BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

26 Mart 2020 Perşembe

XOCALI RAYONUNUN TOPONİMLƏRİ

Posted at  3/26/2020  |  in  Xocalı rayonu

        Şimali Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublikamızın toponimiyasının tədqiq olunması sahəsində böyük işlər görülmüş və müxtəlif bölgələrin o cümlədən Xocalı rayonunun coğrafi adları, tarixi, dilçilik və coğrafi baxımdan araşdırılmışdır. Bu tədqiqatlar bir sıra monoqrafiyalarda və elmi məqalələrdə öz əksini tapmışdır.
         Müstəqil Azərbaycanın hər bir rayonun coğrafi adlarının tədqiq olunmasının elmi və təcrübi əhəmiyyəti böyükdür. V.A.Mikonov “Toponomikaya giriş” əsərində tarix və dil tarixi üçün toponimlərin əvəzedilməz material olduğunu söyləmişdir.
        A.Z.Superanskaya da toponimin tarixi bir mənbə olduğunu qeyd etmişdir. Hörmətli tarixçi alimlərimizdən B.Ə.Budaqov özünün “Toxunulmaz müqəddəslər” (“Elm və həyat”, 1979, №12, s.5-də) adlı əsərində göstərmişdir ki, toponimlərsiz dilçilik lal, tarix köksüz, coğrafiya isə mənasızdır. Ona görə də müxtəlif toponimlərin tarixi, dilçilik və coğrafi baxımdan öyrənilməsi hər hansı bir ərazidə əhalinin etnik tərkibi, dil mənsubiyyəti və coğrafi yayılması barədə düzgün fikir yürütməyə imkan verir. Bu baxımdan Xocalı rayonunun toponimiyasının hərtərəfli tədqiqi mühüm əhəmiyyət kəsb edir. Yüzbaşov R., Əliyev R., Sədiyev İ. “Azərbaycanın coğrafi adları” (Bakı, 1972) adlı əsərində bu ərazidəki toponimlərin bir qismi haqqında çox az, lakin əhəmiyyətli məlumat vermişlər. Çox dəyərli alimlərimizdən Nazim Tapdıqoğlunun əsəri (“Xocalı rayonu (ensiklopedik lüğət”) Bakı, 2002) Xocalı rayonunu toponimlərinin tədqiqində əhəmiyyətə malikdir və fəsil tədqiq edilərkən həmin əsərdən bəhrələnmişik.
        Məlum olduğu kimi, Ermənistan silahlı birləşmələri, erməni ekstremist və daşnakları Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək niyyəti ilə uzun illərdir ki, müharibə aparır. Ermənistan işğalçılıq müharibəsini belə bir saxta müddəa ilə əsaslandırmağa çalışır ki, guya Qarabağ əzəldən erməni torpağı olmuşdur. Halbuki, bütövlükdə Qarabağda, o cümlədən Xocalıdakı toponimlər bu fikri tamamilə inkar edir.
Apardığımız araşdırmalardan məlum olur ki, Xocalı ərazisindəki toponimlər qədim və erkən orta əsrlərdə burada məskun olmuş alban, qarqar, aran, tərtər peçenəq, katek və başqa türk mənşəli tayfaların adlarından qalmışdır. Xüsusilə, Xocalıdakı mənfi və müsbət relyef formalarını və hidronimləri əks etdirən toponimlər mənaca Azərbaycan-türk mənşəlidir.
        Fəslin tədqiqinin başlıca məqsədi Xocalıdakı toponimlərin hansı xalqın coğrafi təfəkkürünə mənsub olmasını aşkar etməkdən ibarətdir. Bu məqsədlə toponimlərin dil mənsubiyyəti və tarixi dövrlər ərzində dəyişdirilməsi əsas faktor kimi götürülmüşdür. Bununla əlaqədar, fəsil təhlil edilərkən, tədqiqatın qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:
        – Qədim mənbələr əsasında Xocalı rayonundakı toponimlərin coğrafi təfəkkürün hansı xalqa mənsub olmasının müəyyənləşdirilməsi;
        – Rayonda dəyişdirilmiş coğrafi adların dil mənsubiyyətinə görə coğrafi məzmununun açılması;
        – Bölgədəki mövcud coğrafi adın sosial-coğrafi mahiyyətinin müəyyən edilməsi;
        – Toponimlərin xəritələşdirilməsi və təsnifləşdirilməsi yolu ilə ərazinin sosial coğrafi cəhətdən dərk edilməsi;
        – Xocalı rayonunun toponimlərinin mənşəyinin aydınlaşdırılması. Xocalı rayonunun coğrafi adları ilk dəfə olaraq kompleks şəkildə tədqiq olunur. Buna uyğun olaraq, ərazi toponimiyasının əsas növləri: oykonimlərin, hidronimlərin, oronimlərin hər biri ayrı-ayrılıqda araşdırılmış, onların qarşılıqlı əlaqəsi və çarpazlaşması müəyyənləşdirilmişdir.
Coğrafi adların etimologiyasında hər bir şaxənin özünəməxsus daxili mahiyyəti (etnonimik, oronimin, hidronimik, fitonimik, zoonimik, antroponimik, patronimik və spesifik xüsusiyyətləri) aşkar edilmiş və onların hər birinin ayrılıqda elmi təhlili verilmişdir.
        Qeyd edək ki, Azərbaycanın Xocalı rayonunun tarixinin tədqiqi və təhlili bu gün olduqca vacib və əhəmiyyətlidir. Çünki, bu bir tərəfdən Qarabağın dilbər guşəsi kimi ərazinin ermənilər tərəfindən saxtalaşdırılması və özününküləşdirməyə cəhd edilməsi ilə bağlıdırsa, digər tərəfdən rayonun bütöv tarixinin bu günə qədər tədqiqata cəlb edilməsindən irəli gəlir. Qeyd edək ki, Xocalı toponimləri rayonun qədim türk yurdu olduğunu sübut edir. Vətənimizin kiçik, lakin vacib və əhəmiyyətli bir hissəsinin tədqiqi şərəflidir. Xocalı toponimlərini nəzərdən keçirdiyimiz zaman onların tam olaraq türk mənşəli olduğunu görürük.
        Tarixi faktlar sübut edir ki, Xocalı ərazisi Azərbaycanın ən qədim, diyarlarından biridir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu günədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti və s. Azərbaycan toponimiyasında öz əksini tapmışdır. Xocalı toponimiyasında geniş yayılmış Azərbaycan (türk) mənşəli oronimlərin çox qədim tarixi vardır. Bütün bunlar Azərbaycan toponimik sistemində milli toponimlərin üstünlüyünü sübut edir. 
                                                                                        “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top