Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Abbasın zəfərləri Azərbaycan idmanının uğurlu gələcəyindən xəbər verir

        "Xocalının səsi" qəzetində "Xocalının 8 yaşlı dünya çempionu", "Xocalının "brilliant oğlan"ı Avropa çempionu oldu" adlı yazılarımız işıq üzü görmüşdür. Həmin yazıların qəhrəmanı Xocalının fəxri Abbaslı Abbas Nəriman oğludur. Abbasla bağlı hər yazı hazırlayanda, onunla qürur hissi keçirirəm. Rayon icimaiyyəti 8 yaşlı idmançımızı yaxşı tanımalıdır. Kiçik yaşlarından parlaq qələbələr əldə edən idmançımız inanıram ki, gələcəkdə adını idman tarixinə qızıl həriflərlə yazılacaq. 
        Abbas 12 dekabr 2011-ci ildə Bakıda doğulub. Onun atası Nəriman Abbasov Xocalı rayon Cəmilli kəndindən məcburi köçkündür. Abbas 2 ilə yaxındır ki, karatenin kyokusinkay, jiyutaido və kyokişin növü üzrə məşğul olur.
           Abbas demək olar ki, hər ay bizi çempion kimi qələbələri ilə sevindirir. O, idman nailiyyətlərinə okyabr ayında növbəti qızıl medal əlavə edib. Yeniyetmə karateçi 26-27 oktyabr tarixlərdə Kyokuşinkay karate üzrə yeniyetmələr, gənclər, kişilər və qadınlar arası XXVI Respublika çempionatında 26 kq çəkidə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yarışda Abbasın uğurlarında böyük payı olan müəllimi Faiq Xosroflu da birinci yerə layiq görülüb. Faiq müəllim gənc və peşəkar idmançı, təcrübəli məşqçidir. Onun Abbas kimi böyük titullu çoxlu şagirdləri var.    
         8 yaşlı Abbasın cari ildəki uğurları ilə bir daha tanış olaq:  
14 fevralda İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında birincilik əldə edib. 04 may tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub. 05-08 sentyabrda İstanbuldakı Bayrampaşa İdman Kompleksində keçirilən karate kyokusinkay üzrə Avropa çempionatında qızıl medal qazanıb. 26-27 oktyabr tarixlərdə Kyokuşinkay karate üzrə yeniyetmələr, gənclər, kişilər və qadınlar arası XXVI Respublika çempionatında Abbas Abbaslı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qalib BƏYMƏMMƏDOĞLU




Paylaşın:

Xocalı soyqırımında 366-cı alayın rolu

        Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
        Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi  əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
        Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cina-yətkarlarıdır.
        Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə və-ziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
        Bu faciədə həmçinin, Azərbaycanın ovaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlüksizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda, o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bildirməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.
Paylaşın:

Xocalı soyqırımının şahidi: “Xocalı qətliamında anam, dörd qardaşım, iki qardaşımın yoldaşı, qardaşımın uşağı, nəvəsi itkin düşüb”

