Qürurumuz, fəxrimiz, Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi, onun inandığı şəxsiyyət – Ramil Usubov

Qədim Xocalı mədəniyyət abidələri ilə zəngin, bərəkətli torpaqlara məxsus, Azərbaycanın dilbər guşələrindən biridir. İndi doğma yurd-yuvamız düşmən tapdağı altında inildəyir.  XX əsrin ən dəhşətli soyqırımını yaşayan xocalıların başına gətirilən müsibətlərin ağrı-acısı, doğma yurd həsrəti daim onları narahat edir, ən xoş günlərində belə yaxın keçmişin acı təəssüratı onların gözlərinin qarşısına gəlir. Bu ağrı – acı, dədə-baba torpağının həsrəti doğma yurd yerlərimizi yağı düşmənin tapdağından azad etdiyimiz gün sakitləşəcək. O zaman şəhidlərimizin ruhu da rahatlıq tapacaqdır.    
Xocalı rayon sakinləri daim dövlətimizə və dövlətçiliyimizə sədaqət nümayiş etdirirlər. Dövlətimizə, torpağımıza, xalqımıza olan sədaqətin və bağlılığın ən yüksək nümunəsi yüzlərlə Xocalı sakininin şəhidlik zirvəsinə ucalmasıdır. Xocalılar şəhidləri, igid oğul və qızları, qəhrəman övladları ilə fəxr etmələri ilə yanaşı, ziyalı insanları ilə də hər zaman fəxr edirlər. Məhz bu fəxr hissi dövlətimizin və Cənab Prezidentimizin diqqət və qayğısı qədər Xocalı soyqırımının dəhşətlərini az da olsa, ürəklərdə səngidir, xocalılara qürur və sevinc hissi yaşadır. Hər bir xocalılının qüruru, özünə mənəvi dayaq bildiyi həmyerlisi, Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi, onun inandığı şəxsiyyət - Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubovdur. Azərbaycanın ən uzun müddətli Daxili İşlər naziri olan general-polkovnik Ramil Usubovun xidmət yoluna nəzər yetirək.
 Usubov Ramil İdris oğlu 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin edilmiş, 1989-cu ilədək həmin vəzifədə işləmişdir.
1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi,  1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin olunmuşdur.
Ramil Usubovun peşəkarlığı və sadiqliyi hələ o vaxtlar mərhum dövlət başçısı Heydər Əliyevin diqqətini cəlb etmişdi. Məhz buna görə də Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Ramil Usubovu Bakıya daha yüksək vəzifəyə gətirir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və  əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli  41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.
Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində, transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə Azərbaycanın və xarici ölkələrin çoxlu sayda yüksək mükafatlarına layiq görülmüşdür.
Ailəlidir. Üç övladı var.
Bu il Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi keçirildi. Azərbaycan polisinin xidmətləri Azərbaycan dövlətçiliyi tarixində danılmazdır. Hələ Qarabağ müharibəsi başlayan zaman Milli Ordunun formalaşmadığı zamanda milis dəstələrindən ibarət könüllü şəxslər Vətənin müdafiəsində iştirak edib. Bu gün də Azərbaycan polisi ictimai asayişin qorunmasında və sabitliyin uzun müddət qorunmasında əvəzsiz xidmətlər göstərir. Təbii ki, belə bir məsuliyyətli işin qurulmasında və təmin edilməsində Daxili İşlər nazirinin çiyinlərinə böyük yük və məsuliyyət düşür.
Ramil Usubov çətin və məsuliyyətli işinin öhdəsindən hələ Ümummilli lider Heydər Əliyevin vaxtında gəlmişdir. Ulu öndərimizin etimadını doğrultduğu üçün nazir vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan xalqının dəyərli oğlu Ramil Usubovun  dövlətçilik yolunda dönməz əqidəsi, böyük məsuliyyəti, Vətəninə və xalqına bağlılığı nəzərə alınaraq o, indi də Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsini icra edir.
Həyatda elə insanlar var ki, bütün ömrünü xalqın xoşbəxt yaşaması uğrunda mübarizəyə həsr edir. Xalqın dinc, sülh şəraitində yaşaması üçün öz işini şərəflə yerinə yetirir. Ramil Usubov da belə şəxsiyyətlərdən biridir. O, bütün həyat fəaliyyəti boyunca xalqımızın asayişi yolunda yorulmadan çalışır. Daxili İşlər Nazirliyinə, o  cümlədən Cənab nazirimizə ünvanlanan bütün məktublara, müraciətlərə vaxtlı-vaxtında baxılır, hər vətəndaşın problemi araşdırılıb həll edilir. Polkovnik - leytenant Ramil Usubov yüksək insani keyfiyyətlərinə görə hər bir vətəndaşın dərin hörmətini qazanıb. Ata-ana tərbiyəsinin, doğma torpağa, Vətənə sevgisinin və bağlılığının ona verdiyi böyük mənəvi paklıq, yüksək insani keyfiyyətlər, vətənpərvərlik ruhu bu gün xalqımızın hər vətəndaşının həyatına sirayət edir. Çünki bu gün ölkəmizdə sabitlik hökm sürür. Bunun da başlıca səbəblərindən biri uzun illər dövlətimizin və dövlətçiliyimizin möhkəmliyi uğrunda böyük təcrübəsi olan Cənab Ramil Usubovun Azərbaycan Respublikasının Daxili İşlər naziri kimi öz vəzifəsini məsuliyylətlə, qətiyyətlə, vicdanla yerinə yetirməsidir. Cənab Ramil Usubov daxili işlər orqanlarında çalışan bütün işçilərə, gənclərə əsl vətəndaş kimi nümunədir.
Öz xalqına, Vətəninə şərəflə xidmət edən Cənab nazir Ramil Usubovu yubiley yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Arzu edirik ki, elimizin çox hörmətli ziyalı oğlu Ramil Usubovun növbəti doğum gününü doğma Xocalıda qeyd edək. Bu arzuya bütün Xocalı rayon ictimaiyyəti qoşulur.
Qalib BƏYMƏMMƏDOĞLU 


Yorum Gönder

Daha yeni Daha eski