Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“Avropa irs günləri” ilə əlaqədar Xocalı məktəbliləri üçün ekskursiyalar təşkil edildi

        “Avropa irs günləri” ilə əlaqədar Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdlərinin Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə və Gəncə şəhərinin tarixi abidələrinə, muzeylərinə ekskursiyası təşkil edildi.

        Muzeyin direktoru Tofiq Məmmədov və ekskursiyaçısı Xatirə İsmayılova şagirdlərə Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin yaranma tarixindən və muzeydəki nadir eksponatlar haqqında məlumat verdilər. Bildirildi ki, Xocalı rayon Kosalar kənd nümayəndəliyinin  Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılmışdır.

        1992-ci ildə may ayının  9-da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponatlar işğal zonasında qalmışdır.  Kənd işğal olunmamışdan qabaq muzeydə 800 adda 1500 ədəd qiymətli eksponatlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
        Daha sonra şagirdlərin Gəncə şəhərinin tarixi abidələri ilə tanışlığı məqsədilə ekskursiya davam etdirildi. 
        Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi