Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

51 ildir görüşməyən tələbə yoldaşları bir kitabın işığına yığışdılar

        28 iyun 2019-cu il tarixdə Gəncə şəhərində Xocalı rayonu Kosalar kəndindən məcburi köçkün, qocaman müəllim Səmayə Mirzəyevanın “Könlüm keçir Qarabağdan” adlı kitabının təqdimatı oldu. Kitabda toplanan yazılar əsasən Səmayə müəllimin tələbəlik illərindən və Qarabağla bağlı xatirələrindən ibarətdir. Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tənqidçi-publisist, GDU-nun “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdrisqızıdır.
        Mirzəyeva Səmayə Müsür qızı 1949-cu il oktyabr ayının 5-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. Kosalar kənd 8 illik məktəbini bitirərək, 1964-1968-ci illərdə Şuşa Pedaqoji Texnukumunda ibtidai sinif müəllimliyi ixtisası  almışdır. 1967-ci ildə təcrübəsini və ixtisasını yüksəltmək məqsədilə Xankəndində yerləşən Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. 1993-cü ildən 2005-ci ilə qədər Kosalar kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavini işləmişdir. İlk təyinatını Kosalar kənd orta məktəbinə almışdır. İşinə daim məsuliyyətli olan, bilik və bacarığı ilə seçilən Səmayə müəllimə Vilayət Maarif  Şöbəsinin fəxri fərmanlarına, “Qabaqcıl sinif müəllimi” fəxri adına layiq görülüb. 1991-ci ildə “Azərbaycan müəllimləri müsabiqəsi”nin qalibi olmuşdur.
        2017-ci ildən yaşa görə pensiyaya çıxmışdır. Buna baxmayaraq, o, daim ictimai işlərdə fəal iştirak edir.
        Səmayə müəlliməni köçkünlük həyatı daim narahat edir. Yağı düşmənin doğma torpaqlarımızı işğal etməsini qəlbində böyük nisgil kimi gəzdirir. O, Qarabağla bağlı xatirələrini yazdığı bayatılarda, söhbətlərində dilə gətirir. “Könlüm keçir Qarabağdan” adlı kitabı məhz onun yurd həsrəti, ürək yanğısıdır.
        Kitabın təqdimatı gününə Səmayə Mirzəyevanın 51 ildir görmədiyi  tələbə yoldaşları, yüksək vəzifələrdə çalışan şagirdləri toplaşmışdılar. Vəfat etmiş tələbə yoldaşlarının övladları da görüşə gəlmişdilər. Tələbə yoldaşları bir-birini kimisi səsindən, kimisi isə üzündən tanıya bilirdi. Bu mənzərəni seyr etmək insanı kövrəldir, dərin fikirlərə qərq edirdi. Vaxtilə saçları tökülməyən, qamətli gənclər indi ömrünün qocalıq çağını keçirirlər. Bir zamanlar ailə qurmaq qayğısı çəkən, gözəllikləri ilə öyünən tələbə qızlar indi nəvə-nəticə qayğısı çəkirlər. Bu illər ərzində çox şey itirilsə də, yaddan çıxmayan xatirələr dilə gəldi. İllər ötdükcə cəmiyyət dəyişsə də, ancaq insanların bir-birinə olan etibarı, inamı dəyişməyib.
        Tələbə yoldaşları görüşün səbəbkarı Səmayə müəlliməyə ayrı-ayrılıqda ürək sözlərini dedilər və xatirələrini yenidən yada saldılar. Bu görüşün onların həyatında ən mənalı günlərdən biri olduğunu qeyd etdilər.
        Səmayə müəllimənin hər zaman fəxr etdiyi şagirdləri də ürək sözlərini paylaşdılar. Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev və başqaları bugünkü mövqedə olmalarında Səmayə müəllimənin təlim-tərbiyəsinin böyük rolu olduğunu dedilər. Hər zaman Səmayə müəlliməyə borclu olduqlarını söylədilər.
       Görüş nikbin arzularla yekunlaşdı.
Qalib BƏYMƏMMƏDOĞLU















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi