BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

1 Ekim 2019 Salı

Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

Posted at  10/01/2019  |  in  Əlamətdar günlər

        Xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd edildi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılmış Ulu öndərin abidəsi önünə tər çiçəklər düzdülər, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.
        
        Xocalı rayon prokuroru Kamran Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edildiyini dedi. Rayon prokuroru bildirdi ki, ölkəmizdə bu gün həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. 

        Xocalı rayon prokurorunun köməkçisi Tural Hüseynli məruzə ilə çıxışında prokurorluq orqanlarının yaranma tarixindən, sovet hakimiyyəti dövründə fəaliyyətindən, Ulu öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda prokurorluq orqanlarının formalaşması və inkişafına verdiyi töhfələrdən danışdı. Tural Hüseynli bildirdi ki, 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.

        Azərbaycan Xalq Cümhuriyyətinin  süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olunmuş. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulmuşdur. 

        Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, - deyən Ümummilli liderin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

        Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

        Rayon icra hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətdə uğurlar arzuladı. Qeyd etdi ki, bu gün Prezident İlham Əliyev də prokurorluq orqanları işçilərinin fəaliyyətini daim yüksək qiymətləndirir, bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Prokurorluq orqanlarının maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görülür.

        Digər çıxış edənlər də prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdilər.




















Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top