Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib

Ölkəmizdə enerji siyasəti uğurla aparılır
        Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, gündən - günə inkişaf edir, güclənir, qüdrətlənir. Bu inkişaf özünü təsərrüfatımızın bütün sahələrində göstərir. Ölkəmizin strateji prioritetlərindən biri də fasiləsiz, dayanıqlı elektirik enerjisi təminatıdır. Bütün bunları nəzərə alaraq ölkəmizdə yeni enerji mənbələrinin müəyyən edilməsi Cənab Prezidentimizin diqqət mərkəzindədir.
        Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan iclasında elektrik  enerjisi sahəsi ilə bağlı fikirlərində bildirib ki, “Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü çətinliklə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik”.
        Mayın 1-dən etibarən “Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriyanı belə əhatə edəcək. Sözsüz ki, müstəqilliyini əldə etmiş gənc ölkə üçün bu, ciddi uğurdur. Keçən əsrin 90-cı illərində elektrik enerjisi istehsalı və ötürülməsində bir sıra problemlər yaşayan bir ölkənin indi Avropanın inkişaf etmiş dövlətlərinə elektrik enerjisi verməsi, əlbəttə, xüsusi diqqətə layiq haldır. Bu, hər şeydən öncə, Azərbaycan rəhbərliyinin islahatları sistemli, ardıcıl və düşünülmüş şəkildə aparmasının göstəricisidir.
Mingəçevir İES-də baş verən gözlənilməz qəzadan
 sonra görülən tədbirlər
         Bildiyimiz kimi 2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermiş və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermişdi.
        İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. “Bakı Metropoliteni”nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.
        İşıq böhranı nəticəsində Respublikanın bir çox yerində əhali su problem ilə üzləşmişdi.
Prezident İlham Əliyev iyulun 4-də  keçirdiyi müşavirədə yaranmış problemin qısa zaman ərzində aradan qaldırılması üçün tapşırıq verdi, məsələni araşdırmaq üçün komissiya yaradıldı.
        Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olduqdan sonra işdə yol verdiyi
nöqsanlara görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etdi. Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birində baş vermiş qəza ilə bağlı yaradılan Dövlət Komissiyasının rəyində, baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.
Mingəçevir İES-də baş verən  gözlənilməz qəza ölkə iqtisadiyyatına külli miqdarda zərər vermişdir. Dərhal ölkə rəhbərinin buna reaksiyası qəzanın aradan qaldırılmasını və rəhbərliyin yenilənməsinin labüdlüyünü ortaya qoymuşdur. Ən vacib və strateji sahələrdən olan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi peşəkar, qabiliyyətli kadrlarla əvəz olundu.
        Prezident sentyabrın 4-də imzaladığı Sərəncamla Baba Rzayevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin etdi.
        Baba Rzayev 2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq, respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olub. 2015-ci ildə “Azərişıq” ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.
        “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bütün əhalimizi və dinamik inkişaf edən istehsal sahələrini dayanıqlı enerji ilə təmin edir, köhnəlmiş elektirik avadanlıqlarını mütəmadi şəkildə yeniləyir.
        “Reabilitasiya Proqramı” çərçivəsində itirilmiş güclər bərpa olunur, elektrik stansiyalarında dayanıqlılıq və etibarlılıq təmin edilir
        Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərenerji” ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi” mövzusunda keçirilən  konfransda “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev proqram çərçivəsində son üç ay ərzində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən işlər nəticəsində 230 MVt gücün bərpa edildiyini vurğulayıb: “Bundan əlavə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulur. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 MVt artaraq 2000 MVt-a çatacaq”.
        Ziyəddin Quliyev həmçinin vurğulayıb ki, “Reabilitasiya proqram” çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. O bildirib ki, bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kV-luq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. Ziyəddin Quliyev qeyd edib ki, “Reabilitasiya Proqramı”na müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.
        “Azərenerji” ASC arxada qalan aprel ayında elektik enerjisinin ixracını və istehsalını 2018-ci ilin aprel ayı ilə müqayisədə xeyli artırıb. Bu ilin aprel ayında 1.825 milyard kvts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 163 milyon kvts və ya 9,8% çoxdur. Belə ki, ötən ilin aprel ayında 1.662 milyard kvts elektrik enerjisi istehsal edilmişdi. Bir faktı da qeyd edək ki, 2018-ci ilin aprel ayı ilə müqayisədə 2019-cu aprel ayında elektrik enerjisinin istehlakı 74,6 milyon kvts və ya 4,6 faiz artıb. Bu isə ölkə əhalisinin, o cümlədən sosial-iqtisadi infrastukturun və xaric dövlətlərə ixracın artması və nəhayətdə təlabatın yüksəlməsi ilə bağlıdır.
        İnanırıq ki, görülən işlər öz müsbət faydasını verəcək, yeni hədəflər uğurla icra olunacaq. Ölkəmizdə indiyə qədər istifadə edilməmiş enerji mənbələrini müəyyənləşdirərək enerji ehtiyatlarımızı artırmalıyıq. Alternativ enerji mənbələrini elektrik və istilik enerjisi istehsalına cəlb etməklə elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklərə nail ola bilərik.
Qarabağda zəngin enerji resurslarımız var
        Zəngin təbii ehtiyatları, füsunkar gözəlliyi olan Qarabağda gursulu çaylarımız var. Tərtər çayı, Xaçınçay, Həkəri çayı kimi çaylarımız zəngin enerji mənbələridir.
         1976-cı ildə Tərtərçayın üzərində qurulmuş Sərsəng SES-sı   hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. Sərsəng su anbarında hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Sərsəng su anbarı 20 ildən artıqdır ki, bədnam qonşularımızın istifadəsindədir.
        Əminik ki, yaxın gələcəkdə yağı tapdağında inildəyən torpaqlarımızı azad edəcəyik və bu torpaqlarımızın zəngin enerji potensialı ölkəmizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.
Məcburi köçkünlər üçün salınmış qəsəbələr 
fasiləsiz elektrik enerjisi ilə təmin edilib
        Xocalı rayonundan 2024 ailə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq  edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun  artırılması  üzrə  Dövlət  Proqramı”-na və bu Proqrama 2007 və 2011-ci illərdə edilmiş Əlavələrə uyğun olaraq respublikanın müxtəlif şəhər və rayonlarında  fərdi yaşayış evi və ya mənzillərlə təmin edilmiş, rayondan olan 2335 məcburi köçkün ailəsinin isə gələcəkdə yeni mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə əhaliyə xidmət göstərən istismar gücü 20 MVA olan elektrik yarımstansiyası tikilmişdir. Həmin elektirik yarımstasiyasını 110 kV-luq elektrik gərginliyi qidalandırır, qəsəbəyə və digər yaxın yaşayış məntəqələrinə 10 kV-luq xətt çəkilməklə, eyni zamanda 10/04 kV-luq nasaz transformator yenilənməklə əhalimizi dayanıqlı enerji ilə təmin edir. Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivində 2, Aşağı Ağcakənd qəsəbəsində 6, Yuxarı Ağcakənd qəsəbəsində 4, Börü qəsəbəsində 4, Meşəli qəsəbəsində 3 ədəd transformator istifadəyə verilmişdir. Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə 20 ədəd transformator quraşdırılmışdır.
        Xocalılar üçün salınmış qəsəbələr fasiləsiz elektrik enerjisi ilə yanaşı, qaz təchizatı ilə də təmin olunub. Bütün bunlar əhalinin enerjiyə olan tələbatının ödənilməsi üçün dövlətimizin göstərdiyi diqqət və qayğıdır.
        Ölkəmizdə enerji sahəsində məcburi köçkünlər üçün tətbiq edilən güzəşt limiti Xocalı rayonundan olan məcburi köçkünlərin də həyat səviyyəsinin yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir və onlar buna görə dövlətimizə, Cənab Prezidentimizə minnətdarlıqlarını hər zaman dilə gətirirlər.
Azərbaycanın energetika sektorunun uzunmüddətli 
inkişaf Strategiyası hazırlanacaq
        29 may 2019-cu il tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalayıb.
        Sərəncama əsasən, Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini 12 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
        Cənab Prezident Sərəncamda Nazirlər Kabinetinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin təqdim edilməsini də tapşırıb.
        İnanırıq ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin edilməsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, alternativ enerji mənbələrinin zəngin olduğu respublikamızın enerji sistemini gücləndirməklə ölkəmizin böyüyən iqtisadiyyatını sabit enerji təminatı ilə təmin edəcək.
Qalib BƏYMƏMMƏDOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 
və Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun keçirdiyi 
müsabiqəyə təqdim etmək üçün”
Paylaşın:

Cəbhə bölgəsindəki “N”saylı hərbi hissədə Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirilib

        Azərbaycanın ərazi bütövlüyünü qoruyan zabit, gizir və əsgərlərə dayaq olmaq hər bir ölkə vətəndaşının borcudur. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun fəalları bu borcu aydın dərk edir, mütəmadi olaraq cəhbə bölgələrindəki hərbi hissə və taborlarda xidmət edən ərənlərlə görüşür, onların qarşısında maraqlı tədbir proqramları təşkil edirlər. Belə tədbirlərdən biri 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə əlaqədar ön cəbhədə keçirildi.
        Cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə keçirilən tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, tanınmış aparıcı və müğənni İslam Ələsgərov açdı. İslam müəllim sözü tədbirin təşkilatçısı - “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğluna verdi. Ş.Sabiroğlu 2018-ci ildə Dövlət Başçısı İ.Əliyevin müvafiq tapşırıqlarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100 illik yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu toplantı iştirakçılarının nəzərinə çatdırdı. Şamil müəllim xüsusi olaraq qeyd etdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun maddi-texniki imkanlarının artması üçün əllərindən gələni əsirgəmir.
        Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov General-polkovnik Zakir Həsənovun rəhbərliyi dövründə Silahlı Qüvvələrin şəxsi heyətinin qazandığı uğurlardan danışdı.
        Respublika “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev Ordunun kişilik məktəbi olduğunu qeyd etdi. Cəbrayıl rayonundan olan vətənpərvər insan, hazırda Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, iş adamı xanım Arzu Əliyeva, ictimai xadim xanım Zəminə Səfərova, doktor Rəna Xudiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin əməkdaşı, şairə Aynur Qafarlı,  “Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma” ictimai birliyinin üzvü, doktor-stomotoloq Əli Mirzalıyev, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, Qubadlı rayonundan məcburi köçkün, şəhid övladı Ələkbər Ələsgərov, Azərbaycan MEA-nın əməkdaşı xanım Könül Ələsgərova və başqaları çıxış edərək şəxsi heyəti  26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə əlaqədar təbrik etdilər. Daha sonra istedadlı müğənni İslam Əsləsgərov və azyaşlı Mehdi Həsənov zabit, gizir və əsgərlər qarşısında maraqlı konsert proqramı ilı çıxış etdilər.
         “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlu yenicə imzaladığı Fəxri Fərmanı həmin gün öz doğum gününü ön cəbhədə qeyd edən doktor xanım Rəna Xudiyevaya təqdim etdi. Hərbi hissənin zabiti Rüstəm Məmmədov da xüsusi Təşəkkürnaməni xanım Rəna Xudiyevaya təqdim etdi. 
        Sonda hərbi xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə hər iki QHT adından xüsusi təşəkkürnamələr təqdim edildi.
         Daha sonra qonaqlar hərbi hissə ilə yaxından tanış oldular, əsgər yeməkxanasında çay süfrəsi arxasında söhbəti davam etdirdilər.
                                 Şamilə Şamilqızı,
              Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 
               III kurs tələbəsi.
             Fotolar: “xebertv.az” saytının xüsusi müxbiri
                  Ələkbər Ələsgərliyə məxsusdur.
                 Cəbhə bölgəsi, 27.06.2019.














Paylaşın:

51 ildir görüşməyən tələbə yoldaşları bir kitabın işığına yığışdılar

        28 iyun 2019-cu il tarixdə Gəncə şəhərində Xocalı rayonu Kosalar kəndindən məcburi köçkün, qocaman müəllim Səmayə Mirzəyevanın “Könlüm keçir Qarabağdan” adlı kitabının təqdimatı oldu. Kitabda toplanan yazılar əsasən Səmayə müəllimin tələbəlik illərindən və Qarabağla bağlı xatirələrindən ibarətdir. Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tənqidçi-publisist, GDU-nun “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdrisqızıdır.
        Mirzəyeva Səmayə Müsür qızı 1949-cu il oktyabr ayının 5-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. Kosalar kənd 8 illik məktəbini bitirərək, 1964-1968-ci illərdə Şuşa Pedaqoji Texnukumunda ibtidai sinif müəllimliyi ixtisası  almışdır. 1967-ci ildə təcrübəsini və ixtisasını yüksəltmək məqsədilə Xankəndində yerləşən Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. 1993-cü ildən 2005-ci ilə qədər Kosalar kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavini işləmişdir. İlk təyinatını Kosalar kənd orta məktəbinə almışdır. İşinə daim məsuliyyətli olan, bilik və bacarığı ilə seçilən Səmayə müəllimə Vilayət Maarif  Şöbəsinin fəxri fərmanlarına, “Qabaqcıl sinif müəllimi” fəxri adına layiq görülüb. 1991-ci ildə “Azərbaycan müəllimləri müsabiqəsi”nin qalibi olmuşdur.
        2017-ci ildən yaşa görə pensiyaya çıxmışdır. Buna baxmayaraq, o, daim ictimai işlərdə fəal iştirak edir.
        Səmayə müəlliməni köçkünlük həyatı daim narahat edir. Yağı düşmənin doğma torpaqlarımızı işğal etməsini qəlbində böyük nisgil kimi gəzdirir. O, Qarabağla bağlı xatirələrini yazdığı bayatılarda, söhbətlərində dilə gətirir. “Könlüm keçir Qarabağdan” adlı kitabı məhz onun yurd həsrəti, ürək yanğısıdır.
        Kitabın təqdimatı gününə Səmayə Mirzəyevanın 51 ildir görmədiyi  tələbə yoldaşları, yüksək vəzifələrdə çalışan şagirdləri toplaşmışdılar. Vəfat etmiş tələbə yoldaşlarının övladları da görüşə gəlmişdilər. Tələbə yoldaşları bir-birini kimisi səsindən, kimisi isə üzündən tanıya bilirdi. Bu mənzərəni seyr etmək insanı kövrəldir, dərin fikirlərə qərq edirdi. Vaxtilə saçları tökülməyən, qamətli gənclər indi ömrünün qocalıq çağını keçirirlər. Bir zamanlar ailə qurmaq qayğısı çəkən, gözəllikləri ilə öyünən tələbə qızlar indi nəvə-nəticə qayğısı çəkirlər. Bu illər ərzində çox şey itirilsə də, yaddan çıxmayan xatirələr dilə gəldi. İllər ötdükcə cəmiyyət dəyişsə də, ancaq insanların bir-birinə olan etibarı, inamı dəyişməyib.
        Tələbə yoldaşları görüşün səbəbkarı Səmayə müəlliməyə ayrı-ayrılıqda ürək sözlərini dedilər və xatirələrini yenidən yada saldılar. Bu görüşün onların həyatında ən mənalı günlərdən biri olduğunu qeyd etdilər.
        Səmayə müəllimənin hər zaman fəxr etdiyi şagirdləri də ürək sözlərini paylaşdılar. Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev və başqaları bugünkü mövqedə olmalarında Səmayə müəllimənin təlim-tərbiyəsinin böyük rolu olduğunu dedilər. Hər zaman Səmayə müəlliməyə borclu olduqlarını söylədilər.
       Görüş nikbin arzularla yekunlaşdı.
Qalib BƏYMƏMMƏDOĞLU















Paylaşın:

Tibb işçilərinin peşə bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

        17 iyun tarixdə tibb işçilərinin peşə bayramı günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.

        Tədbirdə əvvəlcə uzun müddət Xocalı rayon Mərkəzi Xəstəxanasında feldşer işləyən Salman Bayramovun ruhu bir dəqiqəlik sükutla yad edildi.

        Xocalı rayon Mərkəzi Xəstəxananın baş həkimi Aqil Məmmədov məruzə ilə çıxışında  Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə səhiyyənin inkişafına verdiyi töhfələrdən danışdı. Aqil Məmmədov qeyd etdi ki, 60-cı illərin sonu 70-ci ilərin əvvəllərində, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi sürətdə dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı.

        Sevindirici haldır ki, Heydər Əliyev irsi bu gün də uğurla davam etdirilir. Bu gün Azərbaycanda Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi müasirləşir, xalqımıza yüksək səviyyəli tibbi xidmət göstərmək əzmi nümayiş etdirilir.

       Aqil Məmmədov bildirdi ki, Xocalı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarından 1 nəfərinin "Azərbaycan Bayrağı" ordeni, "Əməkdar həkim", 2 nəfərinin "Tərəqqi" medalına və bir neçə nəfərin isə Fəxri Fərman, diplomlara layiq görülməsi kollektivimizə, o cümlədən rayonumuzun əhalisinə göstərilən diqqət və qayğının nümunəsidir.

        Tədbirdə çıxış edən rayonumuzun ağxələtliləri ölkə başçısının səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

        Çıxış edən natiqlər səhiyyə sahəsinə dövlət qayğsının artdığını, yeni səhiyyə obyektlərinin tikildiyini, müasir texniki avadanlıqlarla təmin edildiyini vurğuladılar. Ulu öndər Heydər Əliyevin hər zaman həkim peşəsini yüksək dəyərləndirdiyini bildirdilər. I Qarabağ müharibəsində fədakarlıq göstərən tibb içilərinin hər zaman ön cəbhədə öz vəzifələrini  layiqincə yerinə yetirməyə hazır olduqlarını qeyd etdilər.

        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirdi ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk  dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi.

        Heydər Əliyevin ölkə səhiyyəsinin möhkəmləndirilməsinə yönəldilmiş böyük səyləri onun maddi bazasının genişləndirilməsi ilə məhdudlaşmırdı. O, 1970-1980-ci illərdə ümumilikdə 30-dək gənc Azərbaycan aliminin İttifaq səviyyəsində müxtəlif ixtisaslar üzrə doktoranturaya qəbul edilməsinə nail olmuşdu. 1969-cu ilin dekabrında Heydər Əliyevin təşəbbüsü ilə respublika Ali Sovetinin 7-ci sessiyasında səhiyyə üzrə qanunvericiliyin əsasları haqqında qərar qəbul edilmişdir.

        1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoydu, ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazır­landı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, Ümummilli liderimizin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edirdi.

        Şahmar Usubov vurğuladı ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi səhiyyə sektorunda çox böyük dəyişikliklərə səbəb olacaq.

        Rayonumuzun rəhbəri Xocalı rayonunda səhiyyə sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən də danışdı. Bildirdi ki, mənfur qonşularımızın Xocalını işğal etməsi nəticəsində səhiyyə obyektinin tikintisi yarımçıq qaldı. Xocalı rayonunda Allahverdiyevlər ailəsi həkim ailəsi kimi tanınmışdır.

       Bu gün rayonumuzda səhiyyə sahəsində yüzlərlə insan çalışır. Onlardan digər rayonların mərkəzi xəstəxanalarında aparıcı vəzifə tutunlar da var.

        Sonda əmək fəaliyyətində fərqlənən rayonumuzun tibb işçiləri Xocalı rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fərxi Fərmanlarla təltif edildilər.
        

























Paylaşın:

Ən çox oxunan

Blog Arşivi