Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi

           17 oktyabr tarixdə Xocalı rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirildi. Xocalı rayon İH-nin akt zalında keçirilən Şura iclasında Şuranın üzvləri, Xocalı rayon İcra Hakimiyyəti Aparatının, hüquq-müafizə orqanları əməkdaşları, yerli icra nümayəndələri və idarə, müəssisə rəhbərləri iştirak etdilər. 
          Şura iclasında iki məsələ müzakirə edildi. Gündəlikdə duran birinci məsələdə kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən işlərdən, rayon baytarlıq idarəsinin apardığı müalicə və profilaktik tədbirlər barəsində, ikinci məsələdə Xocalı rayon İcra Hakimiyyəti başçısının sakinlərlə keçirdiyi səyyar qəbul görüşlər haqqında müzakirələr aparıldı.
          Rayonumuzun rəhbəri cənab Şahmar Usubov Prezident Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı keçirdiyi müşavirədə giriş və yekun nitqini məruzə ilə tədbir iştirakçılarına çatdırdı. Şahmar Usubov ölkəmizdə olan sosial-iqtisadi inkişafı rayonumuzla əlaqələndirdi. 9 ay ərzində rayonumuzda aparılan işlərlə bağlı məlumat verdi. Rayonumuzun rəhbəri qeyd etdi ki, köçkünlük şəraitində yaşamasına baxmayaraq, rayon əhalisi kənd təsərrüfatı ilə məşğul ola bilirlər. Kənd təsərrüfatının müxtəlif sahələrində artım qeydə alınmışdır. Aşağı Ağcakənd qəsəbəsi ərazisində əkilmiş tut ağaclarından bu il 500 kq barama istehsalı planına qarşı 636 kq barama istehsal edilmişdir. Yeni tut ağacı tinglərinin əkilməsi nəzərdə tutulmuşdur.
Sonra çıxışlara yer verildi. Xocalı rayon Vergilər Şöbəsinin direktoru, baş vergi xidməti müşaviri Nurəddin Allahverdiyev məruzə ilə çıxışında bildirdi ki, 01.10.2015-ci il tarixə Xocalı rayonu üzrə VÖEN verilməklə uçota alınmış vergi ödəcyicilərinin sayı 571 (38 hüquqi şəxs və 533 fiziki şəxs), faktiki faəliyyət göstərən vergi ödəyicilərinin sayı isə 129 və ya 22,6% təşkil edir. Cari ilin 9 ayında 14 fiziki şəxs olmaqla cəmi 14 vergi ödəyicisi qeydiyyata alınmışdır. Eyni zamanda cari ilin 9 ayı ərzində Xocalı rayon Vergilər Şöbəsi üzrə proqnoz tapşırıq 311,6 min manat müəyyənləşdirilmiş və proqnoz tapşırığına 101,2% əməl olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində vergi orqanında qəbul edilmiş 49 vergi ödəyicisinə 187 halda xidmət göstərilmişdir.
Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov məruzə ilə çıxış edərək Xocalı rayon Məşğulluq Mərkəzi öz işini hər il rayon icra hakimiyyətinin başcısının Sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanan Ərazi Məşğulluq Proqramı əsasında qururduğunu, Proqramın icrası ilə əlaqədar müəyyən işlər görüldüyünü vurğuladı. Qeyd etdi ki, 2018-ci ilin 9 ayı ərzində 199 nəfər vətəndaş mərkəzə müraciət etmişdir, onlardan 113 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdı. 9 ay ərzində mərkəzə daxil olmuş vakant iş yerlərinə, işlə təmin olunması üçün 55 nəfər işaxtarana göndəriş vərəqi verilmişdir. Onlardan  39 nəfəri daimi işlə təmin olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində 1 nəfərə işsizlik statusu verilib və  müavinət təyin edilmişdir. 2018-ci ilin 9 ayı ərzində 110 nəfər işaxtarana, 51 nəfər orta məktəblərin yuxarı sinif  şagirdlərinə peşəyönümü məsləhətlər verilmişdir. Peşə hazırlığı kurslarının təşkili üçün real iş yerlərininin açılması nəzərdə tutulmadığı üçün təşkil olunmamışdır gələcəkdə “Xalçaçılıq sexi”nin tikintisi başlanıldıqdan sonra xalçaçılıq kursunun təşkil olunması nəzərdə tutulub. Məlumat üçün qeyd etmək istəyirəmki 2019-cu ildə Aşağı Ağcakənd qəsəbəsində 150 nəfər işçinin çalışacağı xalça sexi sakinlərimizin istifadəsinə veriləcəkdi və fürsətdən istifadə edərək bütün təşkilat rəhbərlərindən xahiş edirəm ki, bu barədə kollektivlərini indidən məlumatlandırsınlarki, əhali arasında təbliğat işləri aparılsın ki, sex hazır olanda işçi kontingentimiz hazır olsun. İşləmək istəyən amma toxumağı bacarmayan insanlar üçün mərkəz tərəfindən kurs təşkil ediləcək və onlara kursa gəldikləri müddətdə 130 manat təhsil təqaüdü veriləcək .İşləmək istəyən şəxslər indidən məşğulluq mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər. 2018-ci il üzrəXocalı rayonuna özünüməşğulluq proqramı üçün nazirlik tərəfindən 40 nəfər kvota nəzərdə tutulub özünü məşğulluq proqramına cəlb olunması nəzərdə tutulan 55 nəfər işaxtaran şəxs  kursa cəlb olunub biznes planları uğurlu hesab edilən şəxslərə aktivlərin verilməsi yaxın günlərdə nəzərdə tutulub.
          Xocalı rayon Baytarlıq İdarəsinin rəisi Əlniyaz Nəcəfov məruzə ilə çıxış edərək bildirdi ki, profilaktik tədbirlərin keçirilməsi Xocalı Rayon Baytarlıq İdarəsinin 3 sahə baytar məntəqəsi tərəfindən aparılır. Əlniyaz Nəcəfov qeyd etdi ki, iribuynuzlu heyvanlarda brüsellyoza qarşı sereloji müayinə 611 baş, tuberkulizasiya 147 baş, epididimit və brüsellyoz 155 baş olmuşdur. Bundan başqa iribuynuzlu, xırdabuynuzlu heyvanlarda, müxtəlif xəstliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilmişdir. Peyvəndləmə tədbirləri itlərdə quduzluğa qarşı, quşlarda taun, 1-15 günlük cücələrdə La-Sota xəstəliyinə qarşıda aparılmışdır.
          Daha sonra gündəlikdə duran ikinci məsələ ətrafında çıxışlarda Xocalı rayon İcra Hakimiyyəti  Başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramilə Xudayarova çıxış edərək Xocalı rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin 9 ayı ərzində keçirdiyi səyyari qəbulları zamanı qaldırılmış təkliflərin icra vəziyyəti haqqında məlumat verdi. Ramilə Xudayarova bildirdi ki, rayonumuzun rəhbəri tərəfindən ayda 4 dəfədən az olmayaraq sakinlərlə yerlərdə səyyar qəbul – görüşlər keçirilir. Bunun nəticəsi olaraq vətəndaşların müraciəti azalıb. Çünki, vətəndaşların problemləri yerində araşdırılır, həll olunur. 2018-ci ilin 9 ayı ərzində 29 dəfə məcburi köçkünlərin ən çox məskunlaşdığı ərazidə səyyar qəbul – görüşlər keçirilmişdir. Şəhər və rayonlarda keçirilən səyyari görüşlərin 6-sı Bakı, 5-i Gəncə, 1-i Mingəçevir, 2-si Şəki, 1-i Ağdaş, 6-sı Goranboy, 1-i Bərdə, 1-iYevlax, 1-i Tərtər, 2-si Oğuz, 1-i Ağcabədi rayonunda keçirilmişdir. Görüşlər zamanı 124 vətəndaş müraciət etmişdir. Bunlardan 26-sı iqtisadi, 71-i sosial və humanitar, 27-si infrastruktur təklifləri olmuşdur.  Ümumilikdə 9 ay ərzində qaldırılmış məsələlərin 37%-i tam olaraq həllini tapmışdır. 
        Yekun olaraq Xocalı şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Əhmədov Emin Nəsir oğlu Azərbaycanın müstəqllik tarixindən bəhs edən geniş məruzə ilə çıxış etdi.
          Sonda Şahmar Usubov rayonun müəssisə, idarə rəhbərlərinə tapşırıqlar verdi.













Yorum Gönder

Daha yeni Daha eski