Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi

        29 mart 2019-cu il tarixdə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində 31 Mart  - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. 
        Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 
       "Dəyirmi masa" ətrafında məruzə ilə çıxışlarda Xocalı Rayon İcra Hakimiyyəti  Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev, Xocalı şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Tamella Bilalova, Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəm Hümbətov, Xocalı şəhər 5 saylı tam orta məktəbin direktoru Mətanət Zamanova ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri soyqırım hadisələrindən danışdılar. Qeyd edildi ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər.
        Hadisələr zamanı ölkəmizin şəhər və kəndləri xarabalığa çevrilmiş, minlərlə soydaşımız öldürülmüşdür. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir.
     1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçirmişlər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir. 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan torpaqlarından qovulmuşdur.
        Mart hadisələrindən yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən etibarən 31 mart Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov "dəyirmi masa"ya yekun vuraraq dedi ki, 31 Mart Azərbaycan xalqı üçün ağır gündür, matəm günüdür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da artırılmalıdır. 
        Rayonumuzun rəhbəri qeyd etdi ki, 1918-ci il qətliamlarını törədənlər indi həmin hadisələri unutdurmağa çalışırdılar. O zaman media olmadığından buna nail olunurdu. İndi bizim birliyimiz onların bu niyyətlərini alt-üst edib. Bu gün bizim əsas vəzifəmiz qətliam qurbanlarının xatirəsini yad etməklə yanaşı, bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməkdir. Xalqımızın başına gətirilən müsibətləri, soyqırımları unutmamaq üçün daim təbliğat aparmalıyıq. Çünki məcburən qonşu şəraitində yaşamalı olduğumuz erməni millətinin xislətində türklərə, azərbaycanlılara xələl yetirmək var. Bu xain xislət gələcəkdə də faciələrə səbəb olmasın deyə tədbirli olmalıyıq, düşmənimizi tanımalı, törətdikləri faciələr haqqında gələcək nəsillərə məlumat verməliyik. Erməni vəhşiliklərini, ermənilərin məkrli siyasətlərini işfa etməliyik. Eyni zamanda həmrəy olmalıyıq, dövlətçiliyimiz ətrafında sıx birləşməliyik. 
  















Paylaşın:

DTX-nin Qarabağ İdarəsinin Xocalı rayon bölməsində Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi

        Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ İdarəsinin Xocalı rayon bölməsində tədbir keçirildi.
        Tədbir işitrakçıları əvvəlcə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər Parkı"nda ucaldılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.
        Tədbirdə çıxış edən natiqlər Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaranma tarixindən və təhlükəsizlik orqanlarımızın cümhuriyyət, sovet və müstəqillik illərində fəaliyyətindən danışdılar. Qeyd edildi ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Belə ki, o vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, ermənilərin və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ciddi maliyyə imkansızlığı, kadr potensialının çatışmazlığı, daxili siyasi yekdilliyin olmaması, hər tərəfdən göstərilən hərbi təzyiqlər və sairə bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı.
        1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, özünün 23 aylıq ömrünə son verdi. Bununla da müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.
        Çıxışlarda Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görmüş və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında böyük xidmətləri olmuş Ulu öndərin fəaliyyətindən danışıldı. Vurğulandı ki, xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir.
        Bildirildi ki, bu gün Ulu öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradılmışdır.
        Sonda xidmətdə fərqlənən  Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ İdarəsinin Xocalı rayon bölməsinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edildilər.







     
Paylaşın:

“DOST xonçası” kampaniyasına Xocalı Rayon Məşğulluq Mərkəzi də qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etmək məqsədilə başlatdığı “DOST xonçası” kampaniyasına Xocalı Rayon Məşğulluq Mərkəzi də qoşuldu. Kampaniya çərçivəsində Xocalı Rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov 71 yaşlı I qrup gözdən əlil Mustafayeva Şərafət, bacısı 61 yaşlı Mustafayeva Yetər İsmayıl qızının və digər sakin 62 yaşlı tənha ahıl Şahmarova Gilə Gəray qızının evində olub, onlara “DOST Xonçası” təqdim edərək bayramlaşıb, həmsöhbət olubdur. 
        Qeyd edək ki, bu aksiyaya hər bir qurum və hər kəs qoşula bilər. 





Paylaşın:

Səsin Qarabağdan gəlsin


           Muğam Azərbaycan xalqının ruhudur. Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxmışdır. Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".
Bildiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən VII Muğam televiziya müsabiqəsinə martın 12-də Beynəlxalq Muğam Mərkəzində start verilib. Çox sevindirici haldır ki, bu müsabiqədə Xocalı rayonunu təmsil edən iştirakçı da var. Xocalı rayon Meşəli kənd sakini Əkbərov Faiq məlahətli səsi, yüksək səhnə mədəniyyəti və uğurlu çıxışları ilə bütün xocalılara qürur hissi yaşadır. 
Əkbərov Faiq Murad oğlu 18 dekabr 1996-cı ildə Gəncə şəhəri Kəpəz rayon Hacıkənd qəsəbəsində dünyaya göz açıb. Onun valideynləri Xocalı rayon Meşəli kənd sakinləridir. Faiq zəhmətkəş bir ailənin övladıdır. Atası Murad kişi II qrup əlil, müharibə veteranıdır. I Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Yaxın qohumları Xocalı soyqırımında və Meşəli faciəsində şəhid olublar. Faiq orta təhsilini Xocalı rayon Kosalar kənd tam orta məktəbində alıb. Faiqə dərs deyən bir müəllim kimi deyə bilərəm ki, o, yüksək tərbiyəsi ilə fərqlənib. Məktəbin təşkilatı işlərində fəallıq göstərib. Sadə davranışı, mehriban və səmimi xasiyyəti ilə həmyaşıdları arasında hörmət qazanıb. Vətənpərvərliyi, ictimai işlərə münasibət bildirməsi ilə seçilən Faiq layiqli Azərbaycan gənci kimi cəmiyyətdə öz mövqeyini tutmuşdur. Dəfələrlə Respublika əhəmiyyətli müsabiqələrdə birincilik əldə edib, Fəxri Fərmanlarla təltif edilib. Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2011-ci ildə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivinin açılışı zamanı Prezidentimizin qarşısında muğam ifa etmişdir. Bundan sonra o, bir çox tanınmış dövlət xadimlərinin iştirak etdiyi tədbirlərdə öz istedadını məharətlə nümayiş etdirmişdir. 
Faiq orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Milli Konservatoriya nəzdində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 2017-ci ildə həmin kolleci bitirib. 
Qeyd edim ki, VII Muğam televiziya müsabiqəsində iştirak üçün ölkə üzrə ümumilikdə 400 ifaçı müraciət etmişdi. Regionlar üzrə seçim və paytaxtda keçirilən dinləmələrdən sonra onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. Faiq Əkbərov münsiflər heyətinin yekdil rəyi ilə müsabiqədə iştirak etmək üçün vəsiqə qazanıb. Kiçik yaşlarından muğam oxuyan Xocalı bülbülünün gələcəkdə muğam sahəsində nailiyyətlər əldə edəcəyi məlum idi.
Münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Seçim mərhələlərində münsiflər heyəti iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm veriblər. Münsiflər heyəti Faiqin istedadını dəyərləndirir, ən yüksək xallarını verir və uğurlu ifalarını alqışlayırlar.
Hər həftənin 2-ci və 4-cü günü demək olar ki, bütün muğam həvəskarları AZTV-də yayımlanan VII Muğam televiziya müsabiqəsini izləyirlər. Xocalı rayon sakinləri də qürur və fəxr hissi ilə müsabiqədə muğam bayramı abı-havasını öz məlahətli səsi ilə artıran Faiqin ifalarını dinləyirlər. 
Faiqin səsində sanki Qarqarçayın həzin axını, dumduru, şəffaf Meşəli bulaqlarının zümzüməsi, ifasında Xanın, Bülbülün ruhu var. Faiqi dinləyərkən xəyalən doğma torpaqlarımızda oluruq. Bizim doğma torpaqlarımıza olan məhəbbət hissimizi, qayıdış arzumuzu coşdurur. Bu səs təbiətin yaz fəslində quşların sevinc nəğməsi, payız fəslində həsrət nəğməsidir. Bütün ülvi duyğularımızı oyadan Faiqin səsi, eyni zamanda Qarabağ çağırışıdır. Faiq xocalıların vəhdətini təşkil edir, yaralarımıza məlhəm olur, ümidli gələcəyimizə olan inamımızı daha da artırır. 
Gənc xanəndəyə hər birimiz dəstək olmalıyıq. Onu daha ilhamla oxumağa həvəsləndirməliyik. İnanırıq ki, Faiq yekun mərhələdə müsabiqənin qalibi olacaq. 
Dualarımız səninlədir, Faiq!
Qalib BƏYMƏMMƏDOĞLU




