BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

11 Mart 2019 Pazartesi

İşğal olunmuş şəhər və rayonlarımıza və digər toponim adlarına uyğun domen adlarını almalıyıq

Posted at  3/11/2019  |  in  Məqalələr


        Azərbaycan xalqı haqq və ədalət uğrunda yorulmadan mübarizə aparmalıdır
        Əsrlər boyu Odlar yurdu - Azərbaycan yadelli işağlçıların hücumuna məruz qalıb. Münbit torpaqları, təbii sərvətləri, əlverişli coğrafi mövqeyi xain düşmənlərin tamahını daha da artırıb. Bunun nəticəsi olaraq məkrli düşmənlər Böyük Azərbaycan torpaqlarını hissə-hissə qoparıblar.
        Ermənistanın havadarlarının köməyi ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal altındadır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə ümumilikdə 818,88 milyard dollar ziyan dəyib. 1988 - 1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hazırda Azərbaycan ərazisinin 20 faizi (17,2 kvadratkilometr) Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
        XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən tədbirlər təqdirəlayiqdir
        Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırım kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırım aktı kimi tanıyıb.
        Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və  digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.
        “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. 
 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da artırılmalıdır
        Azərbaycan 90-cı illərin əvvəllərində, xüsusilə mətbuat sahəsində blokadada idi. Demək olar ki, ermənilərin əksər ölkələrdə diaspor cəmiyyətləri var. Onlar bu cəmiyyətlərin vasitəsilə dünya ictimaiyyətində yanlış fikir yaradırlar. Buna görə də Ümummilli lider Heydər Əliyev tərəfindən xarixi ölkələrdə Azərbaycan diaspor cəmiyyətləri yaradıldı. İndi Azərbaycanın səsi bütün ölkələrdə eşidilir.
        Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolu olduqca böyükdür. Dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmağa, erməni təcavüzünə, Xocalı faciəsinə obyektiv qiymətin verilməsinə nail olunması üçün diaspor təşkilatlarının üzərinə böyük iş düşür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da artırılmalıdır. Diaspor təşkilatlarının əksəriyyəti Qarabağ həqiqətlərini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmağı qarşısına əsas məqsəd qoyur. Hər bir Azərbaycan vətəndaşı dövlətimizi, xalqımızı xarici ölkələrdə layiqincə təmsil etməlidir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyi fəaliyyətini genişləndirməlidir
        Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin də səmərəli fəaliyyəti əhəmiyyət kəsb edir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması İcmanın qarşısında duran ən mühüm vəzifədir.
        Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, İcmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə İtimai Birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.
        Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələri genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklər və daimi nümayəndəliklərlə münasibətlərin qurulması və İcmanın xarici ölkələrdə işinin təşkil olunması, xarici ölkələrdə, xüsusilə diaspor təşkilatlarında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması nümayəndələrinin təyin olunması, İcmanın işinin xarici ölkələrdə təbliğ olunması, xaricdə təhsil alan azərbaycanlı gənclərlə işin qurulması, onların Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəallığının artırılması, xarici ölkələrin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri və səfirlikləri ilə işin qurulması, mütəmadi olaraq onların İcmanın həyata keçirdiyi tədbirlərə cəlb olunması, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri və rəsmi şəxsləri ilə mütəmadi görüşlərin təşkil olunması Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün önəmlidir.
İşğal olunmuş şəhər və rayonlarımıza və digər toponim adlarına uyğun 
domen adlarını vaxtlı-vaxtına almalıyıq
        Azərbaycan həqiqətlərinin, eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya resurslarımızı zənginləşdirməliyik. İnternet səhifələrində erməni vəhşilikləri, Xocalı soyqırımı haqqında mütəmadi yazılar yerləşdirməliyik. İngilis, rus, fransız və digər dillərdə saytlar yaratmaqla sosial şəbəkələrdə daimi paylaşımlar etməliyik. Erməni internet istifadəçiləri erməni ideoloqlarının təşəbbüsü ilə Azərbaycanın işğal olunmuş şəhər və rayonlarının adları ilə başlayan əsas domen adlarını əvvəlcədən almağı planlaşdırıblar. Buna müəyyən qədər də nail ola biliblər. Ermənilərin yaratdığı bəzi saytlar ilk baxışdan Azərbaycanın itnernet istifadəçiləri tərəfindən yaradıldığı təsəvvürünü yaratsa da, sayta daxil olub diqqətlə baxarkən aydın görünür ki, burada əks təbliğat var. Buna görə də müəyyən toponim adları ilə başlayan domen adlarını vaxtlı-vaxtında almalıyıq. İnformasiya məkanında düşmən ölkəyə öz təbliğatlarını yaymalarına maneə olmalıyıq.
Vikipediyada və Google Map-da Azərbaycana məxsus toponim adlarının
 dəyişdirilməsinin qarşısı alınmalıdır
        Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mübarizə aparmalı olduğumuz sahələrdən biri də Vikipediyada və Google Map-da Azərbaycana məxsus toponim adlarının dəyişdirilməsinin qarşısını almaqdır. Ermənilər Qərbi Azərbaycanda və Qarabağda azərbaycanlıların yaşadığı şəhər, kənd və yer adlarını dəyişdirirlər. Erməni hökuməti isə bunu təsdiq edir, xəritəyə salır. Bununla da ermənilər guya həmin yerlərdə tarixən yaşamışlar iddiasını diqqətə gətirirlər. Halbuki həmin türk mənşəli toponimlər dövrü mətbuatda, sovet ensiklopediyalarında Azərbaycan adları ilə qeyd olunmuşdur. Belə bir iyrənc yolu tutan ermənilər beynəlxalq ictimaiyyətə bizim haqqımızda bilərəkdən təhrif olunmuş məlumatlar çatdırır, xalqımıza qarşı mənfi fikir yaratmağa çalışırlar. Fikrimcə Vikipediya səhifələrində, Google Map-da ermənilərin toponim adlarımızı dəyişdirmələrinə maneə olmağımız vacib məsələdir.
                                  Media qələminin gücü böyük bir orduya bərabərdir
        Media vasitəsilə Qarabağ, bütövlükdə Azərbaycan həqiqətlərini dünyanın diqqətinə çatdırmaq üçün imkanlar genişdir. Televiziya, qəzet və jurnallarda, internetdə əks təbliğatımızı daha da artırmalıyıq. Bununla barəbər, ədalətli mübarizəmizi genişləndirmək məqsədilə Xocalı soyqırımını əks etdirən rus, ingilis, fransız və s. dillərə tərcümə edilən kitabların nəşr olunmasını, yayılmasını təşkil etməliyik. Nə qədər ki, erməni təbliğatı güclüdür, deməli biz daha çox və faktlarla sözümüzü deməliyik. “Xocalının səsi” qəzeti də bu baxımdan xüsusi əhəmiyyətə malik mətbuat orqanıdır. Bu qəzetin səhifələrində Xocalı soyqırımının canlı şahidlərindən, erməni əsirliyində olmuş sakinlərdən mütəmadi yazılar dərc edilir. Qəzetin internet ünvanı olan xocalininsesi.info saytı ilə yazılar geniş oxucu kütləsinə çatdırılır. Yaxın zamanda “Xocalının səsi” qəzetinin internet televiziyası da fəaliyyətə başlayacaq.
        Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması üçün
 həmrəylik nümayiş etdirməliyik
        Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsində yazır ki, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli və Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha ciddi çalışmalı, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə öz töhfəmizi verməliyik.
        Atalarımız çox gözəl deyib: “Güc birlikdərir”. Damlalar birləşib çay əmələ gətirə bildiyi kimi, insanlar da birləşəndə bir çox problemləri həll etmiş olurlar. Xalqımız güclü Azərbaycan naminə həmrəy olmalıdır. Əgər ümumilikdə azərbaycançılıq ideologiyasını əsl vətəndaş məsuliyyəti ilə təbliğ edə bilsək, onda bizim həmrəyliyimiz, amalımız qarşısında heç bir qüvvə dayana bilməz, haqq yolunda qarşımıza çıxan bütün maneələri aradan qaldıra bilərik. Buna görə də bütün təbliğat maşını müharibəyə hazırlıq şəraitinə gətirilməlidir. Hər gün, hər yerdə erməni vəhşiliyindən danışmalı, ermənilərin xislətini bütün dünyaya yaymalıyıq.
        Ümid edirəm ki, təşkilatlanmağımızın, həmrəyliyimizin, məqsədli şəkildə hədəfimizə doğru getməyimizin nəticəsində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bilərik.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru,
 “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü.
Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya 
Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun keçirdiyi 
müsabiqəyə təqdim etmək üçün.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top