Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabının təqdimat mərasimi oldu

        30.04.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləxocalıların kopmakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində Xocalının dəyərli şairi, hörmətli el ağsaqqalı Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabının təqdimat mərasimi oldu. Mərasimdə Xocalı rayon icra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon ziyalıları və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin idarə heyətinin üzvləri iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgiyə baxış keçirdilər.
         Tədbirin aparıcısı Xocalı şəhər 5 nömrəli klubun mədəni təşkilatçısı Aynurə Bilalova Allahyar Xocalının həyat və yaradıcılığından məlumat verdi. Bildirdi ki, Quliyev Allahyar Allahverdi oğlu 3 fevral 1946-cı ildə Qarabağın Xocalı kəndində anadan olub. Xocalıda 8 illik məktəbi bitirdikdən sonra Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə təhsilini davam etdirib, orta mək-təbi Bakı şəhərində bitirib. 1966-1969-cu illərdə Ukraynada Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Bakıda və Xankəndində milis vəzifəsində çalışıb. 1979-cu ildə Xankəndi Dövlət Pedoqoji İnstitutunu bitirib. Dağlıq Qarabağın Daşbulaq, Meşəli, Saruşen, Həsənabad kəndlərində müəllim işləyib. “Xocalının səsi” qəzetinin yaradıcılarından biri olub, uzun müddət qəzetdə şöbə müdiri işləyib. Xocalı Soyqırımından sonra Oğuzda, uzun müddət Naftalan şəhərindəki Şirvan sanatoriyasında məskunlaşıb. 1993–1997-ci illərdə Xocalı rayon İcra Hakimiyyəti Başçının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. 1993-cü ildə “Vətən ağrısı, torpaq yanğısı”, 1999-cu ildə “Xocalı Soyqırımının qurbanları” kitabları çap edilib. Sayca 3-cü kitabı olan “Bizdən qeyrət umur Vətən” adlı kitabı isə bu il nəşr olunub.
        “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu,  Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov, Xocalı şəhərinin ağsaqqalı, Allahyar müəllimin yaxın dostu Şükür Bəşirov, Şuşa rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Yaşar Salahov çıxış edərək şairin yaradıcılığından, onunla yoldaşlıq xatirələrindən danışdılar. Çıxışlarda Allahyar Xocalının haqq sözünü cəsarətlə deməyi bacaran, dövlətə və dövlətçiliyə bağlı vətənpərvər insan olduğu vurğulandı. Bütün janrlarda məharətlə yazan şairin öz dəsti-xətti ilə seçildiyi və oxucular tərəfindən sevildiyi diqqətə çatdırıldı.
        “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Qadınlar şurasının sədri Ayna Novruzova Xocalı camaatının böyük hörmətini qazanmış atası ilə fəxr etdiyini dedi. Tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
        Xocalı rayon icra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında Allahyar Quliyevin ictimai fəaliyyətini yüksək dəyərləndirdi. Lamiyə Qarayeva bildirdi ki, Allahyar müəllimin “Xocalının səsi” qəzetinin çətin vaxtlarda fədakar fəaliyyəti, Xocalı şəhəri üzrə nümayəndə kimi elinə xidməti, eyni zamanda yaradıcılığı ilə gənclərimizə vətənpərvərlik ruhunu aşılaması onun ziyalılığının, öz xalqına-elinə məhəbbətinin təcəssümüdür.
        Tədbirdə Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabından şeirlər səsləndirdilər.
        Xocalı rayon mədəniyyət işçiləri şən musiqilərlə tədbir iştirakçılarının ovqatını artırdı.
        Sonda Allahyar Xocalı tədbirin təşkilində əziyyəti olan insanlara minnətdarlıq etdi. Şair “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabından şeirlər dedi.
        Təqdimat mərasimi Allahyar Xocalının növbəti kitabının Xocalıda işıq üzü görməsi arzusu ilə yekunlaşdı.
Qalib BƏYMƏMMƏDOĞLU 




























Paylaşın:

"Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin Xocalı rayon məktəbliləri arasında təşkil etdiyi "Təhsildən Peşəyə" adlı inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirildi

        25 aprel 2019-cu il tarixdə Xocalı rayon nömrəli Uşaq Musiqi məktəbinin akt zalında "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin Xocalı rayon məktəbliləri arasında təşkil etdiyi "Təhsildən Peşəyə" adlı inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyasının dissertantı, pedaqoq, ictimai xadim, "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlilinin və rayonumuzun təhsil işçiləri iştirak etdilər. 
        Lamiyə Qarayeva çıxışında gənclərin peşələrə düzgün istiqamətləndirilməsində müəllimlərin və valideynlərin böyük rolu olduğunu qeyd etdi. Bununla belə valideyn övladını təkidlə sevmədiyi peşəyə yönəltməməli olduğunu vurğuladı. Təcrübə göstərir ki, valideyn məsləhəti ilə övlad istəyi peşə seçimində üst-üstə düşdükdə həmin kadr həyatda daha fəal mövqe tuta bilir. Seçdiyi peşə ilə məşğul olmaq insana zövq verməklə yanaşı, həm də onu cəmiyyət üçün xeyirli şəxsə çevirir.
        İradə xanımın fəaliyyətini yüksək dəyərləndirən Lamiyə Qarayeva ona Xocalı soyqırımı haqqında ərsəyə gətirdiyi kitablara və xocalılara daim göstərdiyi maddi-mənəvi yardımlarına görə dərin təşəkkürünü bildirdi. 
        Görüşün sonunda İradə Əlili "Təhsildən Peşəyə" adlı inşa yazı müsabiqəsinin qaliblərini və bu layihənin baş tutmasında zəhməti olan şəxsləri "Təşəkkürnamə" ilə təltif etdi. O, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin başqanı Hüseyn Büyükfıratın xocalılara salamını çatırdı və Xocalı məktəblilərinə göndərdiyi geyimlər bir qrup şagirdlərə paylanıldı.
        Biz də İradə Əliliyə Xocalı rayon əhalisi olaraq göstərdiyi diqqətə görə dərin təşəkkürümüzü bildirir və fəaliyyətində uğurlar arzu edirik.
Canəli Məmmədov 
Xocalı MKS-in Kitabxana biblioqrafiya proseslərinin 
avtomatlaşdırılması şöbəsinin müdiri 




Paylaşın:

“Bizimləsən” verilişinin vəsiləsi ilə Xocalı məktəblisi müalicə olunur

        Xocalı rayon Kosalar kənd sakini Ələkbərov Qəhrəman Lələkişi oğlu övladının səhhətindəki problemə köməklik göstərilməsi ilə bağlı “Bizimləsən” verilişinə müraciət etmişdir. Onun oğlu 01 avqust 2009-cü il təvəllüdlü Cavad Ələkbərli sağ aşağı ətrafın paraparezi xəstəliyindən əziyyət çəkir. Övladının xəstəliyinə biganə qalmayan atası verilişlə vatsap əlaqəsi yaratmış və onun xəstəliyi haqqında məlumatları göndərmişdir. Bir müddətdən sonra verilişin aparıcısı Zaur Baxşəliyev başda olmaqla, bir qrup heyət Cavadın müalicəsi üçün səfərbər olublar. Qəhrəman Ələkbərovun evində olan əməkdaşlar Cavadın müalicə olunması üçün Bakıya dəvət ediblər.
        Ələkbərovlar ailəsi indi böyük sevinc və ümid içində Cavadın sağalmasını gözləyirlər. Bununla bərabər, ATV kanalının rəhbərliyinə, “Bizimləsən” verilişinin kollektivinə, o cümlədən aparıcı Zaur Baxşəliyevə, Cavadın həkimi, “Bakı Medical Plaza”nın ortoped-travmatoloqu Vüsal Mahmudova minnətdarlıq edirlər və öz dualarını yetirirlər. 
        Qeyd edək ki, Cavadın atası Qəhrəman Ələkbərov II qrup Qarabağ əlili, müharibə veteranıdır. O, Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Kosalar kəndi uğrunda döyüşdə yaralanıb. Düşmən gülləsi daşdan səpib ona dəyib. Ölüm ayağında olan Qəhəmanı Papanindəki hospitala yerləşdirirlər. Həkimlər ilkin müayinə etdikdən sonra qərara gəlinir ki, artıq onu sağaltmaq mümkün deyil. Qəhrəmanı sağ-sağ “Semaşko”nun morquna yollayırlar. Öldüyü zənn edilərək morqa yerləşdirilən Qəhrəmanın meyitini qardaşı görmək istəyəndə sağ olduğunu bilir. Xəstəxanaya səs salaraq onu morqdan çıxrılmasını tələb edir. Qəhrəman müəllim uzun müddət müalicə olunduqdan sonra səhhəti yaxşılaşmağa başlayır. Başının sol tərəfi olmayan dözümlü insanın qafa tasının yerinə 12x12 santimetr kapron qoyulub.
        Səhhəti yaxşılığa doğru gedən Qəhrəman ali məktəbə qəbul imtahanında iştirak edir və ali məktəbə qəbul olur. O, test üsulu ilə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin riyaziyyat fakültəsinə daxil olur. Yaralandıqdan sonra yaddaşını itirsə də, orta məktəbdə yaxşı oxuduğundan testlərdə doğru cavab variantlarının tanış olması ona köməklik edir. Ancaq müalicəsi sona qədər dəqiqliklə aparılmadığından tam sağala bilmir. Tez-tez dili qatlanmasın deyə, cibində alışqan boyda taxta parçası gəzdirirdi. Hər dəfə halı pisləşəndə o, taxta parçasını çıxarıb yanındakı adamlara uzadırmış ki, dişlərinin arasına yerləşdirsinlər, dilini asanlıqla tutmaq olsun. 
        Ailə həyatı qurduqdan sonra onun səhhətində müsbət irəliləyişlər olur.
        Qəhrəman müəllim hal-hazırda Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşıb. Yoldaşlıqda düz etibarı, səmimi ünsiyyəti olan Qəhrəman müəllim el içində böyük hörmət sahibidir. Qəhrəman müəllim Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində fizika və riyaziyyat fənnini tədris edir. Daim gələcəyə ümidlə baxan bu dözümlü insan Cavadla birlikdə 4 oğlan övladının atasıdır. Bir övladı həqiqi hərbi xidmətdədir. Cavadın da səhhətinin yaxşı olmasını, əsgərlik yaşı gələndə Azərbaycan Ordusunda xidmət etməsini arzulayır.
Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Cocuq Mərcanlıda olarkən yağı tapdağında qalan dədə-baba torpaqlarımız gözlərimin önünə gəldi

