Xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi

        29 mart 2019-cu il tarixdə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində 31 Mart  - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. 
        Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 
       "Dəyirmi masa" ətrafında məruzə ilə çıxışlarda Xocalı Rayon İcra Hakimiyyəti  Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev, Xocalı şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Tamella Bilalova, Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəm Hümbətov, Xocalı şəhər 5 saylı tam orta məktəbin direktoru Mətanət Zamanova ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri soyqırım hadisələrindən danışdılar. Qeyd edildi ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər.
        Hadisələr zamanı ölkəmizin şəhər və kəndləri xarabalığa çevrilmiş, minlərlə soydaşımız öldürülmüşdür. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir.
     1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçirmişlər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir. 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan torpaqlarından qovulmuşdur.
        Mart hadisələrindən yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən etibarən 31 mart Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov "dəyirmi masa"ya yekun vuraraq dedi ki, 31 Mart Azərbaycan xalqı üçün ağır gündür, matəm günüdür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da artırılmalıdır. 
        Rayonumuzun rəhbəri qeyd etdi ki, 1918-ci il qətliamlarını törədənlər indi həmin hadisələri unutdurmağa çalışırdılar. O zaman media olmadığından buna nail olunurdu. İndi bizim birliyimiz onların bu niyyətlərini alt-üst edib. Bu gün bizim əsas vəzifəmiz qətliam qurbanlarının xatirəsini yad etməklə yanaşı, bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməkdir. Xalqımızın başına gətirilən müsibətləri, soyqırımları unutmamaq üçün daim təbliğat aparmalıyıq. Çünki məcburən qonşu şəraitində yaşamalı olduğumuz erməni millətinin xislətində türklərə, azərbaycanlılara xələl yetirmək var. Bu xain xislət gələcəkdə də faciələrə səbəb olmasın deyə tədbirli olmalıyıq, düşmənimizi tanımalı, törətdikləri faciələr haqqında gələcək nəsillərə məlumat verməliyik. Erməni vəhşiliklərini, ermənilərin məkrli siyasətlərini işfa etməliyik. Eyni zamanda həmrəy olmalıyıq, dövlətçiliyimiz ətrafında sıx birləşməliyik. 
  















Yorum Gönder

Daha yeni Daha eski