        Qanlı soyqırımını öz yaddaşında yaşadanların danışması, onların dedikləri əsasında tarixi faktların ictimaiyyətə çatdırılması vacibdir. Bu baxımdan Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesində dəyərli əyani vəsait olan “Xocalının səsi” qəzeti şəhid ailələləri, əsirlikdə olmuş soydaşlarımızla görüşləri davam etdirir. Budəfəki müsahibim Xocalı soyqırımı şahidi, erməni əsirliyində olmuş Arif Əhmədovdur. Əhmədov Arif Naib oğlu 28 aprel 1958-ci ildə Xocalıda anadan olub. 1981-ci ilin sentyabrın 25-də ailə həyatı qurub. 1988-ci ilin sentyabrın 18-nə kimi Xankəndində sənaye-tikinti kombinatında qaynaqçı işləyib. Xankəndində münaqişələr kəskin hal aldıqdan sonra əmək fəaliyyətini Ağdamda tikinti idarəsində qaynaqçı kimi davam etdirib. Xocalıda avtobaza açılandan faciə baş verən günə qədər doğma şəhərdə əməklə məşğul olub. Eyni zamanda Xocalının müdafiəsində dayanıb. Artilleriya qurğularının quraşdırılması və təmiri işlərini yerinə yetirib. Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsirlikdə olub. Hal-hazırda Goranboy rayonu Yeni yaşayış massivində məskunlaşan Arif kişi Dövlətqaçqınkomun Goranboy rayonu üzrə Mənzil-Kommunal İstismar sahəsində bağban işləyir. Müharibə veteranı, II qrup Qarabağ əlilidir. Müsahibim müsibətli fevral axşamını və əsirlikdə gördüyü hadisələrdən danışdı.
        - Fevral ayının 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı alayın köməyi ilə evləri yandıra – yandıra Xocalıya daxil oldular. Mən avtobazanın qarajının yanında postda dayanmışdım. Düşmənin zirehli texnikası qarşısında dayanmaq mümkün deyildi. Hamı pərən-pərən olmuşdu. Mən evdəkilərə kömək etmək üçün evə yaxınlaşdım. Evdə heç kəsin olmadığını görüb atam gilin evlərinə gəldim. Ancaq onların evində də heç kəsi tapa bilmədim. Atəş olarkən hava işıqlanırdı. Yaxınlıqda ermənilərin səsi gəlirdi. Arxın içi ilə yeridim ki, məni görməsinlər. Ancaq məni gördülər. Arxamca atsalar da, mənə güllə dəymədi. Arx kəndin orta-sında məhəllələrə bölünürdü. Afət, Rza, Kərim kişi, maqazinçi Tahir və digərləri ilə məşvərət etdik ki, gedək yaxınlarımızı tapaq. Hərə bir tərəfə üz tutdu. Mən isə qayınatam gil tərəfə getdim. Yanan güllələr atırdılar. Yolu keçmək qeyri-mümkün idi. Yanımda başqa qoca qadın, uşaqlar da var idi. Ara bir az səngiyəndə yolu keçdim. Qayınatam gilin qapısı açıq idi. Fikirləşdim ki, qayınanamın bacısı oğlu Zöhrabın evinin badvalına yığışmış olarlar. Ancaq orada da heç kəs yox idi. Bir az yuxarı gedəndə gördüm ki, bacanağım Füzulini yaralı gətirirlər. Yoldaşımın xalasının yoldaşı İbrahim kişi avtomatla atırdı. İbrahim kişidən ailəmi, qohumlarımı soruşanda Çınqılın ayağına tərəf getdiklərini dedi. Mənimlə bir neçə nəfər həmin istiqamətdə getdik. Dəyirmana yaxın yerdə 20 nəfərə yaxın adam avtobazada mühəndis işləyən Məhəddinin ətrafına yığılmışdı. O, boynundan yaralanmışdı. Ordakılardan ailə üzvlərimi soruşanda, Niftalının evinin badvalındadır dedilər. Niftalının evinin qarşısında bacanağım Füzuli qapının qarşısında yaralı oturmuşdu. Füzuli gicgahının yanından yaralanmışdı. O, mənə dedi ki, hamı buradadır. Mən ailə üzvlərimi orada tapdım.
        Tez bir zamanda Xocalıdan çıxmaq lazım idi. Məşvərət olundu ki, çıxmasaq, hamı burada qırılacaq. Biz Qarqarçayı keçərək Kətik istiqamətində hərəkət etdik. Hava qar-çovğun idi.