Paylaşın:

Xocalı rayon ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərinin "açıq dərs"ləri dinlənilmişdir

        Xocalı RTŞ-nin 2018-2019-cu tədris ilinin Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində çalışan ibtidai sinif müəllimlərinin fevral-mart aylarında "açıq dərs"ləri dinlənildi. "Açıq dərs"lər rayonun 10 ümumtəhsil mətəblərində (Xocalı şərər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Kərkicahan, Kosalar, Yaloba, Başkənd, Meşəli və Qaragav tam orta məktəb) keçirildi.       
        "Açıq dərs"lərin dinlənilməsində qarşıya qoyulan məqsəd ibtidai sinif müəllimləri arasında qabaqcıl təcrübəyə malik müəllimi müəyyən etmək və həmin təcrübəni digər ibtidai sinif müəllimləri arasında yaymaqdır. "Açıq dərs"lərin müşahidəçiləri qismində Xocalı RTŞ-nin nümayəndələri və Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva da iştirak etdi. Müşahidəçilər qiymətləndirmə prosesinə qatılaraq "açıq dərs"lərin gedişinə obyektiv fikirlərini, irad və tövsiyələrini bildirdilər.
        Qeyd edək ki, müaviq Tədbirlər Planına uyğun olaraq qarşıdakı aylarda "açıq dərs"lər iki fəndən olmaqla (Azərbaycan dili və riyaziyyat) yuxarı sinif müəllimləri arasında da keçiriləcəkdir.
Nəvaİ HƏSƏNOV, 
Xocalı RTŞ-nin 
metodkabinet müdiri

Paylaşın:

İşğal olunmuş şəhər və rayonlarımıza və digər toponim adlarına uyğun domen adlarını almalıyıq


        Azərbaycan xalqı haqq və ədalət uğrunda yorulmadan mübarizə aparmalıdır
        Əsrlər boyu Odlar yurdu - Azərbaycan yadelli işağlçıların hücumuna məruz qalıb. Münbit torpaqları, təbii sərvətləri, əlverişli coğrafi mövqeyi xain düşmənlərin tamahını daha da artırıb. Bunun nəticəsi olaraq məkrli düşmənlər Böyük Azərbaycan torpaqlarını hissə-hissə qoparıblar.
        Ermənistanın havadarlarının köməyi ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal altındadır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə ümumilikdə 818,88 milyard dollar ziyan dəyib. 1988 - 1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hazırda Azərbaycan ərazisinin 20 faizi (17,2 kvadratkilometr) Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
        XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən tədbirlər təqdirəlayiqdir
        Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırım kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırım aktı kimi tanıyıb.
        Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və  digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.
        “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. 
 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da artırılmalıdır
        Azərbaycan 90-cı illərin əvvəllərində, xüsusilə mətbuat sahəsində blokadada idi. Demək olar ki, ermənilərin əksər ölkələrdə diaspor cəmiyyətləri var. Onlar bu cəmiyyətlərin vasitəsilə dünya ictimaiyyətində yanlış fikir yaradırlar. Buna görə də Ümummilli lider Heydər Əliyev tərəfindən xarixi ölkələrdə Azərbaycan diaspor cəmiyyətləri yaradıldı. İndi Azərbaycanın səsi bütün ölkələrdə eşidilir.
        Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolu olduqca böyükdür. Dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmağa, erməni təcavüzünə, Xocalı faciəsinə obyektiv qiymətin verilməsinə nail olunması üçün diaspor təşkilatlarının üzərinə böyük iş düşür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da artırılmalıdır. Diaspor təşkilatlarının əksəriyyəti Qarabağ həqiqətlərini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmağı qarşısına əsas məqsəd qoyur. Hər bir Azərbaycan vətəndaşı dövlətimizi, xalqımızı xarici ölkələrdə layiqincə təmsil etməlidir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyi fəaliyyətini genişləndirməlidir
        Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin də səmərəli fəaliyyəti əhəmiyyət kəsb edir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması İcmanın qarşısında duran ən mühüm vəzifədir.
        Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, İcmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə İtimai Birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.
        Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələri genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklər və daimi nümayəndəliklərlə münasibətlərin qurulması və İcmanın xarici ölkələrdə işinin təşkil olunması, xarici ölkələrdə, xüsusilə diaspor təşkilatlarında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması nümayəndələrinin təyin olunması, İcmanın işinin xarici ölkələrdə təbliğ olunması, xaricdə təhsil alan azərbaycanlı gənclərlə işin qurulması, onların Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəallığının artırılması, xarici ölkələrin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri və səfirlikləri ilə işin qurulması, mütəmadi olaraq onların İcmanın həyata keçirdiyi tədbirlərə cəlb olunması, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri və rəsmi şəxsləri ilə mütəmadi görüşlərin təşkil olunması Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün önəmlidir.
İşğal olunmuş şəhər və rayonlarımıza və digər toponim adlarına uyğun 
domen adlarını vaxtlı-vaxtına almalıyıq
        Azərbaycan həqiqətlərinin, eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya resurslarımızı zənginləşdirməliyik. İnternet səhifələrində erməni vəhşilikləri, Xocalı soyqırımı haqqında mütəmadi yazılar yerləşdirməliyik. İngilis, rus, fransız və digər dillərdə saytlar yaratmaqla sosial şəbəkələrdə daimi paylaşımlar etməliyik. Erməni internet istifadəçiləri erməni ideoloqlarının təşəbbüsü ilə Azərbaycanın işğal olunmuş şəhər və rayonlarının adları ilə başlayan əsas domen adlarını əvvəlcədən almağı planlaşdırıblar. Buna müəyyən qədər də nail ola biliblər. Ermənilərin yaratdığı bəzi saytlar ilk baxışdan Azərbaycanın itnernet istifadəçiləri tərəfindən yaradıldığı təsəvvürünü yaratsa da, sayta daxil olub diqqətlə baxarkən aydın görünür ki, burada əks təbliğat var. Buna görə də müəyyən toponim adları ilə başlayan domen adlarını vaxtlı-vaxtında almalıyıq. İnformasiya məkanında düşmən ölkəyə öz təbliğatlarını yaymalarına maneə olmalıyıq.
Vikipediyada və Google Map-da Azərbaycana məxsus toponim adlarının
 dəyişdirilməsinin qarşısı alınmalıdır
        Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mübarizə aparmalı olduğumuz sahələrdən biri də Vikipediyada və Google Map-da Azərbaycana məxsus toponim adlarının dəyişdirilməsinin qarşısını almaqdır. Ermənilər Qərbi Azərbaycanda və Qarabağda azərbaycanlıların yaşadığı şəhər, kənd və yer adlarını dəyişdirirlər. Erməni hökuməti isə bunu təsdiq edir, xəritəyə salır. Bununla da ermənilər guya həmin yerlərdə tarixən yaşamışlar iddiasını diqqətə gətirirlər. Halbuki həmin türk mənşəli toponimlər dövrü mətbuatda, sovet ensiklopediyalarında Azərbaycan adları ilə qeyd olunmuşdur. Belə bir iyrənc yolu tutan ermənilər beynəlxalq ictimaiyyətə bizim haqqımızda bilərəkdən təhrif olunmuş məlumatlar çatdırır, xalqımıza qarşı mənfi fikir yaratmağa çalışırlar. Fikrimcə Vikipediya səhifələrində, Google Map-da ermənilərin toponim adlarımızı dəyişdirmələrinə maneə olmağımız vacib məsələdir.
                                  Media qələminin gücü böyük bir orduya bərabərdir
        Media vasitəsilə Qarabağ, bütövlükdə Azərbaycan həqiqətlərini dünyanın diqqətinə çatdırmaq üçün imkanlar genişdir. Televiziya, qəzet və jurnallarda, internetdə əks təbliğatımızı daha da artırmalıyıq. Bununla barəbər, ədalətli mübarizəmizi genişləndirmək məqsədilə Xocalı soyqırımını əks etdirən rus, ingilis, fransız və s. dillərə tərcümə edilən kitabların nəşr olunmasını, yayılmasını təşkil etməliyik. Nə qədər ki, erməni təbliğatı güclüdür, deməli biz daha çox və faktlarla sözümüzü deməliyik. “Xocalının səsi” qəzeti də bu baxımdan xüsusi əhəmiyyətə malik mətbuat orqanıdır. Bu qəzetin səhifələrində Xocalı soyqırımının canlı şahidlərindən, erməni əsirliyində olmuş sakinlərdən mütəmadi yazılar dərc edilir. Qəzetin internet ünvanı olan xocalininsesi.info saytı ilə yazılar geniş oxucu kütləsinə çatdırılır. Yaxın zamanda “Xocalının səsi” qəzetinin internet televiziyası da fəaliyyətə başlayacaq.
        Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması üçün
 həmrəylik nümayiş etdirməliyik
        Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsində yazır ki, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli və Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha ciddi çalışmalı, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə öz töhfəmizi verməliyik.
        Atalarımız çox gözəl deyib: “Güc birlikdərir”. Damlalar birləşib çay əmələ gətirə bildiyi kimi, insanlar da birləşəndə bir çox problemləri həll etmiş olurlar. Xalqımız güclü Azərbaycan naminə həmrəy olmalıdır. Əgər ümumilikdə azərbaycançılıq ideologiyasını əsl vətəndaş məsuliyyəti ilə təbliğ edə bilsək, onda bizim həmrəyliyimiz, amalımız qarşısında heç bir qüvvə dayana bilməz, haqq yolunda qarşımıza çıxan bütün maneələri aradan qaldıra bilərik. Buna görə də bütün təbliğat maşını müharibəyə hazırlıq şəraitinə gətirilməlidir. Hər gün, hər yerdə erməni vəhşiliyindən danışmalı, ermənilərin xislətini bütün dünyaya yaymalıyıq.
        Ümid edirəm ki, təşkilatlanmağımızın, həmrəyliyimizin, məqsədli şəkildə hədəfimizə doğru getməyimizin nəticəsində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bilərik.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru,
 “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü.
Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya 
Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun keçirdiyi 
müsabiqəyə təqdim etmək üçün.
Paylaşın:

