BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

4 Aralık 2018 Salı

Təlim - tərbiyəsi ilə seçilən Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi

Posted at  12/04/2018  |  in  Ümumi hadisələr

         Qarabağın füsunkar təbiətinə malik Xocalı rayonunun Başkənd  kəndi Kosalar İƏD-si üzrə nümayəndəliyinin kəndlərindən biridir. Kənd dəniz səviyyəsindən 1500 m yüksəklikdə gözəl coğrafi mövqedə yerləşirdi. 1992-ci il may ayının 9-da erməni quldurları Kosalar kəndini işğal etsələr də, kəndin igid oğulları düşmənlərə qarşı layiqli mübarizə apardılar. 

        Başkənd kəndində XX əsrin əvvəllərindən bəri ibtidai məktəb olmuşdur. Lakin 1988-ci ilin sentybar ayından etibarən Başkənd kənd ibtidadi məktəbi tam orta məktəbə çevrilmişdir. Məktəbin orta məktəbdən tam orta məktəbə çevrilməsində hal-hazırda Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinə rəhbərlik edən Başkənd kənd sakini Məmmədov Məhəmməd Ədil oğlunun böyük əziyyəti və zəhməti olmuşdur.
        Xocalı rayon Başkənd kənd tam orta məktəbinin Azərbaycanın görkəmli şair oğlu Əli Kərimin adını daşıması, başda məktəbin direktoru Məhəmməd müəllim olmaqla, bütün Başkənd kənd ziyalılarının və kənd camaatının təşəbbüsü ilə mümkün olmuşdur. Məktəbin məhz Əli Kərim adını daşımasının əsaslı səbəbləri vardır. 
        Bildiyimiz kimi, 1988-ci ildən Dağlıq Qarabağda erməni quldurlarının azərbaycanlılara qarşı düşmənçilik siyasəti vüsət almışdır. O zamankı Azərbaycan hökuməti Azərbaycanın müəyyən rayonlarını Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kənd və qəsəbələrinə hami rayon seçmişdir. Xocalı rayon Başkənd kəndinə də Göyçay rayonu tərəfindən himayə olunmaq qismət olmuşdur. Həmin zamandan Göyçay rayonu Başkənd kəndi üçün imkan daxilində hər bir sahədə yardımçı olmuş, bütün kənd əhalisi üçün istər maddi, istərsə də mənəvi dayaq durmuşlar. Bütün bunlarla yanaşı, Göyçayın mərd oğlanları erməni təcavüzkarlarına qarşı, cəbhədə də Kosalar kəndinin döyüşçüləri ilə çiyin-çiyinə döyüşmüşlər. 
        Göyçay rayonu tərəfindən yenicə tam orta məktəbə çevrilmiş Başkənd kənd tam orta məktəbi üçün əvvəlki məktəb binası köhnə və uçuq olduğundan, yeni müasir tipli məktəb binası tikdirilməyə başlanıldı. Ancaq getdikcə cəbhədə vəziyyət gərginləşdi, hamı silaha sarıldı, məktəb binasının tikintisi yarımçıq qaldı.
        1989-ci ildən bəri Xocalı rayon Başkənd kənd tam orta məktəbinin məhz Göyçayda doğulmuş böyük şairimiz Əli Kərimin adını daşıması həm görkəmli şairə olan məhəbbətimizdən, həm də onun ana yurdu olan Göyçay rayonu ictimaiyyətinin bizə əvəzsiz xidməti və qayğısından irəli gəlmişdir. Ziyalılar başda ol-maqla, bütün kənd camaatının tələbi ilə məktəbimizin Əli Kərimin adını daşımasına nail olmuşuq. Məktəbimizin hər il təhsil sahəsində qazandığı uğurların müəyyən hissəsi məhz məktəbin Əli Kərimin adını daşıması ilə əlaqədardır. Əli Kərimin adını daşıyan məktəbdə təlim-tərbiyə əlbəttə ki, yüksək olmalıdır. 
        Bu yazımda Əli Kərimin həyat və yaradıcılığı haqqında qısa da olsa oxuculara məlumat çatdırmağı özümə borc bilirəm.
        Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşü-naslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
        Əli Kərimin ilk nəşr olunan əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan “İki sevgili” kitabı olmuşdur.
        “İki sevgi” (1960), “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971) “Səfərdən sonra” (1972), “Pillələr” (1978), “Gül və çörək” (1978), “Seçilmiş əsərləri” (I cild, 1974, II cild 1975), “Qayıt” (1983), “Pillələr” (1987), Seçilmiş əsərləri” (2 cilddə, 1991), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin “Dinmə, ey kədər” (1986), Elza Kərimin “Nə xoşbəxt imişəm”, Altay Məmmədovun “Tanıdığım Əli Kərim” xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi” (2005), “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış” (2010), Sona Xəyalın “Əli Kərim” (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkmək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. 
        Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı “Bir santimetr haqqında ballada” poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. 
        Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. 
Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətlərdəndir. 
        Hal-hazırda Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi Gəncə şəhər Kəpəz rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbə-2-də fəaliyyət göstərir.     
        Məktəbimizdə hər il Əli Kərimin doğum günü qeyd olunur. O cümlədən 2017-ci il mart ayının 18-də məktəbimizdə Əli Kərimin anadan olmasının 86-cı ildönümü daha möhtəşəm şəkildə keçirilmişdir. Bu tədbirdə Əli Kərimin oğlu, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun rəhbərliyi ilə bir qrup alimlər, Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev və bir sıra başqa rəsmi şəxslər iştirak edərək Əli Kərim haqqında dərin məzmunlu nitqlər söyləmişlər. 
        Ümumiyyətlə, Əli Kərim yaradıcılığına olan həvəs və marağımız əsa-sında məktəbdə tez-tez ədəbiyyat gecələri, müxtəlif məzmunlu tədbirlər keçirilir. İstedadlı şagirdlərimiz belə tədbirlərdə Əli Kərim yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiyalar hazırlayırlar və belə işlər böyük marağa səbəb olur. Şagirdlərimiz yüksək təhsil almaqla yanaşı, musiqi alətlərində ifa etməyə, poeziyaya da maraq göstərirlər.
        Məktəbin şagirdləri hər il dərsliklərlə tam təmin olunur. Biz də kitabları şagirdlərə paylayır, ilin axırında yığırıq. Kitabları təmiz və yararlı saxlanmasına çalışırıq. Məktəbimizin kitabxanasında dərsliklərlə yanaşı, çoxlu sayda bədii ədəbiyyatımız da var. 
        Biz inanırıq ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tezliklə doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. O zaman məktəbimiz doğma Başkənd kəndində fəaliyyətini davam etdirəcək. 
Orxan MƏMMƏDOV,
     Xocalı rayon Əli Kərim  adına 
Başkənd kənd tam orta məktəbin 
kitabxanaçısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top