BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Ocak 2020 Salı

XOCALILAR DAİM DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SƏDAQƏT NÜMAYİŞ ETDİRİRLƏR

Posted at  1/21/2020  |  in  

        Xalqımızın maraqlarının müəyyən olunması və təminin həyata keçirilməsi, dövlət-vətəndaş münasibətlərinin möhkəm təməllər üzərində qurulması, həmçinin xalqın rifah halının yüksəldilməsi dövlətimiz üçün prioritetdir. Dövlətimiz xalqın, ictimaiyyətin maraqlarını müdafiə edir. Xalqımızın dövlət maraqlarını müdafiə etməsi ölkəmizi gücləndirir, vətəndaşların vətənpərvərliyini, milli dəyərlərə bağlılığımızı təcəssüm etdirir.
        Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Harda olursan ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən.”  Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyev bildirir: “Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür”.
        Müstəqil Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar onların milli şüurunu, özünüdərkini, torpağa bağlılığını gündən-günə möhkəmləndirir. Müəllim işləyən Zülfü Quliyevin sözlərinə görə, ölkəmizdə ictimai sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında əsas amil Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdir. Dövlətimizin başçısı hər zaman xalqın maraqlarından çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasnın mümkün olmaması, ölkəmizin regionun lider dövləti mövqeyində dayanması hər bir vətəndaşda böyük qürur və fəxr hissi yaşadır. Bütün bunlar xalqın milli maraqlarını ödəyir.

Xocalıların ictimai təfəkküründə Ulu öndərimiz Heydər Əliyevin
siyasi xəttinə, dövlətimizə və dövlətçiliyə bağlılıq yüksək səviyyədədir
        Xocalılar daim dövlətə və dövlətçiliyə sadəqətlidirlər, hər zaman  milli və dövlət maraqlarını müdafiə edirlər. O vaxtkı səriştəsiz rəhbərlərin xalqımıza heç bir faydasının olmadığını xocalılar Xocalı soyqırımından əvvəl də duyur, xalqımızın ağır bəlalardan xilas yolunu Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtmasında görürdülər. 1991-ci il sentyabr ayının 30-da Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi Dövlət Komitəsinin sədri vəzifələrini icra edən Elman Məmmədov Naxçıvana  gedərək Ulu öndər Heydər Əliyevlə görüşmüşdür.  Ovaxtkı iqtidarın Heydər Əliyevə olan münasibəti məlum idi. Elman Məmmədov o cəsarəti, qətiyyəti göstərərək, müdrik insanın, dövlətçi insanın, Azərbaycan xalqının ağsaqqalının görüşünə getmişdir. Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxış etmiş və Ulu öndərimizin dövləti, Vətəni qorumaq, şücaət göstərmək haqqında tövsiyələrini dinləmiş, məsləhətlərinə qulaq asmışdır.
        Xocalı rayon sakini Şükür Bəşirov 1988-ci ilin oktyabr ayının 20-də işinin bərpası üçün Moskvaya getmişdir. Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini vermişdir. Ona indiki vəziyyətdə bu təşəbbüsə maneə yaradacaq qüvvələrin olduğu bildirilib. Bu tarixi fakt  “Pravda”, “İzvestiya”,  “Komsomolskaya Pravda” qəzetlərində və digər kütləvi informasiya vasitələrində nəşr olunmuşdur.

        Şükür Bəşirov Xocalı faciəsindən sonra - mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Azərbaycanın ən ağır günlərində xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin böyük cəsarətlə hakimiyyətə qayıtmağının vacibliyini bildirmişdir. Mitinqdə çıxış edən Şükür müəllim qətiyyətlə “Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq” şüarlarını səsləndirib. Şükür müəllim bu sözləri Azərbaycanda hərcmərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından dövlətin məhv olmaq üzrə olduğunu görərək söyləmişdir. 
        Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Bəşirov Şükürün çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev Bəşirov Şükürü Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
        Şükür Bəşirovun timsalında xocalıların Azərbaycanın milli maraqlarına yaxından münasibət bildirdiyini görə bilərik.
        Millət vəkili Elman Məmmədov “Xocalının səsi” qəzetinə müshibəsində bildirir ki, Azərbaycanda dövlət-vətəndaş münasibəti yüksək səviyyədə təmin olunub. Cəmiyyətdə vətəndaşların hüquqlarının qorunması, söz azadlığı, onların təhlükəsizliyinin təminatı, vətəndaş cəmiyyətinə verilən dəyər, vətəndaş cəmiyyətinin dövlətin idarə olunmasında iştirakı təmin olunub və getdikcə bu sahə qanunlar qəbul olunmaqla, mövcud olan qanunlara əlavə dəyişikliklər edilməklə daha da təkmilləşir. Məqsəd cəmiyyətdə hər fərdin rolunu yüksəltmək, onun dövlət quruculuğunda iştirakını təmin etmək, fəallığını artırmaqdır, eyni zamanda vətəndaşın sosial müdafiəsinin, hüquqi müdafiəsinin və yaşayış təhlükəsizliyinin təmin edilməsidir. Bunlar vacib məsələlərdir və ölkəmizdə getdikcə inkişaf etdirilir.
        Xocalıların bünövrədən – Xocalı rayonu öz yerində olduğu vaxtan, işğaldan əvvəl də, bu gün də dövlət və dövlətçilik uğrunda, Vətən uğrunda, torpaq uğrunda göstərdiyi qəhrəmanlıqlar, şücaətlər, həmişə dövlətçilik xəttini müdafiə etmələri göz qabağındadır. Bizim neçə Milli Qəhrəmanlarımız, çoxlu sayda təltif olunanlarımız və canlarını Vətən yolunda qurban verən yüzlərlə şəhidlərimiz var. Şəhidərimiz ən yüksək təltifə layiq olan insanlar idilər. Elə bu dövlətçilik yolunda, dövlətçilik uğrunda bu günkü Azərbaycan dövlətinin mövcudluğu yolunda bizim verdiyimiz mücadilədir, töhfədir. Bu gün də xocalılar dövlətçiliyimizin, təhlükəsizliyimizin, qanunçuluğumuzun qorunub saxlanması üçün, dövlətimizin daha da möhkəm dayaqlara malik olması uğrunda öz töhfələrini verirlər. Bütün seçkilərdə xocalılar ən yüksək səviyyədə fəallıq göstərirlər. Xocalı rayon sakinləri Prezident seçkilərində, Parlament seçkilərində, Referendum seçkilərində də öz sözlərini deyirlər, dövlətçiliyimizlə bağlı bütün tədbirlərdə ən yüksək səviyyədə iştirak edirlər.
        Həqiqi hərbi xidmətə çağırış məsələsində lap bünövrədən bu günə qədər bir nəfər də olsun fərari qeydə alınmayıb. Müqavilə ilə xidmət edən 300-dən çox Xocalı gənci Vətinin qorunmasında, müdafiəsində iştirak edirlər. Yəni hərbi xidmət keçirlər. Təbii ki, bu da vətənpərvərlikdir, dövlətçiliyimizin qorunmasıdır.
        Xocalıda olanda mühasirədə olmağımıza baxmayaraq, qısa müddətdə biz Daşkəsəndən qranit mərmərləri gətirdib Xocalının möhtəşəm yerində, hündür bir təpənin üstündə  20 Yanvar faciənin birinci ildönümü hələ qeyd edilməmiş 20 Yanvar şəhidlərinin xatirəsinə abidə ucaltdıq. Həmin abidə Xocalı döşüşçülərinin döyüşlərdən əvvəlki bir son raportu idi. Xatırlayıram, 1992-ci il, qarlı gün idi, Xocalı döyüşçüləri onun qarşısından marşla, Himn sədaları altında döyüşə getdilər. Bu da bir nümunədir.
        Xocalı gəncləri rənglərlə Azərbaycan bayrağı çəkilmiş nazik paneli Bakı – Şuşa magistral şose yolunun üzərindən məftillə çəkib asırdı. Ermənilər və ruslar onun altından keçirdilər. Üçrəngli bayrağımız o zamanadək yalnız Bakıda dalğalandırılmışdı. Bu xocalıların dövlətə, Vətənə, milli dəyərlərə olan məhəbbətinin bir nümunəsidir.
“Xocalının səsi” qəzetinin fəaliyyəti ictimai və milli maraqlara əsaslanır
        Milli mətbuatımız daim milli maraqları müdafiə etməli və dövlət maraqlarına xidmət etməlidir. Mətbuat vasitəsilə xalqın ictimai marağı dövlətə çatdırılır. XXI əsrin informasiya əsri olduğunu nəzərə alsaq, dövlətimizi qoruyan milli mətbuatımızın inkişaf etməsinin hansı dərəcədə əhəmiyyətli olduğunu anlayırıq. Dövlət maraqlarının müdafiə edilməsində, ölkəmizə qarşı təhrif olunmuş informasiyalara  real faktlarla cavab verilməsində milli mətbuatımızın üzərinə böyük yük düşür.
        Rayonumuzun yeganə mətbuat orqanı olan “Xocalının səsi” qəzeti dövlətçilik və milli maraqlar naminə mübarizə aparan qəzetdir. 9 iyul 1991-ci ildən fəaliyyətə başlayan “Xocalının səsi” qəzeti rayon qəzetləri arasında öz nüfuzuna, yerinə yetirdiyi öhdəliyə görə xüsusi çəkiyə malikdir. Yarandığı ilk gündən taleyüklü rayonumuzun tarixini yazan qəzetimizin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri haqqında mütəmadi yazılar dərc edilir. “Xocalının səsi” qəzeti ümumrayon tədbirlərinin, rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişinin, istedadlı insanlarının, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Eyni zamanda ölkəmizdə baş verən əlamətdar hadisələr, Azərbaycanın əldə etdiyi uğurlar və ölkə başçıcı Cənab İlham Əliyevin işgüzar fəaliyyəti mütəmadi olaraq işıqlandırılır. Qəzetdə yer alan mövzular xocalininsesi.info saytı ilə geniş oxucu kütləsinə çatdırılır.
       “Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir. Rayon qəzetimiz hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. “Xocalının səsi” qəzeti ölkə Prezidenti ilə həmrəydir.
        Hər bir azərbaycanlının qanun və hüquq çərçivəsində cəmiyyətimizdə və dövlətimizdə baş verən hadisələrə öz münasibətini bildirməsi onun vətəndaşlıq borcudur. Fərdi maraqlarını ictimai və milli maraqlardan üstün tutmayan insanlar Vətənimizi sidqi ürəkdən sevən, dövlətimiz və dövlətçiliyimiz uğrunda fədakarlıq edən insanlardır. Məhz vətəndaşın milli maraqlara diqqətlə yanaşması dövlətimizin güclənməsinə, demokratik və vətəndaş cəmiyyətinin inkişafına, ölkəmizdə sabitliyin saxlanılmasına, azərbaycançılıq ideyasının yüksəldilməsinə töhfə verir. Milli maraq səviyyəsində eyni təfəkkürlə azərbaycançılıq ideyası ətrafında sıx birləşməli, xalqın vahidliyinin qorunub saxlanılmasında, Azərbaycanın təbii sərvətlərinin səmərəli istifadəsində, beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsində və digər amillərdə həmrəylik nümayiş etdirməliyik.

Qalib BƏYMƏMMƏDOĞLU
“Xocalının səsi” qəzetinin redaktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.






Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top