       
        02 aprel 2019-cu il tarixdə Şanlı Ordumuzun Aprel döyüşləində düşmən üzərində qələbəsinin üçüncü ildönümü münasibətilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvləri Cocuq Mərcanlıya səfər etdilər. Tədbirdə iştirak edən oğlum Qalibə Cocuq Mərcanlını və Lələtəpə yüksəkliyini görmək arzusunda olduğumu bildirdim. 
        Səfər zamanı ilk öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər düzüldü, şəhidlərimizə Allahdan rəhmət oxundu. Yol kənarında şəhidlərin ruhuna çinar ağacı tingləri əkildi. Müasir standartlara cavab verən məktəbdə şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Uşaq bağçasında körpələrə hədiyyə verilərkən onların sevinclərini görmək məndə xoş təəssüratlar yaratdı. Şuşadakı məscidin bənzəri əzəməti və böyüklüyü ilə seçilir. Məscidə baxarkən özümü Şuşada hiss etdim. Lakin sevincimi göz yaşları əvəz etdi. Hərbi hissənin yataqxanasında da olduq. Komandir bizi əsgər və zabitlərin məişət  şəraiti ilə tanış etdi. O, dedi ki, heç bir çatışmazlıq yoxdur. Əsgərlərdə böyük ruh yüksəkliyi aydın hiss olunurdu. 
         Sonda gənc müğənnilər ifaları ilə sevincimizi daha da artırdılar. Cəbrayılın Hovuslu kəndindən olan məcburi köçkün, gənc xanəndə İlkin Əhmədov “Qarabağ şikəstəsi” oxuyarkən məclis əhli onu ayağa qalxıb ürəkdən alqışladılar. 
        Cocuq Mərcanlıda aparılan abadlıq işləri məni heyran etdi.  Hörmətli Prezidentimizin Sərəncamına əsasən, Cocuq Mərcanlıda gözəl şərait yaradılmışdır. Kənd tamamilə yenidən qurulmuşdur. Evlər, həyətlər göz oxşayır. Doğma yurd yerlərindən didərgin düşən cocuq mərcanlılar indi öz yurd yerlərində rahat yaşayırlar. Yerli sakinlər üçün yeni iş yerləri yaradılıb. Xalçaçılıq fabriki, yem emalı müəssisəsi və digər iş yerləri açılmışdır. Əhali kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olur.
        Böyük qayıdışın ilk addımı olan Cocuq Mərcanlıda olarkən doğma dədə-baba torpaqlarımız gözlərimin önünə gəldi. Lələtəpə yüksəkliyinə və orada dalğalanan üçrəngli bayrağımıza qürur hissi ilə baxdım. Bununla bərabər, Qarabağa pəncərə olan Lələtəpəni qəlbimdə tükənməz ümid və inamla, intizarlı gözlərlə seyr etdim. İllərdir həsrət qaldığım yurd yerlərimiz, saldığım bol-bəhərli bağlar, keçirdiyim xoşbəxt günlər heç yadımdan çıxarmı? Düşmən tapdağında qalan qəbirlərimizi unutmaq olarmı? Unutmaq olarmı Xocalını, Şuşanı, Kəlbəcəri? Unutmaq olarmı Qırxqızı, Cıdır düzünü, Qarqarçayı...? Yaddan çıxmaz cənnət Qarabağ!  
        Mən əminliklə deyirəm ki, böyük qələbəyə nail olacağıq. Bunun üçün həmrəy olmalı, əməli fəaliyyətimizlə qələbəni daha da yaxınlaşdırmalı və təbliğat işlərinin aparılmasında əlimizdən gələni etməliyik.
        Arzum budur ki, torpaqlarımızı kafirlərdən azad edək, doğma yurd yerlərimizə qayıdaq. 
 Bəyməmməd QULİYEV,
Xocalı rayon Kosalar kənd sakini

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi