Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi

           Yanvar ayının 31-də xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbində Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi. 

        Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov tədbiri giriş sözü ilə açaraq İdarənin təşkilatçılığı ilə keçirilən tədbirlərdən, rayon gənclərinin təhsil, mədəniyyət, idman sahələrində əldə etdiyi nailiyyətlərdən danışdı. 
        
        Elməddin Bağırov  bildirdi ki, 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.

        Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

        Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı Gənclər Birliyinin sədri Əlağa Ağayev məruzə ilə çıxışında ölkəmizdə aparılan gənclər siyasətindən danışdı. Qeyd etdi ki, Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmaqdadır. 

        Xocalı RTŞ-nin müdiri Şakir Əliyev rayon gənclərinin təhsil sahəsində əldə etdiyi nailiyyətləri, şagirdlərin bilik yarışlarında qazandığı uğurları diqqətə çatdırdı.

        “Xocalı RMX” Publik Hüquqi Şəxsin Baş Direktoru Aqil Məmmədov Xocalı adını yüksək tutmağın hər birimizin, eləc ədə gənclərin əxlaqi, mənəvi borcu olduğunu vurğuladı. Rayon gənclərinin zərərli vərdişlərdən uzaq durduğunu diqqətə çatdırdı.     

        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsininn müdiri Lamiyə Qarayeva rayon gənclərini əlamətdar gün münasibətilə təbrik etdi. 
        
        Azərbaycanda gənclərə göstərilən bu etimadın, diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşdığını dedi. Xocalı rayon yeniyetmə və gənclərinin savadlı, bacarıqlı olması, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmaları çox qürurverici hal olduğunu bildirdi. 

        Lamiyə Qarayeva ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə növbəti dəstəyini ehtiva etdiyini bildirdi. 

        Xocalı rayon gənclərinin də könüllülük hərəkatında fəal olmaları onların öz bacarıqlarını nümayiş etdirmələrinə, layiqli yerlərdə işləmələrinə imkan yaradacağını qeyd etdi.
      
        Sonda təhsil, mədəniyyət və idman sahələrində uğurlar əldə edən rayonumuzun yeniyetmə və gəncləri Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı. 
        
        Tədbir musiqi nömrələri ilə davam etdirildi.
  


























Paylaşın:

Xocalı rayon Yaloba kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Ülkər Quliyeva Təhsil naziri Ceyhun Bayramov tərəfindən mükafatlandırılıb

        Yanvar ayının 30-da Təhsil Nazirliyinin xətti ilə ötən dərs ilində keçirilən Respublika Pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Xocalı rayon Yaloba kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Ülkər Quliyeva Respublika "Pedoqoji Mühazirələr"inin nəticələrinə görə mükafatlandırılıb. Onun müsabiqəyə təqdim etdiyi "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır" mövzusunda mühazirəsi Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov tərəfindən Tərifnamə ilə təltif olunub.

        Pedaqoji mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir. Eyni zamanda yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq da bu sıraya daxildir.

         Qeyd edək ki, Ülkər Quliyeva 30 ildir pedaqoji fəaliyyətlə məşğul olur. Xocalı rayon Təhsil Şöbəsi və məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanla təltif edilib. O, 2005-ci ildə Xocalı RTŞ tərəfindən "İlin ən yaxşı" müəllimi adına layiq görülübdür. Onun şagirdləri müxtəlif müsabiqələrdə uğurlar əldə edir. 

         Qabaqcıl təhsil işçisi Ülkər Quliyevanı əldə etdiyi nailiyyətə görə təbrik edir, ona gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 


Nəcəf HƏSƏNOV, 
Xocalı RTŞ-nin aparıcı məsləhətçisi
Paylaşın:

“20 Yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə anım tədbiri keçirildi

      18 yanvar 2020-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “20 Yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə anım tədbiri keçirildi.
     Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti iştirak etdilər.
     İlk öncə “Xocalı şəhidləri" abidəsini ziyarət edildi və bütün şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq abidə önünə qərənfillər düzüldü.
     Daha sonra Xocalı rayon Mədəniyyət evinin qarşısında Xocalı rayon məktəblilərinin əl işlərindən təşkil edilmiş rəsm və kitab sərgisinə baxış keçirildi.
     Xocalı rayon Mədəniyyət Evində keçirilən anım tədbirində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva  öz çıxışında bildirdi ki, Sovet hərbi hissələrinin Azərbaycan xalqına qarşı xüsusi vəhşiliklə törətdiyi terror aktından 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xalqımıza qarşı törədilmiş bu qırğının əsas səbəbi o dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının  SSRİ tərəfindən dəstəklənməsi və o vaxtkı Azərbaycan rəhbərliyinin apardığı xəyanət siyasətinə qarşı etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqının haqq səsini boğmaq idi. Hadisəyə gedən yolun başlanğıcı Azərbaycanın ən qəddar düşməni olan Mixail Qorbaçovun rəhbərliyə gəlməsi ilə başlamışdı. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində mühüm vəzifələrdən birini tutması həm Qorbaçovun, həm də ermənilərin xalqımıza qarşı mənfur niyyətlərinin qarşısının  alınmasında bir maneə idi. Heç təsadüfi deyil ki, məhz Ulu öndərin Moskvanın siyasi təqiblərinə məruz qalaraq SSRİ rəhbərliyindən istefa verməsindən qısa müddət sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına şərait yaradıldı.
     1990-cı il 20 yanvar hadisələrinin baş vermə səbəbi və  o dəhşətli gecənin acı nəticələrini tədbir iştirakçılarına əyani şəkildə çatdırmaq üçün “Şəhidliyin zirvəsi” adlı sənədli film təqdim edildi.
     Daha sonra çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov öz çıxışında bildirdi ki, 20 Yanvar hadisəsi əvvəlcədən planlaşdırılmışdı. Bunu misal və sübut olaraq faciədən bir neçə gün öncədən hadisənin törədilməsində iştirakı olan o dövrün  Sovet İttifaqının hərbi qulluqçularının ailələrinin Azərbaycan Respublikasından çıxarılması, xəstəxanaların və digər zəruri obyektlərin boşaldılması hallarını göstərmək olar. Eyni zamanda, guya qabaqcadan fövqəladə vəziyyətlə bağlı xalqa məlumat verilib, ancaq bu xalqın diqqətinə çatdırılmamış, əksinə əvvəlcədən bunun qarşısının alınmasına çalışılmışdır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
     1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
     Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov  bildirdi ki, XX əsrin 80-ci illərində başlamış milli azadlıq hərəkatının yeni mərhələsi ölməkdə olan Sovet İmperiyasının hakim qüvvələrini qorxuya saldı. Azərbaycan xalqının müstəqillik tələblərini, milli azadlıq hərəkatının qarşısını almaq üçün imperiya qüvvələri qanlı repressiya vasitələrinə əl atdılar. 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayiəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında  xüsusi qəddarlıqları  ilə seçilirdilər. Ulu öndərimizin qurub-yaratdığı Azərbaycan Dövləti uğurlu şəkildə öz inkişaf yolunu davam etdirir. Keçməkeşli yolları hamımız görmüşük. Bu gün ölkəmizdə bu məsələlər yığışdırılıb. 20 Yanvar faciəsinin səhəri günü Bakıda olmuşdum. Həmin vaxtı xalqımızın milli birliyini görmüşdüm. Faciə Sovet hakimiyyətinə nifrət gətirdi.
     Sonda Xocalı rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Kosalar kənd mədəni-maarif işçilərinin və Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəblilərinin iştirakı ilə "Şəhidlər unudulmur" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.



Paylaşın:

Xocalı rayon İcra və probasiya şöbəsinə 2019-cu il ərzində icra olunması üçün göndərilən sənədlərin statistikası

        AR Ədliyyə Nazirliyi Xocalı rayon İcra və probasiya şöbəsinə icra olunması üçün 2019-cu il ərzində 215 icra sənədi daxil olmuşdur. Onlardan 209-nu məhkəmə qərarı, 6-ni isə digər inzibati orqanların (DYP, Vergi, Ekologiya və s.) qərarı təşkil edir. Məhkəmə qərarının əksəriyyəti vətəndaşların banklara və digər kredit təşkilatlarına olan borcları təşkil edir. 2-ci yerdə aliment və uşaqla ünsiyyət işləri çoxluq təşkil edir. Az sayda işlər isə mənzildən çıxartma və mənzilə köçürmə işləridir. Ötən ildə cinayət nəticəsində vətəndaşa dəyən ziyanın da ödənilməsi tərəfimizdən təmin edilmişdir. Həmçinin dövlət orqanları tərəfindən vətəndaşa kompensasiyanın ödənilməsi barədə məhkəmə qərarının icrası da tərəfimizdən təmin edilmişdir. Bildiririk ki, borc tələbləri barədə məhkəmə qərarlarının icrasını təmin etmək məqsədiylə borcluların daşınar və daşınmaz əmlakları üzərinə həbs qoyulmuş, həmçinin borc tələbi onların əmək haqqılarına, pensiyalarına və ya digər gəlirlərinə yönəldilmişdir. 
        Bundan başqa şöbə icra fəaliyyəti ilə yanaşı həm də probasiya fəaliyyətini həyata keçirir. Probasiya fəaliyyəti sahəsində 2019-cu  il ərzində 9 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cinayət işi üzrə hökm icra olunması üçün Xocalı rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. Bu işlər hökm üzrə cərimələr, şərti və islah işləri, nəqliyyat vasitəsinin idarə etmək, müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzaları olmuşdur. 
        Məlumat üçün bildirirəm ki, 2017-ci ildən etibarən “Elektron İcra” İnformasiya Sistemi istifadəyə verilmişdir. Artıq həmin sistem müxtəlif dövlət qrumlarına inteqrasiya olunmuş və nəticədə məhkəmə və digər orqanların qərarlarlarının daha da çevik icra olunmasına səbəb olmuşdur. “Elektron İcra” İnformasiya Sistemi vasitəsi ilə borclular, həmçinin məhkumlar barədə bir çox məlumatlar dərhal əldə edilir və buda dövlət orqanları arasında lüzumsuz yazışmaların və vaxt itkisinin qarşısını alır. Belə ki, həmin sistem vasitəsi ilə borclu barəsində onun şəxsiyyətini təsdiq edən bütün növ sənədlər, onun qohumluq əlaqələri, mobil və stosionar telefon nömrələri, adına avtomobil və ya hər-hansı digər daşınar və ya da-şınmaz əmlakın olub-olmaması, apardığı notariat hərəkətləri, vegi ödəyicisi kimi qeydiyyatda olub olmaması, işləyib işləməməsi, pensiya alıb-almaması, sərhəd giriş-çıxış məlumatlarını və digər icra üçün zəruri məlumatları real vaxt ərzində əldə etmək olur. Bunun nəticəsində icra sənədlərinin icrası daha effektiv və səmərəli həyata keçirilir.
        2019-cu il ərzində Şöbə tərəfindən 100-dən cox vətəndaşa pulsuz hüquqi yardım göstərilmiş və cari ildə şöbənin fəaliyyəti ilə əlaqədar olaraq AR Ədliyyə Nazirliyinə və digər dövlət orqanlarına heç bir ərizə və şikayət daxil olmamışdır.
Rac BƏŞİROV,
Xocalı rayon İcra və probasiya şöbəsinin rəisi,
Kiçik ədliyyə müşaviri 

Paylaşın:

“Xocalının səsi” qəzeti “Qələmimizi süngüyə çevirək” devizi altında yazı müsabiqəsi elan edir

        “Xocalının səsi” qəzeti Xocalı rayon məktəbliləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında "Bu qan yerdə qalmaz"! mövzusunda yazı müsabiqəsi elan edir. Qiymətləndirmədə mübarizəyə və qisasa səsləyən, bədii-estetik ifadəsi yüksək olan yazılara üstünlük veriləcək.  
        Yazılar şagirdin oxuduğu məktəb və sinfi qeyd edilməklə fevral ayının 20-nə qədər xocalininsesi@gmail.com elektron poçtuna göndərilə bilər. Münsiflər heyəti tərəfindən yazılar dəyərləndiriləcək və nəticə fevral ayının sonlarında açıqlanacaq. Müsabiqənin I, II, III yerə layiq görülən iştirakçıları Fəxri Fərman və hədiyyələrlə təltif olunacaqlar. I yeri tutan şagirdin yazısı onun şəkli ilə birlikdə qəzetdə dərc ediləcək.
“XOCALININ SƏSİ”


Paylaşın:

Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizovun hesabat məruzəsi müsbət qiymətləndirildi

        Yanvar ayının 24-də Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlərə və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və Xocalı şəhər sakinləri iştirak etdilər.
        Tədbiri aparmaq üçün sədr və katib seçildikdən sonra Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov hesabat məruzəsi ilə çıxış etdi. Tacir Əzizov bildirdi ki, 01 yanvar 2020-ci il tarixə şəhər əhalisi 2221 təsərüfatdan və 8348 nəfərdən ibarət olmuşdur.
        Şəhər üzrə təqaüdçülər 1867 nəfərdən  ibarərdir. Onlardn qocalığa  görə təqaüdçülər 249 nəfər, ümumi xəstəliyə və Milli Münaqişə zəminində əlilliyə görə təqaüdçülər 1102 nəfər, sosial  pensiyaçılar 462 nəfər, Azərbaycan Respublikasının Müdafiəsi zamanı əlil  olanlar 46  nəfər, hərbi  xidmət əlilləri 5 nəfər, Çernobl  əlilləri 2 nəfər, xidmət  göstərilən ahıllar 17 nəfərdir. 5 uşaqdan yuxarı olduğu üçün sosial müavinət 1 ailəyə şamil olunub.
        İl ərzində şəhər əhalisinə aidiyyatı üzrə müxtəlif  məzmunlu 3186 ədəd arayış verilmişdir. Rayon İcra hakimiyyətinə, rayonun idarə, müəssisə, təşkilatlarına və  aidiyyatı olan idarələrə 130 ədəd  müxtəlif məzmunlu məktublar göndərilmişdir. Xocalı rayon İcra Hakimiyyətindən və rayonun digər  aidiyyatı orqanlarından icra olunmaq üçün şəhər nümayəndəliyinə 95 ədəd müxtəlif məzmunlu sənədlər daxil  olmuş  və  icrası  təmin  olunmuşdur. 2019-cu  ildə Şəhər nümayəndəliyi üzrə 27 əmr və 50 sərəncam verilmişdir.
Xocalı şəhər İ.Ə.D-si üzrə nümayəndəliyi məcburi köçkünlərin sıx məskunlaşdığı Goranboy, Mingəçevir, Bakı, Bərdə, Sumqayıt, Ağcabədi rayonlarında və digər xidmət ərazisində  qaçqın və məcburi  köçkünlərin işləri üzrə şöbə müdirləri ilə görüşlər keçirilmişdir. Həmin bölgələrdə yaşayan məcburi köçkünlərin əsas çətinlikləri  haqqında və qışa hazırlıqları barədə qarşılarına çıxan maneələrin  aradan qaldırılması  istiqamətində  işlər  aparılmışdır.
Əhalinin ən çox məskunlaşdığı ərazidə rayon köçkünlərinin  gündəlik sosial qayğıları ilə bağlı olaraq  daim Goranboy rayon İcra  Aparatı, Kapital Bankın Goranboy rayon filialı, Goranboy rayon İşıq və Qaz İdarəsi, Dövlət Qaçqınkomun Goranboy rayon sektoru və  başqa idarə təşkilatlarla əlaqə saxlanılmışdır. Yaranmış çətinliklər aradan  qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici dövlətlərə etdiyi rəsmi  səfərlər haqqında keçirdiyi  görüşlər və gördüyü işlər haqqında şəhər sakinlərinə məlumatlar verilmişdir. Respublika Prezidentinin verdiyi fərman və sərəncamların  mahiyyəti şəhər sakinlərinə  izah  olunmuş  və  açıqlamalar  verilmişdir.
Məruzəətrafı çıxışlarda Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Xocalı şəhər 5 saylı tam orta məktəbin direktoru Mətanət Zamanova, Xocalı  şəhər 1 saylı körpələr evi uşaq baxçasının müdiri Samirə Qədirova, Xocalı RMX-nın baş həkimi Aqil Məmmədov Tacir Əzizovun şəhər nümayəndəliyinin tabeliyində idarələrlə daim əlaqə saxladığını bildirdilər. Hesabat məruzəsini müsbət qiymətləndirdilər.
        Hesabat məruzəsini münasibət bildirən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov rayon əhalisinin və təhsil sahəsinin çoxluğunu şəhər nümayəndəliyinin təşkil etdiyini qeyd etdi. Bildirdi ki, köçkünlük şəraitində rayon əhalisinin Respublikanın 50-dən çox şəhər və rayonlarında, yüzlərlə kəndlərində məskunlaşması təsərrüfatbaşı kitablarının yazılmasına çətinlik yaradır. Ancaq işin çətinliyinə baxmayaraq, hər kəs vəzifə səlahiyyətlərini ləyaqətlə yerinə yetirməlidir. 
         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyinin fəaliyyətini qənaətbəxş qiymətləndirdi. 









Paylaşın:

Xocalılar “Əsgərə salam” aksiyasına böyük ruh yüksəkliyi ilə qoşulublar

        Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də  start verdiyi “Əsgərə salam” aksiyası davam edir. 2 fevral – Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Bu aksiyaya Xocalı rayon İcra Hakimiyyəti başda olmaqla, rayonun idarə, müəssisə və təşkilatları, həmçinin Rayonun ümumtəhsil müəssisələri də qoşulmuşdur.
        Aksiya başlandıqdan indiyədək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bildirən vətənpərvərlərin sayı yüzlərlədir. Soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə
yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti  verir. Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya onlarda böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir. Hamını “Əsgər salam” aksiyasına qoşulmağa çağırırıq!









Paylaşın:

Xocalı RİHB-nin Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun hesabat məruzəsi dinlənildi

        Yanvar ayının 21-də Xocalı RİHB-nin Cəmilli kənd İƏD-si üzrə nümayəndəsinin 2019-cu il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə, təşkilat rəhbərləri və Goranboy rayonunun Börü qəsəbəsində məskunlaşmış sakinlər iştirak etdilər. 
        Xocalı RİHB-nin Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edərək görülən işlər haqqında məlumat verdi. Məruzəçi bildirdi ki, hal-hazırda isə Cəmilli kəndinin 294 ailəsi-1089 nəfər sakini vardır.
       Cəmilli kənd əhalisi ötən 29 il ərzində 2 dəfə artıb.  Hal-hazırda cəmillilər Respublikamızın 19 şəhər  və rayonlarında məskunlaşıblar.
     Cəmilli  kənd sakinlərindən  269 ailə - 829 nəfərə dövlət tərəfindən  hər ay vahid aylıq müavinət ödənilir. 
        Əmək qabiliyyətli  əhalimiz  271 nəfərdir ki, onlardan 87 nəfər müxtəlif büdcə təşkilatlarında, 55 nəfər ailə-kəndli təsərrüfatında, 18 ailə mikro sahibkarlıq, 68 nəfər fərdi əmək fəaliyyəti ilə məşğul olurlar, işsizlərin sayı 33 nəfərdir.
        2019-cu ildə  Ölkə rəhbərliyinin həyata keçirdiyi  özünüməşğulluq proqramı  çərçivəsində 16 ailəyə mal-qara, 1 ailəyə qoyun, 1 nəfərə şirniyyat sexi  üçün avadanlıq, 1 nəfərə  gözəllik salonu üçün avadanlıq, 1 nəfərə avtoyuma məntəqəsi üçün avadanlıqlar verilmişdir. İl ərzində məşğulluq  mərkəzinin göndərişi əsasında 7 nəfər  işlə təmin  olunub, 2 nəfər peşə kursuna yazılıbdır. 18 nəfər  qadın tikiləcək  xalça fabrikində  işləmək üçün  müraciət etmişdir.
        Cəmilli sakinlərindən 18 ailənin müraciətləri əsasında onlara ünvanlı sosial- yardım  təyin olunmuşdur.
        2019-cu ildə arı saxlayan 11 nəfərin 343 arı ailəsinə, hər arı ailəsi üçün 10 manat subsidya verilmişdir.
        2011-ci ildə anadan olmuş Abbaslı Abbas Nəriman oğlu  il ərzində öz yaşıdları arasında böyük qələbələr qazandı.14 fevralda  İranda keçirilən karate üzrə Asiya çempionatında  I yerə layiq görüldü. 04 may  tarixində Azərbaycanda keçirilən Kyokişin üzrə 4-cü dünya kubok yarışında  öz  yaşıdları arasında 1-ci yeri qazanaraq dünya kubokunun  və qızıl medalın sahibi oldu. 05-08 sentyabrda İstanbulun Bayrampaşa İdman kompleksində  keçirilən  karate üzrə Avropa çempionatında  qızıl medal qazanıb. 26-27 oktyabr tarixlərində karate  üzrə  yeniyetmələr, gənclər, kişilər və qadınlar arası XXVI Respublika çempionatında  Abbas Abbaslı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən böyük, yüksək pilləsinə qalxıb.
        Hörmətli  icra başçımızın köməkliyi ilə Goranboy rayonundan əkin-biçinlə məşğul olmaq üçün  80 ha torpaq sahəsi alınaraq  Börü qəsəbəsində  yaşayan sakinlərə müvəqqəti istifadə üçün verilmişdir. Püşkatma yolu ilə hər bir nəfərə 0,12 ha olmaqla torpaq paylanmış və  hal-hazırda həmin sahələrin hamısında arpa əkilmişdir.
        2019-cu ildə nümayəndəlikdə 21 əmr, 13 sərəncam verilmişdir, sakinlərə müxtəlif məzmunlu  488  arayış verilib, sakinlərdən 16 ərizə, 33  şikayət daxil olub, ərizə və şikayətlərə vaxtında cavab verilib, bu sahədə heç bir əsaslı narazılıq qeydə alınmamışdır.
    Müxtəlif idarə və müəssisələrdən 36 məktub daxil olub, müxtəlif orqanlara 110 məktub göndərilib.
        Hal-hazırda Börü qəsəbəsində həlli vacib aşağıdakı problemlər vardır.
1.    Qəsəbəyə suvarma suyunun çəkilməsi
2.    Qəsəbəyə internet xəttinin çəkilməsi
3.    Qəsəbədaxili yolların çınqıllanması
4.    Qəsəbədə küçələrə zibil qutularının qoyulması
5.    Qəsəbədə qəzalı vəziyyətdə olan evlərin təmir olunması və 18№-li evin yenidə tikilməsi
6.    Qəsəbədaxili  su xətlərinin bir hissəsi çürüyüb, su qəsəbəyə axır, həmin xətlərin dəyişdirilməsi
7.    Qəsəbədaxili qaz xətlərində bəzi yerlərdə qazsızmalar var. “Təmiz qazın” işçiləri həmin yerlərə yaşıl boya ilə işarələr qoyublar, ancaq heç bir təmir işi aparılmayıb, hər an təhlükə var. Qazsızmaların qarşısının alınmasına köməklik göstərilməsi.
8.    Məktəbin bir növbədə fəaliyyət göstərməsi üçün əlavə sinif otaqlarının tikilməsi, həyətdə idman qurğuları  ilə təmin olunmuş idman meydançasının salınması
9.   Uşaq bağçasının  açılması
10. Məktəb, nümayəndəlik və həkim ambulatoriyası üçün istilikxananın tikilməsi.
        Məruzə ətrafı çıxışlarda nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı. Sakinlər Ramiz Qəhrəmanovun hesabat məruzəsindəki qeyd etdiyi problemlərin həlli üçün Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovdan köməklik istədilər. 
        Sonda problemi olan sakinlər fərdi şəkildə qəbul edildi. 























Paylaşın:

XOCALI GƏNCLİYİ QÜRUR VƏ FƏXR HİSSİ YAŞADIR

Gəncləri xüsusən milli vətənpərvərlik, hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Milli vətənpərvərlik prinsipi gərək körpədən başlayaraq bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun.
 (Ümummilli lider Heydər Əliyev)
Xocalı qəhrəmanlar şəhəridir
Füsunkar təbiəti, tarixi abidələri ilə məşhur olan Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Ulu babalarımızın yaşayıb-yaratdığı yurd yerimizdir Xocalı... 
Torpaq iddiasına düşən mənfur erməni quldurları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda genosid aktı törətdilər. Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməkliyi ilə şəhər tamamilə yandırıldı, günahsız insanlara - qocalara, körpələrə, qadınlara divan tutuldu. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Həmin gecə 1275 nəfər girov götürüldü. Onların 150-nin taleyi indi də məlum deyil. 
Xocalılar son damla qanlarına qədər düşmənlə mübarizə apardılar. Doğma torpağa nə qədər bağlı olduqlarını sübuta yetirdilər. 
Millət vəkili Elman Məmmədov “Şəhərin özünümüdafiə taboru olmasaydı, Xocalıdan bir insan sağ çıxa bilməzdi” yazısında qeyd edir ki, biz Xocalıdan başımızı götürüb qaçmamışıq. Xocalının oğulları qəhrəmancasına döyüşüblər. Bu səbəbdən Ulu öndər Heydər Əliyev Xocalı sakinləri ilə görüşəndə 114 nəfər döyüşçünü təltif etdi. Neçə nəfər Milli Qəhrəman adı aldı. “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalı alanlar oldu. Bu da mərdliyə, dəyanətə görə Xocalı döyüşçülərinə verilən qiymət idi.
Xocalı gəncləri Azərbaycan gəncliyinin inkişafına öz töhfəsini verir
XX əsrin ən dəhşətli soyqırımını yaşamış xocalılar bu gün respublikamızının 55 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Doğma dədə-baba yurdundan 26 ildir ki, didərgin düşən gənc xocalılar indi orta yaş dövrünə qədəm qoyub. Faciə zamanı erməni quldurlarının gülləsindən qaça bilən, əsirliyindən qurtulan körpələr isə indi ömrünün gənclik günlərini yaşayırlar. Bu gün ölkəmizdə hər cür diqqət və qayğı ilə əhatə olunan, azad və əmin-amanlıq şəraitində yaşayan gənclərimiz özünü xoşbəxt vətəndaş kimi hiss edir. Təbii ki, Xocalı gəncləri də bu diqqət və qayğıdan kənarda qalmır. Gənclərimiz gündən-günə inkişaf edən ölkəmizin layiqli vətəndaşları kimi Azərbaycan gəncliyinin inkişafına töhfələr verir, rayonumuzun adı üçün uğurlar qazanmağa can atır. Köçkünlük şəraitində yaşamasına baxmayaraq, Xocalı rayon gəncliyi də dövlət-gənclər siyasəti nəticəsində əldə olunmuş uğurlardan heç də geri qalmır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxışlarının birində vurğulayır ki, xocalıları ermənilər yerindən didərgin salanda, əhalimizin bir qismini şəhid edəndə, onlar elə bilirdilər ki, xocalılar bununla həyata son deyəcəklər. Xeyr. Xocalılar yaşayır, xocalılar həyatdadır, xocalılar öz mübarizəsini davam etdirirlər. Sakinlərimiz əmək işi ilə bərabər, təhsildə, idmanda və digər bütün sahələrdə uğurla çalışırlar. Rayon gənclərinin cəmiyyətdə layiqli yer tutmalarına və öz bacarıqlarını nümayiş etdirə bilmək üçün Xocalı rayon İcra Hakimiyyəti tərəfindən lazım olan səviyyədə şərait yaradılır.  
Yeniyetmə və gənclərimizin gözlərində olan sevinci görmək, yaşamaq, onu hiss etmək lazımdır. Onların sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizidir.
Aprel döyüşlərində düşmən üzərində şanlı qələbəmiz gənclərimizdə 
vətənpərvərlik hissini daha da artırdı
Azərbaycan Ordusunun Aprel döyüşlərində düşmən üzərində qələbəsi gənc nəslin vətənpərvərlik hissini daha da artırdı. Xalqımızın Ordumuz və Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyi bizi inam və qətiyyətlə qələbəyə apardı. Minlərlə gənc könüllü olaraq döyüşlərə qatılmaq üçün səfərbər oldular. 

Düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgərlərimizinsırasında əslən Xocalı rayonunun Meşəli kəndindən olan Sarvan Mehralıyev də vardı. Mehralıyev Sarvan Natiq oğlu 1997-ci il iyulun 8-də anadan olub. Qardaşı Namiqlə birgə 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb, hər ikisi cəbhə xəttindəki “N” saylı hərbi hissədə xidmətə başlayıblar. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olub. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Aprel şəhidlərinin və Sarvan Mehralıyevin keçdiyi şərəfli döyüş yolu haqqında məktəblərimizdə tədbirlər keçirilir, şagirdlərə Ordumuzun qüdrəti və qəhrəman Azərbaycan övladları haqqında məlumatlar verilir.  
Xocalı rayonunun gənclərində
düşmənə nifrət, qisas və vətənpərvərlik hissləri yüksəkdir
İdman yarışlarında, təhsil, mədəniyyət və digər sahələrdə rayon gəncləri müvəffəqiyyətlər qazanır. Buna bir neçə misal gətirmək olar: Hüseynquliyev Nihad Ələkbər oğlu 2001-ci il noyabr ayının 2-də Gəncədə anadan olmuşdur. Valideynləri düşmən tapdağında qalan Xocalı rayon Kərkicahan qəsəbə sakinləridir. O, 02.12.2016-cı il tarixdə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə III yer uğrunda mübarizədə erməni güləşçisini məğlub edərək kuboka sahib olmuşdur. Nihad “Xocalının səsi” qəzetinə müsahibəsində qeyd edir ki, erməni güləşçisi ilə güləşərkən ancaq qələbə qazanmağı düşünürdüm. Çünki rəqibimə baxarkən ermənilərin Xocalıda günahsız insanlara qarşı törətdiyi cinayətlər gözlərimin qarşısına gəlirdi. Xocalı əsilli 2006-cı il təvəllüdlü Məmmədli Brilyant İsmayıl qızı 2016-cı il dekabr ayının 3-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “FIRST, INTERNATIONAL “EDELWEISS” COMPETITION ifaçılıq müsabiqəsində iştirak edərək, A2 kateqoriyası üzrə II yerin sahibi olub. Kiçik yaşlarından sehrkar barmaqları, saf dünyası və təmiz qəlbi ilə Xocalını böyük uğurla təmsil edən Brilyant xocalıların fəxridir. İnanırıq ki, o daha da parlaq uğurlar qazanacaq. Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən yeni yaradılan “Xocalı” idman klubunun yetirmələri 30.11.2017 və 04.12.2017 tarixlərdə Budo döyüş növləri üzrə keçirilən dünya kubokunda 9 idmançı ilə yüksək bacarıq göstərib və Azərbaycan Bayrağını yüksəldərək 6 qızıl, 1 gümüş, 2 bürünc medalla yarışı başa vurublar. Turnirdə 90 kq çəkidə Xocalı idmançısı, Aprel döyüşlərinin iştirakçısı Coşqun Həsrətzadə qızıl kəmərə sahib olmuşdur. “Xocalı” idman klubu fevralın 14-18-də Kikboksinq üzrə Azərbaycan birinciliyində 3 qızıl, 2 gümüş, 7 bürünc medalla çempionatı başa vurmuşdur.
Klubun baş məşqçisi Əli Cəfərov vurğulayır ki, əsas məqsədimiz Xocalı adını layiqincə təmsil etmək və himnimizi oxumaq, bayrağımızı zirvələrə qaldırmaqdır.  
Vətənpəvərlik hissi əvvəl ailədə, sonra məktəbdə, cəmiyyətdə formalaşır
Evdə valideynlərin uşaqları düzgün tərbiyə etməsi, milli ruhda böyütməsi onların gələcəkdə layiqli vətəndaş olmaları üçün əsas zəmin yaradır. Xocalı rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Ramiz Alıyev V sinifdə oxuyan oğlunu hərbi hissələrə aparıb əsgər və zabitlərlə görüşdürür. Əsgər həyatını oğluna əyani olaraq göstərir. Əsgərlərlə bir yerdə nahar etməsinə, hərbi geyimləri geyməsinə şəarit yaradır. Milli silah-sursatlar haqqında məlumat verir. Eyni zamanda Azərbaycan Ordusunun qüdrətindən, qəhrəmanlarımızdan, igid döyüşçülərimizdən danışır. Bütün bunlar təbii ki, kiçik məktəblidə doğma Vətənə məhəbbət hissini artırır, özünü gələcəyin igid əsgəri, savadlı zabiti kimi görməsində təsüvvür yaradır. Vətənpərvərlik hissi yüksək olan yeniyetmə və gənclər ailədə, cəmiyyətdə yüksək mənəviyyatlı şəxsiyyət kimi davranır. Öz elini, millətini dərin hörmət və məhəbbətlə sevir. Belə şəxslər şübhəsiz ki, örnək götürüləsi gənclər sırasına daxil olur. Ata tərbiyəsi qədər ana tərbiyəsinin xüsusi əhəmiyyəti vardır. Məhz analar öv-ladlarını Vətən üçün layiqli vətəndaş kimi böyüdürlər, tərbiyə verirlər. Tarixin bütün dövrlərində Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub, igid oğullar dünyaya gətirib. Ana ilə Vətənin eyni tutulduğu məmləkətimizdə analar övladlarını əsgər yola salarkən Vətəni öz namusu və şərəfi kimi qorumağını tapşırır.
Xocalı rayon ümumtəhsil məktəblərinin dəhlizlərində Azərbaycanın Milli Qəhrəmanları və şəhidlərimizin şəkillərindən ibarət stendlər vurulmuşdur. Məktəblərdə işğal olunmuş rayonlarımızın, Xocalı Soyqrımının, 31 Mart  Azərbaycanlıların Soyqırımı Gününün, 20 Yanvar hadisəsinin ildönümlərində şagirdlərə tariximiz öyrədilir, qəhrəman və şəhidlərimizdən məlumatlar verilməklə yanaşı, xalqımızın döyüşkən xalq olduğu, mənfur düşmənlərə qarşı qəhrəmanlıqla mübarizə apardığımız xüsusi qeyd olunur.  
Tədris ili ərzində şagirdlər məktəb rəhbərliyinin təşkilatçılığı ilə hərbi hissələrə səfər edirlər. Şagirdlər belə görüşləri çox sevinc və maraqla qarşılayırlar. Əsgərlərlə söhbət aparır, silah-sursatlar haqqında məlumatlar alırlar. Zabitlərin çıxışı onlarda döyüşə atılmağa hazır əsgərlər kimi ruh yaradır. Şagirdlərin aldığı təəssüratlar onların yaddaşına möhkəm həkk olur. 
Gənclərin çağırışaqədərki hazırlığı fənnindən dərs deyən müəllimlərin çoxu I Qarabağ Müharibəsinin iştirakçılarıdır. Onlar şagirdlərə vətənpərvərlik hisslərini daha yaxşı aşılaya bilirlər. Xocalı rayon məktəbliləri Gənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən “Şahinlər” hərbi-idman oyunlarında böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edərək uğurlu nəticələr əldə edirlər. Qəhrəman bir şəhərin övladları kimi hərbi geyimə, silaha maraq göstərirlər. Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilən bu yarışlar onların ordu sıralarında xidmətə hazırlanmasına kömək edir, gələcəkdə hərbi peşəyə yiyələnmələri üçün təsəvvür yaradır. 
Xocalı rayon Gənclər və İdman İdarəsi gənclər və idman sahəsinin rayonda həyata keçirilməsini təmin edir. Dövlət Gənclər Siyasətinin rayonda fəal həyata keçməsi üçün çalışır. İdarə idmanın inkişafı istiqamətində işlər görür, yeniyetmə və gənclərin maraqlarının təmin edilməsi istiqamətində müsabiqələr, bilik yarışları və digər tədbirlər təşkil edir. 2017-ci il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda, “Bayrağımız qürur mənbəyimizdir” devizi altında dövlət rəmzlərinin təbliği məqsədilə yeniyetmə və gənclərlə görüşlər keçirilmiş, “Odlar Yurdu Azərbaycan” mövzusunda gənclər arasında intellektual yarışlar keçirilmişdir. 
Rayonumuzun hüquq-mühafizə orqanlarının məsul işçiləri məktəblərdə şagirdlərlə vətənpərvərlik mövzusunda qarşılıqlı müzakirə əsasında görüşlər keçirir. Görüşlərdə Milli Qəhrəmanlarımızdan, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu və memarı kimi gördüyü işlərdən, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafından danışılır. Eyni zamanda zərərli vərdişlərin ağır nəticəsi haqqında maarifləndirici məlumatlar verilir, dini cərəyanların yayılmasının dövlətimizin zəiflədilməsinə, xalqımızın bölünməsinə yönəldildiyi qeyd olunur. Belə görüşlərin keçirilməsi gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə və vətənpərvərlik hisslərinin tərbiyəsinə müsbət təsir edir. 
Azərbaycanın xoşbəxt gələcəyi, onun uğurlu inkişafı sağlam düşüncəli Vətənini, torpağını sevən gənclərdən asılıdır. Xocalı gəncləri taleyüklü rayonun gəncləri kimi öz üzərlərinə düşən məsuliyyəti dərk edirlər. Düşmən tapdağı altında inildəyən torpaqlarımızın, viran qəbirlərimizin azad olunması üçün, eyni zamanda ölkəmizin daha da inkişafına nail olmaq naminə güclü biliyə, düzgün əqidəyə, birliyə ehtiyacımız olduğunu bilirlər.
Sonda fikrimi “Məndən dəyərlidir şəhid məzarı” şeirimlə tamamlayıram.
Olsa da gəncliyim bu qədər parlaq,
Məndən dəyərlidir şəhid məzarı.
Doğma yurdum qalıb düşmənə tapdaq,
Mən isə elimin yurdsuz yazarı.

Günəşli Vətənim fərəhim mənim,

Sənə oğul olmaq gərəyim mənim.
Qürurla dolsa da ürəyim mənim,
Qarabağ qəlbimin qəm, ahu-zarı.

Hopub hər misrama vətənpərvər hiss,

Əməlim mübariz, sözüm mübariz.
Qəlbimdə qisasdan coşur bir dəniz,
Dağlayır sinəmi yurd intizarı.

Qəlbimdə, dilimdə Xocalı ahı,

Qələmim ən güclü Ordu silahı!
Dolanır fikrimdə Mübariz ruhu,
Səsləyir könlümü yurduma sarı.
Qalib BƏYMƏMMƏDOĞLU                                                                                          
Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi  
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaşın:

XOCALILAR DAİM DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SƏDAQƏT NÜMAYİŞ ETDİRİRLƏR

        Xalqımızın maraqlarının müəyyən olunması və təminin həyata keçirilməsi, dövlət-vətəndaş münasibətlərinin möhkəm təməllər üzərində qurulması, həmçinin xalqın rifah halının yüksəldilməsi dövlətimiz üçün prioritetdir. Dövlətimiz xalqın, ictimaiyyətin maraqlarını müdafiə edir. Xalqımızın dövlət maraqlarını müdafiə etməsi ölkəmizi gücləndirir, vətəndaşların vətənpərvərliyini, milli dəyərlərə bağlılığımızı təcəssüm etdirir.
        Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Harda olursan ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən.”  Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyev bildirir: “Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür”.
        Müstəqil Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar onların milli şüurunu, özünüdərkini, torpağa bağlılığını gündən-günə möhkəmləndirir. Müəllim işləyən Zülfü Quliyevin sözlərinə görə, ölkəmizdə ictimai sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında əsas amil Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdir. Dövlətimizin başçısı hər zaman xalqın maraqlarından çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasnın mümkün olmaması, ölkəmizin regionun lider dövləti mövqeyində dayanması hər bir vətəndaşda böyük qürur və fəxr hissi yaşadır. Bütün bunlar xalqın milli maraqlarını ödəyir.
Xocalıların ictimai təfəkküründə Ulu öndərimiz Heydər Əliyevin
siyasi xəttinə, dövlətimizə və dövlətçiliyə bağlılıq yüksək səviyyədədir
        Xocalılar daim dövlətə və dövlətçiliyə sadəqətlidirlər, hər zaman  milli və dövlət maraqlarını müdafiə edirlər. O vaxtkı səriştəsiz rəhbərlərin xalqımıza heç bir faydasının olmadığını xocalılar Xocalı soyqırımından əvvəl də duyur, xalqımızın ağır bəlalardan xilas yolunu Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtmasında görürdülər. 1991-ci il sentyabr ayının 30-da Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi Dövlət Komitəsinin sədri vəzifələrini icra edən Elman Məmmədov Naxçıvana  gedərək Ulu öndər Heydər Əliyevlə görüşmüşdür.  Ovaxtkı iqtidarın Heydər Əliyevə olan münasibəti məlum idi. Elman Məmmədov o cəsarəti, qətiyyəti göstərərək, müdrik insanın, dövlətçi insanın, Azərbaycan xalqının ağsaqqalının görüşünə getmişdir. Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxış etmiş və Ulu öndərimizin dövləti, Vətəni qorumaq, şücaət göstərmək haqqında tövsiyələrini dinləmiş, məsləhətlərinə qulaq asmışdır.
        Xocalı rayon sakini Şükür Bəşirov 1988-ci ilin oktyabr ayının 20-də işinin bərpası üçün Moskvaya getmişdir. Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini vermişdir. Ona indiki vəziyyətdə bu təşəbbüsə maneə yaradacaq qüvvələrin olduğu bildirilib. Bu tarixi fakt  “Pravda”, “İzvestiya”,  “Komsomolskaya Pravda” qəzetlərində və digər kütləvi informasiya vasitələrində nəşr olunmuşdur.

        Şükür Bəşirov Xocalı faciəsindən sonra - mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Azərbaycanın ən ağır günlərində xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin böyük cəsarətlə hakimiyyətə qayıtmağının vacibliyini bildirmişdir. Mitinqdə çıxış edən Şükür müəllim qətiyyətlə “Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq” şüarlarını səsləndirib. Şükür müəllim bu sözləri Azərbaycanda hərcmərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından dövlətin məhv olmaq üzrə olduğunu görərək söyləmişdir. 
        Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Bəşirov Şükürün çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev Bəşirov Şükürü Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
        Şükür Bəşirovun timsalında xocalıların Azərbaycanın milli maraqlarına yaxından münasibət bildirdiyini görə bilərik.
        Millət vəkili Elman Məmmədov “Xocalının səsi” qəzetinə müshibəsində bildirir ki, Azərbaycanda dövlət-vətəndaş münasibəti yüksək səviyyədə təmin olunub. Cəmiyyətdə vətəndaşların hüquqlarının qorunması, söz azadlığı, onların təhlükəsizliyinin təminatı, vətəndaş cəmiyyətinə verilən dəyər, vətəndaş cəmiyyətinin dövlətin idarə olunmasında iştirakı təmin olunub və getdikcə bu sahə qanunlar qəbul olunmaqla, mövcud olan qanunlara əlavə dəyişikliklər edilməklə daha da təkmilləşir. Məqsəd cəmiyyətdə hər fərdin rolunu yüksəltmək, onun dövlət quruculuğunda iştirakını təmin etmək, fəallığını artırmaqdır, eyni zamanda vətəndaşın sosial müdafiəsinin, hüquqi müdafiəsinin və yaşayış təhlükəsizliyinin təmin edilməsidir. Bunlar vacib məsələlərdir və ölkəmizdə getdikcə inkişaf etdirilir.
        Xocalıların bünövrədən – Xocalı rayonu öz yerində olduğu vaxtdan, işğaldan əvvəl də, bu gün də dövlət və dövlətçilik uğrunda, Vətən uğrunda, torpaq uğrunda göstərdiyi qəhrəmanlıqlar, şücaətlər, həmişə dövlətçilik xəttini müdafiə etmələri göz qabağındadır. Bizim neçə Milli Qəhrəmanlarımız, çoxlu sayda təltif olunanlarımız və canlarını Vətən yolunda qurban verən yüzlərlə şəhidlərimiz var. Şəhidərimiz ən yüksək təltifə layiq olan insanlar idilər. Elə bu dövlətçilik yolunda, dövlətçilik uğrunda bu günkü Azərbaycan dövlətinin mövcudluğu yolunda bizim verdiyimiz mücadilədir, töhfədir. Bu gün də xocalılar dövlətçiliyimizin, təhlükəsizliyimizin, qanunçuluğumuzun qorunub saxlanması üçün, dövlətimizin daha da möhkəm dayaqlara malik olması uğrunda öz töhfələrini verirlər. Bütün seçkilərdə xocalılar ən yüksək səviyyədə fəallıq göstərirlər. Xocalı rayon sakinləri Prezident seçkilərində, Parlament seçkilərində, Referendum seçkilərində də öz sözlərini deyirlər, dövlətçiliyimizlə bağlı bütün tədbirlərdə ən yüksək səviyyədə iştirak edirlər.
        Həqiqi hərbi xidmətə çağırış məsələsində lap bünövrədən bu günə qədər bir nəfər də olsun fərari qeydə alınmayıb. Müqavilə ilə xidmət edən 300-dən çox Xocalı gənci Vətinin qorunmasında, müdafiəsində iştirak edirlər. Yəni hərbi xidmət keçirlər. Təbii ki, bu da vətənpərvərlikdir, dövlətçiliyimizin qorunmasıdır.
        Xocalıda olanda mühasirədə olmağımıza baxmayaraq, qısa müddətdə biz Daşkəsəndən qranit mərmərləri gətirdib Xocalının möhtəşəm yerində, hündür bir təpənin üstündə  20 Yanvar faciənin birinci ildönümü hələ qeyd edilməmiş 20 Yanvar şəhidlərinin xatirəsinə abidə ucaltdıq. Həmin abidə Xocalı döşüşçülərinin döyüşlərdən əvvəlki bir son raportu idi. Xatırlayıram, 1992-ci il, qarlı gün idi, Xocalı döyüşçüləri onun qarşısından marşla, Himn sədaları altında döyüşə getdilər. Bu da bir nümunədir.
        Xocalı gəncləri rənglərlə Azərbaycan bayrağı çəkilmiş nazik paneli Bakı – Şuşa magistral şose yolunun üzərindən məftillə çəkib asırdı. Ermənilər və ruslar onun altından keçirdilər. Üçrəngli bayrağımız o zamanadək yalnız Bakıda dalğalandırılmışdı. Bu xocalıların dövlətə, Vətənə, milli dəyərlərə olan məhəbbətinin bir nümunəsidir.
“Xocalının səsi” qəzetinin fəaliyyəti ictimai və milli maraqlara əsaslanır
        Milli mətbuatımız daim milli maraqları müdafiə etməli və dövlət maraqlarına xidmət etməlidir. Mətbuat vasitəsilə xalqın ictimai marağı dövlətə çatdırılır. XXI əsrin informasiya əsri olduğunu nəzərə alsaq, dövlətimizi qoruyan milli mətbuatımızın inkişaf etməsinin hansı dərəcədə əhəmiyyətli olduğunu anlayırıq. Dövlət maraqlarının müdafiə edilməsində, ölkəmizə qarşı təhrif olunmuş informasiyalara  real faktlarla cavab verilməsində milli mətbuatımızın üzərinə böyük yük düşür.
        Rayonumuzun yeganə mətbuat orqanı olan “Xocalının səsi” qəzeti dövlətçilik və milli maraqlar naminə mübarizə aparan qəzetdir. 9 iyul 1991-ci ildən fəaliyyətə başlayan “Xocalının səsi” qəzeti rayon qəzetləri arasında öz nüfuzuna, yerinə yetirdiyi öhdəliyə görə xüsusi çəkiyə malikdir. Yarandığı ilk gündən taleyüklü rayonumuzun tarixini yazan qəzetimizin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri haqqında mütəmadi yazılar dərc edilir. “Xocalının səsi” qəzeti ümumrayon tədbirlərinin, rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişinin, istedadlı insanlarının, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Eyni zamanda ölkəmizdə baş verən əlamətdar hadisələr, Azərbaycanın əldə etdiyi uğurlar və ölkə başçıcı Cənab İlham Əliyevin işgüzar fəaliyyəti mütəmadi olaraq işıqlandırılır. Qəzetdə yer alan mövzular xocalininsesi.info saytı ilə geniş oxucu kütləsinə çatdırılır.
       “Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir. Rayon qəzetimiz hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. “Xocalının səsi” qəzeti ölkə Prezidenti ilə həmrəydir.
        Hər bir azərbaycanlının qanun və hüquq çərçivəsində cəmiyyətimizdə və dövlətimizdə baş verən hadisələrə öz münasibətini bildirməsi onun vətəndaşlıq borcudur. Fərdi maraqlarını ictimai və milli maraqlardan üstün tutmayan insanlar Vətənimizi sidqi ürəkdən sevən, dövlətimiz və dövlətçiliyimiz uğrunda fədakarlıq edən insanlardır. Məhz vətəndaşın milli maraqlara diqqətlə yanaşması dövlətimizin güclənməsinə, demokratik və vətəndaş cəmiyyətinin inkişafına, ölkəmizdə sabitliyin saxlanılmasına, azərbaycançılıq ideyasının yüksəldilməsinə töhfə verir. Milli maraq səviyyəsində eyni təfəkkürlə azərbaycançılıq ideyası ətrafında sıx birləşməli, xalqın vahidliyinin qorunub saxlanılmasında, Azərbaycanın təbii sərvətlərinin səmərəli istifadəsində, beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsində və digər amillərdə həmrəylik nümayiş etdirməliyik.

Qalib BƏYMƏMMƏDOĞLU
“Xocalının səsi” qəzetinin redaktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.






Paylaşın:

Ən çox oxunan

Blog Arşivi