BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Şubat 2020 Cumartesi

Elman MƏMMƏDOV: “Şəhərin özünümüdafiə taboru olmasaydı, Xocalıdan bir insan sağ çıxa bilməzdi"

Posted at  2/15/2020  |  in  

         Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində yerləşir. Bizə ən yaxın olanı isə Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı, ermənilər yaşayan iki kənddən keçməli olurdun. Həm də Xocalı düşmənlərin olduğu kəndlərin arxasında yerləşirdi. Ermənilər Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdular. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əskərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi.
        Ona görə də biz özünümüdafiə dəstələri ilə hər gün Xocalının dörd bir tərəfində tonqallar qalayıb özümüzün müdafiəsinə qalxmışdıq. Bir müddətdən sonra ermənilərin Xocalıya hücumları başlandı. İki tərəf arasında toqquşmalar olurdu. 1988-ci il sentyabr ayının 18-də ermənilər böyük dəstə ilə üstümüzə hücuma keçdilər. Onlar Xankəndidə keçirilən mitinqdə Xocalıya hücum qərarı verib bizi şəhərdən çıxarmaq məqsədi ilə üstümüzə gəldilər. O zaman xocalılılar özünümüdafiə sisteminə keçdi. Ancaq 6 evimiz yandı. Nə qədər insan yaralandı. Səhəri gün erməni mətbuatı toqquşmada 19 erməninin öldüyü barədə məlumat yaydı. Bunun əvəzində rəsmi Moskva SSRİ Prokurorluğunun istintaq bölməsini Xocalıya göndərdi və bizdən 9 nəfəri həbs etdilər. Nəticəsi belə oldu: hücum edən erməni, cəzalanan azərbaycanlı! Tutulan şəxslər müxtəlif dövrlərdə həbsdə yatdılar. Onlardan 2 nəfəri - Amil Xudayarov, Kamil Məmmədov (hər ikisi artıq Allahın rəhmətinə qovuşub) öz evlərini, torpağını qoruduqlarına görə 2 il həbsxanada cəza çəkiblər. Bu da Azərbaycana rəhbərlik edənlərin acizliyi, milli prinsiplərinin olmaması idi.
        Bütün bu kimi hallar Xocalı özünümüdafiə dəstələrində cəmləşən oğlanları daha da hiddətləndirirdi və təbii ki, biz müxtəlif yollarla silah tapmaq məcburiyyətində qalırdıq. 1991-ci ilin payızında Azərbaycanın Müdafiə Nazirliyi yaradılmışdı. Həmin vaxt MN-in əmri ilə biz 817 nömrəli Xocalı Ərazi Özünümüdafiə Taboru yaratdıq. Tofiq Hüseynovu tabor komandiri təyin etdik. Tofiq Hüseynovun hərbi təhsili yox idi. O, orta məktəbdə hərbi təlim dərsi keçirdi. Xocalıda bir nəfər də olsun, hərbi təhsilli döyüşçü yox idi. Mən də başda olmaqla hamımız mülki şəxs idik. Neçə dəfə Müdafiə Nazirliyinə xahiş etdik ki, bizə heç olmasa, bir nəfər ali təhsilli hərbçi göndərsinlər. Ancaq deyə-deyə qaldıq, heç kimi göndərmədilər.
