasir dünya  elmi-texniki tərəqqinin kulminasiya dövrü və İnformasiya  Kommunikasiya Texnologiyaları  əsridir. Belə bir dövrdə məktəbdə  təlim-tərbiyə verdiyimiz gənc  nəsli hərtərəfli-Vətənini, torpağını,  xalqını  sevən,  öz  ölkəsinin tarixini, milli adət-ənənələrini  bilən, müasir dünyagörüşlü,  bilikli, savadlı, dünyada gedən  mürəkkəb proseslərdən baş çıxara bilən vətəndaş kimi yetişdirməliyik. Bunlara nail olmaq üçün  2017-2018-ci dərs ilinin Təhsil  Nazirliyi tərəfindən “Təhsildə  keyfiyyət ili” elan olunmasının  müstəsna  əhəmiyyəti  vardır.
        Məlum olduğu kimi 2017-2018-ci dərs ili Təhsil Naziri  cənab Mikayıl Cabbarovun 28  avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə “Ümumi təhsildə  keyfiyyət ili” elan olunmuşdur. Göstərilən  əmrlə “Təhsildə  keyfiyyət ili” çərçivəsində nəzərdə  tutulan tədbirlərin icrası ilə  bağlı Təhsil Nazirliyinin Fəaliyyət  planı və təşkil ediləcək pedaqoji  mühazirələrin keçirilmə qaydaları təsdiq olunmuşdur. Fəaliyyət  planında göstərilənlərin icrasını  təmin etmək məqsədilə Xocalı  RTŞ-nin  müdiri  Şakir  Əliyevin  14 sentyabr 2017-ci il tarixli  123  nömrəli əmri ilə 5 nəfərdən  ibarət  komissiya yaradılmış və “İl” çərçivəsində rayonun təhsil müəssisələrində həyata keçiriləcək tədbirləri əhatə edən Xocalı RTŞ-nin tədbirlər planı tərtib olunmuşdur. Tədbirlər planına əsasən rayonun məktəblərində son 5 ilin  nəticələri təhlil olunmaqla rayonun zəif nəticə göstə-rən məktəblərindəki vəziyyət müəyyənləşdiriləcək, geriliklərin aradan qaldırılması  istiqamətin-də təsirli addımlar atılacaqdır. Bununla da hər bir məktəbin pedaqoji kollektivi işlədikləri təhsil müəssisəsinin rayon  üzrə yerini müəyyənləşdirərək gerilikləri yaradan səbəbləri  “rəqəmlərin dilindən” eşidəcəklər. “İl” çərçivəsində təhsil işçiləri arasında təşkil olunacaq pedaqoji mühazirələr onların  fəallığının, rəqabətliliyinin artırılmasına gətirib çıxaracaqdır.
        Rayonumuzun təhsil işçiləri  “İl”  çərçivəsində  görüləcək  işləri özündə əks etdirən aşağıdakı  tədbirlər planını diqqətlə öyrənməli, təşəbbüskar olmalı, gerilikləri aradan qaldırmaq istiqamətində müvafiq addımlar atmalıdırlar. Biz  bir təhsil işçisi olaraq  işimizə məsuliyyətlə yanaşmalı,  gələcəyimiz olan şagirdlərimizin hərtərəfli təlim-tərbiyə alması istiqamətində bütün potensialımızı səfərbər etməliyik. Cəbhədə ölkəmizin ərazi bütövlüyünü qoruyan əsgərlərimizin üzərinə düşən məsuliyyətdən çox biz   müəllimlərin - təhsil cəbhəsi əsgərlərinin üzərinə məsuliyyət düşür. Çünki müharibədə düşmən üzərində təkcə topla, tüfənglə yox, ağılla qələbə qazanmaq olar. Bu yolda təhsil cəbhəsinin əsgərlərinə müvəffəqiyyət arzulayırıq.
             Nəcəf HƏSƏNOV,
Xocalı RTŞ-nin aparıcı məsləhətçisi

Yorum Gönder

Daha yeni Daha eski