        Biz Kətiyə qalxarkən Canış kişinin arvadı, qızı, Məşti müəllimin arvadı Havva xanım və  digər insanlar aşağıda qaldı. Onların yeriməyə taqətləri yox idi. Xankəndinə gedən cığırdan BMP, BTR-lər gəldi. Bizi atəşə tutdular. Meşədə hərə bir tərəfə yayıldı. Təxminən 180-200 nəfər qalmışdı. Ramizin yoldaşı Şərqiyyə arvad Xocalıya tərəf dönərək ay mənim Xocalım deyib ürəyi partladı. Gedə bilməyənlər kömək gəlib onları aparacaq fikri ilə orada qaldı, taqəti olanlar isə yola davam etdilər. Biz Gendərəyə qayıtdıq. Daha sonra yenidən Kətik dağına qalxaraq Dəhraz istiqamətində irəlilədik. Səhər açılanda kəndin kənarındakı transformatordan 150-200 m aralıdan keçmək istəyərkən ermənilər bizi görüb atəş etdilər. Bir neçə nəfər təhlükəli yeri keçə bilmişdi. Onların arasında Məmməd həkim də var idi. Atılan güllələrdən biri mənim böyük oğlumun kurtkasından keçib poçtda işləyən Brilliantın qardaşı Rövşənin dizinə dəydi. Brilliant var gücü ilə ay Məmməd həkim, Rövşən öldü deyib qışqırdı. Ölümü gözə alan Məmməd həkim sürünə-sürünə geriyə qayıtdı. O, Rövşənin yarasına ilkin tibbi yardım göstərdi. Ermənilər bizi Azərbaycan dilində çağırırdı. Zəhra arvad qabaqda gedərək camaatı səsləyirdi. Ermənilər silos quyusunun üstündən dayanmadan atırdı. Zəhra arvadı, tükançı Astanın oğlunu, Kərəmin oğlu Mehdini və başqalarını vurdular. Ağdam tərəfdən Dəhraza tərəf güclü atəş edirdi. Atışmanın şiddəti artanda ermənilər bizə silahları atmağımızı və təslim olmağımızı əsr düşənlərimiz tərəfindən megafon vasitəsilə çatdırdılar. Səs meşə ilə yayılırdı. Əks təqdirdə bizdən qırılan çox olacaqdı. Bir qədər sonra atışma dayandı. Orada bizi əsir götürdülər. Aparıb Dəhrazdakı ictimai binaya yığdılar. Əsirlərə amansız işgəncələr verməyə başladılar. Sonra içimizdən 13 nəfəri seçib apardılar. Onların öldürülməsi xəbəri verilsə də, Sumqayıtda yaşamış Qriqoryan adlı erməni həmin əsirlərin Xankəndinə aparıldıqlarını dedi. Qriqoryan ona azərbaycanlıların yaxşı olduğunu deyirdi. O, bizə çörək qırığı, buğda, su gətirirdi. Məmməd həkimdən yaralı ermənilərə kömək etməsini istəyirdilər. Ona deyirdilər ki, əgər bizim yaralımız ölsə, əsirlərdən bir neçə nəfəri güllələyəcəyik. Hippokrat andını yerinə yetirən həkim əvəzində spirt, tənzif gətirib yaralı əsirlərin yaralarını sarıyırdı. Məmməd həkimin əli dondan tutmurdu, dişləri ilə baldızım Gülxarın ayaqlarının dərisini soydu. Əsirlərin arasından 35 nəfəri seçib apararkən Məmməd həkimi də aparmaq istəyirdilər. Matan xala dedi ki, üç oğlumu aparmısınız, heç olmasa bu həkimi mənə bağışlayın. Sonra qadınları, uşaqları bir tərəfə, kişiləri isə bir tərəfə yığdılar. Böyük oğlum mənim yanımda, kiçik oğlum və qızım isə anasının yanında idi. Faciədən üç gün əvvəl qardaşımın qırx mərasimi olmuşdu. Üzüm saqqallı idi. Məndən uşaqların anasını soruşanda meşədə öldüyünü dedim. Danışıqlarından bilmişdik ki, uşaqları olanları buraxacaqlar. Bizi erməni əsirləri ilə dəyişdilər. Yaralı Rövşəni ədyalda gətirdik. Ermənilər demişdi ki, ədyal yerə dəydikcə arxadan bir nəfər atılacaq. Klubda çalışan Kamil qışqıraraq ədyalın yerə dəyməsinə imkan vermədi. Bizi xəstəxanaya gətirdilər.
        Xocalı soyqırımında anam, dörd qardaşım, iki qardaşımın yoldaşı, qardaşımın uşağı, nəvəsi itkin düşüb. Qardaşımın oğlu Əbülfət aldığı yaradan  xəstəxanada dünyasını dəyişdi.                         
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru, 
“Azərbaycan Respublikası 
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
 İctimai Birliyinin İdarə Heyətinin üzvü
Paylaşın:

Xocalı toponiminə aid kosalar.com saytı

        Əziz oxucular! 
        Mənfur qonşularımız təkcə insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərdən başqa, qədim və qiymətli abidələrə qarşı da özünəməxsus “soyqırım” törətmiş, ən yaxşı halda isə onları erməniləşdirmişlər. Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv etdiblər. Eyni zamanda toponim adlarımızı dəyişdirirlər. Wikipediyada, Google Map-da və digər axtarış sistemlərində tarixi yurd yerlərimizin adı düşmənlərin qoyduğu adla qarşımıza çıxır. İnformasiya müharibəsinin getdiyi dövrdə ermənilər hər çirkin vasitədən istifadə edirlər. Onların planlı şəkildə gördüyü işlərdən biri də Azərbaycan toponimlərinə aid bəzi domen adlarını əvvəlcədən almalarıdır. Qarabağın, Naxçıvan Muxtar Respublikasının toponim adları ilə domen adlarını alan riyakar düşmənlərimiz həmin adda saytların açılmasına maneə olurlar. Buna görə bacardığımız qədər işğal olunmuş yerlərimizin toponim adlarına uyğun domen adlarını almalıyıq.
Bu baxımdan Xocalı rayonunun Kosalar kəndinə aid kosalar.com saytının fəaliyyətinə nəzər yetirməliyik. Saytın səhifələrində Xocalı rayonunun, Kosalar kəndinin tarixi, ziyalı şəxsləri, Milli Qəhrəmanlarımız haqqında yazılar, məcburi köçkünlərin bugünkü vəziyyəti işıqlandırılır. Saytın əhəmiyyətini düzgün qiymətləndirməliyik, onun fəaliyyət göstərməsi üçün dəstək olmalıyıq. 
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru, 
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” 
İctimai Birliyinin İdarə Heyətinin üzvü
Paylaşın:

2019-cu ilin III rübü ərzində Xocalı rayonunun sosial – iqtisadi vəziyyətinə dair iqtisadi icmal

Rayonun yaranma tarixi – 26.11.1991
Ərazisi -  0,94 min. kv. km.
Əhalisi -  29235 nəfər, o cümlədən azərbaycanlılar - 16306 nəfər
Digər əhali – 12929 nəfər
İşğal  günü -  26.02.1992
               2019-cu ilin III rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 2 təhlili məruzə 2 bülleten və 1 məcmuə hazırlanmışdır.
                                                  Kənd təsərrüfatı
            2019-cu ilin məhsulu üçün  2018-ci ilin payızında 2755.4 hektar taxıl səpilmişdir və bundan hər bir hektara 20 sentner olmaqla 63142 sentiner məhsul götürülmüşdür. Rayonda yazlıq olaraq 84 hektarda kartof əkilmiş, bundan 15120 sentiner kartof, 59 hektarda yazlıq müxtəlif növ tərəvəz sahəsindən isə 2626 sentiner müxtəlif növ tərəvəz məhsulu götürülmüşdür. Bu ilin payızında gələn ilin məhsulu üçün 35 hektar sahədə payızlıq şum çıxarılmışdır.
           Bitkiçiliklə yanaşı, rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı rübün sonuna 2507 baş, qoyun-keçinin baş sayı isə 5098 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı 1650 sen, süd istehsalı 9890 sen, yumurta istehsalı 48 min ədəd, yun 135 sentner, bal istehsalı isə 18325 kq bal məhsulu götürülmüşdur.
                                                  Demoqrafiq vəziyyət
           Rayonda rüb ərzində 9868.4 min manatlıq təmir-tikinti işləri aparılmişdır.
           2019-cu ilin III rübü  ərzində rayonumuzda 4252 təssərrüfat qeydə alınmış bu təssərrüfatlarda isə əhalinin sayı 29235 nəfər olmuşdur  bundan da 12929 nəfərini erməni və digər millətlər, 16306 nəfəri isə azərbaycanlılar  təşkil edir. Rüb ərzində 37 uşaq doğulmuş, 18 ölüm halı qeydə alınmışdır. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
            Rüb ərzində rayona  gələnlərin sayı 61 nəfər, gedənlərin  sayı 39  nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı, təhsil, səhiyyə,mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
                                Dünyamin ƏSƏDOV, 
Xocalı RSİ-nin rəisi
                               

Paylaşın:

Daim öz mənafeyini düşünən bir insan özünü necə Xocalıda əsirlikdəki soydaşlarımız kimi hiss edə bilər?

        19 oktyabrda Bakıda razılaşdırılmamış mitinq keçirməyə cəhd edərkən saxlanılan AXCP sədri Əli Kərimli sərbəst buraxılandan sonra guya ona verilən "işgəncə"lərdən danışarkən bildirir ki, o, polis əməkdaşlarına özünü Xocalıda əsirlikdəki insanlar kimi hiss etdiyini deyib. 
Bu sözləri xarici qrantlar hesabına dövlətimizə qənim kəsilən Əli Kərimli hansı üzlə danışa bilir. Çığır-bağır salmaqla ölkə daxilində müəyyən gərginlik yaratmaq istəyən, öz iradəsizliyini göstərən bu səriştəsiz iç üzünü, teatr tamaşası bacarığını nümayiş etdirir. Məhz Əli Kərimlinin məsul vəzifələrdə işlədiyi iqtidarın dövründə Xocalı soyqırımı törədildi. Cəsarətlə həyasızlığı qarışdıran bu xain Xocalı soyqırımının tanıdılması istiqamətində heç bir tədbir görmədi. Yaxud indiyədək hansı şəhid ailəsinin, məcburi köçkünün problemi ilə maraqlanıb? Sosial şəbəkələrdə ağzı söyüşlə açılan klaviatura qəhrəmanları, müxalifət trolları nə üçün Əli Kərimlinin cəmiyyətdə gördüyü faydalı işlərin təbliğatı ilə məşğul olmurlar? Cavab sadədir: Əli Kərimli cəmiyyət üçün heç bir faydalı iş görməyib. Bir dəfə olsun məcburi köçkünlərin problemləri ilə maraqlanmayıb. Xocalı soyqırımında faciələr görmüş insanların qayğısına qalmayıb. Daim öz mənafeyini düşünən bir insan özünü necə Xocalıda əsirlikdəki soydaşlarımız kimi hiss edə bilər? Oğlu fərari olan birinin Xocalının adını çəkməyə mənəvi haqqı çatmır. Vəzifəsini icra edən Azərbaycan polisini erməni quldurları ilə müqayisə edən bir “siyasətçi”yə xalq hörmət qoymaz. Onsuz da xalqımız bilir ki, Əli Kərimli hətta hakimiyyətdə olduğu vaxtlarda da ölkədə qarşıdurma yaratmağa cəhdlər edib, xaos, anarxiya yaradıb. 
Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

ADAU-nun professor-müəllim heyəti Xocalı məktəbində “Müstəqilliyin uzun yolu” mövzusunda növbəti “ustad dərsi” keçdi

        2018-ci ilin fevral ayından Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)  ilə Gəncə şəhəri Yeni qəsəbə-2-də fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin dostluq əlaqəsi yaranıb. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Xocalı rayon Kosalar kənd tam orta məktəbində şagirdlərlə görüşmüş, məktəbin və sinif otaqlarının şəraiti, əyani vəsaitləri, şagirdlərin digər qayğıları ilə maraqlanmış, məktəbin kimya-biologiya kabinəsinin təmirini, onun müvafiq avadanlıqlarla, o cümlədən kompyuter, proyektor, elektron lövhə, kitablar, dövlət rəmzləri, erməni təcavüzünün nəticələrini əks etdirən lövhə, dünyanın tanınmış bioloq və kimyaçı alimlərinin şəkillərini əks etdirən stendlər və s. ilə təminatını universitet öz üzərinə götürmüşdür. 26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, ADAU tərəfindən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub. 
         Bundan sonra universitetin müvafiq kafedralarının professor-müəllim heyəti mütəmadi olaraq Xocalı rayon Kosalar kənd tam orta məktəbində “ustad dərsi” keçir. 17 oktyabr tarixdə təşkil edilən növbəti “ustad dərsi”ndə ADAU-nun İctimai elmlər və multikultiralizm kafedrasının müdiri, professor Azad Bayramov, dosent Sevda Abdullayeva, dosent Sevda Qasımova və baş müəllim Azər Axundov “Milli Müstəqillik Günü” münasibətilə “Müstəqilliyin uzun yolu” mövzusunda şagirdlərin qarşısında çıxış etdilər. 
      Görüşdə şagirdlərə Xocalı soyqırımı haqqında yazılmış kitablar hədiyyə edildi. 
      Sonda məktəbin müəllim və şagird kollektivi ilə xatirə şəkilləri çəkdirildi. 
Qalib Quliyev,
Xocalı rayon Kosalar kənd tam orta məktəbinin 
informatika müəllimi











Paylaşın:

Yeniyetmə cüdoçumuz Respublika çempionatına vəsiqə qazanıb

         03-04 oktyabr 2019-cu il tarixlərdə Naftalan şəhərində Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə 2003-2005-ci il və 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə region birinciliyi keçirilib.Yarışda Naftalan, Xocalı, Yevlax şəhərləri, Ucar, Göyçay, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Laçın və Goranboy rayonlarından olan idmançılar iştirak edib.
        Xocalı rayon cüdoçusu Orxan Saleh Süleymanov region birinciliyində III yerə layiq görülüb. O,  yanvar ayında yeniyetmələrin Bakı şəhərində keçiriləcək Respublika çempionatında iştirak edəcək. 
        Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib. Qeyd edək ki, Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Mingəçevirdə davam etdiriləcək.




Paylaşın:

Prezident İlham Əliyev Xocalı rayon təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verdi

        Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. “Əməkdar müəllim” fəxri adı verilənlər sırasında Xocalı rayonunun təhsil işçisi Alışov Alış Musa oğlu da var.

        Alış Alışov 1950-ci ilin oktyabr ayının 15-də Laçın rayonun Fərraş kəndində dünyaya göz açmışdır. Üç yaşında olarkən valideynləri Xocalı rayon Meşəli kəndinə köçmüşdür.

        Vətənpərvər təhsil işçisi 1988-1992-ci illlərdə Meşəli kəndinin erməni terrorçularından müdafiə olunması üçün kənd özünümüdafiə batalyonunun təşklində, dinc əhalinin qorunmasında fəallıq göstərmişdir. Alış müəllim baş leytenant rütbəsi ilə özünümüdafiə batalyonu komandirinin müavini vəzifəsində döyüşmüş və yaralanmışdır. Müharibə veteranı, II qrup Qarabağ əlilidir.

        30 ildir ki, Alış Alışov Xocalı rayon Meşəli kənd tam orta məktəbinə rəhbərlik edir. 39 illik pedaqoji stajı var.

        Sadəliyi, yüksək idarəçilik qabiliyyəti ilə seçilən Alış müəllim rəhbərlik etdiyi məktəbin uğur qazanması üçün məsuliyyətlə çalışır. Məktəb direktorunun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və ölkə Prezidenti İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. Rəhbərlik etdiyi məktəbin uğurlarına görə Xocalı rayon Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir.

        Bu nailiyyət Xocalı rayon təhsilinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Xocalı rayon təhsil işçiləri Cənab Prezidentin müvafiq Sərəncamını sevinclə qarşılayırlar.
Paylaşın:

Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

        Xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd edildi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılmış Ulu öndərin abidəsi önünə tər çiçəklər düzdülər, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.
        
        Xocalı rayon prokuroru Kamran Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edildiyini dedi. Rayon prokuroru bildirdi ki, ölkəmizdə bu gün həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. 

        Xocalı rayon prokurorunun köməkçisi Tural Hüseynli məruzə ilə çıxışında prokurorluq orqanlarının yaranma tarixindən, sovet hakimiyyəti dövründə fəaliyyətindən, Ulu öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda prokurorluq orqanlarının formalaşması və inkişafına verdiyi töhfələrdən danışdı. Tural Hüseynli bildirdi ki, 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.

        Azərbaycan Xalq Cümhuriyyətinin  süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olunmuş. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulmuşdur. 

        Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, - deyən Ümummilli liderin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

        Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

        Rayon icra hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətdə uğurlar arzuladı. Qeyd etdi ki, bu gün Prezident İlham Əliyev də prokurorluq orqanları işçilərinin fəaliyyətini daim yüksək qiymətləndirir, bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Prokurorluq orqanlarının maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görülür.

        Digər çıxış edənlər də prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdilər.



















Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi