BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

14 Eylül 2019 Cumartesi

Xocalı soyqırımında həyat yoldaşı, 6 yaşlı qızı, qohum-əqrabaları şəhid olmuş gözüyaşlı qadın

Posted at  9/14/2019  |  in  Xocalı soyqırımı

        Zeynalova Tovuz Feyzulla qızı 5 fevral 1961-ci il tarixdə  Xocalıda doğulub. 1980-ci ildə ailə həyatı qurub. Yoldaşı Tofiq Xocalıda mağaza müdiri işləyib. Xocalının müdafiəsində iştirak edib. Qaladərəsində yaşayan ailə zəhmətlə dördotaqlı ev tikiblər. Xocalı soyqırımı Tovuz xanımın da qəlbinə çapraz yaralar çəkib. Mənfur düşmənlər onun 6 yaşlı qızını amansızca qətlə yetiriblər. Yoldaşı və yaxın qohumları şəhid olub. Tovuz xanımın barmaqları düşmən gülləsindən qırılıb. O, qızının və yoldaşının şəklini böyütmək istəmir. Çünki ağır iztirablar çəkən Xocalı qadını əzizlərinin şəklinə baxdıqca, o müdhiş gecə gözlərinin qarşısına gəlir. Başına gətirilən müsibətlər gözlərinin önünə gəldikcə həmin iztirabları yenidən yaşamış olur. Bu dərdin acısını dəhşəti görmüş xocalılar yaxşı duyur. 

         - Fevralın 25-i axşamı xəbər verdilər ki, qaynım Eldarı girov aparıblar. Biz məcburiyyət qarşısında Xocalını tərk etdik. Yoldaşım mənə Xocalı qəbiristanlığının yanında dedi ki, sən camaatla get, mən qayıdım görüm qardaşlarım necə oldular. Mən uşaqları götürüb qaynanam gillə gəldim. Bir az gəldikdən sonra qaraj tikilən yerdə dayanıb gözlədik ki, atışma səngisin. Qızımın 6 yaşı, oğlumun 11 yaşı var idi. Qızımı belimə bağlamışdım, oğlumun isə əlindən tutmuşdum. Xeyli yoldaşımı gözləsəm də, o  gəlmədi. Qarqarçayı ayaqyalın keçib Qaraqaya istiqamətində getdik. Donmuş qar ayaqlarımızı kəsirdi. Qaraqayada Aqil Quliyevə güllə dəydi. Milli Qəhrəman Füzuli Rüstəmov bizi bir dərəyə yığıb, gedib qabağı yoxlayıb gəlirdi. Belə-belə bizi qabağa aparırdı. Sıldırım yerlərdən dərəyə düşür, yenidən qaratikan kollarından tutub yuxarı qalxırdıq. Səhər açılanda elə bil camaatın üstünə qara səhər gəldi. BTR-lə camaatı gülləbaran etdilər. Hər tərəfdən camaata atəş açdılar. Camaat pərən-pərən olmuşdu. Bir balaca daşın arxasından bəlkə 10 dənə giliz çıxırdı. Orada qızıma güllə dəydi. Qızım, ay ana deyib yana əyildi. Əlimi geri atanda qızıma
dəyən güllə ondan keçib əlimi parçalayıb çıxmışdı. Qızımın sinəsi qırıq-qırıq idi. Mən uşağın öldüyünü duya bilməmişdim. Bir əsgər uşağın öldüyünü bilirdi. O, uşağı əlimdən alıb yerə qoydu. Sonra məni dartıb sürüdü. Dedi ki, gəl yaralısan, erməni gəlib səni aparacaq. Mən durmaq istəmirdim. Avtomatın qundağı ilə belimə vurub yerdən qaldırmağa çalışdı. O mənə onsuz da qızın ölübdür dedi. Məni xeyli yerdə sürüyüb oradan çıxardı. Bəlkə də, hər müsibət yadımdan çıxar, ancaq qızımın meşədə, ana, ayaqlarım üşüyür deməyi yadımdan çıxmaz. 
        Ermənilər yaxın qohumumuz Çiçəyi də kürəyindən vurmuşdular. O, sudan çıxmış balıq kimi yerdə çırpınırdı. Yoldaşı da şəhid olmuşdu. Qoca əmim və bibim  düşmən gülləsinə tuş gəldilər.  Xocalı soyqırımında 2 qaynım, 2 baldızımın yoldaşı, 2 bibim, bibimin 7 yaşlı oğlu, dayımın yoldaşı, dayımın oğlu və başqa yaxın qohumlarım da şəhid oldular. Qayınanam, baldızım yaralanmışdı. Yoldaşımdan heç bir xəbər ala bilmədik. 13 nəfər azərbaycanlı əsirlə birlikdə aparıldığını deyirlər.
        Çətinliklə biz Ağdama çata bildik. Məni Bakıya xəstəxanaya aparmaq istəyirdilər. Ancaq mən  getmək istəmirdim. Çünki qızımın meyiti gətirilib basdırılmamışdı. Ağdam xəstəxanasını ermənilər qrad atəşinə tutmuşdular. Sonra bizi Ağdamda vaqonlarda müalicə etdilər. Mənim əlim getdikcə pisləşirdi. Şiş qoluma yayılmışdı. Qolumu kəsmək istəyirdilər. Bir müddətdən sonra məni Bakıya apardılar. Həkimlər güllənin əlimin yanından necə keçdiyinə inana bilmirdilər.  
         Hər an o müsibətli günlər gözlərimin qarşısına gəlir. Elə bil divarlar üstümə gəlir. Əzizlərimin şəklinə baxdıqca Xocalı soyqırımı bu gün baş vermiş kimi yasa batıram. Ona görə də  şəhidlərimin şəklini böyüdüb divara asmağa mənəvi gücüm çatmır. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil.
Qalib BƏYMƏMMƏDOĞLU

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top