Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Mikayıl Cabbarov müəllimlərimizi Fəxri Fərmanla təltif edib

       05 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun müvafiq əmri ilə Xocalı rayon Natiq Şahmuradov adına Kərkicahan qəsəbə tam orta məktəbinin biologiya müəllimi Abışova Aliyə Eyvaz qızı və Xocalı şəhər 3 nömrəli tam orta məktəbinin biologiya müəllimi Əliyeva Pərvanə Nizami qızı "Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim - tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə" Fəxri Fərmanla təltif edilmişlər. Bu munasibətlə Xocalı rayon Təhsil şöbəsində toplantı keçirilmiş, Təhsil şöbəsinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlar sahiblərinə təqdim olunmuşdur.
        Xocalı rayon Təhsil şöbəsi yüksək diqqət və qayğısına görə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarova öz təşəkkürünü bildirir.




Paylaşın:

Xocalı məktəbliləri Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda iştirak edib

        Noyabrın 20-də Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib. Forum Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
        Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə sahib 6-18 yaş arasında 380 uşaq iştirak edib.
        Ümumrespublika Uşaq forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından çox əhəmiyyətlidir. Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanının yaradılması, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir. Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
        Sevindirici haldır ki, bu Foruma Xocalı rayon şagirdləri də qatılıblar. Onlardan biri Xocalı rayon Başkənd kənd tam orta məktəbinin XI sinif şagirdi Mirzəyev Yaqub Azər oğlu, digəri isə Yaloba kənd tam orta məktəbinin X sinif şagirdi Ağayev Vaqif Əli oğludur. Şagirdlər Yaloba kənd tam orta məktəbinin direktoru İslam Bayramovun nəzarət ilə Forumda iştirak etmişdir. Respublikanın tanınmış şəxsiyyətlərinin iştirakı ilə keçirilən Forum şagirdlərin dünya görüşünün artmasında mühüm rol oynayır. Belə tədbirlər onların yaddaşında məktəb illərinin ən xoş xatirələrindən biri kimi qalacaq. Şagirdlərə xatirə olaraq IV Forum üçün xüsusi hazırlanmış şərp və digər hədiyyələr verilmişdir.
        Təlim-tərbiyədə fərqlənən, dərslərinə yaxşı hazırlaşan, sınaq imtahanlarında yüksək bal toplayan Yaqub və Vaqifin bu mötəbər Forumda iştirak etməsi təsadüf deyil. Hər iki şagirdə gələcək həyatlarında uğurlar diləyir, ali məktəbə qəbul olmalarını arzulayırıq.

Paylaşın:

DAĞLIQ QARABAĞIN QƏDİM KƏRKİCAHAN KƏNDİNİN MƏKTƏBİ

        Dağlıq Qarabağın qədim Kərkicahan kəndinin məktəbi haqqında olan bu məqaləni hazırlayarkən məlum oldu ki, məktəb  haqqında məlumatlar yalnız yaşlı nəsil kərkicahanlıların yaddaşındadır. Sovet dövründə Dağlıq Qarabağın Muxtar Vilayət statusu olduğundan ərazinin arxiv materialları Xankəndi şəhərindəki arxivdə saxlanılmışdır. Deməli, torpaqlarımızı işğal edən ermənilər tariximizi də işğala qoymuşdur. Kərkicahan məktəbi haqqında olan məlumatları yalnız yaşlı nəsil kərkicahanlılardan öyrənmək mümkün oldu. Tariximizin bir hissəsini yaddaşında saxlayan və bu məqalənin ərsəyə gəlməsində böyük köməyi olan o insanların hər birinə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yaşlı nəsil insanların yaddaşında olan bu faktların gənc nəslə aşılanması, Kərkicahanın tarixində mühüm rol oynamış insanların onlara tanıdılması çox vacibdir.
        Azərbaycanlıların yaşadığı qədim insan məskənlərindən olan  Kərkicahan Dağlıq Qarabağın dilbər guşələrindən biridir. Bura bərəkətli torpağı, təmiz havası, suyu, mülayim iqlimi ilə seçilən, həm dağ, həm aran olan bir məkandır. Belə bir mühitdə  yaşayan,  qurub-yaradan kərkicahanlılar tarixin müxtəlif dövrlərində öz vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı,  igidliyi,  təşkilatçılıq  və  rəhbərlik  qabiliyyəti ilə həmişə fərqlənmişlər. Böyük Vətən müharibəsinə gedən 57 nəfərdən  çox  kərkicahanlı öz canını Vətənə qurban vermişlər.
        XVII əsrdən başlayaraq ən  varlı adamlar saf təbiəti, mülayim  iqlimi  olan Kərkicahanda  daşdan 50-dən çox ev tikdirmiş, əkin-biçin, bağ-bostan yerləri  düzəltmişlər. 1910-20-ci illərdə Kərkicahanda 80-85 ailə yaşayanda Xankəndində cəmi 19-20 ev olmuşdur. XX əsrin əvvəllərində - 1905-07-ci illər və 1918-20-ci illərdə məkrli ermənilərin Kərkicahan üzərinə hücumları həmişə igid kərkicahanlılar tərəfindən qətiyyətlə dəf olunmuşdur. Kərkicahanlı Qiyas Qiyasovun nənəsi Bəyim Kərim qızı Qiyasovanın  xalası oğlu, Kosalarlı Qaçaq Mahmud  Kərkicahanda yaşayan Qaçaq Alı ilə birgə erməni daşnak dəstələrinə qarşı daim mübarizə aparmışlar.
        Cəmiyyətdə savadsızlığın  hökm sürdüyü XI əsrin sonu, XX  əsrin əvvəlində Kərkicahan torpağının, məktəbinin yetişdirdiyi, bu məqalədə adları çəkilən kərkicahanlılar müxtəlif sahələrdəki uğurlu fəaliyyətləri ilə daim ön cərgələrdə olmuşlar. Bu insanların yetişməsində Kərkicahan məktəbinin müstəsna rolu olmuşdur.
        Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra məktəbin yetişdirdiyi məzunlardan Fərhad Həsənov, Məhərrəm Rəsulov, Səttar Babayev, Tarverdi Bəxtiyarov, Şahbaz Səfərov, Humay İbrahimova Kərkicahanda kənd sovetinə  sədrlik  etmişlər.  Sonradan 1959-cu ildə ermənilər tərəfindən məqsədli şəkildə qədim  tarixə malik kəndin statusu ləğv olunaraq Xankəndi şəhərinin  bir məhəlləsinə çevrilmişdir. Nəhayət, 1990-cı ilin aprelində əhali sayı nəzərə alınaraq Azərbaycan hökuməti tərəfindən Kərkicahana qəsəbə statusu verilmişdir. Qəsəbə  icra nümayəndəliyinə 1990-cı ilin aprelindən avqust ayına qədər Qasım Qasımov (Qırxqızlı) rəhbərlik etmişdir. Həmin dövrdən indiyə qədər Kərkicahan məktəbinin məzunu Dərgah Haqverdiyev qəsəbə icra nümayəndəsidir.
Kərkicahanlılar  təhsilə,  elmə  maraq  göstərən,  önəm  verən  insanlardır. Şuşada ilk mədrəsə və dünyəvi məktəblər fəaliyyətə başlayandan kərkicahanlılardan həmin məktəblərdə təhsil alanlar olmuşdur. 1851-ci ildə Şuşa qəzasının Kərkicahan kəndində dünyaya  gəlmiş məşhur tarzən Məşədi Zeynal Haqverdiyev Şuşa  realni məktəbində təhsil almışdır. Şuşa realni məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu kimi məşhur mədəniyyət xadimlərinin mühitində  boya-başa çatmış, Azərbaycanın  musiqi  həyatında  görkəmli  rol oynamış tarzənlərdən biri olmuşdur. Görkəmli tarzən Məşədi Zeynal 1918-ci ildə Bakıda vəfat  etmişdir.
