Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəhmətkeş, bacarıqlı təhsil işçisi, yubiley yaşınız mübarək!


        2000-ci ilin aprelindən Xocalı RTŞ-nin aparıcı mütəxəssisi vəzifəsində işləyən Solmaz Eminovanın 26 sentyabr 2019-cu il tarixdə 50 yaşı tamam olur. Bu münasibətlə Xocalı RTŞ-nin  kollektivi və rayonun  təhsil  işçiləri Solmaz xanımı ürəkdən təbrik  edir, ona  möhkəm cansağlığı,  işlərində uğurlar arzulayır. Xocalı RTŞ-də işlədiyi 20 il ərzində Solmaz Eminova məsuliyyətli  işçi  kimi daim  üzərinə  düşən  işlərin öhdəsindən layiqincə gəlir, verilən tapşırıqları vaxtında  icra edir. Onun ən  böyük  arzusu  torpaqlarımızın işğaldan azad olunması və fəaliyyətini Xocalıda  davam etdirməkdir. Allahın belə bir günü nəsib etməsini arzu edirik.

     Xocalı RTŞ-nin kollektivi və rayonun təhsil işçiləri.
Paylaşın:

Xocalının “brilliant oğlan”ı Avropa çempionu oldu

        Bir neçə ay əvvəl "Xocalının 8 yaşlı dünya çempionu" adlı məqalə qəzetimizdə işıq üzü görmüşdü. Məqalədə ümidli gələcəyimizdən xəbər verən, kiçik yaşlarından böyük nailiyyətlər əldə edən səkkiz yaşlı idmançı Abbas Abbaslının uğurlarından yazmışdım. Abbasın atası Nəriman Abbasov redaksiyamızla əlaqə saxlayaraq oğlunun yarışlardakı uğurlarından bizə xəbər vermişdi.
  Nəriman Abbasov oğlunun qələbə xəbəri ilə bizi bir daha sevindirdi. Xocalının ümidli gələcəyi Abbas, Türkiyədə təşkil olunan yarışdan Vətənə parlaq qələbə ilə qayıdıb. Atası telefon danışığında bildirdi ki, təmsilçimiz 05-08 sentyabrda İstanbuldakı Bayrampaşa İdman Kompleksində keçirilən karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Xatırladıram ki, Abbaslı Abbas Nəriman oğlu 12 dekabr 2011-ci ildə Bakıda doğulub. Onun atası Nəriman Abbasov Xocalı rayon Cəmilli kənd sakinidir. Abbas 2 ilə yaxındır ki, karatenin kyokusinkay, jiyutaido və kyokişin növü üzrə məşğul olur. 2019-cu ildə 2 dəfə çempion olub. 14 fevralda İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. 04 may tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub. 
Nəriman Abbasovun ən böyük arzusu Xocalıya qayıtmaq və oğlunun yarışlarda düşmən idmançısı üzərində qələbəsini görməkdir. 
Qalib BƏYMƏMMƏDOĞLU,
"Xocalının səsi" qəzetinin redaktoru












Paylaşın:

"Ölümə doğru üç addım, yaxud 20 gün erməni əsirliyində" sənədli filminin təqdimatı oldu

       Sentaybrın 21-də xocalıların kompakt şəkildə müvəqqəti məskunklaşdıqları Goranboy  rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət gəstərən Xocalı rayon Mədəniyyət evində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlmiş Xocalı rayonunun vətənpərvər ziyalısı, 20 gün  erməni əsirliyində amansız işgəncələr görmüş Əliyev Arif Ədil oğlunun həyat və fəaliyyətindən, əsirlik həyatından bəhs edən filmin nümayişi oldu.

         Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan sənədli filmin təqdimat mərasimində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov, Flora Qasımova, filmin qəhrəmanı və ictimaiyyət nümayəndələri iştirak etdilər. 

         Sənədli filmin layihə rəhbəri “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Xatirə Vəliyeva, ssenari müəllifi və rejissoru İlham Cəmiloğludur.

         Məlumat verilib ki, Arif  Əliyev 12 mart 1942-ci ildə DQMV-nin Kosalar kənd sovetliyinə tabe olan Qaragav kəndində dünyaya göz açmışdır. 

        Əvvəlcə doğma Kosalar kənd  məktəbində  təhsil alan Arif  1959-cu  ildə  Şuşa  şəhər  4 nömrəli  orta  məktəbi, 1961-ci ildə Şuşa şəhər  pedaqoji texnikumunu  bitirərək  üç il ərzində  Xocavənd  rayonu Aşan  kəndində, Xocalı rayonu Daşbulaq və  Kosalar  kənd  məktəblərində  müəllim  işləmişdir.

        İstək və həvəsi gənc, istedadlı Arifin yolunu Bakı şəhərinə saldı. O, 1963-1969-cu  illərdə  Bakı  Dövlət  Universitetinin  qiyabi  şöbəsində  təhsil  alaraq  dilçi-filoloq ixtisasına  yiyələndi. Arif Əliyev BDU-də Bəxtiyar Vahabzadə, Mir-Cəlal  Paşayev, Ağamusa Axundov  kimi  elm fədailərindən dərs almışdır.

        Təşkilatçılıq  qabiliyyəti  nəzərə  alınan Arif müəllim dövlət  qurumlarında  müxtəlif  vəzifələrdə  işləmişdir. O, 1964-cü  ildən  1972-ci  ilədək  Dağlıq  Qarabağ Muxtar Vilayəti  Zəhmətkeş  Deputatlar  Soveti  İcraiyyə  Komitəsinin  təşkilat  şöbəsində  təlimatçı  vəzifəsində  işləmişdir.  Bu  illərdə  Arif  müəllim  həm  də  Xankəndi Pedaqoji İnstitutunda  müəllimlik  etmişdir.  Erməni  millətçilərinin  əhatəsində  işləyən  Arif müəllim  Xankəndi  şəhərində  “Qönçələr” adlı  ədəbi  dərnək  yaratmış,  poeziyaya, yaradıcılığa  meyli  olan  xeyli  istedadlı  azərbaycanlı  gənci  bu  dərnəkdə  toplamış,  onların üzə  çıxarılmasında, istedadlarının  inkişaf  etdirilməsində  və  tanınmasında  böyük  rol  oynamışdır. Arif  müəllimin öz şeirləri  müntəzəm  olaraq “Azərbaycan”, “Ulduz”, “Ədəbi  Azərbaycan”  jurnallarında,  almanaxlarda, respublika qəzetlərində  və  “Dünyamız,  az  göyərin”  kitabında  nəşr  olunmuşdur.

        Arif  müəllim 1972-1974-cü  illərdə doğma Kosalar kəndində  Ü.Hacıbəyov  adına  kolxozun  idarə  heyətinin  sədri  seçilmişdir.  O, 1974-cü  ildən  yenidən  Xankəndi  şəhərinə  qayıdaraq  1974-1977-ci illərdə Dağlıq  Qarabağ  Muxtar Vilayəti  Zəhmətkeş  Deputatlar  Soveti  İcraiyyə  Komitəsinin  təşkilat  şöbəsinin  təlimatçısı, 1977-1980-ci  illərdə  Dağlıq  Qarabağ  Muxtar Vilayəti Partiya  Komitəsinin  təbliğat-təşviqat  şöbəsinin  təlimatçısı vəzifələrində  işləmişdir.

        Daim  erməni  millətçilərinin  əhatəsində  gərgin  vəziyyətdə  işləyən Arif  müəllimin  bundan sonrakı  işi  daha  ağır, daha  çətin  oldu.  Belə  ki, o, 1980-ci  ilin martından  Azərbaycan Kommunist Partiyası Ağdərə  rayon Komitəsinin ikinci katibi seçilmişdir. 1981-1985-ci  illərdə  Arif  müəllim  Bakı Ali Partiya  Məktəbində  təhsil  alaraq  partiya  siyasi  işi  ixtisasına  yiyələnmişdir. Ümumiyyətlə,  bu  insan  daim yenilikləri  öyrənməyə  meyl  etmişdir. 1965, 1970, 1975, 1980, 1986-cı  illərdə  Bakı Ali Partiya  Məktəbinin kurslarında, 1977-1979-cu illərdə Moskva  şəhərində keçirilən Sovet İttifaqı Kommunist  Partiyası Mərkəzi Komitəsinin seminarlarında  iştirak  etmişdir.

        Arif müəllim Ağdərə rayonunda  işləyərkən vəzifədə olan erməni millətçilərinin  daim  azərbaycanlılara  qarşı ögey münasibətlərini  görmüş,  bu  şovinistlərə  qarşı  mübarizə  aparmış,  azərbaycanlı  əhaliyə  arxa-dayaq  olmuşdur. Məlum olduğu kimi erməni  millətçiləri 1988-ci ildən başlayaraq  açıq  şəkildə  separatçılığa başladılar. Belə  ağır, çətin  şəraitdə  Arif müəllim 1991-ci  ilin  sentyabrına qədər bu vəzifədə  işləmişdir. Erməni terrorçuları hətta onu 10.09.1990-cı il tarixdə  girov  götürmüş, aparılan danışıqlar  nəticəsində  iyirmi gündən sonra girovluqdan azad  etmişlər. Bu  rayondakı zərbaycanlıların vəziyyətini dərk  edən Arif müəllim yenə  də bu  rayonda  qalmış,  əvvəlcə Ağdərə rayonu  Sırxavənd  Ərazi Partiya Komitəsinin birinci katibi, sonra isə  01.08.1992-ci ilə qədər Sırxavənd Ərazi  İcraiyyə Komitəsinin və Müdafiə Şurasının sədri  vəzifələrində işləmişdir. Arif Əliyev Qarabağ müharibəsi veteranıdır.

        Bu illərdə öz müstəqilliyini  yenicə qazanmış Azərbaycana təcrübəli kadrlar hava,  su  kimi  lazım  idi. Bu dövrdə Arif müəllimin də potensialından  istifadə  olundu. Belə  ki, Arif  müəllim 01.08.1992-ci il tarixdən 10.02.1993-cü il tarixədək Azərbaycan Respublikası  Prezidentinin  Fövqəladə  Səlahiyyətli  Nümayəndəliyinin aparatında  Milli  Münasibətlər  Şöbəsinin  müdiri  vəzifəsində, 1993-1999-cu  illərdə Xocalı rayon Kənd Təsərrüfatı  və  Ərzaq  İdarəsinin  rəis  müavini  vəzifəsində, 1999-cu ildən Xocalı  rayon İcra  Hakimiyyətində İctimai  təşkilatlar  və  siyasi  partiyalarla  iş  şöbəsində  böyük məsləhətçi,  2000-ci ildən isə həmin şöbənin müdiri vəzifəsində işləmiş, 2009-cu ildən təqaüdə  çıxmışdır.

        Arif müəllimin çəkdiyi zəhmət  hədər  getməmiş, 1982-ci ildə “Şərəf  nişanı” ordeni,  2008-ci ildə isə üçüncü dərəcəli  “Vətənə Xidmətə  görə” ordeni ilə təltif olunmuşdur.

        "Daş yağışı və sonra" adlı poemasında Arif Əliyev 20 günlük əsirlik həyatında çəkdiyi məşəqqətləri qələmə alıb.  

Yazı işlənir...................

















     
Paylaşın:

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü UTECA-da "Beynəlxalq Sülh Günü" ilə bağlı keçirilmiş tədbirdə iştirak etdi

       Sentyabrın 20-də Azərbaycan Texnologiya Universitetində "Beynəlxalq Sülh Günü" ilə bağlı dəyirmi masa ətrafında tədbir keçirildi. Tədbirdə Universitetin rektoru Akif Süleymanov, pedaqoji kollektiv və tələbələr iştirak etdilər. 

        Əvvəlcə Respublikamızın Dövlət Himni səsləndirdi.


        Sonra torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 


       Tədbiri giriş sözü ilə açan Akif Süleymanov “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.


        Akif Süleymanov torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülhün xüsusi əhəmiyyət kəsb etdiyini dedi. 

       
       Dəyirmi masa ətrafında çıxış edən natiqlər “Beynəlxalq Sülh Günü” ilə bağlı öz fikirlərini bölüşdülər. 

        "Xocalının səsi" qəzetinin redaktoru, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Texnologiya Universitetinin Kommersiya ixtisası üzrə qiyabi təhsil alan tələbəsi Qalib Quliyev tədbirdə "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneələr" adlı mövzu ətrafında çıxış edərək Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, təcavüzkar siyasətindən danışdı. Bildirdi ki, BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsinə məhəl qoymayan Ermənistan qeyri-konstruktiv mövqe göstərərək ATƏT-in Minsk qrupunun Lissabon prinsiplərinə əsaslanan təkliflərlə də razılaşmadı. 


        Dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.


        Üç il əvvəl Aprel döyüşlərində keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir. Bununla belə Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllini gözləyir.


       Ümid edirik ki, danışıqlar məsələnin həllinə gətirəcək. Məsələnin həlli isə çox sadədir - erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdır. Bundan sonra sülh və təhlükəsizlik təmin oluna bilər.


         Tədbirdə sülhün əhəmiyyətini və həqiqi mənasını əks etdirən videoçarx nümayiş olundu.










Paylaşın:

“Avropa irs günləri” ilə əlaqədar Xocalı məktəbliləri üçün ekskursiyalar təşkil edildi

        “Avropa irs günləri” ilə əlaqədar Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdlərinin Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə və Gəncə şəhərinin tarixi abidələrinə, muzeylərinə ekskursiyası təşkil edildi.

        Muzeyin direktoru Tofiq Məmmədov və ekskursiyaçısı Xatirə İsmayılova şagirdlərə Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin yaranma tarixindən və muzeydəki nadir eksponatlar haqqında məlumat verdilər. Bildirildi ki, Xocalı rayon Kosalar kənd nümayəndəliyinin  Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılmışdır.

        1992-ci ildə may ayının  9-da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponatlar işğal zonasında qalmışdır.  Kənd işğal olunmamışdan qabaq muzeydə 800 adda 1500 ədəd qiymətli eksponatlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
        Daha sonra şagirdlərin Gəncə şəhərinin tarixi abidələri ilə tanışlığı məqsədilə ekskursiya davam etdirildi. 
        Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.




Paylaşın:

Şahmar Usubov Oğuz rayonunun "Azərbaycan 60" qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi

           Senyabrın 18-də Xocalı Rayon İcra Hakimiyyətinin Başçısının növbəti səyyar qəbulu Oğuz rayonunun "Azərbaycan 60" qəsəbəsində məskunlaşmış əsasən Xocalı rayon Kosalar kəndindən olan sakinlərlə oldu. Səyyar qəbul - görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, rayonunun idarə, müəssisə rəhbərləri və sakinlər iştirak etdilər. 

           Səyyar qəbul - görüşü giriş sözü ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov açaraq qəsəbədə məskunlaşmış kənd sakinlərini salamladı, ən səmimi ürək sözlərini çatdırdı. Qeyd etdi ki, hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri dinləmək, həlli istiqamətində tapşırıqlar verməkdir.   

        Xocalı rayon Qaragav kənd tam orta məktəbinin direktoru Aydın Əliyev qəsəbə sakinlərini narahat edən ümumi məsələlər haqqında məlumat verdi. Bildirdi ki, sakinlərin əsas müraiciətləri heyvandarlıqla məşğul olmaları üçün otlaq sahəsinin ayrılması və məcburi köçkünlər üçün salınması nəzərdə tutulan qəsəbənin hal-hazırda məskunlaşdıqları qəsəbəyə yaxın ərazidə inşa edilməsinə köməklik göstərilməsidir. 

        Qəbulda sakinləri narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov tərəfindən cavablandırıldı, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı.

        Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov çıxışında ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların geniş icmalını verdi, regionlara göstərilən diqqət və qayğını nəzərə çatdırdı.

        Xocalıların əzminə, həmrəyliyinə, daim dövlətçiliyə sədaqət göstərmələrinə olan dərin ehtiramını bildirən Prezident Administrasiyasının rəsmisi sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını dedi.  

        Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi.

         Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını etdilər.
















Paylaşın:

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov “Bilik günü” tədbirində iştirak etdi

        Xocalı rayonunun orta təhsil müəssisələrində “Bilik günü” münasibətilə tədbirlər keçirildi.

         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınımış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba və Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin birlikdə keçirdikləri "Bilik günü" tədbirində iştirak etdi.

        Tədbir Dövlət Himnimizin oxunması ilə başlandı .

        Sonra məktəb direktorları çıxışlarında rəhbərlik etdiyi təhsil ocaqlarının ötən tədris ilində əldə etdiyi nailiyyətlərdən danışdılar. Şagirdlərin buraxılış və ali məktəbə qəbul imtahanlarında göstərdikləri nəticələr haqqında məlumat verdilər. Çıxışlarda qeyd olundu ki, qəsəbədə fəaliyyət göstərən bu 3 məktəb arasında elmi cəhətdən rəqabət vardır. Bu da təhsilin inkişafına müsbət təsir göstərir.

        Sonra sevinc hislərini bölüşmək üçün söz valideynlərə verildi.

        Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 1595 nəfər şagirdin təhsili ilə 288 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayonu üzrə 125 nəfər XI sinif məzunundan 99 nəfəri ali və orta ixtisas məktəblərinə  sənəd vermişlər, onlardan 54 nəfər ali, 20 nəfər isə orta ixtisas məktəbləriə  qəbul olmuşlar.

         Rayonumuzun icra başçısı Şahmar Usubov bildirdi ki, 15 sentyabr Bilik gününün Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad etdikləri şərəfli gün ilə eyni günə düşdüyü üçün iki əlamətdar hadisəni eyni gündə qeyd edirik. 101 il öncə bu gün - sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxta çevirilməsində misilsiz tarixi rol oynadı. 

         Şahmar Usubov dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açaraq bildirdi ki, ölkəmizdə təhsilin inkişafı sahəsində uğurlu layihələr, bir sıra dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur.

        Məcburi köçkünlər üçün yaradılan şəraitdən danışan rayonumuzun icra başçısı, xocalılar üçün salınmış qəsəbələrdə bütün zəruri infrastrukturun yaradıldığını qeyd etdi. Gəncə şəhəri ərazisində salınımış qəsəbədə tikilmiş məktəb binasının öz gözəlliyi ilə seçildiyini vurğuladı. Yaradılmış şəraitin qarşılığında pedaqoji kollektivin məsuliyyətlə işlərinə yanaşmalı olduğunu dedi. 

        “Bilik günü” tədbirində şagirdlər şeirlər səsləndirdilər. 

        Sonda ilk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular. 

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qəsəbədə fəaliyyət göstərən məktəblərin şəraiti ilə maraqlandı. Məktəblərin dəhlizinə vurulmuş stendlərə, guşələrə baxış keçirdi. Birincilərin sinif otaqlarına daxil olan rayon icra hakimiyyətinin başçısı, körpə fidanları təbrik edərək onlara məktəb həyatında uğurlar arzuladı. 











 


Paylaşın:

Ən çox oxunan

Blog Arşivi