BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Kasım 2017 Salı

DAĞLIQ QARABAĞIN QƏDİM KƏRKİCAHAN KƏNDİNİN MƏKTƏBİ

Posted at  11/21/2017  |  in  Ümumi hadisələr

        Dağlıq Qarabağın qədim Kərkicahan kəndinin məktəbi haqqında olan bu məqaləni hazırlayarkən məlum oldu ki, məktəb  haqqında məlumatlar yalnız yaşlı nəsil kərkicahanlıların yaddaşındadır. Sovet dövründə Dağlıq Qarabağın Muxtar Vilayət statusu olduğundan ərazinin arxiv materialları Xankəndi şəhərindəki arxivdə saxlanılmışdır. Deməli, torpaqlarımızı işğal edən ermənilər tariximizi də işğala qoymuşdur. Kərkicahan məktəbi haqqında olan məlumatları yalnız yaşlı nəsil kərkicahanlılardan öyrənmək mümkün oldu. Tariximizin bir hissəsini yaddaşında saxlayan və bu məqalənin ərsəyə gəlməsində böyük köməyi olan o insanların hər birinə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yaşlı nəsil insanların yaddaşında olan bu faktların gənc nəslə aşılanması, Kərkicahanın tarixində mühüm rol oynamış insanların onlara tanıdılması çox vacibdir.
        Azərbaycanlıların yaşadığı qədim insan məskənlərindən olan  Kərkicahan Dağlıq Qarabağın dilbər guşələrindən biridir. Bura bərəkətli torpağı, təmiz havası, suyu, mülayim iqlimi ilə seçilən, həm dağ, həm aran olan bir məkandır. Belə bir mühitdə  yaşayan,  qurub-yaradan kərkicahanlılar tarixin müxtəlif dövrlərində öz vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı,  igidliyi,  təşkilatçılıq  və  rəhbərlik  qabiliyyəti ilə həmişə fərqlənmişlər. Böyük Vətən müharibəsinə gedən 57 nəfərdən  çox  kərkicahanlı öz canını Vətənə qurban vermişlər.
        XVII əsrdən başlayaraq ən  varlı adamlar saf təbiəti, mülayim  iqlimi  olan Kərkicahanda  daşdan 50-dən çox ev tikdirmiş, əkin-biçin, bağ-bostan yerləri  düzəltmişlər. 1910-20-ci illərdə Kərkicahanda 80-85 ailə yaşayanda Xankəndində cəmi 19-20 ev olmuşdur. XX əsrin əvvəllərində - 1905-07-ci illər və 1918-20-ci illərdə məkrli ermənilərin Kərkicahan üzərinə hücumları həmişə igid kərkicahanlılar tərəfindən qətiyyətlə dəf olunmuşdur. Kərkicahanlı Qiyas Qiyasovun nənəsi Bəyim Kərim qızı Qiyasovanın  xalası oğlu, Kosalarlı Qaçaq Mahmud  Kərkicahanda yaşayan Qaçaq Alı ilə birgə erməni daşnak dəstələrinə qarşı daim mübarizə aparmışlar.
        Cəmiyyətdə savadsızlığın  hökm sürdüyü XI əsrin sonu, XX  əsrin əvvəlində Kərkicahan torpağının, məktəbinin yetişdirdiyi, bu məqalədə adları çəkilən kərkicahanlılar müxtəlif sahələrdəki uğurlu fəaliyyətləri ilə daim ön cərgələrdə olmuşlar. Bu insanların yetişməsində Kərkicahan məktəbinin müstəsna rolu olmuşdur.
        Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra məktəbin yetişdirdiyi məzunlardan Fərhad Həsənov, Məhərrəm Rəsulov, Səttar Babayev, Tarverdi Bəxtiyarov, Şahbaz Səfərov, Humay İbrahimova Kərkicahanda kənd sovetinə  sədrlik  etmişlər.  Sonradan 1959-cu ildə ermənilər tərəfindən məqsədli şəkildə qədim  tarixə malik kəndin statusu ləğv olunaraq Xankəndi şəhərinin  bir məhəlləsinə çevrilmişdir. Nəhayət, 1990-cı ilin aprelində əhali sayı nəzərə alınaraq Azərbaycan hökuməti tərəfindən Kərkicahana qəsəbə statusu verilmişdir. Qəsəbə  icra nümayəndəliyinə 1990-cı ilin aprelindən avqust ayına qədər Qasım Qasımov (Qırxqızlı) rəhbərlik etmişdir. Həmin dövrdən indiyə qədər Kərkicahan məktəbinin məzunu Dərgah Haqverdiyev qəsəbə icra nümayəndəsidir.
Kərkicahanlılar  təhsilə,  elmə  maraq  göstərən,  önəm  verən  insanlardır. Şuşada ilk mədrəsə və dünyəvi məktəblər fəaliyyətə başlayandan kərkicahanlılardan həmin məktəblərdə təhsil alanlar olmuşdur. 1851-ci ildə Şuşa qəzasının Kərkicahan kəndində dünyaya  gəlmiş məşhur tarzən Məşədi Zeynal Haqverdiyev Şuşa  realni məktəbində təhsil almışdır. Şuşa realni məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu kimi məşhur mədəniyyət xadimlərinin mühitində  boya-başa çatmış, Azərbaycanın  musiqi  həyatında  görkəmli  rol oynamış tarzənlərdən biri olmuşdur. Görkəmli tarzən Məşədi Zeynal 1918-ci ildə Bakıda vəfat  etmişdir.
Kərkicahanda ilk dünyəvi məktəb 1920-ci ildən kərkicahanlı Xəlilin evində fəaliyyətə başlamışdır. Evlərdə fəaliyyət göstərdiyi dövrdə məktəbə son illərə qədər Xankəndində yaşayan Tofiq və Eldar Cəfərovların əmisi Ədil Miralıoğlu rəhbərlik etmişdir.
        Kərkicahanlı Xanış Hüseynqliyevanın qardaşı Məhərrəm  Kərbəlayi Nəcəf oğlu Rəsulovun  böyük fədakarlığı sayəsində Kərkicahan  məktəbi  üçün  bina  tikilərək 1937-ci ildə istifadəyə verilmişdir. Deyilənə görə həmin dövrdə məkrli ermənilər məktəbin əlverişli olmayan, özlərinə yaxın yerdə tikilməsi ilə əlaqədar müxtəlif hiylələrə əl atmışlar. Lakin Məhərrəm Rəsulovun qətiyyəti onların bu iyrənc planlarını ürəklərində qoymuş və məktəb binasının azərbaycanlılar yaşayan hissədə tikilməsinə nail olmuşdur. Kərkicahan qəsəbəsinin mənfur ermənilər tərəfindən işğalına qədər dərslər bu binada tədris olunmuşdur. Partiya məktəbində təhsil almaq üçün Bakıya göndərilən Məhərrəm Rəsulov 1939-cu ildə ermənilər tərəfindən qətlə yetirilmişdir.
        1937-ci ildə istifadəyə verilən yeni binada 1937-1942-ci illərdə Kərkicahan məktəbinə Yusif Əli oğlu Əliyev rəhbərlik etmişdir. Bu dövrdə məktəbdə Yusif Əliyevin həyat yoldaşı Tavat Qaraş qızı  Babayeva da müəllimlik etmişdir. İlk təhsilini Kərkicahan məktəbində alan Tavat Babayeva kərkicahanlı Elman və Bahadur Əliyevlərin əmisi, həmin dövrdə Tiflisdə pedaqoji məktəbə rəhbərlik edən Əli Ağakişi oğlu Əliyevin köməkliyi ilə pedaqoji məktəbdə təhsil almışdır. Həmin dövrdə Əli Əliyevin həyat yoldaşı Savad Fərzalı qızı Əliyeva da Tiflisdə təhsil almışdır. Sonradan Əli Əliyev Mir Cəfər Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövrdə Mərkəzi Komitədə işləmiş, 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibədə həlak olmuşdur. Əli Əliyevin qohumu Mirvari Əliyeva tibb təhsili alaraq həkim işləmişdir. Əli Əliyevin qızı Sehran Əliyeva hal-hazırda Sumqayıt şəhərində yaşayır.
        Kərkicahan məktəbinə 1943-1992-ci illərdə Sadıq Murtuza oğlu Əliyev, 1992-2007-ci illərdə Oqtay Şahid oğlu Hacıyev rəhbərlik etmişdir. Məktəbə 2007-ci ildən indiyə qədər Arzu Xəlil qızı Hacıyeva rəhbərlik edir.
        Məkrli  ermənilər  sovet  rejimi dövründə Kərkicahan məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və inkişafı istiqamətində heç bir iş görməyərək daim əngəllər törətmişlər. Müvafiq sayda şagird kontingenti olmasına baxmayaraq, məktəb 1988-ci ilə qədər  natamam orta olmaqla 1937-ci ildə tikilmiş binada fəaliyyət göstərmişdir. Uzun müddətdən sonra 1991-ci ilin yay dövründə Azərbaycan hökuməti tərəfindən məktəb üçün müasir tipli bina tikilib istifadəyə verildi.
Kərkicahan məktəbinin məzunları hələ XX əsrin ortalarında  cəmiyyətin müxtəlif sahələrində uğurlu fəaliyyət göstərmişlər.
        Bahadur Zeynalovun  qardaşı, Kərkicahan məktəbinin məzunu Süleyman Atalı oğlu Zeynalov 1923-cü ildə Kərkicahanda anadan olmuş, ilk təhsilini Kərkicahan məktəbində almış, Bakıda neft mühəndisi işləmiş və Böyük Vətən müharibəsində həlak olmuşdur.
Məktəbin məzunlarından olan  Əbülfət Almurad oğlu Lələyev hərbi məktəbdə təhsil almış, zabit kimi Böyük Vətən müharibəsində iştirak etmişdir.
        Vaqif Əsədovun əmisi Cavanşir Həsən oğlu Həsənov Rusiyada hərbi məktəbdə təhsil almış, təxminən 1937-ci ildən başlayaraq Xankəndində, Suxumidə hərbi komissar, sonra isə Suxumi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir.
        Şahid Kərim oğlu Hacıyev ali təhsilli tarix müəllimi kimi uzun müddət Kərkicahan məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, eynilə Xankəndi Pedaqoji İnstitutunda müəllim işləmişdir. Kərkicahan kəndinin inkişafını istəməyən ermənilərin maneçiliklərinə baxmayaraq Şahid müəllim Xankəndindən Kərkicahana avtobus marşrutu açılmasına nail olmuşdur.
        Salman Xanlar oğlu Kərimov (Kərkicahanlı) ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi uzun müddət Kərkicahan məktəbində işləmiş, 1997-ci ildə Kərkicahan haqqında yazdığı “Ana Yurdum Kərkicahan” adlı kitabı nəşr etdirmişdir.
        Kərkicahanlı Xalıqverdi Bəxtiyarovun əmisi Allahverdi Məşədi Bəxtiyar oğlu Bəxtiyarov Şuşada, Tiflisdə təhsil almış, sonra  Bakıda  partiya məktəbində oxumuşdur. Allahverdi Bəxtiyarov Dağlıq Qarabağın Kosalar kəndində kənd sovetinin sədri və sovet hökumətinin ilk illərində Şuşa rayon Firqə Komitəsinin birinci katibi işləmişdir.
        İlk təhsilini  Kərkicahan  məktəbində alan Xanış Hüseynquliyevanın qardaşı Hüseyn Kərbəlayi Nəcəf oğlu  Rəsulov Şuşanın Şırlan  kəndində kənd sovetinin sədri vəzifəsində işləmişdir.
Bəxtiyar, Azad, Mürşüd  Bəxtiyarovların  əmisi  Heydər  Səlim  oğlu Bəxtiyarov ilk təhsilini  Kərkicahan  məktəbində  almış,  sonra Leninqradda tibb təhsili alaraq  ömrünün axırına qədər Ağdam rayon xəstəxanasında cərrah işləmişdir.
        Tahir və Zahir Rəsulovların  atası, Kərkicahan məktəbinin  məzunu Sabir Fərman oğlu  Rəsulov milisdə işləməklə mayor rütbəsinə qədər  yüksəlmişdir.
        Siyatel Fərrux  qızı  Qiyasova  uzun  illər  Kərkicahan  kənd  sovetinin katibi vəzifəsində işləyib.
        Eyvaz, Aydın, İrşad Səfərovların atası Şahbaz Ağayar oğlu Səfərov sovet hakimiyyəti illərində inqilabçı olmuş, sonra milisdə və sovet sədri vəzifələrində işləmişdir. Şahbaz Səfərovun xalası oğlu Bahadur İbrahimov Xankəndində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elmi-Tədqiqat İnstitutunda professor elmi dərəcəsi ilə elmi işçi olmuşdur.
        Hələ XIX əsrdə Qafqaz və ətrafında gedən siyasi proseslər,  müharibələr əhalinin yerdəyişməsinə gətirib çıxarırdı. Belə bir dövrdə Əbrə xan İrandan Qarabağa gəlmişdir. Onun oğlu Məhəmməd ağa  Dağlıq  Qarabağda yeddi kəndin ağalığını  etmişdir. Məhəmməd ağanın övladları Rəşid, Teyfu, Afərim, Tamara, Qumru son dövrlərə qədər Kərkicahan və Xankəndində  yaşamışlar.
        İldırım İbişovun atası Hüseyn İbrahim oğlu İbişov ilk təhsilini Kərkicahan məktəbində almış,  sonra partiya məktəbində  təhsil alaraq Qarabağın Kosalar kəndində əvvəlcə müəllim, sonra kənd  sovetinin  sədri  işləmişdir.
        Elyaz və Eyvaz Səlimovların babası, dövrünün imkanlı şəxsi olan Həsən Kərkicahana su çəkdirmişdir.
        Kərkicahan məktəbində işləmiş yuxarıda adları çəkilən müəllimlərdən başqa Mənzər Səfərova, Tahirə Qasımova, Afərim  Əliyeva,  Qasım Qasımov, Bulud Əliyev, şəhid atası Rəhman Atakişiyev, Zərgül Hüseynova, şəhid anası Faizə Şahmuradova, şəhid ailəsi Nərgiz Həsənova, şəhid  ailəsi Nazilə Quliyeva, Aidə Tanrıverdiyeva, şəhid Şahverdi Səfərov, Havva Məmmədova, İradə Kərimova, Xavər Haqverdiyeva, Ələdin və  Dərgah  Haqverdiyevlər, Flora və Esmira Əliyevalar, Aydın Həsənov, Hicran Əliyeva,  Afayət  Əsədova, Təranə Şahmuradova, Umud Şəfiyev, Əhməd Məmmədov, Əkbər  Xudiyev və s. kimi müəllimlərin, eləcə də münaqişə  başlayandan sonra könüllü olaraq Kərkicahana gəlib məktəbdə işləyən müəllimlərin də gənc nəslin təlim-tərbiyəsində çox böyük əməyi olmuşdur.
        Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına Kərkicahan qəsəbə 6 nömrəli  tam orta məktəbi iyirmi altı ildir ki, məcburi köçkünlük şəraitində Gəncə şəhərində fəaliyyət göstərir. Buna baxmayaraq mənfur ermənilər kərkicahanlıların, məktəb kollektivinin mübarizə, iş əzmini qıra bilmədilər. Bu illər ərzində məktəb kollektivinin gərgin əməyi  sayəsində məktəbin çoxsaylı məzunları müxtəlif sahələrdəki  fəaliyyətləri ilə ölkəmizin inkişafına böyük töhfələr verirlər. Hal-hazırda ölkəmizdə aparılan uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Kərkicahan və işğal altında olan digər torpaqlarımız tezliklə işğaldan azad olunacaq, “Böyük Qayıdış” nəticəsində insanlarımız öz ata-baba torpaqlarında yaşayacaq və qurub-yaradacaqlar. Artıq “Böyük Qayıdış”ın başlanğıcı 2016-cı ilin aprelində Cocuq Mərcanlıda qoyulmuşdur.
           Nəcəf  HƏSƏNOV,
Xocalı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top