        Xocalını müdafiə edənlər barədə müxtəlif fikirlər yazırlar. Bəzən sənədli filmlərdə də göstərilir ki, OMON, Milli Ordu və digər qüvvələr Xocalıda olub. Birmənalı şəkildə həmin məlumatları təkzib edirəm və tam dəqiq məlumat verirəm ki, Xocalıda son 4 ay ərzində, yəni, noyabr ayının 1-dən şəhər işğal olunan günə qədər orada yalnız xocalılılardan ibarət dəstələr olub. Bunlar 250 nəfərdən ibarət Xocalı Özünümüdafiə Taboru (onlardan yalnız 180 nəfəri silahlanmışdı), Xocalı Polis Bölməsinin 50 nəfərdən ibarət şəxsi heyəti, Xocalı Hava Limanında nəqliyyat polisinin 25 nəfərdən ibarət kiçik heyəti, Milli Qəhrəman Aqil Quliyevin rəhbərliyi ilə Xocalıya köməyə gələn 21 nəfərdən ibarət kiçik dəstə. Onlardan da 5 nəfəri müxtəlif səbəblər üzündən vertolyotla Ağdama keçmiş və geri qayıda bilməmişdilər. Yəni, Xocalıda cəmi 341 nəfər igid oğlan döyüşürdü.
        Xocalıda heç bir ağır texnika yox idi. Yalnız bir köhnə “BRDM” var idi. O da ağır texnika hesab olunmurdu. Silahlarımız 4 ədəd əl pulemyotu, avtomatlar və polislərdə tapançalar var idi. İki “TŞK” və bir “Alazan” qurğusuna sahib idik. Xocalıya kənardan ancaq 16 könüllü mərd oğul gəldi və axıra qədər də qəhrəmancasına döyüşüb həlak oldular. Bu rəqəmlər Xocalıya olan münasibəti göstərir. Əgər döyüşən qəhrəman oğullar olmasaydılar, Xocalıdan həmin gecə bir nəfər də sağ çıxa bilməzdi. Onu da deyim ki, şəhərə hücum əmri verilərkən daşnaklara Ermənistan silahlı qüvvələrinin üzvləri, şəhər ətrafında olan erməni kəndlərinin 15 min nəfərdən ibarət dəstəsi və 60 min nəfərdən ibarət qondarma “Dağlıq Qarabağ Respublikası”nın ordusu və ərazidə hələ də qalan imperiya qoşunları kömək edirdi. Hətta onların sıralarında dünyanın müxtəlif ölkələrində uzun illər fəaliyyət göstərən ən qəddar terror təşkilatlarının 5 mindən çox muzdluları toplaşmışdı. Onların əllərində azı 40-a yaxın tank, hərbi texnika var idi. Bütün müasir silahlarla silahlanmışdılar. Xocalını isə cəmi 341 nəfər igid oğlan qoruyurdu.
        Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyinə, həm də yağı düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə olmasına diqqət yetirmək lazımdır. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun, bu maneəni aradan qaldırmağa çalışırdılar. Ermənilərin məqsədi, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Bundan öncə Xocalı 3 dəfə yandırılmış, şəhər dağıdılmışdı. Lakin yenə də Xocalı bərpa olunmuş, yenidən qurulmuşdur. Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni idi.
        Əslində, Xocalının işğalı 1991-ci ilin noyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, cığır, keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı sakinlərinin ümidlərinə son qoydu. Şəhərə son dəfə vertolyot yanvarın 28-də enmiş və bundan sonra Xocalı ilə hava əlaqəsi kəsilmişdi.
        Fevral ayının 13-də mən Gəncəyə üz tutdum. Məqsədim kömək istəmək idi. Güc-bəla ilə 3 vertolyotun uçması üçün icazə aldım və hər 3 vertolyot Xocalıya 2 dəfə uçuş etdi. Pilotların yanında özüm oturub tamam başqa yolla gətirdim ki, ermənilər vura bilməsinlər. Axşama qədər 300 nəfərə yaxın qadın, qoca, uşaq çıxara bildik. Gecə düşdüyü üçün uçuş mümkün olmadı.
        Qəhrəman oğullarımız avtomatla tankın və digər zirehli texnikanın qabağından qaçmadılar. Gecə üstümüzə neçə minlik ordu gəldi. Piyadalardan öncə zirehli texnikalar şəhəri mərmi atəşinə tutdu. Ardı-arası kəsilməyən raket və top zərbələri Xocalını darmadağın etmişdi. Şəhər od tutub yanırdı. 100-ə yaxın insan o zərbələrin qurbanı oldu. Artıq gördük ki, şəhər alışıb-yanır. Bu vaxt insanlar meşəyə üz tutdular. Qərara gəldik ki, heç olmasa şəhərdən sağ çıxan insanları erməni postlarından keçirə bilək. Çoxu Qara qaya istiqaməti ilə Ağdama üz tutmuşdu. İnsan kolonunun uzunluğu bəlkə də 1 kilometrə çatırdı. Milli Qəhrəman Əlif Hacıyevlə mən kiçik dəstələr düzəldib kolonun önündə, arxasında hərəkət edirdik. Qadınların, uşaqların çığırtısından ürək dağlanırdı. Ürəyi xəstə olan qocaların çoxu yolda dözə bilmədi. Qarqar çayının içərisindən keçib dağa qalxan insanların bütün libası su olduğu üçün donurdular. Bu zülmlə biz Ağdama çatmaq üçün 16 kilometr yolu gəlməli idik.
        Bu, bəlkə də ən ağır durumumuz oldu. Çünki ən qorxulu vəziyyət düşmən postlarını keçmək idi. Səhər açılırdı. Artıq meşəni keçmişdik və hava işıqlaşmışdı. Ermənilərin səngərlərinə çatmışdıq. Düşmən səngərlərinin arxasından isə Ağdam açıq- aydın görünürdü. Səngərlər arasındakı məsafə 1-2 kilometr olardı. Xocalılılar ancaq düşmən səngərlərini keçib Ağdamdakı postlarımıza tərəf getməli idilər. İgid oğlanlarımız əsl qəhrəmanlığı burada göstərdilər. Xırda-xırda dəstələrə bölündük. Müxtəlif istiqamətlərdən ermənilərlə döyüşə girdik. Koridor açıb insanları oradan keçirmək istəyirdik. Xocalı faciəsi ilə bağlı göstərilən kadrlarda məhz həmin ərazi daha çox gözə dəyir. Çünki döyüşlər orada olub və ən çox insan həmin ərazidə həlak olub. Ermənilər yüksəkliyin üstündə 3 zirehli texnika yerləşdirmişdi. O ərazi çarpaz atəşin altında idi və hərəkət edən vurulurdu. Snayperlər, pulemyotçular silahsız əhalini həmin ərazidə qətlə yetirdilər. Xocalı döyüşçüləri isə böyük şücaət göstərdilər. Şəhidlərimiz çox oldu. Ancaq ermənilər də ciddi itki verdilər. Əhalini Ağdam tərəfə keçirə bildik.
        Ermənilər o qədər hiddətlənmişdilər ki, bizim əsir düşmüş oğlanlarımızın əl-qolunu bağlayıb o döyüşdə həlak olan ermənilərin qəbirlərinin üstündə başlarını kəsmişdilər. Soyqırımının səhəri günü ermənilər yalan informasiya yaydılar. Guya qırğından iki gün əvvəl mikrofonlar vasitəsi ilə dinc əhaliyə Xocalını tərk etmək barədə xəbərdarlıq edilib. Eyni zamanda, guya yüksəklikdən vərəqələr səpilib. Ancaq 24 ildən sonra bütün Xocalı əhalisindən soruşuram, o vərəqələri görən, xəbərdarlıq səsini eşidən olubmu? Heç kimə heç bir xəbərdarlıq edilməyib! Xocalının üzərindən bir erməni vertolyotu uçmayıbsa, o vərəqələr neçə səpilə bilərdi? Bu, daşnakların dünyaya car çəkdikləri növbəti yalan idi.
        Bu gün ermənilər Xocalının adını dəyişib İvanyan qoyublar. İvanyan Xocalıya hücum zamanı bizim öldürdüyümüz tank komandirinin soyadıdır. Yəni, biz Xocalıdan başımızı götürüb qaçmamışıq. Xocalının oğulları qəhrəmancasına döyüşüblər! Bu səbəbdən ulu öndər Heydər Əliyev Xocalı sakinləri ilə görüşəndə 114 nəfər döyüşçünü təltif etdi. Neçə nəfər Milli Qəhrəman adı aldı. “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalı alanlar oldu. Bu da mərdliyə, dəyanətə görə Xocalı döyüşçülərinə verilən qiymət idi.
        Bu qətliamdan 24 il keçir. ABŞ-ın 20 ştatı, bir çox ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Ancaq indiyədək işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmur...
        24 ildir Xocalı soyqırımı və dünya ictimaiyyətində ona olan yanaşma şəxsən mənə bunları deyir: Bu dünyada insan hüquqları, demokratiya, haqq-hüquq deyilən şeylər tamamilə uydurmadır! Belə görünür ki, güclü olan soyqırımı törətsə də, həmişə və hər zəmində haqlıdır, demokratiyanın müdafiəçisidir, insan hüquqlarına hörmət göstərəndir...
        Bu gün dünyanın özünəməxsus ədalətsizliyi, haqsızlığı, idarəolunma qaydaları var və bu qaydalar həmişə ermənilərin xeyrinə işləyir. Bəzən təəssüf edirsən ki, bu qədər qətliamlar törədən ermənilərə qarşı tarixin heç bir dövründə niyə cəza verilməyib?! Elə bil, onları bu faciələri törətməyə həvəsləndiriblər. Yəni, bu, məqsədyönlü olub. Kökü, mənşəyi bilinməyən erməniləri gətirib bu ərazidə yerləşdirərək Azərbaycan türklərinə qarşı hazırlayıblar. Onlara silah verib türk millətinə qarşı ərazi iddialarında olmağa sövq ediblər. Özləri isə elə davranırlar ki, guya ermənilərin bu əməllərindən xəbərləri yoxdur. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə bu fikirləri dünya birliyinə çatdırır. Sonuncu Münhen Təhlükəsizlik Konfransında dövlət başçısı bu ölkənin nümayəndəsinə bir daha xatırlatdı ki, regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Prezident Xocalı soyqırımını dünyaya xatırladaraq dedi: “Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır”.
        Sanksiyalar tətbiq olunmasa da, dünyanın bir çox ölkələri erməni vəhşiliyi, vandalizmi barədə artıq məlumatlıdırlar və Xocalıda ermənilər tərəfindən soyqırımının törədilməsi ilə bağlı qətnamələr qəbul edilib...
        Bu işdə ən böyük xidmət Prezident İlham Əliyevindir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Dövlət başçısının tapşırığı, təşəbbüsü ilə bütün səfirliklərimiz, diplomatik korpusların nümayəndələri çalışdıqları ölkələrdə faciəmizlə bağlı geniş toplantılar, sərgilər təşkil edirlər və həmin ölkələrin parlamentlərində faciənin soyqırımı kimi tanınması üçün əllərindən gələni əsirgəmirlər. Demək olar ki, son 15 ildə bu istiqamətdə böyük işlər görülüb. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün ABŞ-ın 20 ştatı, 12 ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyır. Ancaq dayanmaq olmaz. Həmişə fikirləşməliyik ki, az iş görmüşük və daha çox çalışmalıyıq. Gün gələcək, dünya bu soyqırımını tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Biz avropalı, amerikalı ilə onların öz dillərində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq.
        24 illik bir ömür payı ayırır bizi Xocalı faciəsindən. Bu uzun zaman kəsimi çox şeyə məlhəm olsa da, yaddaşımıza qanla yazılmış soyqırımının ağrılarını bizdən götürə bilməyib. Çünki bu, sağalmaz, dəhşətli yaralardır. Mən Xocalıdan gələndə 42 yaşım var idi. Bu gün isə 66 yaşındayam. Getdikcə soyqırımının canlı şahidləri azalır. Bu səbəbdən də mən bir neçə təklif irəli sürmüşəm. Ancaq hələ ki, onların heç biri reallaşmayıb. Təkliflərdən biri odur ki, Xocalı faciəsinin daim diqqətdə saxlanması üçün Şəhidlər xiyabanının giriş hissəsində böyük bir lövhə vurulsun və üzərində Xocalı soyqırımı ilə bağlı məlumat yerləşdirilsin. Bu yazı 3 dildə yazılarsa, daha yaxşı olar. Ziyarətə gələn xarici qonaqlar da məlumatlanarlar. Bunu mən çox güclü təbliğat vasitəsi hesab edirəm. Bununla bərabər, təklif etmişəm ki, Xocalı faciəsi ilə bağlı ucaldılan “Ana fəryadı” heykəli rəsmi ziyarət protokollarına daxil edilsin. “Ana fəryadı” heykəli yalnız 26 fevralda, bir gün ziyarət edilir. Ancaq ölkəmizə gələn qonaqların protokola əsasən, məcburən abidəni ziyarət etmələri daha münasib olar.
        20 Yanvar faciəsindən sonra biz Xocalıda mərmər və qranitdən ən hündür abidə ucaltdıq. Ancaq bu gün Azərbaycanın heç bir rayonunda Xocalı faciəsinə aid abidə yoxdur. Yalnız Goranboy rayonunda məskunlaşan Xocalı camaatı xatirə abidəsi ucaldıb.
        Fransanın Oradur-sür-Qlan şəhəri var. 1944-cü ilin iyunun 10-da hazırkı şəhərin ərazisində yerləşən qəsəbənin əhalisi bir neçə saat ərzində alman faşistləri tərəfindən vəhşicəsinə məhv edilib - kişi əhalisi güllələnib, qadın və uşaqlar isə kilsədə diri-diri yandırılıb. İkinci Dünya müharibəsi zamanı Oradur-sür-Qlan qırğını 642 insanın həyatına son qoyub. Məhv edilmiş qəsəbənin arabalıqları saxlanılmış və həmin ərazi “Şəhid kəndi” adı ilə faciəni əks etdirən muzey kimi dövlət tərəfindən qorunmaqdadır. Bundan əlavə, şəhərdə “Xatirə memorialı” ucaldılıb. Şəhərə Fransa hökuməti tərəfindən “fəxri legion” ordeni verilib. Hər il iyunun 10-da Oradur-sür-Qlanda siyasi və ictimai xadimlərin iştirakı ilə anma mərasimi keçirilir. Mən də keçən il həmin mərasimdə iştirak etmişəm. O faciədən cəmi 4 nəfər sağ çıxa bilib. Bütün Fransa həmin 4 nəfəri tanıyır. Hər anım günü həmin o 4 nəfər (artıq yaşları 80-90 arası olar) mərasimə gətirilir və insanlar onlarla ünsiyyətdə olub kədərlərini bölüşürlər.
        Bunu ona görə xatırlatdım ki, Xocalıda da işgəncə görmüş, əsirlikdə olmuş, əzab çəkmiş insanların çoxu həyatdan köçüb. Lakin xocalılılar hələ yaşayırlar, onlar həmin soyqırımının şahidləridirlər. İstərdim ki, tarix üçün, beynəlxalq aləm üçün Xocalıda sağ qalan insanlara da “soyqırımına məruz qalmış şəxs” statusu verilsin. Bu sənəd tarixin bir səhifəsinə düşsün. Xocalıya da “Soyqırımına məruz qalmış şəhər” statusu verilsin. Ola bilər ki, müharibə bitdikdən sonra bəzi şəhərlərə qəhrəman şəhər statusu veriləcək. Ancaq Xocalı yerlə-yeksan edildiyi üçün soyqırımına məruz qalmış şəhər kimi yaddaşlarda qalacaq.

"XOCALININ SƏSİ"


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top