Xocalı rayonunda Böyük Vətən Müharibəsindən yadigar qalan yeganə iştirakçı - NOVRUZ ƏLƏKBƏROV

        "1941-45 müharibəsi"ndə Sovet ordusu sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edildi. Onlardan 320 mindən çoxu döyüşlərdə həlak oldu.
        Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
        Ələkbərov Novruz Əvdil oğlu 1925-ci ilin iyul ayının 7-də Xocalı rayonunun dilbər guşələrindən biri olan Kosalar kəndində dünyaya göz açmışdır. O, Böyük Vətən Müharibəsindən Xocalı rayonunda bizlərə yadigar qalan yegənə iştirakçıdır. Onun gözləri önündə neçə-neçə dəhşətli ölüm, dağıntı, fəlakət səhnəsi baş veribdir. O,  206-cı polkun atıcı diviziyasında Həzi Aslanovun ölümündə şübhəli bilinən Ovanes Baqramyanın dəstəsində plemyotçu olmuş, Belarusiyanın alman-faşist işğalından azad olunmasında iştirak etmişdir. Novruz kişi tarixin ən qanlı və uzunmüddətli mühasirələrindən biri olan Leninqradın (indiki Sankt-Peterburq) Almaniya və Finlandiya ordusunun 82 günlük mühasirəsinin yarılmasında Georgi Jukovun diviziyasında da döyüşmüşdür. Bundan sonra o, Stalinqrad, Lvov və Varşavada döyüşlərdə olub. Polşadakı ilk döyüşlərində başından və çiynindən yüngül yara almışdır. Varşavada sol ayağından ağır qəlpə yarası aldıqdan sonra Saratov hospitalına müalicəyə göndərilmişdir. 5 ay müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunaraq Vətənə qayıtmışdır. Onun keçdiyi döyüş yolu igidlik və sücaətlə zəngindir. Çoxlu sayda medallarla təltif edilmişdir. Medalların bir qismini köçkünlük zamanı itirmişdir.
         İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycanın mərd oğul və qızlarının tarixi şücaətləri, qəhrəmanlıqları bu gün gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Novruz Ələkbərov da bizim üçün dəyərli miras, qürur və fəxr mənbəyidir. Biz babalarımızın əldə etdiyi qələbənin qiymətini dərk etməliyik.
         Xocalı rayonunun Böyük Vətən Müharibəsi veteranı, müharibənin yadigarı Novruz Ələkbərov ömrünün 93-cü ilində ağır xəstəliklə mübarizə aparır. Allahdan Novruz kişiyə ağrılarının yüngül olmasını arzulayır və ona şəfa diləyirik. Hər sahədə olduğu kimi, Böyük Vətən müharibəsi iştirakçıları da ölkə Prezidenti İlham Əliyevin diqqqətindən kənarda qalmırlar. 
        Qələbə Günü münasibətilə sağ qalan hər bir veterana min manat, dünyasını dəyişənlərin dul arvadlarına 500 manat məbləğində birdəfəlik müavinət verilir.
         Azərbaycanın igid oğlu Novruz Ələkbərovu 9 may - Qələbə Günü münasibətilə təbrik edirik...

Yorum Gönder

Daha yeni Daha eski