BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

3 Mart 2019 Pazar

XOCALI QADINININ ANALIQ HİSSİ

Posted at  3/03/2019  |  in  Ümumi hadisələr

        Müsahibim, türkiyəli operator Ağası Hunun Qaraqayada çəkdiyi kadrlara düşən - kürəyində 1 yaş 8 aylıq körpəsini və ayağından mərmi yarası alan bacısı qızını zülmlə ölümün ayağından çıxaran Süleymanova Cəmilə Əhməd qızıdır. O, dəhşətli günləri mənə danışarkən erməni quldurlarının vəhşiliklərini bir daha gözlərimin önünə gətirməyə çalışdım. Cəmilə Süleymanova anasız körpəni susdurmaq üçün ona ana südü verərək sakitləşdirmişdir. Xocalı qadını ətrafında olan onlarca adamın yerinin düşmənə bilinməməsi və körpə uşağın acından ölməməsi üçün əsl Azərbaycan qadını kimi fədakarlıq etmişdir. Cəmilə Sülüymanovaya ilk sualım soyqırım gününü necə xatırlamağı ilə bağlı oldu.
        - Xocalı soyqırımı törədilən gecə yoldaşım posta gedəndən sonra - təxminən saat 11-də xəbər verdilər ki, ermənilər ağır texnikalarla şəhərə yaxınlaşıb. Şəhəri tərk etmək məcburiyyətində qaldıq. Uşağın birini kürəkənimiz, birini də mən aldım. Bacım qızı Aynurə, bacım Ətrabə, kürəkənimiz və iki uşağımla bərabər Qarqarçaya tərəf getdik. Uşaq üçün çörək, odeyal götürmüşdüm. O enişli-yoxuşlu yolları, qayaları necə təsəvvürünüzə gətirim, bilmirəm. Qarlı-tufanlı gecə sıldırım qayaları enib-qalxmaq üçün sanki qorxudan güc gəlirdi. Xeyli gəldikdən sonra asfalt yola yaxınlaşarkən atışma başladı. Asfalt yolun hər iki tərəfində BMP-lər yolu keçmək istəyən adamları güllə-boran etdilər. Hərəmiz bir tərəfə pərən-pərən olduq. Bacım və kürəkənimiz, oğlum Vüsalla birlikdə məndən aralı düşmüşdü. Qızımı və bacım qızını mən aparırdım. Xeyli sayda adam orada şəhid oldu.
         - Orda nə qədər adam olardı?
Çoxlu sayda adam var idi. Bəlkə də 1000-dən çox. Qocalı, cavanlı, qadınlı, uşaqlı, yaralı olanlar, hamı düşmən gülləsindən canını qurtarmağın hayında idi. Çığırtı-bağırtı səsləri hər tərəfə yayılmışdı. Ağır silahlarla atırdılar. Necə atırdılarsa, baş bir tərəfə, bədən bir tərəfə gedirdi.  Tikə-tikə olurdu adamlar. Atışma olarkən mən uşaqların üstünə uzandım ki, onlara heç nə olmasın. Bacım qızı Aynurənin ayağı paltodan kənara çıxmışdı, mərmi onun ayağına dəydi. Qan fışqırdıqca qız nərə çəkirdi. Başımdan yaylığımı açıb içini qarla doldurub onun yarasını sarıdım. Qızım Vüsaləni donmuş şəkildə heç bir köməyim olmadan aparıb kolun dibinə qoyub, qayıdıb bacım qızını aparırdım. Həmin yeri birtəhər keçdik. Mənim kürəyimdə və yanımda uşaq olmağına baxmayaraq, tez-tez gedirdim. Asfaltdan xeyli aralanmışdım. Kollara yaxın gedirdim ki, uşaqları salamat apara bilim. Saçımı kollar aparmışdı. Rayonumuzun keçmiş icra başçısı Elman Məmmədov adamların çıxması üçün köməklik göstərirdi. Qaraqayaya çatmağa az qalmış bizi Azərbaycan dilində səslədilər. Dedilər ki, qorxmayın, gəlin, biz ağdamlıyıq, sizə köməyə gəlmişik. Xeyli adam onlara tərəf getdi. Onlar gedən kimi mühasirəyə aldılar. Təxminən 100-ə yaxın adam onlara tərəf getmədi. Biz orada olan bir dərəyə endik. Xəstəxanada işləyən Ramilənin yoldaşı Taleh qumbara ataraq bir neçə ermənini öldürdü. Ermənilər tez Taleyi mühasirəyə aldılar. Bir erməni Taleyə deyirdi ki, sən mənim qardaşımı öldürmüsən. Taleyi yavaş-yavaş zülm verə-verə güllələyərək öldürdülər. Əsirlərin içində  onun yoldaşını da aparırdılar. Ancaq onun Taleyin yoldaşı olduğunu bilmirdilər. Onları əsir aparanda necə olmuşdusa, Ramilə və bir neçə nəfər qaça bilmişdilər. Düşmən əsirliyindən canlarını qurtaran həmin adamlar gəlib bizə qoşuldular.
        Biz hamımız arxası üstə kolun arxasında qarın üstünə uzanıqlı qalmışdıq.  Qaladərəsində yaşayan Həsrət xalanın bir aylıq nəvəsi də bizimlə idi. Onun atasını, anasını qətlə yetirmişdilər. Uşaq elə ağlayırdı ki, səsi insanı dəhşətə gətirirdi. Öz övladım gözlərimin önünə gəlirdi. Həmin vaxtı övladımın birini itirmişdim. Yəni necə olduğundan xəbərim yox idi. Hamı deyirdi ki, o ağlayan uşağın səsini kəsin. Mən aşağıda idim, Həsrət xala və nəvəsi məndən bir az yuxarıda idi. Həsrət xalaya əlimlə işarə edərək uşağın acından ağladığını başa saldım. Yanıma göndərməyini bildirdim. Mən uşağa ana südü verəndən sonra o, sakitləşdi.
         - Əgər uşaq ağlamağa davam etsəydi, erməni quldurları sizin yerinizi bilərdi?
        - Uşaq kiriməsə qırılan çox olacaqdı. Uşaq sakitləşdikdən sonra nənəsinə göndərdim.
Bizim içimizdə Həsənabad-dan Mamed adlı oğlan var idi. Yanımızda təkcə kişi o idi. Onun yoldaşı, bacısı da bizim dəstədə idi. Ona yalvarırdıq ki, əsir düşsək əlindəki qumbara ilə bizi öldürsün. Axşam saat 7-yə qədər qarın üstündə uzanıqlı qaldıq. Bir qədər sonra bizim qüvvələr erməniləri həmin yüksəklikdən uzaqlaşdırdılar. Artıq biz təhlükədən sovuşmuşduq. Bizi sonra Ağdama xəstəxanaya gətirdilər.
        - Xocalı soyqırımında hansı yaxınlarınız şəhid oldu?
        - Bir bacımın yoldaşı, 7 yaşında qızı, digər bacımın yoldaşı və 3 oğlu şəhid oldu, başqa bacımın bir qızı itkin düşdü. Xalamın uşaqları və digər yaxın qohumlarım da şəhid oldular.
        - Siz övladınızı tapa bildiniz?
        - Bacım meşədə ayağından yaralandığı üçün yol gedə bilməyib. Bacımın yoldaşı gedən adamlara yalvarıb ki, bu uşağı aparmağa kömək edin. Hərə bir qədər götürməklə Vüsalı Ağdama qədər gətirib çıxarmışdılar. Ancaq uşaq bacımdan ararlı düşdüyü üçün onu Sarıcalıdan bir nəfər qadın götürüb. O, deyib ki, bu uşağı aparıb evdə baxaram, yiyəsi çıxar gətirib verərəm, çıxmaz özüm saxlayaram. Vüsalı üç gün gəzdikdən sonra soraqlayıb tapdıq. Meşədə qalmış uşaq  bərk soyuqlamışdı. 11 ay müalicə etdirsək də, heç bir faydası olmadı.
        Başımıza gətirilən faciələri sözlə ifadə etmək çətindir.
Qalib BƏYMƏMMƏDOĞLU

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top