Məhv edilmiş ailədən qalan şəkillər

        Müsahibim Xocalı soyqırımında 7 nəfər ailə üzvü şəhid olan Xocalı şəhər sakini Qəmbərov Rauf Qarsalan oğludur. Gəncə şəhəri ərazisində salınmış qəsəbədə məskunlaşan Rauf Qəmbərov II qrup əlil, Müharibə Veteranıdır. 
        Rauf Qəməbərov deyir ki, hər il fevral ayı gələndə sanki Xocalıda olur, onsuz da qaysaq bağlamayan Xocalı yarası fevral ayında daha şiddətlənir. Onun üçün dəhşətli günlərdə itirdiyi əzizləri və doğmalarının müsibətləri haqqında danışmaq çətin olsa da, Xocalı soyqırımını ictimaiyyətə çatdırmağın hamımızın borcu olduğunu bildirdi. Müsahibə zamanı suallarıma ürək yanğısı ilə cavab verdi.
        - Soyqırım axşamını necə xatırlayırsınız?
        - Fevral ayının 25-dən 26-na keçən gecə könüllülərdən ibarət özünümüdafiə batalyonunun tərkibində postda növbədə dayanmışdım. Xəbər alıdıq ki, erməni quldur dəstələri və 366-cı motoatıcı alayın ordusu Daşbulağa yığılıb. Xocalıya hücum gözlənilirdi. Axşam tərəfi Xocalıya hər tərəfdən hücum oldu. Ermənilər Ağdam-Şuşa yolu, Noragux, Məxsəti türkləri yaşadığı aeroport tərəfdən hücuma keçdilər. Dəhşətli axşam idi. 
Düşmən qüvvələr getdikcə Xocalıya yaxınlaşırdı. Atışma zamanı bir qrup kənd sakini qonşumuz Şiraslanın evində zirzəmiyə yığılmışdı. Postdan gördük ki, Şiraslan kişinin evi mühasirəyə alınıb. Biz ora köməyə getdik. 1-2 saat atışmadan sonra ermənilər geri çəkildi. Zirzəmiyə girəndə içəridəki insanları güllə-boran etdiklərini gördük. 
        - Zirzəmidə nə qədər insan var idi?
        - Təxminən 30-a yaxın uşaqlı, qocalı insan var idi.  Hamısı güllələnmişdi.
        - Onların içində sizin yaxınlarınızdan var idi?
        - Həmin zirzəmidə qardaşım Səfərin iki uşağı - 2 yaşlı oğlu Emini, 6 yaşlı qızı Esmiranı ermənilər güllələmişdilər. Ermənilər uşaqları əsir götürmək istəyərkən anaları Mətanət onlara maneə olmağa çalışanda erməni vəhşiləri onu da vurmuşdu. Anamın da  sinəsindən güllələnmişdi. Lakin anam və gəlinimiz hələ sağ idi. Anamı və gəlinimizi Mirzə kişinin evinə gətirdik. Qardaşım Səfər hadisəni görüb hiddətlənmişdi. Anamı və Mətanəti yeni tikilən beşmərtəbəli binaya tərəf apardıq. Çayçı İlhamın yanında Suren adında bir kişi vardı. O bizə dedi ki, yaralıları gətirin evdə baxaq. Gəlinimiz Surenin evində 5 dəqiqədən sonra aldığı yaranın ağrı-acısına dözməyərək dünyasını dəyişdi. Qardaşım Mətanəti Suren kişinin evinin həyətində dəfn etdi. Sonra Səfər mənə dedi ki, anamı götürüb get, mən sonra arxanızca gələcəyəm. Bir qədər sonra xəbər aldıq ki, Surenin oğlu da vurulub. O, Səfərə təskinlik verərək dedi ki, belə hadisə hər birimizin başına gələ bilər. Mən panel evlərə gəlib çatanda Səfər də gəlib bizə çatdı. Anamı paltoya bükərək qucağımda aparıb beşmərtəbəli panel evə çatdırdım. Ermənilər bizi orada yenidən atəşə tutdular. Qardaşım ermənilərə qarşı döyü-şərək şəhidlik zirvəsinə ucaldı. Atam da orada şəhid oldu. Anamın şəhidlik xəbərindən sonra, oradakı insanlar nəsildən heç olmasa, bir nəfər sağ qalsın deyərək məni binanın damına çı-xartdılar. 
        Səhərə yaxın idi, hava işıqlanırdı. Ermənilər binanın ətrafını mühasirəyə almışdılar.  Bizə deyirdilər ki, silahı tullayıb təslim olun. Binanın içində təxminən 400-ə yaxın adam olardı. Orada 3 nəfər ağsaqqal - adları Baxşeyiş, Kamran, digərinin adı isə yadımdan çıxıbdır, onlar bizə məsləhətlər verirdilər. Həmin adını unutduğum şəxs mənə dedi ki, ay Qarsalanın oğlu, səni mən aparacağam. Qərara alınmışdı ki, axşam düşəndə bir neçə dəstəyə bölünürək binadan çıxaq. 
        Artıq Xocalını bütünlüklə zəbt edən erməni quldurları bizim toplaşdığımız binanı da əhatəyə almışdılar. Onlar yeyib-içir, çalıb-oynayırdılar. Özləri üçün toy-bayram edirdilər. Evləri bir-bir yandırırdılar.
        Fevral ayının 27-si axşamı biz planlaşdırdığımız kimi sakitcə binadan çıxaraq Ağdama tərəf getməyə başladıq. Ermənilər bəlkə də içkili olduqları üçün bizim getməyimizi bilmədilər. Yolda bizə 366-cı alayın özbək əsgəri də qoşuldu. O, bizə günahsız insanlara güllə atmaq istəmədiyini dedi. Bir qədər yol aldıqdan sonra ermənilərin yaşadığı Naxçıvanik kəndinin kənarına gəlib çıxdıq. Burada ermənilərlə yarım saat atışma olduqdan sonra ara sakitləşdi. Naxçıvaniki adlayaraq Ağdamın Qarağacı qəbiristanlığına çatdıq. Qarağacı qəbiristanlığına çatanda orada çoxlu sayda insanın toplaşdığını gördük. Erməni olduqlarından ehtiyatlanaraq özbək əsgəri onlarla danışmağa göndərdik. Oraya yığışan insanların azərbaycanlılar olduqlarını dəqiqləşdirəndən sonra camaatla birləşdik.        
        - Yolda hansı hadisələrlə rastlaşdınız?
        - Əli-ayağı donan, yaralı insanlardan gəlib Qarağacı qəbiristanlığına çata bilməyənlər oldu. Təxminən 30 yaşlı bir ana 2 yaşlı qızını apara bilmirdi. Uşağı yerə qoymaq istəyəndə, mən onu belimə bağlayaraq axıra kimi gətirdim. Bir neçə il bundan əvvəl həmin qız ailə həyatı quran zaman məni toyuna çağırmışdı. 
        - O müsibətli gündən sağ-salamat çıxmağına kömək olduğunuz bu qızın toyunda iştirak edərkən hansı hislər keçirdiniz?
        - Bir anlıq gözümün önünə Xocalıda şəhid olan günahsız körpələr – “böyüməyən uşaqlar” gəldi. Erməni qaniçənləri onlara aman vermədilər.  
Xocalı soyqırımı zamanı kiçik qardaşım Nadir aeroport istiqamətində döyüşürdü. İndiyədək ondan heç bir xəbər ala bilməmişəm. Dəfələrlə Qızıl Aypara Cəmiyyəti gəlib məndən saç örnəyi götürsə də, qardaşımın ölümü-qalımı haqqında indiyədək heç bir məlumat verməyiblər. 
        Qardaşım Səfərin ailəsi tamamilə məhv edilən 8 ailənin tərkibindədir. Onun ailə üzvləri –  həyat yoldaşı Qəmbərova Mətanət Hacı qızı, oğlu Emin, qızı Esmira şəhid oldular. 
Xocalı soyqırımında ailə üzvlərimdən tək mən sağ qalmışam. Tez-tez şəhid olmuş əzizlərimin şəkillərinə baxır, onlardan mənə tək yadigar qalan şəkillərdə atalı-analı, qardaşlı günlərimi yada salıram. Xocalı soyqırımı sinəmizə çəkilmiş çarpaz dağdır. Mənim kimi bütün xocalıların ürək yarası Qarabağımızın azad olması əsil məlhəm olacaqdır. O günün xəbərini səbirsizliklə gözləyirəm.
Qalib BƏYMƏMMƏDOĞLU
17.02.2019

Paylaşın:

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirildi

       07.03.2019-cu il tarixdə Xocalı rayon Mədəniyyət Evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayonun müxtəlif sahələrində çalışan qadınlar iştirak etdilər.
        Lamiyə Qarayeva qadınları bayram münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq göstərməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxlamışlar. Qadınların elm, mədəniyyət və digər sahələrdə əldə etdiyi uğurlar Azərbaycan qadının yüksək mədəni və intellektual potensiala malik olduğunun sübutudur. Dövlətimizin apardığı siyasətdə daim qadınlara yüksək dəyər verilir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün onun layiqli varisi möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətinin nəticəsində Azərbaycan qadınlarının inkişafı, respublikamızın həyatında fəal iştirakı və idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir.
        Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup qadın Xocalı rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edildilər. 
        Tədbir Xocalı rayon mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam davam etdirildi.

















Paylaşın:

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında şura iclası keçirildi

         07.03.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi. Şura iclasında şura üzvləri, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. Rayonumuzun rəhbəri cənab Şahmar Usubov gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Gündəlikdə duran məsələlərə dair - 2018-ci ildə Xocalı rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan daxil olan ərizə və şikayətlərin vəziyyəti haqqında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əhali qarşısında verdikləri hesabatların yekunları haqqında, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barəsində məruzə ilə çıxışlar oldu.
        Gündəlikdə duran birinci məsələ ilə bağlı Xocalı rayon İHB-sı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramilə Xudayarova məruzə ilə çıxışında bildirdi ki, 2018-ci ildə rayon İHB-sı Aparatına 279 vətəndaş mürüaciəti daxil olmuşdur. Onlardan 290-ı ərizə, 7-si şikayət məzmununda olmuşdur. Daxil olan ərizələr vaxtında icra olunmuş, ərizlərin icrasında gecikmə hallarına yol verilməmişdir.
        Xocalı rayon İHB-sı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov nümayəndəliklərin gördüyü işlər barəsində danışdı. Həllini tapmış problemləri diqqətə çatdırdı. Sakinlər tərəfindən qaldırılan bir çox problemlərin yerindəcə həll olunduğunu dedi. Səxavət Hüseynov qeyd etdi ki, rayonumuzda hazırda 1 şəhər, 1 qəsəbə və 8 kənd olmaqla 5 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi mövcudur. Nümayəndəliklər üzrə rayon əhalisinin 01.01.2019-cu il tarixə 16148 nəfərinin 12575 nəfərinə dövlət tərəfindən məcburi köçkünlərə şamil olan vahid aylıq müavinəti verilir. Həmçinin rayon üzrə 4283 ailənin 2013 ailəsi dövlət tərəfindən mənzillə təmin olunub.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barəsində danışdı. Ölkə başçısının imzaladığı Sərəncamların sosial şəbəkələrdə bəzi qarayaxma kampaniyası həyata keçirən dırnaqarası siyasətçilərin rəyinə görə həyata keçirilmədiyini bildirdi. Prezidentimiz tərəfindən imzalanmış Sərəncamların hamısının təməlinin 2019-cu ilin dövlət büdcəsi hazırlananda qoyulduğunu dedi.
        Sonra çıxışlara yer verildi.
        Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.






Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi