
Azərbaycanda ilk dəfə azad seçki yolu ilə Kərkicahan qəsəbə XDS İK-nin sədri seçilmiş Qasım Qasımovun həmin vəzifədə işlədiyi və işğalçı, separatçı və terrorçulara qarşı mübarizə apardığı vaxtlarda Qarabağın o vaxtkı faktiki işğalçı rəhbəri Volski ilə bir əhvalatı olmuşdu. Onu oxuculara danışmaqla Qasım müəllimin xatirəsini yad etmək istəyirəm.
Kərkicahan kəndi ilə Xankəndi şəhəri arasında bir neçə toyuq ferması var idi. Hadisələr başlayanda təsərrüfat dağılmış, binalar boş qalmışdı. Qasım müəllim “sovet sədri” seçiləndən sonra çox ciddi şəkildə bu binalaraı təmir etdirməyə başlamışdı. Məqsəd, orada tikiş, toxuculuq sexləri yaratmaq, Xankəndindəki müxtəlif müəssisələrdən qovulmuş kərkicahanlıları işlə təmin etmək idi. Onun bu hərəkətindən qıcıqlanan ermənilər dəfələrlə təxribat törədərək işi pozmağa çalışsalar da bir şey alınmamışdı. Ona görə də bir dəstə yığıb o zaman Xüsusi İdarəetmə Komitəsinin sədri olan Volskinin yanına şikayətə getmişdilər. Volski də Qasım müəllimi təcili tapdırıb apartdırmışdı yanına.
Qasım müəllim Volskinin kabinetinə girəndə görür ki, burada 25-30 erməni oturub əksəriyyəti də tanıdıqlarıdır. Məsələni anlayır. Volski onu görən kimi “Qasımov, sənə kim icazə verib orada tikinti aparasan?” – deyə soruşur. Artıq özünü cavaba hazırlamış Qasımov deyir: “Tovariş Vəzirov!” Bu həm də o demək idi ki, bu respublikanın rəhbəri var, siz kimsiniz? Volski dərhal əlini uzadıb dövlət telefonunu qaldırır və birbaşa Vəzirova əhvalatı danışaraq izahat tələb edir. Xəttin o başında (indi təəssüf ki, bu başı!) Vəzirov nə deyirsə, Volski dəstəyi Qasım müəllimə uzadır. O, irəli yeriyib dəstəyi alır. Qulağında ildırım çaxır. Vəzirov qışqıra-qışqıra ağzına gələni danışmağa başlayır. Düzdü, çoxunu ermənilərin ünvanına desə də pis-pis söyüşlər söyür. Vəzirovun qışqırıb-bağırmasından danışmağa imkan tapa bilməyəcəyini görən Qasım müəllim, ancaq elə bunları deyə bilir: “Est, tovariş Vəzirov!”, “Ponyal, tovariş Vəzirov!”, “Oldu, tovariş Vəzirov!”, “Budet, tovariş Vəzirov!” və s. Birinci katib dəstəyi atandan sonra Qasım müəllim də öz əlindəkini Volskiyə uzadır. Dəstəyi alıb yerinə qoyan Volski soruşur: “Nu, çto on skazal?” Qasım müəllim yenə də fikirləşmədən “On skazal, idi stroy!” – deyə cavab verir. Ağlı başından çıxan Volski əlini telefona tərəf uzadaraq qışqırır: “Nu, Raxman, poqodi!!!”
İnanıram ki, fədakar dostum Qasım Qırxqızlının xatirəsi onu tanıyan yaxşı adamların qəlbində onlar yaşadıqca yaşayacaqdır!
Kərim KƏRİMLİ,
şair, yazıçı, jurnalist
şair, yazıçı, jurnalist