Kərkicahanda ilk dünyəvi məktəb 1920-ci ildən kərkicahanlı Xəlilin evində fəaliyyətə başlamışdır. Evlərdə fəaliyyət göstərdiyi dövrdə məktəbə son illərə qədər Xankəndində yaşayan Tofiq və Eldar Cəfərovların əmisi Ədil Miralıoğlu rəhbərlik etmişdir.
        Kərkicahanlı Xanış Hüseynqliyevanın qardaşı Məhərrəm  Kərbəlayi Nəcəf oğlu Rəsulovun  böyük fədakarlığı sayəsində Kərkicahan  məktəbi  üçün  bina  tikilərək 1937-ci ildə istifadəyə verilmişdir. Deyilənə görə həmin dövrdə məkrli ermənilər məktəbin əlverişli olmayan, özlərinə yaxın yerdə tikilməsi ilə əlaqədar müxtəlif hiylələrə əl atmışlar. Lakin Məhərrəm Rəsulovun qətiyyəti onların bu iyrənc planlarını ürəklərində qoymuş və məktəb binasının azərbaycanlılar yaşayan hissədə tikilməsinə nail olmuşdur. Kərkicahan qəsəbəsinin mənfur ermənilər tərəfindən işğalına qədər dərslər bu binada tədris olunmuşdur. Partiya məktəbində təhsil almaq üçün Bakıya göndərilən Məhərrəm Rəsulov 1939-cu ildə ermənilər tərəfindən qətlə yetirilmişdir.
        1937-ci ildə istifadəyə verilən yeni binada 1937-1942-ci illərdə Kərkicahan məktəbinə Yusif Əli oğlu Əliyev rəhbərlik etmişdir. Bu dövrdə məktəbdə Yusif Əliyevin həyat yoldaşı Tavat Qaraş qızı  Babayeva da müəllimlik etmişdir. İlk təhsilini Kərkicahan məktəbində alan Tavat Babayeva kərkicahanlı Elman və Bahadur Əliyevlərin əmisi, həmin dövrdə Tiflisdə pedaqoji məktəbə rəhbərlik edən Əli Ağakişi oğlu Əliyevin köməkliyi ilə pedaqoji məktəbdə təhsil almışdır. Həmin dövrdə Əli Əliyevin həyat yoldaşı Savad Fərzalı qızı Əliyeva da Tiflisdə təhsil almışdır. Sonradan Əli Əliyev Mir Cəfər Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövrdə Mərkəzi Komitədə işləmiş, 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibədə həlak olmuşdur. Əli Əliyevin qohumu Mirvari Əliyeva tibb təhsili alaraq həkim işləmişdir. Əli Əliyevin qızı Sehran Əliyeva hal-hazırda Sumqayıt şəhərində yaşayır.
        Kərkicahan məktəbinə 1943-1992-ci illərdə Sadıq Murtuza oğlu Əliyev, 1992-2007-ci illərdə Oqtay Şahid oğlu Hacıyev rəhbərlik etmişdir. Məktəbə 2007-ci ildən indiyə qədər Arzu Xəlil qızı Hacıyeva rəhbərlik edir.
        Məkrli  ermənilər  sovet  rejimi dövründə Kərkicahan məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və inkişafı istiqamətində heç bir iş görməyərək daim əngəllər törətmişlər. Müvafiq sayda şagird kontingenti olmasına baxmayaraq, məktəb 1988-ci ilə qədər  natamam orta olmaqla 1937-ci ildə tikilmiş binada fəaliyyət göstərmişdir. Uzun müddətdən sonra 1991-ci ilin yay dövründə Azərbaycan hökuməti tərəfindən məktəb üçün müasir tipli bina tikilib istifadəyə verildi.
Kərkicahan məktəbinin məzunları hələ XX əsrin ortalarında  cəmiyyətin müxtəlif sahələrində uğurlu fəaliyyət göstərmişlər.
        Bahadur Zeynalovun  qardaşı, Kərkicahan məktəbinin məzunu Süleyman Atalı oğlu Zeynalov 1923-cü ildə Kərkicahanda anadan olmuş, ilk təhsilini Kərkicahan məktəbində almış, Bakıda neft mühəndisi işləmiş və Böyük Vətən müharibəsində həlak olmuşdur.
Məktəbin məzunlarından olan  Əbülfət Almurad oğlu Lələyev hərbi məktəbdə təhsil almış, zabit kimi Böyük Vətən müharibəsində iştirak etmişdir.
        Vaqif Əsədovun əmisi Cavanşir Həsən oğlu Həsənov Rusiyada hərbi məktəbdə təhsil almış, təxminən 1937-ci ildən başlayaraq Xankəndində, Suxumidə hərbi komissar, sonra isə Suxumi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir.
        Şahid Kərim oğlu Hacıyev ali təhsilli tarix müəllimi kimi uzun müddət Kərkicahan məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, eynilə Xankəndi Pedaqoji İnstitutunda müəllim işləmişdir. Kərkicahan kəndinin inkişafını istəməyən ermənilərin maneçiliklərinə baxmayaraq Şahid müəllim Xankəndindən Kərkicahana avtobus marşrutu açılmasına nail olmuşdur.
        Salman Xanlar oğlu Kərimov (Kərkicahanlı) ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi uzun müddət Kərkicahan məktəbində işləmiş, 1997-ci ildə Kərkicahan haqqında yazdığı “Ana Yurdum Kərkicahan” adlı kitabı nəşr etdirmişdir.
        Kərkicahanlı Xalıqverdi Bəxtiyarovun əmisi Allahverdi Məşədi Bəxtiyar oğlu Bəxtiyarov Şuşada, Tiflisdə təhsil almış, sonra  Bakıda  partiya məktəbində oxumuşdur. Allahverdi Bəxtiyarov Dağlıq Qarabağın Kosalar kəndində kənd sovetinin sədri və sovet hökumətinin ilk illərində Şuşa rayon Firqə Komitəsinin birinci katibi işləmişdir.
        İlk təhsilini  Kərkicahan  məktəbində alan Xanış Hüseynquliyevanın qardaşı Hüseyn Kərbəlayi Nəcəf oğlu  Rəsulov Şuşanın Şırlan  kəndində kənd sovetinin sədri vəzifəsində işləmişdir.
Bəxtiyar, Azad, Mürşüd  Bəxtiyarovların  əmisi  Heydər  Səlim  oğlu Bəxtiyarov ilk təhsilini  Kərkicahan  məktəbində  almış,  sonra Leninqradda tibb təhsili alaraq  ömrünün axırına qədər Ağdam rayon xəstəxanasında cərrah işləmişdir.
        Tahir və Zahir Rəsulovların  atası, Kərkicahan məktəbinin  məzunu Sabir Fərman oğlu  Rəsulov milisdə işləməklə mayor rütbəsinə qədər  yüksəlmişdir.
        Siyatel Fərrux  qızı  Qiyasova  uzun  illər  Kərkicahan  kənd  sovetinin katibi vəzifəsində işləyib.
        Eyvaz, Aydın, İrşad Səfərovların atası Şahbaz Ağayar oğlu Səfərov sovet hakimiyyəti illərində inqilabçı olmuş, sonra milisdə və sovet sədri vəzifələrində işləmişdir. Şahbaz Səfərovun xalası oğlu Bahadur İbrahimov Xankəndində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elmi-Tədqiqat İnstitutunda professor elmi dərəcəsi ilə elmi işçi olmuşdur.
        Hələ XIX əsrdə Qafqaz və ətrafında gedən siyasi proseslər,  müharibələr əhalinin yerdəyişməsinə gətirib çıxarırdı. Belə bir dövrdə Əbrə xan İrandan Qarabağa gəlmişdir. Onun oğlu Məhəmməd ağa  Dağlıq  Qarabağda yeddi kəndin ağalığını  etmişdir. Məhəmməd ağanın övladları Rəşid, Teyfu, Afərim, Tamara, Qumru son dövrlərə qədər Kərkicahan və Xankəndində  yaşamışlar.
        İldırım İbişovun atası Hüseyn İbrahim oğlu İbişov ilk təhsilini Kərkicahan məktəbində almış,  sonra partiya məktəbində  təhsil alaraq Qarabağın Kosalar kəndində əvvəlcə müəllim, sonra kənd  sovetinin  sədri  işləmişdir.
        Elyaz və Eyvaz Səlimovların babası, dövrünün imkanlı şəxsi olan Həsən Kərkicahana su çəkdirmişdir.
        Kərkicahan məktəbində işləmiş yuxarıda adları çəkilən müəllimlərdən başqa Mənzər Səfərova, Tahirə Qasımova, Afərim  Əliyeva,  Qasım Qasımov, Bulud Əliyev, şəhid atası Rəhman Atakişiyev, Zərgül Hüseynova, şəhid anası Faizə Şahmuradova, şəhid ailəsi Nərgiz Həsənova, şəhid  ailəsi Nazilə Quliyeva, Aidə Tanrıverdiyeva, şəhid Şahverdi Səfərov, Havva Məmmədova, İradə Kərimova, Xavər Haqverdiyeva, Ələdin və  Dərgah  Haqverdiyevlər, Flora və Esmira Əliyevalar, Aydın Həsənov, Hicran Əliyeva,  Afayət  Əsədova, Təranə Şahmuradova, Umud Şəfiyev, Əhməd Məmmədov, Əkbər  Xudiyev və s. kimi müəllimlərin, eləcə də münaqişə  başlayandan sonra könüllü olaraq Kərkicahana gəlib məktəbdə işləyən müəllimlərin də gənc nəslin təlim-tərbiyəsində çox böyük əməyi olmuşdur.
        Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına Kərkicahan qəsəbə 6 nömrəli  tam orta məktəbi iyirmi altı ildir ki, məcburi köçkünlük şəraitində Gəncə şəhərində fəaliyyət göstərir. Buna baxmayaraq mənfur ermənilər kərkicahanlıların, məktəb kollektivinin mübarizə, iş əzmini qıra bilmədilər. Bu illər ərzində məktəb kollektivinin gərgin əməyi  sayəsində məktəbin çoxsaylı məzunları müxtəlif sahələrdəki  fəaliyyətləri ilə ölkəmizin inkişafına böyük töhfələr verirlər. Hal-hazırda ölkəmizdə aparılan uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Kərkicahan və işğal altında olan digər torpaqlarımız tezliklə işğaldan azad olunacaq, “Böyük Qayıdış” nəticəsində insanlarımız öz ata-baba torpaqlarında yaşayacaq və qurub-yaradacaqlar. Artıq “Böyük Qayıdış”ın başlanğıcı 2016-cı ilin aprelində Cocuq Mərcanlıda qoyulmuşdur.
           Nəcəf  HƏSƏNOV,
Xocalı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi
Paylaşın:

"Mərhəmət" İctimai Birliyinin böyük və dəyərli layihəsi

        17.11.2017-ci il tarixdə Xocalı rayon Kosalar kənd Mədəniyyət evində "Mərhəmət" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası" layihəsi çərçivəsində Gəncə şəhəri Yeni qəsəbə-2-də məskunlaşan fiziki qüsurlu, həkimə və psixoloji köməkliyə ehtiyacı olan uşaqlarla görüş keçirildi.
        Görüşdə qəsəbə ictimaiyyətinin nümayəndələri, fiziki qüsurlu uşaqlar və onların valideynləri iştirak etdilər.
        "Mərhəmət" İctimai Birliyinin sədri İradə Polad birliyin fəaliyyətindən danışdı. Bildirdi ki, ictimai birlik 6 rayonda fəaliyyət göstərir və həmin rayonlarda mərkəzlər təşkil edilib. Layihənin məqsədi 0-18 yaş arası sağlamlıq imkanları məhdud olan uşaqlara sosial reabilitasiya xidmətləri göstərməkdir. Keçirilən təlimlərdə uşaqların asudə vaxtının səmərəli istifadə edilməsi, cəmiyyətə uyğunlaşdırılması, istedadların aşkarlanması kimi vəzifələr icra ediləcək. Evdə oturmaqla problemləri həll etmək olmur. Bu layihə uşaqların ümidli gələcəyinə doğru atılmış addımdır. Sakinlər arasında oktyabr ayının 10-dan sorğu keçirilmişdi. Layihə 31 dekabra qədər davam etsə də, bundan sonra da fəaliyyətimiz səmərəli olacaq və bizə ünvanlanan bütün müraciətləri həll etməyə çalışacağıq. Biz dövlətimizin yaratdığı şəraitdən düzgün istifadə etməli və I vitse - prezident Mehriban Əliyevanın gördüyü xeyirxah işlərdən örnək almalıyıq. 
        Qəsəbə sakinləri ictimai birliyin həyata keçirdiyi layihəni yüksək dəyərləndirdi və birliyin əməkdaşlarına təşəkkürlərini bildirdilər. 
        Sonda qəsəbədə təşkil edilən mərkəzdə sağlamlıq məhdudiyyətli uşaqların qəbulu keçirildi. 












Paylaşın:

Xocalı məktəblisi: "Geri qayıdandan sonra səfər təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.

        Ekskursiya zamanı Qəbələnin qədim mədəniyyət abidələri ilə yanaşı, müasir binaları, infrastrukturu, turizm obyektləri, mənzərəli məkanları ilə yaxından tanış olduq. Ümumiyyətlə, üç gün ərzində Qəbələ, Şəki və Zaqatalada gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırıb.
        Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nihad Abışov deyib.
        O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımağa geniş imkanlar açır: “Biz bu bölgənin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də yeni dostlar qazanırıq. Tarix və coğrafiya kitablarında oxuduqlarımızı Qəbələ, Şəki və Zaqatalaya səfərimiz zamanı əyani şəkildə gördük. Geri qayıdandan sonra səfər təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.
Paylaşın:

Aprel şəhidi Sarvan Mehralıyevin həyatı və qəhrəmancasına şəhidlik zirvəsinə qalxan döyüş yolu şagirdlərə təbliğ edildi

        10.11.2017-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin akt zalında "Məcburi Köçkün Qadınlar" İctimai Birliyi "Məcburi köçkün gənclər və yeniyetmələr arasında Aprel döyüşləri millətimizin qəhrəmanlıq səlnaməsidir mövzusunda təbliğat işləri aparmaqla onlarda vətənpərvərlik ruhunun gücləndirilməsinə dəstək vermək" layihəsi çərçivəsində Xocalı rayon Kosalar, Yaloba, Başkənd kənd tam orta məktəblərinin və Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin şagirdləri ilə görüş keçirdi.
        Görüşdə "Məcburi Köçkün Qadınlar" İctimai Birliyinin sədri Zərifə Həmzəyeva, I Qarabağ müharibəsinin ehtiyatda olan kəşfiyyatçı qadın zabitləri - kapitan Musayeva Gülarə İsaq qızı, baş leytenat Həsənova Xanımzər İsmayıl qızı, uzun müddət Xocalı rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışan Vaqif Ağayev, məktəb direktorları, pedaqoji kollektiv və məktəbli şagirdlər iştirak etdilər.
        Çıxış edən natiqlər dördgünlük uğurlu Aprel döyüşlərində Ordumuzun qazandığı şanlı qələbədən söz açdılar. Bildirildi ki, bədxah düşmənlərimiz olan ermənilər havadarlarının arxasında gizlənsə də, işğal olunmuş torpaqlarımızı tapdaqdan azad etmək üçün artıq dünyada siyasi və iqtisadi gücünə görə söz sahibi olan dövlətimizin ordusu qarşısında heç bir qüvvə dayana bilməz. Biz bir qarış torpağımızı da düşmənə güzəştə getməcəyik. Nəyin bahasına olursa-olsun Qarabağı düşmən tapdağından azad edəcəyik.
        Tədbirdə İctimai Birliyin sədri Zərifə Həmzəyevanın layihə çərçivəsində hazırladığı "Sönməyən ulduzlar" kitabında yer alan Aprel döyüşlərinin Xocalı əsilli şəhidi Sarvan Mehralıyevin həyatından və keçdiyi döyüş yolundan bəhs edən məqalə oxundu. "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu şəhidimizə həsr etdiyi, kitabda dərc edilən "Bir əsgərin həyat hekayəsi "şeirini söylədi. Azərbaycan Respublikasının ərazibütövlüyü uğrundan canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləndi.
        Sonda şagirdlərə qovluqlar, qələm və dəftərlər paylanıldı, hər məktəbi təmsil edən bir nəfər əlaçı şagirdə şahmat dəsti hədiyyə edildi.
        Görüş doğma torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü görməyin arzusu ilə yekunlaşdı.

 


Paylaşın:

Xocalı məktəbliləri "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasına böyük maraq və həvəslə qoşuldular



        11.11.2017-ci il tarixdə Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti "Ölkəmizi tanıyaq" maarifləndirici  tur-aksiyası start götürdü. Bu tur-aksiyaya Xocalı rayon məktəblilərindən seçilmiş şagirdlər də böyük maraq və həvəslə qoşuldular. Rayon icra hakimiyyətinin məsul işçiləri və məktəb direktorları yolasalma mərasimində iştirak etdilər. Şagirdlərə uğurlu yollar arzuladılar.


     
      
     
 

Paylaşın:

Rayonumuzda "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində görüş keçirildi

        10.11.2017-ci il tarixdə Xocalı rayon İH-nin akt zalında "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək bir qrup şagirdlərlə görüş keçirildi. Görüşdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri, şagirdlər və valideynlər iştirak etdilər.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tur-aksiyanın əhəmiyyətindən söhbət açaraq şagirdlərin tanış olacağı bölgələr haqqında məlumat verdi.
        Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, şagirdlər tur-aksiya zamanı ayrı-ayrı rayonlarımızın sosial-iqtisadi həyatı, tarixi abidələri, səfalı məkanları, quruculuq və abadlıq işləri ilə tanış olacaqlar. Bütün bunlarla yanaşı, ölkəmizin bugünkü inkişafının bünövrəsini qoymuş ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərə nəzər yetirə biləcəklər. Təhsil şöbəsinin müdiri maarifləndirici tur-aksiyada iştirak edən şagirdlərə rayonumuzu layiqli təmsil etmələrini, yaranan fürsətdən düzgün istifadə edərək yeni biliklər öyrənmələrini, yeni dostlar qazanmalarını tövsiyəsini verdi.
        Xocalı rayon Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılova çıxışında vurğuladı ki, bu layihə öz gözəl nəticələrini verir. Şagirdlər nəinki getdiyi rayonların tarixi, mədəniyyəti, təbiəti haqqında məlumatlar alırlar, eyni zamanda şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında məlumatlar alırlar, erməni təcavüzkarlığını dərindən öyrənmək imkanı qazanırlar.
        Valideyn Aqil Məmmədov şagirdlər üçün yaradılan bu şəraiti yüksək qiymətləndirdi. Tur-aksiyada iştirak edən bütün şagirdlərə uğurlar arzuladı.
        Yekun olaraq Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov rayonumuzda "Ölkəmizi tanıyaq" layihəsinə böyük diqqətlə yanaşılmasından söz açdı. Rayon rəhbəri bildirdi ki, tur-aksiya ərzində mütəmadi qrup rəhbəri ilə əlaqə saxlanılır, tur-aksiyada iştirak edən şagirdlərlə mütəmadi maraqlanılır. Şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülür. Şahmar Usubov şagirdlərə özləri ilə gündəlik götürmələrini və qayıdarkən öyrəndiklərini sinif yoldaşları ilə paylaşmalarını tövsiyə etdi. Cənab Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi şagirdlərin dünyagörüşünün artırılması, intellekt səviyyəsinin yüksəldilməsi, ölkəmiz haqqında yeni biliklər əldə edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
        Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxışının sonunda şagirdlərə uğurlu yollar arzuladı.
                              






