Səsin Qarabağdan gəlsin


           Muğam Azərbaycan xalqının ruhudur. Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxmışdır. Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".
Bildiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən VII Muğam televiziya müsabiqəsinə martın 12-də Beynəlxalq Muğam Mərkəzində start verilib. Çox sevindirici haldır ki, bu müsabiqədə Xocalı rayonunu təmsil edən iştirakçı da var. Xocalı rayon Meşəli kənd sakini Əkbərov Faiq məlahətli səsi, yüksək səhnə mədəniyyəti və uğurlu çıxışları ilə bütün xocalılara qürur hissi yaşadır. 
Əkbərov Faiq Murad oğlu 18 dekabr 1996-cı ildə Gəncə şəhəri Kəpəz rayon Hacıkənd qəsəbəsində dünyaya göz açıb. Onun valideynləri Xocalı rayon Meşəli kənd sakinləridir. Faiq zəhmətkəş bir ailənin övladıdır. Atası Murad kişi II qrup əlil, müharibə veteranıdır. I Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Yaxın qohumları Xocalı soyqırımında və Meşəli faciəsində şəhid olublar. Faiq orta təhsilini Xocalı rayon Kosalar kənd tam orta məktəbində alıb. Faiqə dərs deyən bir müəllim kimi deyə bilərəm ki, o, yüksək tərbiyəsi ilə fərqlənib. Məktəbin təşkilatı işlərində fəallıq göstərib. Sadə davranışı, mehriban və səmimi xasiyyəti ilə həmyaşıdları arasında hörmət qazanıb. Vətənpərvərliyi, ictimai işlərə münasibət bildirməsi ilə seçilən Faiq layiqli Azərbaycan gənci kimi cəmiyyətdə öz mövqeyini tutmuşdur. Dəfələrlə Respublika əhəmiyyətli müsabiqələrdə birincilik əldə edib, Fəxri Fərmanlarla təltif edilib. Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2011-ci ildə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivinin açılışı zamanı Prezidentimizin qarşısında muğam ifa etmişdir. Bundan sonra o, bir çox tanınmış dövlət xadimlərinin iştirak etdiyi tədbirlərdə öz istedadını məharətlə nümayiş etdirmişdir. 
Faiq orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Milli Konservatoriya nəzdində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 2017-ci ildə həmin kolleci bitirib. 
Qeyd edim ki, VII Muğam televiziya müsabiqəsində iştirak üçün ölkə üzrə ümumilikdə 400 ifaçı müraciət etmişdi. Regionlar üzrə seçim və paytaxtda keçirilən dinləmələrdən sonra onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. Faiq Əkbərov münsiflər heyətinin yekdil rəyi ilə müsabiqədə iştirak etmək üçün vəsiqə qazanıb. Kiçik yaşlarından muğam oxuyan Xocalı bülbülünün gələcəkdə muğam sahəsində nailiyyətlər əldə edəcəyi məlum idi.
Münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Seçim mərhələlərində münsiflər heyəti iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm veriblər. Münsiflər heyəti Faiqin istedadını dəyərləndirir, ən yüksək xallarını verir və uğurlu ifalarını alqışlayırlar.
Hər həftənin 2-ci və 4-cü günü demək olar ki, bütün muğam həvəskarları AZTV-də yayımlanan VII Muğam televiziya müsabiqəsini izləyirlər. Xocalı rayon sakinləri də qürur və fəxr hissi ilə müsabiqədə muğam bayramı abı-havasını öz məlahətli səsi ilə artıran Faiqin ifalarını dinləyirlər. 
Faiqin səsində sanki Qarqarçayın həzin axını, dumduru, şəffaf Meşəli bulaqlarının zümzüməsi, ifasında Xanın, Bülbülün ruhu var. Faiqi dinləyərkən xəyalən doğma torpaqlarımızda oluruq. Bizim doğma torpaqlarımıza olan məhəbbət hissimizi, qayıdış arzumuzu coşdurur. Bu səs təbiətin yaz fəslində quşların sevinc nəğməsi, payız fəslində həsrət nəğməsidir. Bütün ülvi duyğularımızı oyadan Faiqin səsi, eyni zamanda Qarabağ çağırışıdır. Faiq xocalıların vəhdətini təşkil edir, yaralarımıza məlhəm olur, ümidli gələcəyimizə olan inamımızı daha da artırır. 
Gənc xanəndəyə hər birimiz dəstək olmalıyıq. Onu daha ilhamla oxumağa həvəsləndirməliyik. İnanırıq ki, Faiq yekun mərhələdə müsabiqənin qalibi olacaq. 
Dualarımız səninlədir, Faiq!
Qalib BƏYMƏMMƏDOĞLU




Yorum Gönder

Daha yeni Daha eski