BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

20 Aralık 2017 Çarşamba

Meşəli şəhidləri - Quliyevlər ailəsi

Posted at  12/20/2017  |  in  Ümumi hadisələr

        Xocalı rayon Meşəli kənd sakini, Meşəli faciəsində valideynlərini və iki qardaşını şəhid vermiş Quliyev İbrahim Qənimət oğlu ilə söhbətimiz Meşəli kəndinin işğalının 26-cı ildönümündən bir neçə gün əvvəl baş tutdu. İbrahim Quliyev hal-hazırda Goranboy rayonu Meşəli qəsəbəsində Meşəli kənd sakinləri üçün salınmış 100 evlik qəsəbədə məskunlaşıb. İbrahim kişi danışdıqca əzizlərini itirməyinin, doğma yurdundan ayrı düşməyinin verdiyi iztirabları duymaq mümkün olurdu. 
        Söhbət əsnasında Meşəlinin coğrafi mövqeyi, faciənin təəssüratları haqqında məlumatlar aldım. İbrahim Quliyev həmin vaxtlar Meşəli kənd orta məktəbində təsərrüfat müdiri işləyirmiş. Quliyevlər ailəsinin evi kəndin girəcəyində - düşmən hücuma keçdiyi tərəfdə yerləşirmiş. 
        İbrahim kişinin atası 1936-cı il təvəllüdlü Quliyev Qənimət Əli oğlu, anası 1936-cı il təvəllüdlü Quliyeva Rüba Hacı qızı, qardaşları 1963-ci il təvəllüdlü Mətləb və 1969-cu il təvəllüdlü İsmayıl Meşəli faciəsində şəhid olmuşlar. Quliyevlər ailəsinin yaşadığı evi erməni quldur dəstələri mühasirəyə alaraq atasını, anasını güllələyib, sonra da evi yandırmışlar.
        Qardaşı İsmayıl 1969-cu ildə Meşəli kəndində anadan olmuşdur. İsmayıl Meşəli kənd orta məktəbini bitirdikdən sonra, 1987-1989-cu illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra doğma yurdu Meşəli kəndinə qayıdır. Qeyrətli Vətən övladı mənfur erməni quldurlarına nifrət hissi bəsləyir, düşmənlərə qarşı mübarizədə öz əlindən gələnin artığını etməyə çalışırdı. İsmayıl Quliyev yerli Meşəli milis bölməsində işləməyə başlayır. 
        İsmayıl işlədiyi müddətdə qorxmazlığı və mərdliyi ilə Meşəli camaatının güvəndiyi igid el oğullarından biri olmuşdur. Düşmənin hücumları zamanı iki dəfə yaralanmasına baxmayaraq, o geriyə çəkilmədi. Onun iradəsi, döyüş əzmi, doğma torpağına və elinə-obasına olan bağlılığı bütün döyüş yoldaşlarına da ruhlandırırdı. 1991-ci il dekabr ayının 23-də erməni quldurlarının Meşəliyə hücumu zamanı İsmayıl son damla qanınadək düşmənlə mübarizə apardı. Bu döyüş İsmayılın son döyüşü oldu. Milis serjantı kənd əhalisinin böyük hissəsini, o cümlədən qadınları, qocaları və uşaqları xilas edərək qəhrəmancasına həlak olmuşdur. Həmin döyüşdə İsmayıl 15-dən artıq erməni quldurunu məhv etmişdi.               
        Müsahibim söhbətin əvvəlindən axırına qədər ümidlə danışaraq düşmən üzərində qələbə çalacağımızı əminliklə vurğuladı. Dövlətimizin məcburi köçkünlərə, şəhid ailələrinə götərdiyi diqqət və qayğıdan razılıq etdi. İbrahim Quliyev erməniləri terrorçu millət aldandırdı. O, bildirdi ki, düşmənin məkrli siyasətinə qarşı hər zaman ayıq-sayaq olmalıyıq.

 

                                          

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top