   
Paylaşın:

Xocalılar Dövlət Bayraq Gününü böyük coşqu və qürur hissi ilə qeyd etdilər

        08.11.2017-ci i il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində Dövlət Bayrağı Günü günü münasibətilə ümumrayon tədbiri keçirildi.Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu Öndərə Allahdan rəhmət dilədilər.
        Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
        Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan bayrağı suverənliyimizin və müstəqilliyimizin rəmzidir. Bu gün Azərbaycan bayrağı ən mötəbər tədbirlərdə dalğalanır, idman yarışlarında, müxtəlif müsabiqələrdə ucaldılır. Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünya dövlətləri arasında sayılıb, seçilən dövlətlər sırasındadır.
        Sonra məruzə ilə söz Xocalı şəhər 4 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahnaz Əliyevaya verildi. Şahnaz Əliyeva çıxşında üçrəngli bayrağımızın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin milli atributlara, o cümlədən bayrağımıza verdiyi dəyərlərdən danışdı. O, bildirdi ki, bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görədə bayraq insanlar və xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gedəcəyimiz yola, tarixə nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini, qiymətini bilməyimiz baxımından tapındığımız kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.
1918-ci ildə mayın 28-də şərqdə ilk demokratik respublikanın yaradılması ilə müstəqil respublikanın dövlət atributlarıda təsis edildi. Gənc Respublikanın ilk qərarlarından biri dövlət bayrağı ilə bağlı oldu. İlk bayraq kimi 24 iyun 1918-ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdirki ,bu bayraq müvəqqətidir. Daha sonra üç rəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan  Xalq Cumhuriyyəti hökumətinin iclasında qəbul edildi.Üçrəngli bayrağımız 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olundu.Tariximizin Sovet mərhələsində isə o Azərbaycan Sovet Sosialist bayrağı ilə əvəz olundu.
        Üçrəngli bayrağınmızın ideologiyasının yaradıcısı Əlibəy Hüseyinzadədir. Əlibəy Hüseyinzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də, Azərbaycan dövlətinin öz inanclarına ,öz dəyərlərinə sadiqliyindən xəbər verirdi.Amma təssüflər olsunki, Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı. Amma görünür tanrının lütfü bizdən ötrü imişki, üzərindən uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. Belə ki, 17 noyabr 1990-cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin binasının önündə Azərbaycan Xalq Cumhuriyyətinin müqəddəs üçrəngli bayrağı dalğalandı. Eyni zamanda Azərbaycan Respublikasının Ali Sovetinə təklif olundu ki, üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. 5 fevral 1991- ci il Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi.
        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzaladı. Onu da qeyd edim ki , Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir.
Ümumi ərazisi 60 hektar olan meydanda dalğalanan bayrağın Gennesin dünya rekordları təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də bizim üçün ayrıca bir şərəfdi. Biz bu dövlət Bayrağı meydanı vasitəsi ilə dünyaya “biz varıq mesajını verdik. 2010 -cu il sentyabrın 1-də isə ölkə başçımız İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi.
        Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımızda daim zirvələrdə dalğalanacaq. Bu baxımdan Dövlət Bayrağı günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Qeyd etmək istəyirəmki Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir. 
       Bayraq böyük qüvvədir. Bayraq elə bir qüvvədir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 Yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına səadət andı içirlər. 
        Bəli bu gün qürurla deyə bilərik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq bayrağımızın bütün səviyyələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da humanitar  mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Aəzrbaycan güclü dövlətdir və dünyada özunəməxsus yer tutur. Biz müstəqil Azərbaycanla fəxr edirik. Buna görə Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, onun müəyyənləşdiridiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir. 
        Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov noyabr ayında olan əlamətdar günlərin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, dünya ölkələrinə nəzər salsaq ölkəmizdəki, sabitliyi, inkişafı düzgün qiymətləndirməyi bacarmalıyıq. Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi möhkəm, sarsılmaz qoyulan dövlətimizin rəhbərliyi bu gün etibarlı insanların əlindədir. Azərbaycan tolerant ölkə kimi, iqtisadi inkişafına, idman uğurlarına görə nümunədir. Ölkəmizdə indi "Əsrin müqaviləsi" qədər əhəmiyyətli müqavilələr bağlanılır. Bütün sahələrdə sürətli inkişaf  gedir. Kənd təsərrüfatının inkişafı ilə əhalinin rifah halı da yüksəlir, yeni iş yerləri yaranır. Bütün bu inkişafa güclü iqtisadiyyatımızın sayəsində nail olunub. Zəka oyunu sayılan şahmatda Azərbaycan komandası Avropa çempionatında birinci yerə çıxıb çempion olması ölkəmidə idmana, gənclər siyasətinə olan diqqət və qayğının təcəssümüdür. Cənab Prezidentimiz İlham Əliyev dünyada gedən prosesləri qabaqcadan müəyyən edərək, lazımi tədbirlər görür. Sabitlik və iqtisadi inkişaf olmasa, ölkəmizin qapısını açan olmaz. Təhlükəsizlik orqanlarının düzgün işləməsi ölkəmizə olan etibarı artırır. Dövlətimizə zərər yetirə biləcək bütün qarayaxma kampaniyalarının qarşısı alınır. I vitse - prezident Mehriban Əliyava təhsilimizə, səhiyyəmizə və digər sahələrə olan diqqət və qayğısı ilə bizə böyük mənəvi dayaqdır.
        Rayonumuzun rəhbəri çıxışının sonunda Cocuq Mərcanlıda başlanan "Böyük qayıdış" layihəsinin işğal olunmuş torpaqlarımızda davam edəcəyini və yekunlaşacağını əminliklə vurğuladı. Bayraq Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi. 
        Tədbirin sonunda Xocalı rayon Mədəniyyət evinin hazırladığı, Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə böyük şair Səməd Vurğunun "Azərbaycan" şeirinin əsasında hazırlanmış kompozisiya təqdim edildi.  Xocalı rayon Cəmilli kənd Əhməd Cavadov adına tam orta məktəbin şagirdləri "Bayraq" şeirini söylədilər. Məmmədov İsmayıl, Flora Cavadova, Valeh Hümbətov və Ruslan Mustafayev milli ruhda bəstələnmiş mahnılar ifa etdilər. 
        Tədbir xoş ovqatla yekunlaşdı. 
















Paylaşın:

Xocalı gəncləri Bayraq Günü münasibətilə avtoyürüş təşkil etdilər

        07.11.2017-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Bayraq Günü münasibətilə avtoyürüş təşkil edildi. Xocalı rayon İH-nin dəstəyi və YAP Xocalı rayon Təşkilatının təşkilatçılığı ilə keçirilən avtoyürüşə Xocalı rayon gəncləri qoşuldular. Xocalı rayon İcra Hakimiyyətinin binası qarşısında başlanan avtoyürüş Xocalı şəhər 4 saylı tam orta məktəbinin qarşısından keçərək Aşağı Ağcakənd qəsəbəsinin girəcəyində salınan bayraq meydanına qədər davam etdi. Şagirdlər məktəbin qarşısında avtoyürüş iştirakçılarını bayraqlarla və alqışlarla qarşıladılar.
        YAP Xocalı rayon Təşkilatının sədr müavini Nəcəf Həsənov çıxışında avtoyürüşün təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür etdi. Nəcəf Həsənov bildirdi ki, hər bir dövlətin möhkəmləndirilməsində bayraq ciddi önəm daşıyan milli rəmzlərdən biridir. Bayraq yadelli işğalçıların hücumu zamanı zəifləyən döyüşçülürə güc verib, onlarda ruh yüksəkliyi yaradıbdır. Azərbaycan tarixində üçrəngli bayrağımızın müstəsna əhəmiyyəti var. 1918-ci ildə Şərqdə ilk dəfə öz müstəqilliyini elan edən Azərbaycanın üçrəngli bayrağı çox şükürlər olsun ki, 1991-ci ildən yenə başımızın üstündə dalğalanır, xalqımızı birliyə, vəhdətə çağırır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqlliyimiz möhkəmləndi. Cənab Prezident İlham Əliyevin dövlətə və dövlətçiliyimizə, o cümlədən bayrağımıza olan böyük sevgisi nəticəsində Bakı şəhərində Dövlət Bayrağı Meydanı salınmışdır. Ginnes dünya rekordlar təşkilatı 2010-ci il mayın 29-da həmin meydanda ucaldılan Azərbaycan Dövlət Bayrağı dirəyini dünyanın ən hündür bayraq dirəyi olduğunu bəyan edib. Bu gün Azərbaycan Bayrağı etibarlı əllərdədir. Bizi dövlətçiliyimizi qorumaq amalı ətrafında birləşdirən bayrağımız hər zaman uca olsun.
        YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aybur Abışova çıxışında bildirdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan Bayrağı dünyanın inkişaf etmiş dövlətlərinin bayraqları sırasındadır. Aynur Abışova növbəti Bayraq Gününü işğal olumuş torpaqlarda keçirməyimizi arzuladı.
        Yekunda Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdlərinin hazırladıqları fləşmobda Azərbaycanın qəhrəman övladı Ramil Səfərovun bayrağımızı müdafiə etməsi səhnəsi nümayiş etdirildi. Şagirdlər milli ruhda yazılmış şeirlər səsləndirdilər.













Paylaşın:

Ən çox oxunan

Blog Arşivi